["(Xızır) dedi: “Sənə deməmişdimmi ki, mənim yanımda səbir edə bilməzsən?","(Musa): “Əgər bundan sonra səndən bir şey soruşsam, o zaman mənimlə yoldaşlıq etmə! Artıq məndən gələcək üzrxahlığın son həddinə çatdın (Bundan sonra üzr istəyəcəyim bir iş tutmayacağam).","Onlar yenə yollarına davam etdilər. Nəhayət, bir qəsəbəyə gəlib çatdıqları zaman oranın əhalisindən yemək istədilər. Ancaq onlar o ikisini qonaq etməkdən imtina etdilər. Bu zaman o ikisi orada yıxılmaq üzrə olan bir divar gördülər. (Xızır) dərhal onu düzəltdi. (Musa:) “Əgər istəsəydin, əlbəttə, onun müqabilində bir muzd alardın”, - dedi.","(Xızır) dedi: “Bu, mənimlə sənin ayrılma vaxtımızdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.","Gəmiyə gəldikdə, o, dənizdə işləyən yoxsul kimsələrə məxsus idi. Mən də onu qüsurlu vəziyyətə salmaq istədim. Çünki orada bütün (qüsursuz) gəmiləri qəsb edən bir kral var idi.","Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz onun ata-anasını azğınlığa və küfrə sövq etməsindən qorxduq.","Beləcə, istədik ki, Rəbbi onlara əvəzində ondan daha təmiz və daha mərhəmətli birini bəxş etsin.","Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında onlara aid bir xəzinə vardı. Ataları da yaxşı insan idi. Rəbbin istədi ki, onlar həddi-büluğa çatıb Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini çıxartsınlar. Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır”.","Sənə Zülqərneyn barəsində də sual verirlər. De ki: “Sizə ondan bəhs edəcəyəm”.","Həqiqətən, Biz onu yer üzündə iqtidar və güc sahibi etdik, ona hər yerin yolunu öyrətdik.","Beləcə o, bir yol tutub getdi.","Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik.###[*] Təfsirlərdə qeyd olunduğuna görə, Zülqərneyn qərbdə Sakit okeanına, yaxud Qara dənizə qədər getmiş və orada günəşin dəniz üfqündə batmasını seyr etmişdi. Bu zaman günəş dumanla örtülü dəniz üfqündə, sanki palçıqlı bir su gölməçəsinə batırmış kimi görünürdü. Sahildə qarşılaşdığı qövm isə kafir idi. Ona görə də Allah-Təala bu qövmü cəzalandırmaq, yaxud irşad etmək üçün Zülqərneyni onların yanına göndərmişdi.","O dedi: “Haqsızlıq edənə əzab verəcəyik. Sonra o Rəbbinə qaytarılacaq və (Rəbbi) ona görünməmiş bir əzab verəcək.","İman gətirib saleh əməl edən kimsəyə gəldikdə, onun üçün ən gözəl mükafat vardır. Biz ona asan işləri buyuracağıq”.","Sonra o, yoluna davam etdi.","Nəhayət, günəşin doğduğu yerə çatanda onu bir qövmün üzərində doğarkən gördü. Biz onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq.###[*] Təfsir mənbələrində qeyd olunduğuna görə, Zülqərneyn qərbdəki işlərini həll etdikdən sonra şərqə yönəldi və nəhayət, Hind okeanı sahillərinə gəlib çıxdı. Burada qarşılaşdığı insanlar günəşin şüasına qarşı qorunacaqları paltar və evlər düzəltməyi bilmirdilər.","Beləcə, Biz onunla bağlı hər şeydən xəbərdar idik.","Sonra o, yenə yoluna davam etdi.","Nəhayət, iki dağ arasına çatdığı zaman onların önündə demək olar ki, heç bir sözü anlamayan bir tayfa gördü.","Onlar dedilər: “Ey Zülqərneyn! Həqiqətən, Yəcuc və Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onların arasında bir sədd çəkəsən deyə sənə müəyyən məbləğ verəkmi?”","O dedi: “Rəbbimin mənə verdiyi səltənət və qüdrət daha yaxşıdır. Siz (iş) qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.","Mənə dəmir parçaları gətirin!” Nəhayət, iki dağın arasını eyni səviyyəyə gətirdiyi zaman o: “(Körükləri) üfürün!” - dedi. Onu od halına saldığı zaman: “Mənə gətirin, onun üzərinə ərimiş mis töküm!” - dedi.","Beləcə (Yəcuc-Məcuc tayfaları) nə o səddi aşa bildilər, nə də onu deşib keçə bildilər.","(Zülqərneyn) dedi: “Bu, Rəbbimdən gələn bir mərhəmətdir. Ancaq Rəbbimin vədi gəldiyi zaman O, bu səddi yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır”.","O gün Biz onları (dalğalar kimi) bir-birinə qarışmış bir halda qoyarıq. Sur çalınar və onların hamısını bir yerə cəm edərik.","O gün cəhənnəmi kafirlərə göstərərik.","O (kafirlər) ki, gözləri pərdəli olduğu üçün Məni anmır və (haqqı) eşidə