["Yalnız varlı olduqları halda (evdə qalmaq üçün) səndən icazə almağa gələnlər məzəmmətə layiqdirlər. Onlar arxada qalanlarla (qadınlar və uşaqlarla) birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar (özlərinin aqibətini) bilməzlər.","(Döyüşdən geri dönüb) onların yanlarına qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De: “Üzr diləməyin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. (Bundan sonrakı) əməllərinizi Allah da görəcək, Onun Rəsulu da.” Sonra isə qeybi və aşkarı Bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdikləriniz barədə xəbər verəcəkdir.","Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə (qarşınızda) Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqlarının cəzası olaraq gedəcəkləri yer Cəhənnəm olacaqdır.","Onlardan razı qalasınız deyə, (qarşınızda) and içəcəklər. Siz onlardan razı qalsanız da, Allah fasiq qövmdən razı qalmaz.","Bədəvilər küfr və nifaq baxımından daha betər, Allahın Öz Rəsuluna nazil etdiyi hökmləri bilməməyə daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Bədəvilər içərisində elələri də vardır ki, (Allah yolunda) xərclədiklərini itki sayır və sizə bir bəla üz verməsini gözləyirlər. Bəla onların öz başlarına gələcək. Allah (hər şeyi) eşidəndir, biləndir.","Bədəvilər içərisində elələri də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu, onlar üçün (Allaha) yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.","Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur.","Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi arasında, ikiüzlülükdə inadkarlıq edən münafiqlər vardır. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq. Biz onlara iki dəfə (dünyada və qəbirdə) əzab verəcəyik. Sonra da (axirətdə) böyük bir əzaba düçar olacaqlar.","Digərləri isə öz günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə pis bir əməli bir-birinə qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.","Onların mallarından sədəqə götür ki, bununla onları (günahlarından) pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.","Məgər onlar, qulların tövbəsini qəbul edənin, sədəqələri alanın Allahın olduğunu bilmirlərmi?! Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?!","De: “İstədiyinizi edin! Allah, Onun Rəsulu və möminlər əməllərinizi görəcəklər. Siz gizli və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.","(Döyüşə getməyənlərdən) bəziləri barədə hökm Allaha qalmışdır. (Allah) ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","(Müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəldən Allaha və Onun Rəsuluna qarşı müharibə edən kimsəni (Əbu Amir ər-Rahibi) gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”– (deyə) and içəcəklər. Onların yalançı olduğuna Allah şahiddir.","Orada əsla namaz qılma. İlk gündən təqva üzərində bina edilmiş (Quba və ya Peyğəmbər) məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevər.","Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım qövmü doğru yola yönəltməz.","Onların tikdiyi bina (məscid), ürəkləri parça-parça olana (ölənə) qədər, qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Şübhəsiz ki, Allah möminlərdən, Cənnət müqabilində, onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdinə kim vəfalı ola bilər?! Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.","(Onlar) tövbə edən, ibadət edən, həmd-səna edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi əmr edib pis işləri qadağan edən və Allahın hüdudlarını qoruyan kimsələrdir. (Belə) möminləri müjdələ.","Müşriklərin Cəhənnəm əhli olduqları bəlli olduqdan sonra, (hətta) qohum olsalar belə, nə Peyğəmbərə, nə də möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.","İbrahimin öz atası üçün bağışlanma diləməsi isə yalnız ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi.","Allah bir qövmü doğru yola yönəltdikdən sonra, qorxub çəkinməli olduqları şeyləri özlərinə xəbərdar etmədən onları (haqq yoldan) azdırmaz. Həqiqətən, Allah hər şeyi biləndir.","Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. O, dirildir və öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir yardımçınız vardır.","Allah, (müsəlmanlardan) bəzilərinin qəlbi (cihaddan) yayınmaq üzrə ikən Peyğəmbəri, çətin anda onun ardınca gedən mühacirləri və ənsarı (əvvəlcə) tövbəyə müvəffəq etdi, sonra da onların tövbələrini qəbul buyurdu. Çünki Allah onlara qarşı çox şəfqətlidir, rəhmlidir.","(Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbəsini qəbul etdi). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və beləliklə də, onlar Allahın əzabından yalnız Ona sığınmaqdan başqa bir çarə olmadığını anlamışdılar. Sonra (Allah), peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.","Ey iman gətirənlər! Allahdan qorxun və doğru danışanlarla birlikdə olun.","Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşə çıxarkən) Allahın Rəsulundan geri qalmaq, öz canlarını onun canından üstün tutmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.","Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə, xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, (buna görə) onlara (savab) yazılmasın.","Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr.","Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir.","Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən istehza ilə): “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, (nazil edilən surə) onların imanını artırar və onlar bir-birlərini müjdələyərlər.","Qəlblərində xəstəlik olanlara gəlincə, (nazil edilən surə) onların murdarlığı üstünə bir murdarlıq da artırar və onlar kafir olaraq ölərlər.","Onlar ildə bir və ya iki dəfə bəlaya düçar olduqlarını görmürlərmi?! Sonra da nə tövbə etmir, nə də ibrət almırlar.","Bir surə nazil edildiyi zaman onlar (münafiqlər): “(Möminlərdən) sizi kimsə görürmü?”