["Xıdır dedi: “Sənə demədimmi ki, mənimlə birgə olsan səbir edə bilməzsən?”","(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”.","Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xıdır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.","(Xıdır) dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.","Gəmiyə gəlincə, o, dənizdə çalışan miskinlərə məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.","Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) ata-anasını azğınlığa və küfrə sürükləməsindən qorxduq.","Biz (bununla) Rəbbinin onun əvəzində ata-anasına ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.","Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”","Səndən Zülqərneyn barəsində soruşurlar. De: “Onun barəsində sizə bir əhvalat danışacağam”.","Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik.","O, (yer üzündə gəzib dolaşmaq üçün) səfərə çıxdı.","Nəhayət, günəşin qürub etdiyi yerə gəlib çatdıqda onu qara palçıqlı bir yerdə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”","O dedi: “Zülm edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaq. O da ona ağır bir əzab verəcəkdir!","İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcək. Biz ona əmrimizdən asan olanı buyuracağıq”.","Sonra o, yoluna davam etdi.","Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir örtük yaratmamışdıq.","Beləliklə Biz onun başına gələnlərin hamısından xəbərdarıq.","Sonra o, yenə yoluna davam etdi.","Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi.","Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc (tayfası) yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onların arasında bir sədd düzəldəsən?”","O dedi: “Rəbbimin mənə əta etdiyi (mülk) daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onların arasında bir sədd çəkim.","Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yanı arasını (dəmir parçaları ilə) doldurduqda: “Körükləyin!”– dedi. (Dəmir) közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”– dedi.","Yəcuc və Məcuc (tayfası) nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər.","(Zülqərneyn) dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”.","O gün (Yəcuc və Məcuc tayfasını yaxud insanları) axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq.","O gün Biz Cəhənnəmi kafirlərə aşkar göstərərik.","O kəslərə ki, gözləri Məni anmaqdan qapalı idi, (ayələrimdən üz döndərərdilər), özləri də eşidə bilmirdilər.","Olmaya, kafirlər Məni qoyub qullarımı (Mələkləri, İsanı və başqalarını) özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq.","De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?","O kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Halbuki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.","Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.","Kafir olduqlarına, ayələrimi və elçilərimi məsxərəyə qoyduqlarına görə onların cəzası Cəhənnəmdir.","İman gətirib saleh əməllər edənlərin məskəni isə Firdovs cənnətləri olacaqdır.","Onlar orada əbədi qalacaq, oranı (başqa bir yerə) dəyişmək istəməyəcəklər.","De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”.","De: “Mən də sizin kimi bir insanam. Mənə, sizin məbudunuzun Tək bir ilah olduğu vəhy olunur. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, qoy yaxşı işlər görsün və Rəbbinə etdiyi ibadətlərində heç kəsi Ona şərik qoşmasın!”","Kəf. Hə. Yə. Ayn. Sad.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","(Bu) Rəbbinin, qulu Zəkəriyyaya (göstərdiyi) mərhəmətinin yada salınmasıdır.","Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib","demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam.","Mən özümdən sonra gələn qohumlarımdan (bəzisinin dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,","o həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!”","(Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!”","O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim necə övladım ola bilər?”","(Mələk) dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»","O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”.","O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara: “Səhər-axşam (Allahın şəninə) təriflər deyin!”- deyə işarə etdi.","(Yəhyaya da:) “Ey Yəhya! Kitabdan (Tövratdan) möhkəm yapış!”– (deyə vəhy etdik). Biz ona uşaq ikən hikmət bəxş etdik.","Ona Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi.","Ata-anasına qarşı da qayğıkeş idi; lovğa və asi deyildi.","Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!","Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş","və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuz (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu.","(Məryəm) dedi: “Mən səndən Rəhmana sığınıram! Əgər müttəqisənsə (mənə toxunma)”.","(Mələk) dedi: “Mən sənə pak bir oğlan bəxş etmək üçün Rəbbinin (göndərdiyi) elçisiyəm”.","(Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, mənim necə övladım ola bilər?”","(Mələk) dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir ayə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, (əzəldən) hökmü verilmiş bir işdir”».","(Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə uzaq bir yerə çəkildi.","Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!”","(Məryəmin) aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı.","Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.","Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Rəhman üçün oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”.","(Məryəm) körpəni qucağına alıb qövmünün yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən çirkin (və ya görünməmiş) bir iş