["Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün (Bədr günü) qulumuza (Muhammədə) nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, əldə etdiyiniz qənimətlərin beşdə biri Allaha, Rəsuluna, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və (yolda qalmış) müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.","O zaman siz vadinin (Mədinəyə) yaxın tərəfində, onlar uzaq tərəfində, (Əbu Süfyanın) karvan isə sizdən aşağıda (dənizin sahilində) idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.","O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Həqiqətən, O, qəlblərdə olanları biləndir.","(Düşmənlə) qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirsin. Bütün işlər (sonda) Allaha qayıdır.","Ey iman gətirənlər! Düşmən dəstəsi ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız.","Allaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə ixtilaf etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, həqiqətən Allah səbir edənlərlədir.","Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allah yolundan azdıran kimsələr (Məkkə müşrikləri) kimi olmayın. Allah onların əməllərini əhatə etmişdir.","O zaman (Bədr günü) şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Mən də sizin yardımçınızam!” Lakin iki dəstə qarşı-qarşıya gəldikdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi (Cəbraili və onunla birgə olan mələkləri) görürəm. Mən Allahdan qorxuram. Həqiqətən Allahın əzabı şiddətlidir!”– demişdi.","O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!”– dedilər. Kim Allaha təvəkkül etsə, (bilsin ki,) Allah Qüdrətlidir, Hikmət sahibidir!","Kaş ki sən, mələklər kafirlərin canını alarkən görəydin. Mələklər onların üzlərinə və yanlarına vuraraq deyirdilər: “Dadın atəşin əzabını!","Bu (əzab), öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına əsla zülm edən deyildir”.","Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə məhv etdi. Həqiqətən Allah, Qüvvətlidir, cəzası da çox şiddətlidir.","Bu (əzab), ona görədir ki, bir qövm nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah eşidəndir, biləndir.","Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları etdikləri günahlara görə məhv etdik və Firon nəslini dənizdə boğduq. Onların hamısı zalımlar idi.","Şübhəsiz ki, Allah yanında (yer üzündə yürüyən) canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər.","Onlar, əhd bağladığın, sonra da hər dəfə öz əhdlərini (heç nədən) çəkinmədən pozan kimsələrdir","Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də (qorxudaraq) dağıt ki, bəlkə ibrət alsınlar.","Əgər (əhd bağladığın) bir qövmün (əhdi pozacağı ilə) xəyanət etməsindən qorxsan, sən də onlara əhdi pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevməz.","Kafirlər (canlarını) əzabdan (qurtara) biləcəklərini əsla zənn etməsinlər. Çünki onlar Allahdan (qaçıb) yaxa qurtara bilməzlər.","(Ey möminlər) Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla (həm) Allahın düşmənini, (həm də) öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, onun əvəzi sizə tam ödənilər və sizə zülm edilməz.","Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.","Əgər onlar (sülh bağlamaqla) səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.","Allah onların (Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.","Ey Peyğəmbər! Sənə və sənə tabe olan möminlərə Allah kifayət edər.","Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan bir qövmdür.","İndi Allah sizin (yükünüzü) yüngülləşdirdi və sizdə bir zəiflik olduğunu bildi. Əgər aranızda yüz səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr. Əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbir edənlərlədir.","Peyğəmbərə yer üzündə çoxlu (sayda) kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Hikmət sahibidir.","Əgər Allah tərəfindən əzəldən yazılan (Bədr əhlinin bağışlandığına və ya qənimətlərin halal olmasına dair) bir hökm olmasaydı, aldığınız (fidyə) müqabilində sizə böyük bir əzab toxunardı.","Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.","Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə bir xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”.","Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bilin ki,) onlar bundan (Bədr döyüşündən) əvvəl də Allaha xəyanət etmişdilər. Allah (möminlərə) onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsar) – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə (yardım) istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür.","Kafirlər də bir-birinin dostudurlar. Əgər siz bir-birinizə yardımçı olmasanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər.","İman gətirib, hicrət edən və Allah yolunda cihad edənlər və (mühacirlərə) sığınacaq verib (onlara) köməklik göstərənlər (ənsarlar) – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bol-bol ruzi vardır.","Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə (varis olmağa) daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi biləndir.","Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə (onlarla olan əhdlərin pozulması barədə) bir