["Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir.","Musaya Kitabı (Tövratı) verdik və İsrail oğullarına: “Məndən başqa heç kimi vəkil tutmayın!” - deyərək onu bir hidayət rəhbəri etdik.","Ey Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyəti! Həqiqətən, o, çox şükür edən bir bəndə idi.","Biz İsrail oğullarına Kitabda (Tövratda) belə bildirdik: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və təkəbbürlənərək dikbaşlıq edəcəksiniz!”","Bu ikisindən birincisinin vaxtı gəldiyi zaman üstünüzə güclü bəndələrimizi göndərdik. Onlar evlərin arasında gəzib (sizi) axtarırdılar. Bu, yerinə yetirilməli olan bir vəd idi.###[*] Təfsirlərdə sözü gedən güclü bəndələrin Ninevalı Səncarib, Babilli Büxtünnəsr və ya Calutun orduları olduğu və onların, Tövratı və Məscidi-əqsanı yandırdıqları, həmçinin İsrail oğullarının alimlərini öldürüb yetmiş min yəhudini əsir götürdükləri qeyd olunur. Yəhudilərin belə cəzalandırılmalarına səbəb kimi, onların Zəkəriyya peyğəmbəri öldürmələri göstərilir.","Sonra onlara qarşı sizə təkrar zəfər bəxş etdik, mal-mülk və oğullar verməklə sizə kömək etdik, sayınızı da çoxaltdıq.","Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız, pislik etsəniz də, özünüzə pislik etmiş olarsınız.İkinci fitnənin vaxtı gəldiyi zaman üzünüzü qara etmələri, daha əvvəl girdikləri kimi Məscidə (Süleyman məbədinə) girmələri və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmələri üçün (üstünüzə düşmən göndərdik).###[*] Təfsirlərdə İsrail oğullarının ikinci müsibətə məruz qalmalarının səbəbi olaraq Yəhya peyğəmbəri öldürmələri və yaxud İsa peyğəmbəri öldürməyə cəhd etmələri göstərilir.","Bəlkə Rəbbiniz sizə rəhm edər. Əgər yenə (fitnə-fəsad törətməyə) dönsəniz, Biz də (sizi cəzalandırmağa) dönərik. Biz cəhənnəmi kafirlər üçün bir zindan etdik.","Şübhəsiz ki, bu Quran ən doğru yola yönəldir və yaxşı işlər görən möminləri böyük bir mükafat ilə müjdələyir.","Axirətə inanmayanlara gəldikdə, onlar üçün şiddətl ibir əzab hazırlamışıq.","İnsan (özü üçün) xeyir istədiyi kimi, şər də istəyər. Axı insan çox tələskəndir.###[*] Bu ayə insanın psixoloji yönlərinə işarə edir. Çünki insan hirsləndiyində, yaxud böyük bir çətinliklə üzləşdiyində səbir etmək əvəzinə tezliklə bu sıxıntıdan xilas olmaq istəyir. Bu arzusu həyata keçmədikdə isə özünə bəddua edir və ya daha böyük səhvlərə yol verir. Yuxarıdakı ayədə buna işarə edilmişdir.","Biz gecə və gündüzü (qüdrətimizi göstərən) iki dəlil olaraq yaratdıq. Rəbbinizin nemətlərini araşdırasınız, illərin sayını və hesabı biləsiniz deyə, gecənin dəlilini (qaranlığını) sildik və gündüzün dəlilini (aydınlığını) işıqlı etdik. Biz hər şeyi (Quranda) müfəssəl olaraq izah etdik.","Biz hər insanın əməlini öz boynundan asdıq. Qiyamət günü açılmış vəziyyətdə görəcəyi bir kitabı onun qarşısına çıxardarıq.","Kitabını (əməl dəftərini) oxu! Bu gün hesaba çəkilməyin üçün sən özün-özünə kifayətsən.","Kim doğru yolu seçərsə, yalnız özünə xeyir verər. Zəlalətə düşən də yalnız özünə zərər verər. Heç bir günahkar başqasının günahını daşımaz. Biz peyğəmbər göndərməmiş (heç kəsə) əzab verən deyilik.","Bir məmləkəti məhv etmək istədiyimiz zaman oranın bolluq içində yaşayan başçılarına (yaxşı işlər görməyi) əmr edərik. Ancaq onlar orada pis işlər görərlər. Beləliklə, o məmləkət üçün əzab vacib olar və Biz də oranı yerlə yeksan edərik.","Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Bəndələrinin günahlarını bilən və görən olaraq Rəbbin kifayətdir.","Kim dünya nemətini istəyərsə, dilədiyimizə orada istədiyimiz qədərini tezliklə verərik. Sonra da onu, qınanmış və qovulmuş bir vəziyyətdə cəhənnəmə atarıq.","Kim axirəti istəyər və mömin olaraq onun üçün səy göstərərsə, onların səyləri qəbul olunar.","Hamısına - onlara da, bunlara da (dünyanı istəyənlərə də, axirəti istəyənlərə də) Rəbbinin nemətindən verərik. Rəbbinin neməti (heç kimə) qadağan deyildir.","Onların bir qismini digərlərindən necə üstün tutduğumuza bax! Şübhəsiz ki, axirət dərəcə və üstünlük cəhətdən daha böyükdür.","Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və köməksiz bir halda oturub