tutdun.","Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun (bir qadın) deyildi”.","(Məryəm) uşağa işarə etdi. Onlar dedilər: “Beşikdə olan bir körpə ilə necə danışaq?”","(Körpə dil açıb) dedi: “Mən Allahın quluyam! O mənə Kitab (İncil) verdi və məni peyğəmbər etdi.","Harada oluramsa olum, məni mübarək etdi və həyatda olduğum müddətcə mənə namaz qılıb, zəkat verməyi əmr etdi.","Məni anama qarşı qayğıkeş etdi. Məni lovğa və bədbəxt etmədi.","Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”","Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!","Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.","(İsa dedi:) “Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Doğru yol da budur”.","Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!","Onlar Bizim hüzurumuza gələcəkləri gün nə yaxşı eşidəcək, nə yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.","Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.","Şübhəsiz ki, yerə və onun üzərində olan hər şeyə təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır.","Kitabda (Quranda) İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.","Bir zaman o, atasına delə dedi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda verməyən bir şeyə ibadət edirsən?","Atacan! Sənə gəlməyən bir elm mənə gəlmişdir. Mənə tabe ol ki, səni doğru yola yönəldim.","Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Rəhmana asi oldu.","Atacan! Rəhmandan sənə bir əzab toxunub və beləcə, şeytana yoldaş olmandan qorxuram”.","(Atası) dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üzmü çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”","(İbrahim) dedi: “Sənə salam olsun! Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.","Mən sizi və Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.","İbrahim onları və onların Allahdan başqa ibadət etdiklərini tərk etdiyi zaman Biz ona İshaqı və Yəqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.","Biz onlara öz mərhəmətimizdən əta etdik və (gələcək nəsillər həmişə yada salsın deyə) onlara yaxşı ad qismət elədik.","Kitabda (Quranda) Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi.","Biz (Musanı) sağ tərəfindəki Tur dağının yaxınlığından çağırdıq və onunla danışıb onu özümüzə yaxın etdik.","Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik.","Kitabda (Quranda) İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi.","O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edərdi. O, Rəbbinin rizasını qazanmış bir kimsə idi.","Kitabda (Quranda) İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi.","Biz onu yüksək bir məqama qaldırdıq.","Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyətindən, İbrahimin və İsrailin zürriyyətindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır.","Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.","Ancaq tövbə edib iman gətirənlər və saleh əməllər edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar.","(Bu Cənnət) Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn cənnətləridir. Onun vədi mütləq yerinə yetəcəkdir.","Onlar orada boş sözlər deyil, yalnız: “Salam!” eşidəcəklər. Orada onlar üçün səhər-axşam ruzilər vardır.","Qullarımızdan təqva sahiblərini miras edəcəyimiz Cənnət budur.","(Cəbrail belə dedi:) “Biz (dünyaya) ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”.","O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!","(Kafir) insan: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?”– deyir.","Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?","Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik.","Sonra hər firqədən Rəhmana ən çox asi olanı çıxardacağıq.","Sonra orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.","İçinizdən hər kəs oraya varid olacaqdır. (Bu,) Rəbbinin (əzəldən) müəyyən etdiyi qəti bir qərardır.","Sonra Biz müttəqiləri (oddan) xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.","Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”","Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.","De: “Qoy Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da Qiyamət saatını gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.","Allah doğru yolda olanların hidayətini artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.","Ayələrimizi inkar edib: “Mənə mütləq var-dövlət və övlad veriləcək!”– deyən kimsəni gördünmü?","Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Rəhmandan əhd almışdır?","Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.","Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.","(Müşriklər) Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar.","Xeyr! (Qiyamət günü o məbudlar) onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.","Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?","Odur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq.","O gün Biz müttəqiləri Rəhmanın hüzuruna hörmətli nümayəndələr olaraq toplayarıq.","Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq.","Rəhmandan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.","(Kafirlər:) “Rəhman özünə övlad götürmüşdür!”– dedilər.","Siz olduqca pis bir iş tutdunuz.","Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –","Rəhmana övlad isnad etdiklərinə görə.","Halbuki Rəhmana övlad götürmək yaraşmaz.","Göylərdə və yerdə olanların hamısı Rəhmanın hüzuruna qul olaraq gələcəkdir.","Allah onları hesablamış və bir-bir saymışdır.","Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcəkdir.","İman gətirib saleh əməllər edənlərə gəlincə, Rəhman onlar üçün (qəlblərdə) bir sevgi yaradacaqdır.","(Ey Rəsulum!) Biz, müttəqilərə Quranla müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən deyə, onu sənin dilinlə asanlaşdırdıq.","Biz onlardan öncə neçə-neçə nəsli məhv etdik. Heç onlardan kiminsə (mövcudluğunu) hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?","Ta. Ha.