xəbərdarlıqdır.","Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rəzil edəcəkdir.","Bu, Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü (qurban bayramı günü) insanlara Allahın və Onun Elçisinin müşriklərdən uzaq olmasını (elan edəcək) bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, siz Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri ağrılı-acılı bir əzabla müjdələ.","Saziş bağladıqdan sonra onu pozmayan və sizin əleyhinizə heç kəsə yardım göstərməyən müşriklər (bu hökmdən) müstəsnadır. Onlarla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevər.","Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün, əsir tutun, mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.","Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın kəlamını (Quranı) eşitsin. Sonra onu əmin olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir qövmdür.","Məscidulharamın yanında əhd bağladığınız kəslər müstəsna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə doğru-düzgün davranır, siz də onlarla doğru-düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevər.","Necə ola bilər ki?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir.","Onlar Allahın ayələrini ucuz qiymətə satır və (insanları) Onun yolundan döndərirdilər. Onların tutduqları iş necə də pisdir!","Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onlar (günah etməklə) həddi aşan kimsələrdir.","Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələri bilən bir tayfa üçün belə izah edirik.","Əgər kafir başçılar əhd bağladıqdan sonra andlarını pozub dininizə dil uzatsalar, onlarla vuruşun, çünki onlar andlara riayət etməyən kimsələrdir. (Belə etsəniz) bəlkə, (küfr etməkdən, andlarını pozmaqdan və dininizə dil uzatmaqdan) əl çəkərlər.","Məgər siz andlarını pozan, Peyğəmbəri (öz yurdundan) qovmaq fikrində olan, özləri də sizinlə döyüşü birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.","Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin qövmün qəlbini sevindirsin","və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kimsənin tövbəsini qəbul edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Yoxsa, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları ayırd etmədən sərbəst buraxılacağınızımı hesab edirsiniz? Allah nə etdiklərinizdən xəbərdardır.","Müşriklər etdikləri küfrə şahid olduqları halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.","Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolu tapanlardan olsunlar.","Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında (əsla) eyni olmazlar. Allah zalım qövmü doğru yola yönəltməz.","İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır.","Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələyir.","Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, böyük mükafat Allah yanındadır.","Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları özünüzə dost tutmayın. Sizlərdən onları kim dost tutarsa o, özünə zülm edənlərdən olar.","De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz ticarətiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmrini verincəyə qədər gözləyin. Allah, fasiq bir qövmü doğru yola yönəltməz”.","Həqiqətən, Allah bir çox yerlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma bu sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə rəğmən, sizə dar gəldi. Sonra siz, geriyə dönüb qaçdınız.","Sonra Allah, Öz Elçisinə və möminlərə arxayınlıq nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası.","Bundan sonra Allah istədiyinin tövbəsini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.","Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, (bilin ki,) Allah istəsə, Öz lütfündən (bəxş etməklə) sizi varlandırar. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi dinə (İslam dininə) etiqad etməyənlərlə, zəlil halda, öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun.","Yəhudilər: “Üzeyir Allahın oğludur”– dedilər. Nəsranilər də: “Məsih Allahın oğludur”– dedilər. Onların ağızlarından çıxan bu sözlər, daha əvvəlki kafirlərin (\"lat, uzza, mənat və mələklər Allahın qızlarıdır\") dedikləri sözlərə bənzəyir. Allah onları məhv etsin! Gör necə də (haqdan) döndərilirlər!","Onlar Allahı qoyub alimlərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır!","Onlar (kafirlər) ağızları (batil sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlamaq istər.","Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini hidayətlə və haqq dinlə göndərən Odur.","Ey iman gətirənlər! Alimlərindən və rahiblərdən bir çoxu insanların mallarını haqsız olaraq yeyir və (onları) Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda xərcləməyənləri ağrılı-acılı bir əzabla müjdələ.","O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Bu, özünüz üçün yığıb saxladığınız sərvətinizdir. Elə isə dadın yığıb saxladığınız sərvətin əzabını!”