– (deyə) bir-birlərinə baxır, sonra da üz çevirib gedirlər. (Münafiqlər) anlamayan bir qövm olduqları üçün Allah onların qəlblərini (imandan) məhrum etmişdir.","Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.","Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Mən Ona təvəkkül etdim. O, əzəmətli Ərşin Rəbbidir!”","Əlif. Ləm. Ra.[1] Bu, hikmətli Kitabın ayələridir.###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","İçərilərindən bir adama: “İnsanları (Allahın əzabı ilə) qorxut və iman gətirənləri müjdələ ki, Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı var!”– deyə vəhy etməyimiz insanlara təəccüblü göründümü ki, kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər.","Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. İşləri idarə edən Odur. Onun izni olmadan kimsə şəfaətçi ola bilməz. O, sizin Rəbbiniz olan Allahdır. (Elə isə) Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız?","Hamınızın dönüşü Onadır. Allahın vədi haqqdır. O, məxluqatı ilk dəfə yaratmış, sonra iman gətirib saleh əməllər edənləri ədalətlə mükafatlandırsın deyə (Qiyamət günü) yenidən dirildəcəkdir. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab vardır.","Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) təyin edən Odur. Allah bunları ancaq haqq olaraq yaratmışdır. O, ayələri bilən bir qövm üçün belə izah edər.","Şübhəsiz ki, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında (Allahdan) qorxan bir qövm üçün dəlillər vardır.","Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar, ayələrimizdən qafil olanlar da elə məhz onlardır.","Onların qazandıqları günahlara görə gedəcəkləri yer isə Oddur.","İman gətirib saleh əməllər edənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim cənnətlərində onların (ağacları və qəsrləri) altından çaylar axar.","Onların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, orada (bir-birlərini) salamlaması: “Salam!” (sözü) və dualarının sonu: “Həmd, aləmlərin Rəbbi Allaha məxsusdur!” (sözləri olacaqdır).","Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində şaşqın bir halda tərk edərik.","İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizə dua edər. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.","Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanmadıqlarına görə məhv etdik. Biz günahkar qövmü belə cəzalandırırıq.","Sonra da, sizin necə davranacağınızı görməyimiz üçün onların ardınca sizi yer üzündə xələflər təyin etdik.","Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman (qiyamət günü) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!”– dedilər. De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından qorxuram”.","De: “Əgər Allah istəsəydi, mən onu (Quranı) sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan (Quran nazil ediləndən) öncə sizin aranızda (qırx il) yaşadım. Məgər dərk etmirsiniz?”","Allaha qarşı iftira yaxandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da, günahkarlar nicat tapmazlar.","Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “(Yoxsa) Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.","İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz (asi kimsələrə möhlət) verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi.","(Müşriklər) deyirlər: “Kaş ki ona Rəbbindən bir ayət nazil ediləydi!” De: “Qeyb yalnız Allaha məxsusdur. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.","İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar.” Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.","Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq” – deyərlər.","(Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizədir, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik.","Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışar. Nəhayət, yer öz zinətinə bürünüb rövnəqləndiyi və onun sakinləri (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, sanki dünən heç bol məhsulu olmamış kimi, biçilmiş bir sahəyə döndərərik. Biz ayələri düşünən bir qövm üçün beləcə izah edərik.","Allah (insanları) əmin-amanlıq yurduna – (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir.","Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da artığı (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və onlar orada əbədi qalacaqlar.","Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar.","O gün onların hamısını (bir yerə) toplayacaq, sonra da müşriklərə: “Siz də, şərikləriniz də öz yerinizdə qalın!”