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Biz bu Quranı sənə bədbəxt olasan deyə nazil etmədik.","(Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət olaraq (göndərdik).","O, yeri və uca göyləri yaradan (Allah) tərəfindən nazil olmuşdur.","Rəhman Ərşin üzərində ucaldı.","Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, (hamısı) Ona məxsusdur.","Sən ucadan danışsan da, (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir.","Allah! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur!","Musanın əhvalatı sənə gəlib çatdımı?","O zaman o, bir od görüb ailəsinə: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!”– demişdi.","(Musa) oda yaxınlaşdıqda (Allah) ona belə nida etdi: “Ey Musa!","Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!","Mən səni seçmişəm. (Sənə) vəhy olunanı dinlə!","Həqiqətən, Mən Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!","Qiyamət saatı mütləq gələcəkdir! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala (Özümdən belə) gizlədirəm.","Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!","Sağ əlindəki nədir, ey Musa?”","(Musa) dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarayır”.","(Allah) buyurdu: “At onu (yerə), ey Musa!”","(Musa) onu (yerə) atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.","Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.","Əlini qoynuna sal ki, (əlin oradan) başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın.","(Belə etdik) ki, sənə ən böyük ayələrimizdən (bir neçəsini) göstərək.","Fironun yanına get! Çünki o, həddini aşmışdır”.","(Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!","İşimi yüngülləşdir!","Dilimdəki düyünü aç ki,","sözümü anlasınlar!","Mənə öz ailəmdən bir köməkçi ver –","Qardaşım Harunu!","Onun sayəsində mənim gücümü artır!","Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,","Sənə çoxlu təriflər deyək","və Səni çox zikr edək.","Şübhəsiz ki, Sən bizi görürsən!”","(Allah) buyurdu: “İstədiyin sənə verildi, ey Musa!","Sənə bir dəfə də mərhəmət göstərmişdik.","O vaxt ki, anana ilham yolu ilə belə buyurduq:","“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi (Firon) onu götürsün”. Gözüm önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım.","O zaman bacın gedib (Firon ailəsinə belə) deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən (boya-başa çatdıqda) bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq. Biz səni (çətin) sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da əzəldən yazılmış qədərə görə gəlib (bu yerə) çatdın, ey Musa!","Mən səni Özümə (peyğəmbər) seçdim!","Sən və qardaşın ayətlərimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.","Fironun yanına gedin. Çünki o, həddini aşmışdır.","Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”","Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”.","(Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!","Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!","Bizə, əzabın (haqqı) yalan sayan və üz döndərənlərə veriləcəyi vəhy olunur!”","(Firon) dedi: “Rəbbiniz kimdir, ey Musa?”","(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!”","(Firon) dedi: “Bəs keçmiş nəsillərin halı necə olacaq?”","(Musa) dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim nə xəta edir, nə də unudur!”","O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik.","(Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda ağıl sahibləri üçün dəlillər vardır.","Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq.","Biz dəlillərimizin hamısını (Firona) göstərdik. O isə (bu dəlilləri) yalan sayıb qəbul etmədi.","(Firon) dedi: “Sən sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəldin, ey Musa?","Biz də mütləq sənə buna bənzər bir sehr göstərəcəyik. Bizimlə öz aranda vaxt təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. (Bu hamımıza) münasib bir yerdə olsun”.","(Musa) dedi: “Görüş vaxtınız bayram günü, camaatın (bir yerə) toplaşacağı səhər vaxtıdır!”","Firon arxasını çevirib getdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi.","Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.","(Sehrbazlar) öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər.","Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu yox etmək istəyirlər.","Odur ki, bütün hiylələrinizi cəmləşdirib (meydana) dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”.","(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əlindəkini) at, ya da birinci atan biz olaq!”","(Musa) dedi: “Yox, siz atın!” (Sehrbazlar əllərindəkiləri yerə atan kimi) sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür.","Musa bunu görüncə içində bir qorxu hiss etdi.","Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan!","Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”.","Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!”","(Firon) dedi: “Mən sizə izin verməzdən öncə siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, özünüzü də xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha davamlı olduğunu biləcəksiniz!”","Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!","Həqiqətən biz, günahlarımızı və sənin bizə məcbur etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allahın mükafatı daha xeyirli, cəzası isə daha davamlıdır!”","Kim Rəbbinin hüzuruna günahkar olaraq gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar.","Kim (Onun hüzuruna) saleh əməllər etmiş bir mömin olaraq gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar –","(ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətləri. Onlar orada əbədi qalarlar. Bu, (günahlardan) təmizlənənlərin mükafatıdır.","Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru yol aç. (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!”