– (deyiləcəkdir.)","Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Allah bunu, göyləri və yeri yaratdığı gündə Öz Kitabında yazmışdır. Bu aylardan dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Doğru din budur. Elə isə, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı sizinlə vuruşduqları kimi, siz də hamılıqla onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.","(Haram ayı) təxirə salmaq ancaq küfrü artırar. Bununla da kafirlər (haqqdan) azdırılırlar. Onlar bunu bir il halal, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir qövmü doğru yola yönəltməz.","Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə çöküb qaldınız? Yoxsa axirəti buraxıb dünya həyatınamı razı oldunuz? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə yalnız cüzi bir şeydir.","Əgər döyüşə çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz. Allah hər şeyə qadirdir.","Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək etmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz dostuna (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə (mələklərlə) ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Yalnız Allahın sözü ucadır. Allah Qüdrətlidir, Hikmət sahibidir.","(Sizə) yüngül (gəlsə də,) ağır (gəlsə də,) döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir.","Əgər səfəriniz gəlir gətirən və rahat bir yolçuluq olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol (Təbuk səfəri) onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”– (deyə) Allaha and içəcəklər. Onlar özlərini həlaka sürükləyirlər. Allah onların yalançı olduqlarını bilir.","Allah səni bağışlasın! Doğru söyləyənlər sənə bəlli olmamış, yalançıları da tanımamış nə üçün onlara (cihaddan yayınmağa) izin verdin?","Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər. Allah təqva sahiblərini tanıyandır.","Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izin istəyərlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.","Əgər onlar (münafiqlər döyüşə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onlara mane oldu. Onlara: “(Evdə) oturanlarla bərabər, siz də oturun!”– deyildi.","Əgər onlar (münafiqlər) sizinlə birgə (döyüşə) çıxsaydılar, işinizdə yalnız qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. Aranızda onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır.","Onlar daha öncə də fitnə törətmək istəmiş və sənə qarşı hiylələr qurmuşdular. Nəhayət haqq gəldi və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı.","Onlardan eləsi də var ki: “Mənə izin ver (döyüşə getməyim), məni günaha batırma!”– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir.","Sənə bir uğur (qənimət, zəfər) nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət (Allah yolunda yaralanmaq və ya ölmək) üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə dönüb gedərlər.","De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. (Elə isə) qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”","De: “Doğrudanmı siz bizlərə iki uğurdan – (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik.”","De: “İstər könüllü, istərsə də könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaqdır. Çünki siz fasiq bir qövm oldunuz!”","Onların sərf etdiklərinin qəbul olunmasına mane olan yalnız, Allaha və Onun Elçisinə küfr etmələri, namaza tənbəlliklə gəlmələri və (mallarını) istəmədikləri halda xərcləmələridir.","Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla dünya həyatında onlara əzab vermək və canlarının kafir olaraq çıxmasını istəyir.","Onlar sizinlə həmrəy olduqlarına (dair) and içirlər. Halbuki onlar sizdən deyillər. Əslində, onlar qorxaq bir qövmdür.","Əgər onlar bir sığınacaq və ya (daldalanmaq üçün) mağaralar yaxud (gizlənməyə) bir oyuq tapsaydılar, ləngimədən ora yönələrdilər.","Onlardan (münafiqlərdən) elələri də var ki, sədəqələrlə bağlı (sədəqələrin bölgüsündə) sənə nöqsan tuturlar. Əgər (sədəqədən) onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər.","Əgər onlar Allahın və Rəsulunun onlara verdiyinə razı olub: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Rəsulu da. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik”– desəydilər onlar üçün daha xeyirli olardı.","Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq yalnız fəqirlərə, miskinlərə, zəkatı yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və (pulu qurtarıb yolda qalan) müsafirlərə məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Onlardan (Münafiqlərdən) elələri də var ki, Peyğəmbərə əziyyət verib: “(O hər eşitdiyi sözə inanan) bir qulaqdır!”- deyirlər. De: “O, sizin üçün yalnız xeyirli sözlər eşidən bir qulaqdır (eşitdiyi hər sözə əhəmiyyət verməz). O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir.” Allahın Rəsuluna əziyyət verənlər üçün isə ağrılı-acılı bir əzab vardır.","Sizi razı salmaq üçün Allaha and içirlər. Əgər mömindirlərsə, (bilsinlər ki,) Allahı və Onun Rəsulunu razı salmaları daha önəmlidir.","Allaha və Onun Rəsuluna qarşı çıxan kimsə üçün əbədi qalacağı Cəhənnəm atəşinin olduğunu bilmirlərmi? Bu isə böyük rüsvayçılıqdır.","Münafiqlər, qəlbində olanı xəbər verən bir surənin (Peyğəmbərə) nazil olmasından çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır”.","Onlardan (nə üçün istehza etdikləri barədə) soruşsan: “Biz sadəcə söhbət edib zarafatlaşırdıq!”