qalarsan.","Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə!","Onları təvazökarlıqla mərhəmət qanadının altına al və (dua edərək) de: “Ey Rəbbim, kiçikliyimdən onlar məni böyütdükləri kimi, Sən də onlara rəhm et!","Rəbbiniz sizin qəlblərinizdəkiləri çox yaxşı biləndir. Əgər siz yaxşı əməl sahibi olsanız, bilin ki, həqiqətən, Allah pis işlərdən üz çevirib tövbə edənləri bağışlayandır.","Qohumlara, yoxsullara və yolda qalanlara haqqını ver, lakin israfçılıq etmə!","Həqiqətən, israfçılıq edənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur.","Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa onlara yumşaq bir söz söylə!###[*] Rəvayətə görə, Bilal, Süheyl, Məhca və Həbbab kimi yoxsul səhabələr Həzrət Peyğəmbərin yardımı ilə dolanırdılar. Həzrət Peyğəmbər, onlara veriləcək bir şeyi olmadığı zaman xəcalətindən onlara deyəcək bir söz tapmırdı və üzünü başqa tərəfə çevirirdi. Yuxarıdakı ayə, belə hallarda heç olmasa xoş və ümid verən sözlərlə onları razı salmağı tövsiyə edir.","Nə xəsis ol, nə də israfçılıq et! Yoxsa (xəsisliyə görə) qınanmış, (israfçılığa görə də) peşman olmuş bir halda oturub qalarsan.","Şübhəsiz, Rəbbin dilədiyi kimsənin ruzisini artırar, dilədiyi kimsənin ruzisini də azaldar. O, həqiqətən, qullarından xəbərdardır, onları görəndir.","Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin! Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır.","Zinaya yaxınlaşmayın! Çünki bu, əxlaqsızlıqdır və pis bir yoldur.","Allahın haram etdiyi bir cana haqsız yerə qəsd etməyin! Kim haqsız yerə öldürülərsə, onun yiyəsinə (qisas alması üçün) ixtiyar verdik. Ancaq o, qətldə həddi aşmasın! Çünki ona (bu ixtiyar verilməklə) yardım olunmuşdur.","Həddi-büluğa çatana qədər yetimin malına yalnız yaxşı niyyətlə yaxınlaşın! Verdiyiniz sözü yerinə yetirin! Şübhəsiz ki, verilmiş söz (sözün sahibi) sorğu-sual olunacaqdır.","Ölçdüyünüz zaman ölçüyə riayət edin və düzgün tərəzi ilə çəkin! Bu həm daha yaxşı, həm də nəticə etibarilə daha gözəldir.","Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb - bunların hamısı ondan sorğu-sual olunacaqdır.","Yer üzündə təkəbbürlənərək gəzmə! Şübhəsiz ki, sən nə yeri yara bilərsən, nə də ucalıq baxımından dağlara çata bilərsən.","Bütün bunların pis olanları, Rəbbinin yanında iyrənc əməllərdir.","(Ey Peyğəmbər!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və (Allahın rəhmətindən) uzaqlaşdırılmış olaraq cəhənnəmə atılarsan.","(Ey müşriklər!) Rəbbiniz oğlanları sizin üçün ayırıb, mələkləri isə Özünə qız övladı kimi götürdü?!  Həqiqətən, siz (məsuliyyəti) böyük bir söz söyləyirsiniz!###[*] Müşriklər mələklərin Allahın qızları olduğuna inanır, oğlan uşaqlarının da özlərinə verildiyini iddia edirdilər və buna görə də təkəbbürlənirdilər. Yuxarıdakı ayə bu anlayışın səhv olduğunu bildirərək  uşaqlar arasında cinsi ayrıseçkiliyi rədd edir.","Şübhəsiz, düşünüb ibrət almaları üçün bu Quranda (hər cür xəbərdarlıq və vədləri) bəyan etdik. Ancaq bu onları (haqdan) daha çox uzaqlaşdırdı.","De: “Əgər dedikləri kimi Onunla (Allahla) yanaşı başqa ilahlar da olsaydı, o zaman (bu ilahlar) ərşin sahibinə (çatmaq üçün) bir yol axtarardılar”.","Allah onların dediklərindən uzaq, pak və çox ucadır!","Yeddi göy, yer və onların içindəkilər Onu təsbeh edir (şəninə təriflər deyir). Onu həmd ilə təsbeh etməyən heç bir şey yoxdur. Lakin onların təsbeh etməsini siz anlamazsınız. Həqiqətən, O həlimdir, bağışlayandır.###[*] Təbiət elmlərinin inkişaf etməsi sayəsində yuxarıdakı ayə daha yaxşı anlaşılır. Belə ki, təbiətdəki canlı və cansız hər şey atomdan meydana gəlir. Atomun içindəki elektronlar da daim və müntəzəm şəkildə atomun nüvəsi ətrafında dönməkdədir. Ola bilsin ki, onların bu şəkildə hərəkət etmələri və ilahi qanuna tabe olmaları, Quranda təsbeh etmələri kimi ifadə edilmişdir.","Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına (səni qoruyan) görünməz bir pərdə çəkərik.","Onu (Quranı) anlamamaları üçün də onların qəlblərinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.","(Sən Quran oxuyarkən) onların hansı məqsədlə ona qulaq asdıqlarını və o zalımların öz aralarında