– (deyə) vəhy etdik.","Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı.","Firon öz qövmünü azğınlığa sürüklədi və (onlara) doğru yol göstərmədi.","Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə Tur dağının sağ tərəfini vəd verdik. Sizə (göydən) manna və bildirçin endirdik.","Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar.","Mən, həqiqətən də, tövbə edib, iman gətirib saleh əməllər edən, sonra da doğru yolu tutanları bağışlayıram.","(Allah buyurdu:) “Səni qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?”","(Musa) dedi: “Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!”","(Allah) buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”.","Musa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”","Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o qövmün (Misir xalqının) zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”.","(Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. (Buzova məftun olanlar:) “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o (bunu) unutmuşdur”– dedilər.","Məgər (bu heykəlin) onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!","Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin!”","Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!”– dedilər.","(Musa) dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,","ardımca gəlmədin? Əmrimə qarşımı çıxdın?","(Harun) dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum.","(Musa) dedi: “Səni bu işə vadar edən nə idi, ey Samiri?”","O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi”.","(Musa) dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!”– deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq.","Sizin məbudunuz yalnız Özündən başqa heç bir (haqq) məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə etmişdir”.","Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr (Quran) vermişik.","Kim ondan üz döndərsə Qiyamət günü ağır bir günah yükü daşıyacaqdır.","Onlar o günahın azabı içində əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis (yük) olacaqdır!","O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq.","Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “(Dünyada) cəmi on gün qaldınız!”","Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı: “(Dünyada) cəmisi bir gün qaldınız!”– deyəcək.","(Ey Muhamməd!) Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq,","oranı boş düzəngaha çevirəcəkdir.","Sən orada nə bir eniş, nə də bir yoxuş görə biləcəksən”.","O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən.","O gün Rəhmanın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.","Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu (Allahın zatını və sifətlərini) ehtiva edə bilməz!","(O gün) üzlər (əbədi) Yaşayan, yaratdıqlarının Qəyyumu (olan Allah) qarşısında zəlil görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar.","Mömin olub saleh işlər görənlər isə nə haqsızlığa məruz qalmaqdan, nə də (savabının) əksilməsindən qorxarlar.","Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar (pis əməllərindən) çəkinsinlər və ya ibrət alsınlar.","Haqq Hökmdar olan Allah ucadır! Onun sənə nazil etdiyi vəhy tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.","Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.","Bir zaman mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməkdən) imtina etdi.","Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.","Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan.","Sən orada nə susayacaq, nə də günəşin istisindən əziyyət çəkəcəksən!”","Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”","İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət (ağaclarının) yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu.","Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və (onu) doğru yola yönəltdi.","Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan (yerə) enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən (bələdçimin) ardınca getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar.","Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı daralar və Biz Qiyamət günü onu kor olaraq həşir edərik”.","O: “Ey Rəbbim! Məni nə üçün kor olaraq həşr etdin, axı mən (dünyada) görürdüm?”– deyəcəkdir.","(Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”","Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha davamlıdır.","Yurdlarında gəzib dolaşdıqları, özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onlara dərs olmadımı? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır.","Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı, (əzab onları) dərhal yaxalayardı.","Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan.","(Kafirlərdən) bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi olaraq verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin verdiyi ruzi daha xeyirli və daha davamlıdır.","Ailənə namaz qılmağı əmr et, özün də onu (namazı) səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir.","(Kafirlər: “Muhamməd) bizə Rəbbindən bir ayə gətirməli deyildimi?”– dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı?","Əgər Biz onları bundan əvvəl (Muhamməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”","De: “Hamı gözləyir, siz də gözləyin. (Tezliklə) siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!”"]