["Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kəs müstəsna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir”.","Hökmdar dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın (adam) edəcəyəm”. (Hökmdar) onunla söhbət etdikdən sonra: “Sən (artıq) bu gün yanımızda yüksək məqam sahibi və etibarlı bir adamsan”– dedi.","(Yusif) dedi: “Məni bu diyarın (Misirin) xəzinələrinə məmur təyin et. Çünki mən qoruyanam, (bu işi) bilənəm”.","Beləliklə, Yusifi o diyarda hökmran etdik. O, (Misirdə) istədiyi yerdə qala bilirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər və yaxşı iş görənlərin mükafatını puç etmərik.","İman gətirənlər və (Allahdan qorxub) pis əməllərdən çəkinənlər üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.","Yusifin qardaşları (Misirə) gəlib onun yanına daxil oldular. (Yusif) onları tanıdı, lakin onlar onu (Yusifi) tanımadılar.","(Yusif) onların ərzaq yüklərini hazırlayıb, dedi: “Atabir qardaşınızı yanıma gətirin! Məgər mənim ölçüyə tam riayət etdiyimi və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!","Əgər onu yanıma gətirməsəniz, məndən (bir qab belə) ərzaq gözləməyin və özünüz də mənə yaxınlaşmayın”.","Onlar dedilər: “Ondan ötrü atasını razı salmağa çalışarıq və əlbəttə ki, (bunu) edərik”.","(Yusif) öz xidmətçilərinə dedi: “Onların (taxıl əvəzinə) ödədikləri mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə bunu başa düşsünlər və ola bilsin ki, (yenidən yanımıza) qayıtsınlar”.","Onlar atalarının yanına qayıtdıqda dedilər: “Atacan! Bizə ərzaq verilməsi qadağan edildi. (Yenə) ölçüb (taxıl) almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Biz, əlbəttə, onu qoruyacağıq”.","(Yəqub) dedi: “Daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi?! Allah ən yaxşı qoruyandır və O, rəhmlilərin ən rəhmlisidir”.","Onlar yüklərini açdıqda, verdikləri mallarının özlərinə qaytarıldığını görüb dedilər: “Atacan! Daha nə istəyirik? Budur, malımız özümüzə qaytarılıb. Biz (qardaşımızı özümüzlə aparsaq,) ailəmizi yenə ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü artıq (ərzaq) alarıq. Bu gətirdiyimiz isə az miqdarda ərzaqdır”.","(Yəqub) dedi: “Başınıza bir müsibət gəlib çarəsiz qalmanız müstəsna olmaqla, (Bin Yamini) yanıma gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm”. Onlar and içib söz verdikdə, (Yəqub) dedi: “Allah söylədiklərimizə şahiddir”.","(Yəqub) dedi: “Ey Oğullarım! (Misirə) bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin (sizə zərər toxunmasın). (Bununla belə,) mən Allahın sizin əleyhinizə yazdığı heç bir şeyi dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər”.","(Yusifin qardaşları) atalarının onlara əmr etdiyi kimi, (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda, (bu,) Allahın yazdığı qədəri onlardan dəf edə bilmədi. (Bu,) sadəcə Yəqubun ürəyindəki bir istək idi ki, bunu onlara bildirdi. Şübhəsiz ki, Biz (Yəqubu) öyrətmişdik deyə, o, elm sahibi idi. Lakin insanların əksəriyyəti (Bizim seçdiyimiz kəslərə vəhy yolu ilə elm öyrətdiyimizi) bilməz.","Onlar Yusifin yanına daxil olduqda, o, qardaşı (Bin Yamini) bağrına basaraq: “Mən sənin qardaşınam. Onların etdiyi (pis) əməllərə görə kədərlənmə”– dedi.","(Yusif) onların yüklərini hazırladarkən, qardaşının yükünün içinə bir piyalə qoydu. (Karvan yola düşdükdən) sonra bir carçı (onları) haraylayıb: “Ey karvan əhli! Siz, həqiqətən də, oğrusunuz!”– dedi.","(Qardaşlar) onlara tərəf dönüb: “Nə itirmisiniz?”– deyə soruşdular.","Onlar dedilər: “Hökmdarın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək”. (Carçı:) “Mən buna zaminəm!”