– deyərlər. De: “Allaha, Onun ayələrinə və Onun Rəsuluna istehzamı edirsiniz?","Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz.” Sizlərdən bir qismini (tövbə etdiyinə görə) bağışlasaq da, digərlərinə günahkar olduqlarına (tövbə etmədiyinə) görə əzab verərik.","Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanlara) pis işləri əmr edib, yaxşı işlərdən çəkindirər və (Allah üçün xərcləməkdən) xəsislik göstərərlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqlərdir.","Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu (əzab) onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.","(Ey münafiqlər!) Sizdə özünüzdən öncəkilər (münafiqlər) kimisiniz. Onlar sizdən daha qüvvətli, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar (dünyadakı) öz paylarından zövq alıb faydalandılar. Sizdən öncəkilər (dünyadakı) öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq alıb faydalandınız. Onlar (batil fikirlərə) daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də puç olmuşdur. Əsil ziyana uğrayanlar da elə məhz onlardır.","Məgər onlara özlərindən əvvəlkilərin – Nuh qövmünün, Ad və Səmud (tayfalarının), İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin – (Lut tayfasının) xəbərləri gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.","Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işləri qadağan edər, namaz qılıb, zəkat verər, Allaha və Rəsuluna itaət edərlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir.","Allah mömin kişilərə və mömin qadınlara (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə (bunların hamısından) daha böyükdür. Bu, böyük uğurdur.","Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə vuruş. Onlarla sərt davran. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!","(Münafiqlər, Peyğəmbər barədə) nalayiq sözlər söyləmədiklərinə dair Allaha and içirlər. Onlar küfr sözünü söyləmiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə (Təbuk qəzavatında Əqabə gecəsi Peyğəmbəri öldürməyə) can atmışdılar. Onların intiqam almağı yalnız Allahın və Rəsulunun onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır.","Onlardan (Münafiqlərdən): “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”– deyə Allaha əhd edənlər də vardır.","(Nəhayət) Allah Öz lütfündən onlara verdikdə isə xəsislik edərək (imandan və ya verdikləri sözdən) üz döndərdilər.","Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan söylədiklərinə görə (Allah da) onların qəlblərinə Onunla qarşılaşacaqları günədək nifaq saldı.","Məgər (münafiqlər), Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agah olduğunu bilmirdilər. Allah qeybləri biləndir?","Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını təsəddüq edənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah da məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir.","(Ey Muhamməd) Onlar (münafiqlər) üçün bağışlanma diləsən də, diləməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən də belə, Allah onları əsla bağışlamayacaqdır. Bu, onların Allahı və Onun Rəsulunu inkar etdiklərinə görədir. Allah fasiq bir qövmü doğru yola yönəltməz.","(Döyüşə getməyib) arxada qalanlar Allahın Rəsuluna qarşı çıxaraq (evdə) qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!”– dedilər. De: “Cəhənnəm atəşi daha hərarətlidir!” Kaş anlayaydılar.","Qoy onlar etdiklərinin cəzası olaraq az gülüb çox ağlasınlar.","Əgər Allah səni onlardan bir zümrənin yanına qaytarsa və onlar (döyüşə) çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mənimlə (döyüşə) çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə (evdə) oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bərabər, siz də (evdə) oturun!”","Heç vaxt onlardan (münafiqlərdən) ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allaha və Rəsluna küfr etdilər və fasiq olaraq öldülər.","Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və canlarının kafir olaraq çıxmasını istəyir","“Allaha iman gətirin və Onun Rəsulu ilə birlikdə cihad edin!”– deyə bir surə nazil edildikdə onların var-dövlətə sahib olanları səndən icazə istəyib: “Bizi burax (evdə) oturanlarla (zəyiflər və xəstələrlə) birlikdə qalaq!”– dedilər.","Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar (haqqı) anlamazlar.","Lakin (Allahın) Rəsulu və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər vardır. Uğur qazananlar da elə məhz onlardır.","Allah onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur.","Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər (evdə qalmaq üçün) onlara icazə verilsin deyə (Peyğəmbərin yanına) gəldilər. Allaha və Onun Rəsuluna yalan söyləyənlər isə (üzr istəmədən evlərində) oturdular. Onlardan kafir olanlara ağrılı-acılı bir əzab üz verəcəkdir.","Allaha və Onun Rəsuluna sadiq qalacaqları təqdirdə acizlərə (qadınlara, uşaqlara), xəstələrə (qocalara, korlara, çolaqlara və s. bu kimi kimsələrə) və (döyüşdə) vuruşmağa bir şey tapa bilməyənlərə (evdə qalmaqda) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə məzəmmət etməyə də əsas yoxdur. Allah Bağışlayandır, Rəhmlidir.","Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman (cihad yolunda) xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərdə heç bir günah yoxdur."]