["Ayələrimizdən bəzisini ona (Muhammədə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.","Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən başqasını özünüzə himayədar götürməyin!”– deyə o Kitabı doğru yol göstəricisi etdik.","(Ey) Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyəti! Nuh, doğrudan da, çox şükür edən bir qul idi.","Biz Kitabda (Tövratda) İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və (insanlara zülm etməklə) həddinizi olduqca aşacaqsınz”– (deyə) xəbər verdik.","İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb (sizi) axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi.","Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.","Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə (Qüdsdəki) məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).","Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (fəsad törətməyə) qayıtsanız, Biz də (sizi cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik.","Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir.","Axirətə iman gətirməyənlər üçün isə ağrılı-acılı bir əzab hazırlamışıq.","İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir.","Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik.","Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik.","(Ona belə deyərik:) Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.","Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermərik.","Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (Allaha itaət etməyi) əmr edərik. Onlar isə orada günah işlər görərlər. Beləcə, (o məmləkətin) barəsindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik.","Biz Nuhdan sonra neçə-neçə nəsli məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir.","Kim keçici dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.","Kim də Axirəti istəsə, mömin olaraq, ona layiq bir səylə onun üçün çalışarsa, onların səyi məmnuniyyətlə qəbul olunar.","Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti (heç kəsə) qadağan deyildir.","Bax gör (dünyada) onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır.","Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və zəlil (köməksiz) vəziyyətdə qalarsan.","Rəbbin yalnız Ona ibadət etməyi və valideynlər ilə yaxşı davranmağı əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara: \"Uf!\" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!","Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.","Rəbbiniz qəlblərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.","Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin israfçılıq edərək (malını) lazımsız yerə sərf etmə.","Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.","Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onlardan üz çevirməli olsan (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.","Əlini nə sıxıb saxlama, nə də onu büsbütün açma (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan.","Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, O, (Öz qullarının halından) xəbərdardır, görəndir.","Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.","Zinaya yaxınlaşmayın. Çünki o, iyrənc bir əməl və murdar bir yoldur!","Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.","Yetim həddi-büluğa çatana qədər –xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla– onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır.","Ölçdükdə ölçüyə tam riayət edin, (çəkdikdə) düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır.","Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısı barəsində sorğu-sual olunacaqdır.","Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.","Bütün bu (qadağan edilmiş) pis əməllərin günahı, Rəbbinin dərgahında məkruhdur.","Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan.","Doğrudanmı Rəbbiniz oğlanları sizin üçün seçib, (Özünə isə) mələklərdən qızlar götürüb?! Siz, həqiqətən də, olduqca pis söz danışırsınız.","Biz bu Quranda (şəri əhkamları) izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu, onların yalnız nifrətini artırdı.","De: “Əgər (müşriklərin) söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına (çatmaq üçün) yol axtarardılar”.","Allah (müşriklərin) söylədiklərindən uzaq və ucadır.","Yeddi göy, yer və onların arasında olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.","Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik.","Quranı anlamasınlar deyə, Biz onların qəlblərinə örtüklər çəkdik, qulaqlarına da tıxaclar vurduq. Sən Quranda Rəbbinin Tək (Allah) olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər.","Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik.","Gör sənin üçün necə (pis) məsəllər çəkdilər. Onlar azdılar və (artıq doğru) yolu tapa bilməzlər.","Onlar deyirlər: “Biz sür-sümük və çürüyüb toz-torpaq halına düşdüyümüz zaman yeni bir məxluq olaraq dirildiləcəyikmi?”","De: “İstər daş olun, istər dəmir,","və ya qəlbinizdə özünüzü nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar (istehza ilə) başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaq?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!”","O gün Allah sizi (məhşərə) çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az (müddət) qaldığınızı güman edəcəksiniz.","Qullarıma de ki, (bir-birləri ilə danışdıqda) ən gözəl sözləri söyləsinlər. Çünki şeytan onların arasına ədavət salar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.","Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara vəkil olaraq göndərmədik.","Rəbbiniz göylərdə və yerdə olanları çox yaxşı tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik.","De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyillər”.","Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı qorxub çəkiniləcək bir əzabdır.","Elə bir (kafir) məmləkət yoxdur ki, Qiyamət günündən əvvəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, Kitabda (Lövhi-məhfuzda) yazılmışdır.","Bizim ayələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın (ayə olaraq) bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz ayələri yalnız qorxutmaq üçün göndəririk.","Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (zəqqum adlı) ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır.","Bir zaman mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa (hamısı) səcdə etdi. O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəmmi?!”","(İblis) dedi: “Məndən üstün tutduğun (məxluq) budurmu? Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun (bütün) nəslini özümə ram edəcəyəm”.","(Allah) buyurdu: “Çıx get! Onlardan kim sənə tabe olsa, tam bir əvəz olaraq cəzanız Cəhənnəm olacaqdır.","Onlardan gücün çatdığı kimsələri səsinlə (günaha) təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər.","Şübhəsiz ki, ixlaslı qullarım üzərində sənin hökmranlığın olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”.","Lütfünə nail olasınız deyə dənizdə gəmiləri sizin üçün hərəkətə gətirən Rəbbinizdir. Həqiqətən, O sizə qarşı rəhmlidir.","Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!","(Allahın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.","Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə (dənizdə) sizi batırmayacağına əminsinizmi? Sonra buna görə Bizdən intiqam alan bir kəs belə tapa bilməzsiniz.","Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.","O gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir.","Bu dünyada kor olan kəs axirətdə də kor olacaq və (haqq) yoldan daha çox azacaqdır.","(Müşriklər) səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar.","Əgər Biz səni (dinində) sabit saxlamasaydıq, az da olsa onlara meyl edəcəkdin.","Belə olacağı təqdirdə sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzsən.","(Müşriklər) az qala səni bu torpaqdan (Məkkədən) sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər.","Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim sünnətimizdə heç bir dəyişiklik tapa bilməzsən.","Gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Qurana (mələklər tərəfindən) şahidlik edilir.","Gecənin bir vaxtı qalxıb, sənə nafilə olaraq buyrulmuş təhəccüd namazını qıl. Bəlkə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin.","De: “Ey Rəbbim! Məni daxil olacağım yerə (Mədinəyə) yaxşılıqla daxil et; məni çıxacağım yerdən (Məkkədən) də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”.","De: “Haqq gəldi, batil yox oldu. Həqiqətən də, batil puçluğa məhkumdur!”","Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır.","İnsana nemət verdiyimiz zaman üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar.","De: “Hər kəs öz xasiyyətinə görə iş görər. Rəbbiniz isə kimin doğru yolda olduğunu daha yaxşı bilir”.","Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə elmdən yalnız az bir şey verilmişdir”.","Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) silib aparardıq. Sonra bundan dolayı Bizə qarşı özünə himayəçi tapa bilməzdin.","Ancaq Rəbbinin mərhəməti sayəsində (bunu etmədik). Doğrudan da, Onun sənə olan lütfü böyükdür.","De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”.","Biz bu Quranda insanlar üçün hər cür misalı müfəssəl izah etdik. Lakin insanların əksəriyyəti yalnız küfrü seçdi.","Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik;","və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca;","yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə;","yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”.","İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.","De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik”.","De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”.","Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq.","Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük və çürüyüb toz-torpaq olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?”– dediklərinə görə onların cəzasıdır.","Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün haqqında heç bir şəkk-şübhə olmayan bir əcəl müəyyən etmişdir. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər.","De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”.","Biz Musaya doqquz açıq-aşkar ayət verdik. İsrail oğullarından soruş; (Musa) onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”– demişdi.","(Musa) dedi: “Sən artıq bunları yalnız göylərin və yerin Rəbbi tərəfindən, açıq-aşkar ayət olaraq endirildiyini bilirsən. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”.","(Firon) onları Misirdən qovub çıxartmaq istədi. Biz isə onu və onunla birlikdə olanların hamısını (dənizdə) batırdıq.","Bundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı birlikdə (məhşərə) gətirəcəyik”– dedik.","Biz onu (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və xəbərdar edən (bir elçi) olaraq göndərdik.","Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb tədriclə nazil etdik.","De: “İstər ona inanın, istərsə də inanmayın. Şübhəsiz ki, ondan öncə özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır","və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər.","Onlar üzüstə səcdəyə qapanıb ağlayır və (bu ayələr) onların (Allahdan) qorxusunu daha da artırır.","De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.","De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut.","Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!","(Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, saleh əməllər edən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dosdoğru olaraq nazil etdi.","Onlar (Möminlər) orada əbədi qalacaqlar.","(Kitabı həm də:) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün (nazil etdi).","Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.","Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?","Biz, insanların hansının daha gözəl əməl sahibi olduğunu sınayaq deyə, yer üzündə olan şeyləri yer üzü üçün bir zinət etdik.","Biz yer üzündə olan hər şeyi (lazım gəldikdə), məhv edib qupquru bir torpağa döndərərik.","Yoxsa sən mağara və Rəqim əhlinin ayələrimizdən ən təəccüblüsü olduğunumu güman edirsən?","Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər.","Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik).","Sonra iki dəstədən (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.","Biz onların əhvalatını sənə həqiqət olaraq söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.","Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda biz yalan danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik.","(Cavanlardan biri o birilərinə dedi:) “Bizim bu qövmümüz Allahdan başqa məbudlar qəbul etdi. Elə isə onlar bu bütlərə dair bir dəlil gətirsinlər. Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!","Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, elə isə mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.","(Ya Rəsulum! Əgər orada olsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə adladığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.","Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.","Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!","Əgər onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. O zaman siz heç vaxt nicat tapa bilməzsiniz!”