– dedi.","Onlar dedilər: “Allaha and olsun! Siz bizim bu yerlərə fitnə-fəsad törətmək üçün gəlmədiyimizi bilirsiniz. Biz oğru da deyilik”.","Onlar dedilər: “Əgər yalan desəniz, o halda (su qabını götürən kimsənin) cəzası nədir?”","(Qardaşlar) dedilər: “Onun cəzası (itmiş piyalə) yükündə tapılan kimsənin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”.","(Yusif doğma) qardaşının yükündən əvvəl onların yüklərini (axtarmağa) başladı, sonra da piyaləni qardaşının yükündən tapıb çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Allahın istəyi olmasaydı, hökmdarın qanunlarına görə, o, qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz istədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Hər bir bilik sahibindən də daha üstün bir bilən vardır.","Onlar dedilər: “Əgər (piyaləni) o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusif bunu öz ürəyində saxlayıb onlara söyləmədi və (öz-özünə): “Siz (Allah yanında) daha pis mövqedəsiniz. Allah sizin nə vəsf etdiyinizi (Yusifi oğurluqda ittiham etmənizi) çox yaxşı bilir”– dedi.","(Qardaşlar) dedilər: “Ey hökmdar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Biz sənin yaxşı bir insan olduğunu güman edirik”.","(Yusif) dedi: “Malımızı xurcununda tapdığımız kimsədən başqasını tutub saxlamaqdan Allaha sığınıram. Yoxsa, biz zülm etmiş olarıq”.","Ondan (Bin Yamindən) ümidlərini kəsdikdə, məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusifə qarşı haqsızlıq etməyiniz yadınızdadırmı? Atam mənə (geri dönməyə) izin verməyincə və ya Allah mənə aid hökm verməyincə, mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır.","(Böyük qardaşları belə dedi:) Atanızın yanına qayıdın və deyin: “Atacan! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə (Hökmdarın piyaləsinin Bin Yaminin xurcunundan çıxdığına) şahidlik etdik. Biz qeybi bilmirdik.","Olduğumuz məmləkətdən (Misir əhalisindən) və birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışırıq”.","(Yəqub) dedi: “Xeyr, sizin nəfsiniz sizi bu işə sövq edib. Mənə isə gözəl səbir gərəkdir. Ola bilsin ki, Allah onların (Yusifi, Bin Yamini və böyük qardaşlarını) hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Hikmət sahibidir”.","(Yəqub) onlardan üz döndərdi və: “Heyif Yusifdən!”– dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı.","(Övladları ona) dedilər: “Allaha and olsun ki, sən Yusifi tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən”.","(Yəqub) dedi: “Mən dərd-qəmimi yalnız Allaha ərz edirəm və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizi (Yusifin yuxusunun doğru çıxacağını) bilirəm.","Ey Oğullarım! Gedin, Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi üzməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidlərini üzərlər”.","Onlar (Misirə gəlib Yusifin) hüzuruna daxil olduqda dedilər: “Ey hökmdar! Bizə və ailəmizə müsibət üz vermişdir. Bir az dəyərsiz mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam et və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”.","(Yusif) dedi: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi?”","Onlar dedilər: “Yoxsa sən Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub (pis əməllərdən çəkinsə) və səbir etsə, (bilsin ki,) Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.","Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün etdi. Biz isə (sənə olan münasibətdə, əlbəttə,) günah etmişik”.","(Yusif) dedi: “Bu gün sizə heç bir qınaq yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir.","Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün ailənizlə birlikdə yanıma gəlin”.","Karvan (Misir torpağından) ayrılıb geri qayıtdıqda, ataları (yanındakı övladlarına) dedi: “Mən, Yusifin qoxusunu hiss edirəm. Kaş ki məni ağılsız saymayaydınız”.","Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də köhnə yanlışlığın içindəsən”.","Müjdəçi gəlib köynəyi (Yəqubun) üzünə atan kimi onun gözləri açıldı və o dedi: “Məgər mən sizə, Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm deməmişdimmi?!”","Onlar dedilər: “Atacan! (Allahdan) bizim günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günah iş görmüşük”.","(Yəqub) dedi: “Mən Rəbbimdən sizin üçün sonra bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.","Onlar Yusifin hüzuruna daxil olduqda, o, ata-anasını bağrına basıb dedi: “Allahın istəyi ilə, əmin-amanlıq içində Misirə daxil olun!”","O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı hörmət əlaməti olaraq) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəyə çevirdi. O mənə lütf etdi. (Belə ki,) məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Hikmət sahibidir”.","(Sonra Yusif dua edib dedi:) “Ey Rəbbim! Sən mənə mülk bəxş etdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman olduğum halda al və məni əməlisalehlərə qovuşdur”.","(Ey Peyğəmbər!) Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifə qarşı) hiylə qurub, əlbir iş gördükləri zaman sən onların yanında deyildin.","Sən nə qədər həris olsanda, insanların əksəriyyəti iman gətirən deyildir.","Sən ki bunun (İslama dəvətin) əvəzində onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.","Göylərdə və yerdə (Allahın tək ilah olduğunu sübut edən) neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər.","Onların əksəriyyəti Allaha ancaq şərik qoşaraq inanırlar.","Məgər onlar (müşriklər) Allahın (hər şeyi) bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən (Qiyamət) saatının onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?!","De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, bəsirət (elm və yəqinlik) üzərində, insanları Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.","(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən (peyğəmbər) göndərdik. Məgər (müşriklər) yer üzündə gəzib-dolaşıb, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Şübhəsiz ki, Axirət yurdu (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün daha xeyirlidir. Məgər anlamırsınız?!","Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərnin yalançı sayıldıqlarını yəqin etdikdə, köməyimiz onlara yetişdi və dilədiyimiz kimsələr də (peyğəmbərlər və onlara iman gətirənlər) nicat tapdı. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz.","Onların hekayələrində ağıl sahibləri üçün ibrətlər vardır. (Bu Quran) uydurma bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət və mərhəmətdir.","Əlif. Ləm. Mim.[1] Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən haqdır, lakin insanların çoxu (ona) inanmaz.###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşin üzərində ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (müfəssəl) izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.","Yer üzünü yayıb genişləndirən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda düşünən bir qövm üçün dəlillər vardır.","Yer üzündə, hamısı eyni su ilə suvarılan, bir-birinə yaxın (müxtəlif münbit) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən bir qövm üçün dəlillər var.","(Ey Peyğəmbər! Əgər kafirlərə) təəccüblənirsənsə, onların: “Məgər biz torpaq olduqdan sonra yenidən yaradılacağıqmı?!” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.","(Müşriklər) səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl (neçə-neçə) ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə rəğmən (tövbə edənləri) bağışlayandır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir.","Kafir olanlar: “Niyə Rəbbindən ona bir ayət endirilməyib?”– deyirlər. Sən ancaq (Allahın əzabı ilə) qorxudansan. Hər qövmün (doğru yol göstərən) bir rəhbəri vardır.","Hər bir dişinin (bətnində) nə daşıdığını (oğlan yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü var.","(Allah) qeybi və aşkarı biləndir, Böyükdür, Ucadır.","Aranızdan sözü gizlədən də, onu açıq deyən də, gecə gizlənən də, gündüz gəzib dolanan da (Allah üçün) eynidir.","Onu (insanı) həm önündən, həm də arxasından təqib edən mələklər vardır. Onlar Allahın əmri ilə onu qoruyurlar. Bir qövm özünü dəyişmədikcə, Allah da onları dəyişməz. Əgər Allah hər hansı bir qövmə pislik istəsə, onun qarşısını heç nə ala bilməz. Onların Allahdan başqa hamisi yoxdur.","(İldırımdan) qorxasınız və (yağışın yağmasına) ümid bəsləyəsiniz deyə, sizə şimşək göstərən və (yağışla dolu) ağır buludları var edən Odur.","Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan (təriflər deyirlər). (Allah) ildırımlar göndərib istədiyini vurur. (Kafirlər) Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.","Haqq olan dua yalnız Ona (Allaha) olan duadır. (Müşriklərin) Ondan başqa dua etdikləri (bütlər) isə, onlara heç bir şeylə cavab verə bilməzlər. Onlar, ağzına (su) çatsın deyə, (uzaqdan) iki ovcunu suya tərəf açan, amma su (onun) ağzına çatmayan kimsəyə bənzəyirlər. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir.","Göylərdə və yerdə olanların özləri də, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edərlər.","(Ey Peyğəmbər!) De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verə bilənlərimi özünüzə dost tutursunuz?!” De: “Heç korla görən eyni ola bilərmi?! Yaxud zülmətlə nur eyni ola bilərmi?!” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər qəbul etdilər və (bu) yaradılış onlara bənzər göründü?! De: “Hər şeyin xaliqi Allahdır. O, Vahiddir, (hər şeyə) Qalib gələndir”.","(Allah) göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış köpüyü götürüb aparır. Bəzək şeyləri və ya (başqa) əşyalar düzəltmək üçün (insanların) odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Allah belə misallar çəkir!","Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. (Rəbbinin) dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan (var-dövlətin) hamısı, üstəlik bir o qədəri də onların olsaydı, (əzabdan qurtarmaq üçün) onu mütləq fidyə verərdilər. Onları dəhşətli bir haqq-hesab gözləyir. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis yerdir!","Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, korla eyni ola bilərmi?! (Bundan) ancaq ağıl sahibləri ibrət alarlar.","O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar.","O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), (üstəlik,) həm Rəbbindən, həm də pis haqq-hesabdan qorxurlar.","O kəslər ki, Rəbbinin üzünü diləyərək (Onun rizasını qazanmaq üçün) səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –","özlərinin, əməlisaleh atalarının, zövcələrinin və övladlarının daxil olacaqları Ədn cənnətləri hazırlanmışdır. Mələklər (Cənnətdəki) hər bir qapıdan onların yanına daxil olub (deyəcəklər):","“(Dünyadakı çətinliklərə) səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu necə də gözəldir!”","Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədən kimsələrə gəlincə, onlar lənətə düçar olacaqlar. Onlar üçün pis yurd vardır.","Allah istədiyi kimsənin ruzisini bol edər, (istədiyinin) də azaldar. (Kafirlər) dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.","Kafirlər deyirlər: “Kaş ki ona Rəbbindən bir ayət endiriləydi?” De: “Allah istədiyini azdırar. Tövbə edib Ona tərəf yönələn kimsəni isə doğru yola yönəldər”.","Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar.","İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri vardır.","Biz, əvvəlki ümmətlərə peyğəmbərlər göndərdiyimiz kimi, səni də bir ümmətə peyğəmbər göndərdik ki, onlar Rəhmanı inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Quranı) onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.","Əgər Quranın sayəsində dağlar hərəkətə gətirilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışsaydı (onlar yenə iman gətirməzdilər). Lakin bütün işlər Allahın ixtiyarındadır. İman gətirənlər hələ bilmirlər ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi?! Kafirlərə gəldikdə, Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə onlara müsibət üz verməkdə davam edəcək, yaxud onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz.","(Ey Peyğəmbər!) Səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. (Görəydin onları) cəzalandırmağım necə oldu!","Hər kəsin qazandığına nəzarət edən Allah, buna qadir olmayan bütlər kimidirmi?! (Buna rəğmən müşriklər) Allaha şəriklər qoşurlar. De: “Onların adlarını deyin görək! Yoxsa siz (Allaha) yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözləri xəbər verirsiniz?!” Xeyr, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar haqq yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz.","Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan (Allahın əzabından) qoruyan olmaz.","Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; (ağacları və qəsrləri) altından çaylar axar və onun meyvələri daimidir, kölgəsi də. Bu müttəqilərin aqibətidir. Kafirlərin aqibəti isə Oddur.","Kitab verdiyimiz kəslər sənə nazil edilən (Qurana) sevinirlər. Kitab əhlindən elə firqələr də var ki, onun (Quranın) bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və mənim axır dönüşüm də yalnız Onadır!”","Beləliklə, biz onu (Quranı) ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan (Allahın əzabından) nə bir himayə edən, nə də bir qoruyan olar.","Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir ayət gətirə bilməz. Hər zamanın bir kitabı var.","Allah (o kitabdan) istədiyini silər, istədiyini də sabit saxlayar. Kitabın anası (lövhü-məhfuz) isə Onun yanındadır.","Biz onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də, (bundan öncə) səni öldürsək də, (bil ki,) sənin öhdənə düşən yalnız təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir.","Məgər (kafirlər) Bizim, yer üzünə gəlib onu (bəzi) tərəflərindən əksiltdiyimizi (müsəlmanların fəthi və İslamın yayılması ilə kafirlərin torpaqlarını müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi?! Allah (istədiyi kimi) hökm verir. Heç kəs Onun hökmünü ləğv edə bilməz. O (Allah) tez haqq-hesab çəkəndir.","Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələrin cəzası Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.","Kafirlər deyirlər: “Sən göndərilmiş peyğəmbər deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və Kitabı bilən kimsənin şahid olması yetər”.","Əlif. Ləm. Ra.[1] (Bu,) insanları öz Rəbbinin izni ilə zülmətlərdən nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","O Allah ki, göylərdə və yerdə nə varsa, Onundur. Düçar olacaqları şiddətli əzabdan dolayı vay kafirlərin halına!","O kəslər ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan azdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.","Biz hər bir peyğəmbəri ancaq öz qövmünün dilində (danışan) göndərdik ki, (haqqı) onlara bəyan etsin. Allah istədiyini (haqq yoldan) azdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Hikmət sahibidir.","Biz Musanı ayətlərimizlə göndərib (ona): “Qövmünü zülmətdən nura çıxart və onlara Allahın günlərini xatırlat”– dedik. Sözsüz ki, bunda, çox səbir və şükür edənlər üçün dəlillər vardır.","Bir zaman Musa öz qövmünə demişdi: “Allahın sizə verdiyi neməti xatırlayın. O, sizi Firon əhlindən xilas etdi. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir imtahan var idi”.","Rəbbiniz (belə) bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.","Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı küfr etsəniz, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Allah, həqiqətən də, zəngindir, tərifəlayiqdir”.","Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının, habelə, onlardan sonra gəlib-getmiş kimsələrin xəbərləri sizə gəlib çatmadımı? Onlar haqqında Allahdan başqa heç kəs bilmir. Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Onlar isə (peyğəmbərlərin onlara gətirdiklərinə qəzəblənərək) əllərini ağızlarının üstünə qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz (din) barəsində şübhə doğuran şəkk içindəyik!”– demişdilər.","Peyğəmbərləri (onlara) dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər (sizə ölüm gələnədək) möhlət vermək üçün sizi (imana) çağırır”. Onlar dedilər: “Siz də bizim kimi bir bəşərsiniz. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”.","Peyğəmbərləri (onlara) dedilər: “Biz də sizin kimi bir bəşərik. Lakin Allah Öz qullarından istədiyinə lütf edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər.","Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək?! Sizin bizə verdiyiniz əziyyətlərə, əlbəttə ki, dözəcəyik. Qoy təvəkkül edənlər yalnız Allaha təvəkkül etsinlər”.","Kafirlər peyğəmbərlərinə dedilər: “Sizi ya öz torpağımızdan çıxaracağıq, ya da mütləq bizim dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!","Onlardan sonra da o yerdə sizi sakin edəcəyik. Bu, həm hüzurumda durmaqdan, həm də təhdidimdən qorxan kimsələr üçündür”.","Peyğəmbərlər (Allahdan) yardım istədilər. Hər bir inadkar dikbaş isə ziyana uğradı.","Qarşıda isə onu gözləyən Cəhənnəm vardır. (Orada) ona irinli su içirdiləcəkdir.","O, bu irinli suyu qurtum-qurtum içəcək, amma onu zorla udacaqdır. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da şiddətli bir əzab gələcəkdir!","Rəbbinə küfür edənlərin (dünyadakı yaxşı) əməllərinin məsəli, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur.","(Ey insan!) Allahın göyləri və yeri haqq ilə yaratdığını görmürsənmi?! Əgər Allah istəsə, sizi yox edib (yerinizə) yeni məxluq (başqa insanlar) gətirər.","Bu, Allah üçün çətin deyildir.","(Qiyamət günü) hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) zarısaq da, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”.","İş bitdikdə (Cənnət əhli Cənnətə, cəhənnəm əhli də Cəhənnəmə daxil olduqda) şeytan (günahkarlara) deyəcək: “Həqiqətən, Allah sizə (Cəhənnəmə düşəcəyiniz barədə) gerçək vəd vermişdi. Mən də sizə, (kömək edəcəyimə dair) vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (günah işlərə) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Şübhəsiz ki, mən dünyada da sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.","İman gətirib saleh əməllər edənlər isə (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil ediləcək və Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada qarşılaşarkən (bir-birinə) deyəcəkləri söz: “Salam!” olacaqdır.","Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.","O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman (ilin qış və yay fəsilndən aslı olmayaraq) verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.","Pis söz (küfür sözü) isə yerdən qoparılmış, kökü olmayan pis bir ağaca bənzəyir.","Allah iman gətirənləri həm dünya həyatında, həm də axirətdə möhkəm sözlə (şəhadət kəlməsi ilə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) azdırar. Allah istədiyini edər.","Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz qövmünü həlak yurduna sürükləyənləri görmürsənmi?","Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis qərar tutulacaq yerdir.","Onlar (insanları) Allah yolundan azdırmaq üçün (bütləri) Ona tay tutdular. De: “(Hələ ki) əylənin! Şübhəsiz ki, dönüşünüz Odadır”.","İman gətirən qullarıma de ki, (doğru-düzgün) namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən öncə onlara verdiyimiz ruzidən (Allah yolunda) gizli və aşkar xərcləsinlər.","Göyləri və yeri yaradan, göydən su endirib onunla sizin üçün (növbənöv) meyvələrdən ruzi yetişdirən, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verən və çayları sizə ram edən Allahdır.","Daim seyr edən günəşi və ayı sizə tabe edən, gecəni və gündüzü sizə ram edən də Odur.","O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.","Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!","Ey Rəbbim! Həqiqətən də, o bütlər insanlardan bir çoxunu azdırdılar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə,) Sən bağışlayansan, rəhmlisən.","Ey Rəbbimiz! Mən zürriyyətimdən bəzisini Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, heç bir bitki olmayan bir vadidə yerləşdirdim. Ey Rəbbimiz! Onlar (doğru-düzgün) namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) meyvələrindən ruzi ver ki, bəlkə şükür etsinlər.","Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz.","Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.","Ey Rəbbim! Məni də, zürriyyətimdən olanları da, (doğru-düzgün) namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!","Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!”","Zalımların etdikləri əməllərdən Allahı əsla xəbərsiz sanma. Allah onların cəzasını gözlərin bərələ qalacağı günə saxlamışdır.","(O gün) onlar başlarını yuxarı qaldıraraq (carçıya doğru) tələsəcək, gözlərini qırpa bilməyəcək və qəlbləri də bomboş olacaq (qorxudan bütün başqa duyğulardan xali olacaq).","İnsanları, onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və peyğəmbərlərə tabe olaq”. (Onlara belə deyiləcək:) “Məgər əvvəllər siz dünyadan köçməyəcəyiniz barədə and içməmişdiniz?!","Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə agah oldu və (anlayasınız deyə) sizə (ibrətamiz) misallar da çəkdik”.","(Zalımlar) öz hiylələrini qurdular. Halbuki onların hiyləsi Allaha bəllidir. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir.","Allahın əsla Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah qüdrətlidir, intiqam almağa qadirdir.","O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar.","O gün günahkarları zəncirlənmiş görəcəksən.","Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcək.","Allah hər kəsə (dünyada) etdiyi əməllərin əvəzini vermək üçün belə edəcəkdir. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.","Bu (Quran) insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar."]