– deyəcəyik. Biz onları (bir-birindən) ayıracağıq. Şərikləri (onlara belə) deyəcəkdir: “Siz bizə ibadət etmirdiniz.","Bizimlə sizin aranızda Allahın şahid olması yetər. Doğrudan da biz sizin ibadətinizdən xəbərsiz idik”.","Orada hər kəs keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları (bütlər) onlardan uzaqlaşıb qeyb olacaqlar.","De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri idarə edən kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs (belə olduğu təqdirdə) Allahdan qorxmursunuz?”","O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də (haqdan) döndərilirsiniz!","Beləliklə, fasiqlərin iman gətirməyəcəyinə dair Rəbbinin Sözü gerçəkləşdi.","De: “Allaha qoşduğunuz şəriklər arasında (hər hansı bir) məxluqu ilk dəfə yaradan, öldükdən sonra onu əvvəlki halına qaytara bilən bir kimsə varmı?” De: “Məxluqu ilk dəfə yaradan, (öldükdən) sonra onu (əvvəlki halına) qaytaran Allahdır. Siz necə də (haqdan) döndərilirsiniz!”","De: “(Allaha) qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah (Öz qullarını) haqqa yönəldir. Elə isə (deyin görək) haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?”","Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn əsla həqiqət ola bilməz. Allah onların nə etdiklərini biləndir.","Bu Quran Allahdandır, başqası tərəfindən uydurulmamışdır. Lakin o, özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan, kitabı (halalı, haramı və dini əhkamları) müfəssəl izah edəndir.","Yoxsa: “Muhamməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa (köməyə) çağırın!”","Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu.","İçərilərində (bu Qurana) inananlar da var, ona inanmayanlar da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır.","Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam”.","Aralarında səni dinləyənlər də vardır. Məgər karlara – əgər anlamırlarsa – sənmi eşitdirəcəksən?","Onlar arasında sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə – sənmi doğru yola yönəldəcəksən?","Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.","(Allah) onları (bir yerə) toplayacağı gün, sanki (dünyada və yaxud qəbirdə) gündüzün yalnız bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar, həqiqətən, ziyana uğramışlar. Onlar doğru yola yönələn deyillər.","Onlara vəd etdiyimiz (əzabın) bəzisini sənə (dünyada) göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Sonra, Allah onların nə etdiklərinə Şahiddir.","Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.","(Kafirlər) deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”","De: “Allah istəmədikcə, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman (ondan) bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”.","(Müşriklərə) de: “Bir deyin görək, əgər Allahın əzabı sizə gecə, yaxud gündüz gəlsə, onda günahkarlar bunun hansını tələsik istəyəcəklər?","(Əzab) başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!”","Sonra zalımlara: “Dadın əbədi əzabı! Məgər siz yalnız qazandığınız günahlara görə cəzalandırılmırsınızmı?”– deyiləcəkdir.","Səndən: “O (Qiyamət gününün əzabı) doğrudurmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz ondan yaxa qurtara bilməyəcəksiniz”.","Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu (əzabdan qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükdə peşmançılıqlarını gizlədərlər. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.","Bilin ki, göylərdə və yerdə olanların hamısı Allaha məxsusdur. Bilin ki, Allahın vədi haqdır, lakin onların əksəriyyəti bunu bilməz.","O dirildir və öldürür. Siz yalnız Ona qaytarılacaqsınız.","Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət olan (Quran) gəlmişdir.","De: “(Bunlar) Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar (buna) sevinsinlər. Bu, onların yığdıqlarından daha xeyirlidir.","De: “Allahın sizə bəxş etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız.” De: “Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı yaxırsınız?”","Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə zənləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti şükür etməz.","(Ey Muhamməd) Sən hansı bir iş görsən, Qurandan nə oxusan, (ey insanlar) siz (də) nə iş görsəniz, onları etdiyiniz zaman Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.","Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar kədərlənməzlər.","Onlar iman gətirən və (pis əməllərdən çəkinərək) Allahdan qorxan kimsələrdir.","Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur.","Onların sözləri səni kədərləndirməsin. Çünki izzət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir.","Bilin ki, göylərdə və yerdə olanların hamısı Allaha məxsusdur. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyar və yalandan başqa bir şey söyləməzlər.","Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də (ruzi qazanmanız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır.","Onlar: “Allah (Özünə) övlad götürmüşdü!”