fısıldaşaraq: “Siz yalnız ovsunlanmış bir adamın arxasınca gedirsiniz!” - dediklərini Biz çox yaxşı bilirik.","Sənin üçün necə misallar çəkdiklərinə bir bax! Buna görə də onlar zəlalətə düşdülər və (haqq) yolu tapa bilməzlər.","Bir də deyirlər ki: “Həqiqətən, biz sür-sümük olub çürüdükdən sonra yenidən dirildiləcəyikmi?”","De: “İstər daş olun, istər dəmir,","Yaxud da xəyalınızda böyütdüyünüz bir məxluq olun! (Bunlar, Allahın sizi yenidən diriltməsini çətinləşdirməz.)” Onlar: “Kim bizi təkrar (həyata) qaytaracaqdır?” - deyəcəklər. De ki: “İlk dəfə sizi yaradan (Allah)!” Bu zaman onlar başlarını bulayaraq (istehza ilə) sənə belə deyəcəklər: “O nə vaxt olacaq?” De ki: “Ola bilsin ki, yaxın bir vaxtda olacaqdır!","Allahın sizi çağıracağı gün siz Ona həmd edərək dəvətini qəbul edəcək və (dünyada, yaxud qəbirdə) yalnız az bir müddət qaldığınızı zənn edəcəksiniz”.","Qullarıma de ki, sözün ən gözəlini söyləsinlər. Həqiqətən, şeytan onların arasına fitnə salar. Şübhəsiz ki, şeytan insanın açıq-aşkar düşmənidir.","Rəbbiniz sizi çox yaxşı tanıyır. Əgər diləyərsə, sizə rəhm edər, diləyərsə, sizə əzab verər. Biz səni onlara vəkil (onları iman gətirməyə məcbur edən biri kimi) göndərməmişik.","Rəbbin göylərdə və yerdə olanları da çox yaxşı tanıyır. Şübhəsiz, Biz peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Davuda da Zəburu verdik.###[*] Peyğəmbərlər arasındakı dərəcə fərqliliyi maddi və fiziki cəhətdən deyil, ruhi və mənəvi cəhətdəndir. Ayədə Həzrət Davud peyğəmbərə də Zəbur kitabının verildiyi bildirilərək bu xüsusa diqqət çəkilmişdir.","De: “Allahı qoyub (ilah olduğunu) iddia etdiklərinizi çağırın! Onlar zərəri sizdən nə uzaqlaşdıra bilər, nə də onu dəyişdirə bilərlər”.","Onların sitayiş etdikləri (mələklər) də Rəbbinə, hansı daha yaxın olacaq deyə vəsilə axtarır, Onun rəhmətini umur və əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından həzər etmək lazımdır.###[*] Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə qeyd olunan “Allahdan başqa ilahlaşdırdıqları” ifadəsi ilə “mələklər”in qəsd olunduğunu bildirmişlər. Çünki müşriklər sitayiş etdikləri bütləri və heykəlləri mələklərin simvolları qəbul edirdilər. Bu ayədə mələklər də daxil olmaqla Allahdan başqa heç bir varlığın zərəri dəf edə bilməyəcəyi bildirilmişdir.","Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz oranı məhv etməyək, yaxud oranı şiddətli bir əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır.","Möcüzələr göndərməyimizə mane olan şey əvvəlkilərin onları yalanlamış olmasıdır. Biz Səmud qövmünə açıq-aşkar (bir möcüzə olaraq) dişi bir dəvə vermişdik. Ancaq onlar (dəvəni kəsdilər və) buna görə zalım oldular. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.","Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır.###[*] Təfsirçilərin əksəriyyətinə görə, bu ayədəki “mənzərə” deyə tərcümə edilən “الرؤيا / rüya” kəlməsi Həzrət Peyğəmbərin Merac gecəsi gördüyü mənzərələrdir. “Lənətlənən ağac” isə, cəhənnəmdəki Zəqqum ağacıdır.","Bir vaxtlar mələklərə: “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa (onların hamısı) dərhal səcdə etdilər. İblis isə: “Palçıqdan yaratdığın birinəmi səcdə edəcəyəm?” – dedi.","(Sonra) belə dedi: “Məndən üstün tutduğuna bir bax! Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla onun nəslini mütləq özümə tabe edəcəyəm!”","Allah buyurdu: “Get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, sizin cəzanız tam bir cəza olan cəhənnəmdir.","Onlardan gücün çatanları dəvətinlə çaşdır; atlılarını və piyadalarını onlara qarşı səfərbər et, (faizə sövq etməklə) mallarına və (zinaya sövq etməklə) övladlarına ortaq ol! Onlara vədlər ver! Şeytan onlara yalandan başqa heç nə vəd etməz.","Şübhəsiz, (ixlaslı) qullarım üzərində sənin heç bir hökmranlığın olmayacaqdır”. (Onlar üçün) qoruyucu olaraq Rəbbin yetər.","Rəbbiniz, lütfünü (nemətlərini) istəyəsiniz deyə, gəmiləri sizin üçün üzdürəndir. Həqiqətən, O sizə qarşı çox mərhəmətlidir.","Dənizdə sizə bir çətinlik üz verdikdə Allahdan başqa dua etdikləriniz yox olub gedər. Ancaq O sizi xilas edib quruya çıxartdığı zaman siz (haqdan) üz