.","Beləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və (Qiyamət) saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman (möminlər və kafirlər) öz aralarında onların işi barəsində mübahisə edirdilər. (Bəziləri:) “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. (Mübahisədə) üstün gələnlər isə: “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər.","(Bəziləri: “Onlar) üçdür, dördüncüsü köpəkləridir!”– deyəcəklər. (Digərləri isə “Onlar) beşdir, altıncısı köpəkləridir!”– deyəcəklər. (Bununla da) qeyb haqqında təxmini fikir yürüdəcəklər. (Bəziləri də:) “Onlar yeddidir, səkkizincisi köpəkləridir!”– deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan) bunu bilən çox azdır!” Mağara əhli barədə (ayələrə əsaslanaraq) açıq mübahisə et və (kitab əhlinin) heç birindən onlar barədə bir şey soruşma!","Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə!","Ancaq: “Əgər Allah istəsə!” (“İnşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.","Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar.","De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O Öz hökmünə heç kəsi şərik etməz!”","Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.","Səhər və axşam çağı Rəbbinin Üzünü (rizasını və ya savabını) diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!","De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir iman etsin, kim də istəyir iman etməsin.” Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş mədən kimi üzlərini yandırıb yaxan bir su ilə kömək ediləcəkdir. Nə pis içki, necə də pis məskəndir!","İman gətirib saleh əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.","Məhz onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətləri hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!","Onlara iki kişinin (əhvalatını) misal çək. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq.","Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskiltmədi. Biz də onların arasından bir çay axıtdıq.","Onun (başqa) sərvəti də var idi. O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi.","O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini zənn etmirəm.","Qiyamət saatının gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaqdır!”","Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni insan qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən?","Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!","Kaşki bağına girdiyin zaman: “Maşallah! Qüvvət yalnız Allaha məxsusdur!”– deyəydin! Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa,","ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün.","Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!”","Beləcə, onun (bağının) məhsulu bir anda məhv edildi. O, (bağını belə görüb) ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları uçulub darmadağın olmuşdu. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!”","Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi.","Belə bir durumda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.","Onlara dünya həyatını misal çək. Bu (dünya həyatı) göydən göndərdiyimiz yağışa bənzər. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir.","Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir.","O gün Biz dağları hərəkətə gətirəcəyik. (O vaxt) yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini (kənarda) buraxmayacağıq.","Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. (Biz deyəcəyik:) “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi (lüt-üryan) \tgəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”.","Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə zülm etməz!","Bir zaman Biz mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun zürriyyətini özünüzə dostmu tutursunuz?! Zalımlar üçün bu necə də pis bir mübadilədir!","Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən (başqalarını haqq yoldan) azdıranları Özümə köməkçi tutmuram.","O gün Allah (müşriklərə): “İddia etdiyiniz şəriklərimi çağırın!”– deyəcək. (Müşriklər) onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz onların (müşriklərlə bütlərin) arasına həlakedici bir yarğan salarıq.","Günahkarlar atəşi gördükdə oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər.","Biz bu Quranda insanlar üçün hər cür misalı izah etdik. İnsan isə ən çox mübahisə edəndir.","İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu.","Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. Kafirlər isə batil (dəlilləri) ilə haqqı yox etmək üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər.","Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri (günahlarını) unudan adamdan daha zalım kim ola bilər? Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.","Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər.","Budur zülm etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.","Bir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər, yaxud uzun müddət sərf edənə qədər (səfərimə) davam edəcəyəm”.","Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (özləri ilə götürdükləri) balığı unutdular. Balıq isə dənizdə (iz buraxaraq) yol alıb getdi.","Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikdə (Musa) öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi.","(Xidmətçi) dedi: “Qayaya sığındığımız vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib əcaib bir şəkildə dənizdə yol tutub getmişdir”.","(Musa:) “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.","Onlar (orada) Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.","Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətməyin üçün sənə tabe olummu?”","(Xıdır) dedi: “Doğrusu, sən mənimlə birgə olsan səbir edə bilməzsən.","Axı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”","(Musa) dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”.","(Xıdır) dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”.","Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xıdır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, böyük bir pis iş gördün”.","Xıdır dedi: “Mən demədimmi ki, sən mənimlə birgə olsan səbir edə bilməzsən?”","(Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”","Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xıdır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, olduqca pis bir iş tutdun”."]