– dedilər. O, pakdır, müqəddəsdir! O, (heç nəyə) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Buna aid sizdə bir dəlil varmı? Yoxsa Allah barədə bilmədiyiniz şeyimi söyləyirsiniz?","De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”.","(Onlar bir müddət) dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq.","Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər (aranızda) qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. (Allaha) qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət də verməyin.","Əgər üz çevirsəniz, (bilin ki,) mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir”.","Onlar Nuhu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu!","Sonra Nuhun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini belə möhürləyirik.","Sonra onların ardınca Musanı və Harunu, Firona və onun əyanlarına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir qövm idilər.","Bizim tərəfdən onlara haqq gəldikdə isə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!”– dedilər.","Musa dedi: “Əcəba, sizə haqq gəldikdə: “Bu sehrdirmi?”– deyirsiniz? Halbuki sehrbazlar nicat tapmazlar”.","Onlar: “Bizi atalarımızın yolundan döndərmək və yer üzündə mülk (sultanlıq) ikinizə qalsın deyəmi gəldiniz? Biz sizə iman gətirən deyilik”– dedilər.","Firon: “Bütün bilikli sehrbazları yanıma gətirin!”– dedi.","Sehrbazlar gəldikdə Musa onlara: “Nə atacaqsınızsa, atın!”– dedi.","Onlar (əllərindəki ipləri və dəyənəkləri) atdıqda Musa: “Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaqdır. Çünki Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz”– dedi.","Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcəkdir.","Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar (hakim) və həddi aşanlardan idi.","Musa: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və müsəlman olmusunuzsa, Ona təvəkkül edin!”– dedi.","Onlar dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalım qövmün fitnəsinə məruz qoyma!","Və bizi Öz mərhəmətinlə kafir qövmdən xilas et!”","Biz Musaya və onun qardaşına: “Qövmünüz üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!”– deyə vəhy etdik.","Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlara (bu mal-dövləti insanları) Sənin yolundan azdırmaq üçünmü verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”.","(Allah) buyurdu: “Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə sabitqədəm olun və bilməyənlərin yoluna uymayın!”","Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon dənizdə) batdığı vaxt: “İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də təslim olanlardanam!”– dedi.","(Firona deyildi:) “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun.","Biz bu gün bədənini, səndən sonra gələnlərə ibrət olsun deyə, (dənizdən sahilə ataraq) xilas edəcəyik”. Həqiqətən də, insanların əksəriyyəti ayələrimizdən qafildir.","Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm (Quran) gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.","Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitabı oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, əsla şübhə edənlərdən olma.","Allahın ayələrini yalan sayanlardan da olma, yoxsa ziyana uğrayanlardan olarsan.","Həqiqətən, Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər.","Onlara bütün ayələr gəlsə belə, ağrılı-acılı əzabı görməyincə (iman gətirməzlər).","(Əzab gəldiyi an,) Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət (əhli) olubmu? (Yunusun qövmü) iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər (fani nemətlərdən) faydalanmaq imkanı verdik.","Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?","Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları əzaba düçar edər.","De: “Görün göylərdə və yerdə nələr var”. Lakin iman gətirməyən qövmə dəlillər və peyğəmbərlər heç bir fayda verməz.","Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş (əzablı) günlərin bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.","Sonra elçilərimizi və möminləri xilas edərik. Möminləri xilas etmək Üzərimizə düşən haqqdır.","De: “Ey insanlar! Əgər dinimə şəkk edirsinizsə, (bilin ki,) mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”.","Batildən haqqa tapınaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma.","Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyənlərə dua etmə. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan.","Əgər Allah sənə bir zərər toxundursa, bu zərəri Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.","De: “Ey insanlar! Rəbbinizdən sizə haqq (Quran) gəlmişdir. Kim doğru yolla gedərsə, xeyri özünə dəyər, kim azğınlığa düşərsə, ziyanı da öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”.","Sənə nazil edilən vəhyə tabe ol və Allah hökm verənə (İslam bərqərar olana) qədər səbir et. O, hökm verənlərin ən xeyirlisidir.","Əlif. Ləm. Ra.[1] (Bu,) Hikmət sahibi, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır.###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","(Bu ona görədir ki,) Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən sizi Allah tərəfindən xəbərdar edən və müjdələyənəm.","Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək (ölüm sizə gələnədək) gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər (Ondan) üz çevirsəniz, (bilin ki,) mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram.","Dönüşünüz yalnız Allahadır. O, hər şeyə qadirdir.","Bilin ki, onlar ürəklərindəki küfrü Allahdan gizlətmək üçün sinələrini bükürlər. Agah olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, sinələrdə olanları biləndir."]