döndərərsiniz. İnsan çox nankordur.","Onun sizi quruda yerə batırmayacağından, yaxud üzərinizə daş yağdırmayacağından əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.","Yoxsa Onun sizi təkrar ora (dənizə) qaytarıb üstünüzə şiddətli bir fırtına göndərərək (Rəbbinizin birliyini) inkar etdiyinizə görə sizi suda boğmayacağından əminsinizmi? Sonra buna görə Bizə qarşı sizin üçün (intiqamınızı alan) bir köməkçi də tapa bilməzsiniz.","Şübhəsiz, Adəm oğullarını (bir çox nemətlər verməklə) şərəfləndirdik. Onları (müxtəlif minik vasitələri ilə) quruda və dənizdə daşıdıq. Onlara təmiz və gözəl ruzilər verdik. Onları yaratdıqlarımızın bir çoxundan üstün etdik.","O gün bütün insanları rəhbərləri ilə birlikdə çağıracağıq. Əməl dəftəri sağ tərəfindən verilənlər öz əməl dəftərlərini oxuyacaq və onlar cüzi bir haqsızlığa belə məruz qalmayacaqlar.","Bu dünyada (qəlbi) kor olan kimsə axirətdə də kor olacaq və haqq yoldan daha çox azacaqdır.","(Müşriklər) sənə vəhy etdiyimizdən başqa bir şeyi yalandan Bizə isnad edəsən deyə az qalsın səni azdıracaqdılar. Belə olan təqdirdə şübhəsiz ki, səni özlərinə dost qəbul edəcəkdilər.","Əgər sənə səbat verməsəydik, az qalsın bir az onlara meyil edəcəkdin.","O zaman sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin.","Səni yurdundan çıxartmaq üçün az qalmışdı ki, səni orada təhrik edib fitnəyə salsınlar. Əgər belə olsaydı, səndən sonra onlar (Məkkədə)  yalnız az bir müddət qala bilərdilər.","Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda da belə idi. Bizim qayda-qanunumuzda heç bir dəyişiklik görə bilməzsən!","Günorta vaxtından gecənin qaranlığına qədər (müəyyən vaxtlarda) namaz qıl! Bir də sübh namazını (qıl)! Şübhəsiz ki, sübh namazı (mələklər tərəfindən) müşahidə olunur.###[*] Təfsirçilərə görə, bu ayə beş vaxt namaza işarə edir. Belə ki, günortadan sonrakı namazlar günorta və ilkindi namazları, günəşin batmasından sonrakı namazlar da axşam və yatsı namazlarıdır. Sübh namazı isə xüsusi olaraq qeyd edilmişdir.","Gecənin bir vaxtı oyanıb sənə xas olan əlavə namazı (təhəccüd namazını) qıl! Ola bilsin ki, Rəbbin səni tərifə layiq bir məqama ucaltsın.","De: “Ey Rəbbim! Daxil olacağım yerə məni xoşluqla daxil et, çıxaracağın yerdən də məni xoşluqla çıxart və Öz dərgahından mənə yardım edən bir güc ver!”","De: “Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olmağa məhkumdur!”","Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik.","İnsana nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ancaq ona zərər dəydikdə ümidsizliyə düşər.","De: “Hər kəs öz təbiətinə uyğun iş görər. Rəbbiniz kimin ən doğru yolda olduğunu yaxşı biləndir”.","(Ey Peyğəmbər!) Səndən ruh barəsində soruşurlar. De ki: “Ruh yalnız Rəbbimin bildiyi bir işdir. (Bu barədə) sizə çox az məlumat verilmişdir”.","Əgər Biz diləsəydik, şübhəsiz ki, sənə vəhy etdiyimizi (qəlbindən və yazıldığı yerdən) silib yox edərdik. Sonra buna görə Bizə qarşı özünə heç bir köməkçi də tapa bilməzdin.","Ancaq Rəbbinin mərhəməti (sayəsində Quran əbədidir). Həqiqətən, Onun sənə olan lütfkarlığı böyükdür.","De: “Əgər bu Qurana bənzər bir şey gətirmək üçün insanlar və cinlər bir yerə yığışsalar və bir-birinə dəstək olsalar, yenə də onun bənzərini gətirə bilməzlər”.","Həqiqətən, Biz bu Quranda insanlar üçün bir çox məsəl çəkib müxtəlif şəkildə bəyan etdik. Lakin insanların çoxu küfrü seçdi.","Onlar dedilər ki: “Bizim üçün yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik;","Yaxud sənin xurma və üzüm bağın olmalı, onların arasında şırıl-şırıl çaylar axıtmalısan.","Yaxud iddia etdiyin kimi, göyü üstümüzə parça-parça edib yağdırmalı və ya Allahı və mələkləri qarşımıza gətirməlisən.","Yaxud da sənin qızıldan bir evin olmalı, ya da sən göyə qalxmalısan! (Yoxsa sənə inanmarıq.) Bizə oxuyacağımız bir kitab endirmədiyin müddətcə göyə qalxdığına da əsla inanmarıq”. De ki: “Rəbbim pak və müqəddəsdir! Mən yalnız peyğəmbər olaraq göndərilən bir insanam”.","İnsanların iman gətirməsinə mane olan, onlara hidayət rəhbəri gəldiyi zaman: “Allah peyğəmbər olaraq bir insanımı göndərdi?” - demələridir.","De: “Əgər yer üzündəkilər arxayın gəzən mələklər olsaydı, əlbəttə, onlara peyğəmbər olaraq göydən bir mələk göndərərdik”.","De: “Mənimlə aranızda şahid olaraq Allah yetər. Şübhəsiz ki, O, qullarından xəbərdardır, (onları) görür”.","Allah kimə hidayət verərsə, o doğru yoldadır, kimi də (haqq yoldan) azdırarsa, onlar üçün Allahdan başqa dostlar tapa bilməzsən. Qiyamət günü onları kor, lal və kar olaraq üzü üstə bir yerə yığacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Alov azaldıqca onların alovunu artıracağıq.","Bu, onların cəzasıdır. Çünki onlar ayələrimizi inkar etmiş və: “Sür-sümük olub çürüdükdən sonra həqiqətən, yenidən dirildiləcəyikmi?” - demişdilər.","Bilmirlərmi ki, göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa da qadirdir?! Allah onlar üçün bir əcəl təqdir etdi. Bunda heç bir şübhə yoxdur. Ancaq zalımlar inkarçılıqdan başqasını qəbul etmədilər.","De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə də xərcləməkdən qorxaraq xəsislik edərdiniz. İnsan çox xəsisdir.","Şübhəsiz, Biz Musaya açıq-aşkar doqquz möcüzə verdik. İsrail oğullarından da soruş. Musa onların yanına gəldiyi zaman Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”, - demişdi.","Musa belə cavab vermişdi: “Şübhəsiz, sən də bilirsən ki, bunları göylərin və yerin Rəbbi ibrət olaraq nazil etdi. Ey Firon, mən də sənin məhv olduğunu düşünürəm!”","Firon onları ölkədən çıxartmaq istədi. Ona görə də Biz onu və onunla birlikdə olanların hamısını (dənizdə) boğduq.","Bundan sonra İsrail oğullarına: “Siz o yerdə məskunlaşın! Vəd olunan axirət gəlib çatdığı zaman sizin hamınızı bir yerə yığacağıq”, - dedik.","Biz onu haqq olaraq nazil etdik, o da haqq ilə nazil oldu. Səni də yalnız müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərdik.","Quranı insanlara yavaş-yavaş oxuyasan deyə, onu hissələrə (ayələrə və surələrə) ayırdıq və tədriclə nazil etdik.","De: “İstər ona inanın, istər inanmayın! Doğrusu, daha əvvəl elm (kitab) verilmiş kimsələrə o (Quran) oxunduğu zaman dərhal üzüstə səcdəyə qapanarlar.","Və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” - deyərlər.","Ağlayaraq üzüstə səcdəyə qapanarlar və (Quran) onların xüşusunu (Allaha bağlılıqlarını) daha da artırar.","De: “İstər Allaha, istərsə də Rəhmana dua edin; hansını deyib dua etsəniz olar. Çünki ən gözəl isimlər Ona məxsusdur”. Namaz qılarkən nə ucadan, nə də ürəyində oxu! O ikisinin arasında bir yol tut!","De: “Özünə heç bir övlad götürməyən, hakimiyyətində şəriki olmayan və acizlik səbəbilə bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!” və təkbir gətirərək Onun şanını uca tut!","Kitabı (Quranı) bəndəsinə (Mühəmmədə) nazil edən və onda heç bir əyriliyə (nöqsana, ziddiyyətə) yol verməyən Allaha həmd olsun!","O, (Quranı) Öz tərəfindən göndəriləcək şiddətli bir əzaba qarşı (insanları) xəbərdar etmək və yaxşı işlər görən möminləri gözəl bir mükafat ilə müjdələmək üçün doğru bir kitab olaraq nazil etdi.","Onlar orada əbədi qalacaqlar.","Həm də: “Allah Özünə övlad götürdü!” - deyənləri xəbərdar etmək üçün (Quranı nazil etdi).","Bu barədə nə onların, nə də atalarının məlumatı var. Ağızlarından çıxan söz necə də böyükdür! Onlar yalandan başqa bir şey söyləmirlər.","Onlar bu sözə (Qurana) inanmadılar deyə az qala onların arxasınca kədərlənərək özünü həlak edəcəksən!","Biz onlardan (insanlardan) hansının daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yer üzündəki hər şeyi, ona məxsus bir zinət olaraq yaratdıq.","Şübhəsiz, yer üzündəki hər şeyi qupquru bir torpağa da çevirərik.","Yoxsa Kəhf və Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi zənn etdin?!###[*] Təfsirçilərə görə, “Kəhf” dağda yerləşən geniş bir mağara deməkdir. Kafir hökmdarın zülmündən qaçıb bu mağaraya sığınan möminlərə də Əshabi-kəhf deyilmişdir. “Rəqim” kəlməsinə gəldikdə, ona bu mağaranın yerləşdiyi dərə,  yaxud bu mağaraya sığınan möminlərin adlarının yazıldığı kitabə kimi mənalar verilmişdir. Ancaq Səhihi-Buxaridə keçən və İbn Abbasdan nəql olunan rəvayətə görə, Rəqim Əshabi-kəhfdən başqa üç nəfərlik bir qrupun adıdır. Onlar yağışlı bir havada bir mağaraya sığındıqları zaman mağaranın önünə böyük bir qaya düşmüş və ağzını tamamilə örtmüşdü. Bu üç nəfərdən hər biri vaxtilə etdiyi gözəl bir əməli yad edib onun vasitəsi ilə Allahdan yardım diləmişlər. Onlardan hər biri dua etdikcə mağaranın ağzı tədricən açılmış və nəhayət xilas olmuşlar.","Bir vaxt gənclər mağaraya sığınaraq: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolu göstər!” - demişdilər.","Buna görə də Biz onları illərlə mağarada yuxulatdıq.","Sonra da iki qrupdan hansının, (yuxulayıb) qaldıqları müddəti daha düzgün hesablayacağını bilmək (görmək) üçün onları oyandırdıq.","Biz onların xəbərini sənə olduğu kimi danışırıq. Həqiqətən, onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.","Onların qəlblərinə qüvvət (cəsarət) verdik. Bu zaman onlar (hökmdarın qarşısında) ayağa qalxaraq belə demişdilər: “Bizim Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir ilaha dua etmərik! Yoxsa, haqdan uzaq bir şey söyləmiş olarıq.","Bizim bu qövmümüz Allahdan başqa ilahlar qəbul etdi. Onlar bu ilahlar barəsində açıq bir dəlil gətirməli deyildilərmi?! Elə isə, Allah barəsində yalan uydurandan daha zalım kim ola bilər?!”","(Həmin gənclərdən biri belə dedi:) “Madam ki, onlardan və Allahı qoyub ibadət etdiklərindən uzaqlaşmısınız, onda dərhal mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən bəxş etsin və bu işinizdə ehtiyacınız olan şeyləri sizin üçün hazırlasın”.","Günəşin doğarkən onların mağarasının sağ tərəfinə meyil etdiyini, batarkən də onlara dəymədən sol tərəfə keçdiyini görərdin. Onlar isə orada geniş bir yerdə yatırdılar. Bu, Allahın möcüzələrindəndir. Allah kimi hidayətə yönəldərsə, o, doğru yoldadır, kimi haqq yoldan azdırarsa, artıq ona doğru yolu göstərən bir dost tapa bilməzsən!","Onlar yuxuda ikən sən onların oyaq olduğunu zənn edərdin. Biz onları sağ tərəfə və sol tərəfə çevirirdik. Onların iti də mağaranın girişində qabaq ayaqlarını uzadıb yatmışdı. Əgər onları müşahidə etsəydin, mütləq dönüb onlardan qaçardın və gördüklərinə görə səni qorxu bürüyərdi.","Beləcə, öz aralarında bir-birindən (nə qədər vaxt yatıb qaldıqlarını) soruşsunlar deyə onları oyatdıq. Onlardan biri: “Nə qədər (yatıb) qaldınız?” - dedi. Digərləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq!” - dedilər. (Onlardan bəziləri də) dedilər ki: “Rəbbiniz, qaldığınız müddəti daha yaxşı bilir. Aranızdan birini bu gümüş pulla şəhərə göndərin ki, hansı yeməyin daha təmiz olduğuna baxsın və o ərzaqdan sizə gətirsin. O, gizlicə hərəkət etsin və qətiyyən sizi heç kimə sezdirməsin!","Əgər onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edib öldürəcək, ya da dinlərinə geri qaytaracaqlar. O zaman əsla nicat tapa bilməyəcəksiniz!”###[*] Təfsirçilərə görə, şəhərə göndərilən şəxs əlindəki pulu xərcləmək üçün çıxardığı zaman şəhər əhalisi pulun üstündə qədim hökmdar Dekyanosun şəklini gürüb onun bir xəzinə tapdığını zənn etmiş və onu hökmdarın hüzuruna aparmışdılar. Mağaradakı adamlar yuxuda ikən aradan uzun illər keçmiş və yeni hökmdar da tövhid dinini mənimsəmişdi. Həmin şəxs hökmdara başlarına gələnləri danışmış və hamısı birlikdə mağaraya gedərək bunun həqiqət olduğuna şahid olmuşdular. Yenidən dirilmənin mümkün olduğunu sübut edən bu hadisədən sonra Allah-Təala həmin gənclərin canlarını almışdır.","Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər.","(İnsanlardan bəziləri): “Onlar üç nəfər idilər, dördüncüsü də itləri idi”, - deyəcəklər. (Bəziləri də) qeyb (onların sayı) barəsində fikir yürüdərək: “Beş nəfər idilər, altıncısı da itləri idi”, - deyəcəklər. (Digərləri isə:) “Yeddi nəfər idilər, səkkizincisi isə itləri idi”, - deyəcəklər. De ki: “Onların sayını ən yaxşı Rəbbim bilir. Onlar haqqında məlumatı olanlar çox azdır”. Ona görə də açıq-aydın dəlillər istisna olmaqla, onlar barəsində mübahisəyə girişmə və onların (kitab əhlinin) heç birindən onlar haqqında soruşma!","Heç bir şey üçün əsla: “Mən bunu sabah edəcəyəm”, - demə!","Ancaq: “Allah diləyərsə (“İnşallah” - de)!” (İnşallah deməyi) unutduğun zaman Rəbbini an və belə de: “Ola bilsin ki, Rəbbim məni indikindən daha çox doğruya yaxınlaşdırar”.","Onlar mağaralarında üç yüz il qaldılar və doqquz il də əlavə etdilər (309 il qaldılar).","De: “Onların nə qədər qaldıqlarını ən yaxşı Allah bilir. Göylərin və yerin qeybi Ona aiddir. O necə də gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O, Öz hökmranlığına heç kimi ortaq etməz”.","Rəbbinin kitabından sənə vəhy olunanı oxu! Onun kəlmələrini heç kim dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq da tapa bilməzsən.","Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et!  Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə! ###[*] Qüreyş qəbiləsinin başçılarından bəziləri Həzrət Peyğəmbərdən (s.ə.s.), Allaha və Peyğəmbərə səmimi-qəlbdən bağlı olan yoxsul möminləri qovmasını istəmiş və bu təqdirdə onunla görüşə biləcəklərini bildirmişdilər. Buna görə də yuxarıdakı ayə nazil olmuş və müşriklərin bu istəklərinin yerinə yetirilməməsi əmr edilmişdir.","De: “Haqq sizin Rəbbinizdəndir. Ona görə də istəyən inansın, istəyən inkar etsin. Biz zalımlar üçün elə bir cəhənnəm hazırlamışıq ki, onun divarları onları hər tərəfdən əhatə edər. Əgər (susuzluğa görə) yardım istəsələr, onlara əridilmiş mədən kimi üzləri qızardan bir su ilə yardım olunar. O necə də pis içki və necə də pis məskəndir!","İman gətirib yaxşı işlər görənlərə gəldikdə, şübhəsiz ki, Biz yaxşı əməl sahiblərinin mükafatını zay etmərik.","Onlar üçün (ağacları) altından çaylar axan Ədn cənnətləri vardır. Onlar orada taxtlar üzərində əyləşərək qızıldan bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O nə gözəl mükafat və nə yaxşı məkandır!","Onlara iki adamı misal ver. Onlardan birinə iki üzüm bağı vermişdik və hər ikisini xurmalıqlarla əhatə edib aralarında da əkin bitirmişdik.","Hər iki bağ öz məhsulunu vermiş və heç bir əskiklik olmamışdı. O ikisinin arasından bir çay axıtmışdıq.","Onun başqa gəliri də var idi. Ona görə də yoldaşı ilə söhbət edərkən ona: “Mən, mal-mülk cəhətdən səndən daha zənginəm, (əşirətdəki) say etibarilə də səndən daha güclüyəm!” - dedi.","O, özünə zülm edərək (küfrə düşmüş halda təkəbbürlənərək) bağına girib dedi: “Bunun yox olacağını əsla zənn etmirəm.","Qiyamətin qopacağını da zənn etmirəm. Əgər Rəbbimə qaytarılsam, şübhəsiz, (orada) bundan da yaxşı bir məskən taparam”.","Onunla söhbət edən yoldaşı ona dedi: “Səni torpaqdan, sonra nütfədən yaradan, sonra da səni insan surətinə salan Allahı inkarmı edirsən?","O Allah mənim Rəbbimdir və mən heç kimi Rəbbimə şərik qoşmaram!","Bağına girdiyin zaman: “Maşallah (Allahın dilədiyi kimi oldu)! Qüvvət yalnız Allaha məxsusdur!” - deməli deyildinmi?! Əgər mal-mülk və övlad cəhətdən məni özündən aşağı görürsənsə, (onu da bil ki,)","Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını verər, sənin bağına da göydən ildırımlar göndərər və beləcə, o, qupquru bir torpaq halına düşər.","Yaxud oranın suyu çəkilər və onu əsla axtarıb tapa bilməzsən”.","Beləcə, onun məhsulu tələf edildi. O, qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. (Bağın) talvarları da çökmüşdü. O isə: “Kaş heç kimi Rəbbimə şərik qoşmayaydım!” - deyirdi.","Allahdan başqa ona yardım edə biləcək kimsələr olmadığı kimi, o (öz-özünə) kömək edə biləcək gücdə də deyildi.","Burada himayədarlıq haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafatı da, ən yaxşı aqibəti də verən Odur.","Onlar üçün dünya həyatını da misal çək. (Dünya həyatı) göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində (böyüyüb bir-birlərinə) qarışar və sonra da küləyin sovurduğu çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir.","Mal-mülk və oğullar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir.","O gün (axirət günü) dağları hərəkətə gətirəcəyik (yox edəcəyik) və yer üzünü dümdüz görəcəksən. Onlardan heç kimi kənarda qoymayıb (hamısını) bir yerə yığacağıq.","Onlar Rəbbinin hüzuruna çıxarılacaqlar (və onlara belə deyiləcək:) “Sizi ilk dəfə yaratdığımız kimi hüzurumuza gəldiniz. Ancaq siz, sizin üçün (belə bir) vədələşmə yeri yaratmayacağımızı iddia etmişdiniz!”","Kitab (əməl dəftəri) ortaya qoyulacaq və günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz.","Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!","Onları (İblisi və nəslini) nə göylərin və yerin yaradılışına, nə də öz yaradılışlarına şahid tutdum. Zəlalətə aparanları Özümə köməkçi tutan deyiləm.","O gün Allah: “İddia etdiyiniz şəriklərimi çağırın!” – deyər. Müşriklər də dərhal onları (bütlərini) çağırarlar. Ancaq (bütlər) onlara cavab verməzlər. Biz onların arasında bir uçurum yaradarıq.","Günahkarlar cəhənnəm alovunu gördükdə özlərinin ora düşəcəklərini anlayacaqlar. Oradan xilas olmaq üçün bir yol tapa bilməyəcəklər.","Şübhəsiz ki, Biz bu Quranda insanlar üçün hər cür misallar çəkdik. Ancaq insan çox mübahisə edəndir.","Özlərinə doğru yol göstərən rəhbər gəldiyi zaman insanların iman gətirməsinə və Rəbbindən bağışlanmalarını diləməsinə mane olan, sadəcə, əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud göz görə-görə əzabın gəlməsini gözləmələridir.","Biz peyğəmbərləri yalnız müjdə verən və xəbərdar edən olaraq göndərdik. Kafirlər isə haqqı (Quranı) ortadan qaldırmaq üçün batil vasitəsilə mübarizə aparırlar. Onlar Mənim ayələrimi və xəbərdar edildikləri şeyi məsxərəyə qoydular.","Rəbbinin ayələri özünə xatırladıldığı halda onlardan üz döndərən və öz əlləri ilə etdiklərini unudan kimsədən daha zalım kim ola bilər?! Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkdik, qulaqlarına isə ağırlıq (karlıq) verdik. Sən onları hidayət yoluna dəvət etsən də, artıq onlar əsla haqq yola yönəlməyəcəklər.","Sənin Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə (dərhal) cəzalandırası olsaydı, əlbəttə, onlara tezliklə əzab verərdi. Ancaq onlar üçün təyin olunmuş bir vaxt vardır. Onlar (əzab gəldiyi zaman) sığınacaq bir yer tapa bilməyəcəklər.","Zülm etdikləri zaman o məmləkətləri məhv etdik. Onları məhv etmək üçün müəyyən bir vaxt təyin etmişdik.","Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”.###[*] Təfsirlərdə Musa peyğəmbərin yanıdakı gənc oğlanın Yuşa ibn Nun olduğu və Musa peyğəmbərə xidmət edib ondan elm öyrəndiyi rəvayət olunur. Bu iki dənizin hansı dənizlər olduğu dəqiq bilinmir. Bəzi təfsirçilərə görə, bu iki dənizdən biri zahiri elmlərin dənizi olan Həzrət Musa, digəri isə batini elmlərin dənizi olan Xızır əleyhissalamdır.","Onlar iki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutmuşdular. Həmin balıq isə dənizə girib gözdən itmişdi.###[*] Rəvayətə görə, Həzrət Musa özündən daha elmli olan Xızır ilə görüşmək üçün Yuşa ibn Nun ilə səfərə çıxmışdı. Yanlarında da ölü bir balıq vardı. Musa peyğəmbərə bildirilmişdi ki, bu balığın canlanıb dənizə girəcəyi yer, məhz Xızır ilə görüşməli olduğu yerdir.","(Oradan) keçib getdikləri zaman Musa gəncə dedi: “Günorta yeməyimizi gətir! Bu səfərimiz bizi yaman yordu”.","Gənc dedi: “Gördünmü, biz qayaya sığındığımız zaman mən balığı unutdum. Onu xatırlamağı mənə məhz şeytan unutdurdu. O da qeyri-adi bir şəkildə dənizə girib getmişdir”.","Musa: “İstədiyimiz məhz bu idi!” - dedi. Onlar dərhal özlərinin ayaq izləri ilə geri qayıtdılar.","Beləcə, (orada) Öz dərgahımızdan rəhmət bəxş etdiyimiz və elm öyrətdiyimiz bir bəndəmizi (Xızırı) tapdılar.","Musa ona: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə səninlə gələ bilərəmmi?” – dedi.","O dedi: “Doğrusu, sən mənimlə (yoldaşlığa) səbir edə bilməzsən!","Axı (həqiqətini) dərk edə bilmədiyin bir şeyə necə səbir edə bilərsən?","Musa dedi: “İnşallah, sən mənim səbirli olduğumu görəcəksən. Sənin işlərinə qarşı çıxmayacağam!”","O dedi: “Əgər mənimlə gələcəksənsə, səbəbini sənə söyləyənə qədər heç bir şey barəsində məndən soruşma!”","Beləcə, o ikisi yola düşdülər. Nəhayət, gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. Musa dedi: “Gəmidəkiləri suda boğmaq üçünmü onu deşdin? Həqiqətən, sən pis bir iş gördün”.","(Xızır:) “Mən demədimmi ki, sən mənimlə (yoldaşlığa) səbir edə bilməzsən?” - dedi.","Musa: “Unutduğum bir şeyə görə məni danlama və işimi çətinləşdirmə!” – dedi.","Yenə yollarına davam etdilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqları zaman (Xızır) onu öldürdü. Musa dedi: “Heç kimi öldürməmiş tər-təmiz bir canamı qəsd etdin? Həqiqətən, sən çox pis bir iş gördün!”"]