bilmirdilər.","Kafirlər Məni qoyub qullarımı özlərinə himayəçi tutacaqlarınımı zənn etdilər? Biz cəhənnəmi kafirlər üçün məskən olaraq hazırladıq.","De: “Etdikləri əməllər baxımından ən çox ziyana uğrayanları sizə xəbər verəkmi?","(Bunlar) yaxşı işlər gördüklərini zənn etdikləri halda, dünya həyatındakı səyləri hədər getmiş kəslərdir.","Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq.","İnkar etmələri, ayələrimə və peyğəmbərlərimə istehza etmələri səbəbilə onların cəzası cəhənnəmdir.","İman gətirib yaxşı işlər görənlərə gəldikdə, onlar üçün məskən olaraq Firdövs cənnətləri vardır.","Onlar orada əbədi qalacaq və oradan ayrılmaq istəməyəcəklər.","De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən dəniz tükənərdi”.","De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız tək olan ilahdır. Ona görə də kim Rəbbinə qovuşacağını ümid edirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kimi Ona şərik qoşmasın!”","Kəf, Hə, Yə, Eyn, Sad!","(Bu,) Rəbbinin Zəkəriyyə quluna olan mərhəmətinin yad edilməsidir!","Bir zaman o, astadan Rəbbinə səslənmişdi.","Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.","Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm də qısırdır. Ona görə də Öz tərəfindən mənə bir dost (oğul) ver!","O mənim və Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!”","(Ona belə vəhy olundu:) “Ey Zəkəriyyə, Biz səniYəhya adlı bir oğulla müjdələyirik! Bundan əvvəl bu adı heç kimə verməmişik”.","O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”","O (mələk) dedi: “Belədir. Ancaq Rəbbin: “Bu Mənim üçün asandır. Daha əvvəl səni də heç bir şey deyilkən (yoxdan) yaratdım!” - dedi”.","(Zəkəriyyə) dedi: “Ey Rəbbim, (buna dair) mənə bir işarə ver!” Allah: “Sənin işarən, sağlam olduğun halda üç gün insanlarla danışa bilməməyindir”, – buyurdu.","Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi.###[*] Allah-Təala qocalmış olan Zəkəriyyə və qısır zövcəsinə bir övlad bəxş etməklə Öz qüdrətini göstərmişdir. Bundan sonra Uca Allah həmin uşağa belə vəhy etmişdir:","“Ey Yəhya! Kitabdan (Tövratdan)möhkəm yapış!” O hələ uşaq ikən Biz ona hikmət (peyğəmbərlik) verdik.","Öz tərəfimizdən (ona) mərhəmət və paklıq da verdik. O, təqva sahibi idi.","O, ata-anasına çox yaxşı davranırdı. Təkəbbürlü və üsyankar deyildi.","Doğulduğu gün, öləcəyi gün və diriləcəyi gün ona salam olsun!","Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi. ###[*] Təfsirçilərə görə, Həzrət Məryəm Məscidi-Əqsanın, yaxud evinin şərq tərəfində inzivaya çəkilmişdi.","Beləcə (Məryəm) onlarla öz arasına bir pərdə çəkmişdi. Biz də Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik. (Cəbrail) ona tam bir insan surətində göründü.","Məryəm dedi: “Mən səndən Rəhman olan Allaha sığınıram. Əgər Allahdan qorxursansa, (mənə toxunma)!”","(Cəbrail:) “Həqiqətən, mən sənə tər-təmiz bir oğlan uşağı bəxş etmək üçün Rəbbinin göndərdiyi bir elçiyəm!” - dedi.","Məryəm: “Mənə bir insan toxunmadığı və iffətsiz olmadığım halda necə uşağım ola bilər?!” - dedi.","(Cəbrail) dedi: “Belədir, ancaq Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və tərəfimizdən bir mərhəmət mənbəyi edəcəyik. Bu, əzəldən qərarı verilmiş bir işdir!”","Beləcə, (Məryəm) ona (İsa peyğəmbərə) hamilə qaldı və buna görə də onunla birlikdə uzaq bir yerə çəkildi.","Doğum sancısı onu bir xurma ağacının gövdəsinə (söykənməyə) sövq etdi. Məryəm dedi: “Kaş mən bundan əvvəl ölüb tamamilə unudulaydım!”","Aşağı tərəfindən (İsa və ya Cəbrail) ona belə səsləndi: “Kədərlənmə! Rəbbin sənin (ayağının) altında bir su arxı yaratmışdır.","Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş təzə xurmalar tökülsün.","(Bunlardan) ye, iç! Gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de ki: “Mən Rəhman (olan Allah) üçün (susma) orucu tutmağı nəzir eləmişəm. Ona görə də bu gün heç bir insanla danışmayacağam!”","Nəhayət, o, körpəni götürüb öz qövmünə gətirdi. Onlar dedilər: “Ey Məryəm, həqiqətən, sən böyük bir qəbahət işləmisən!","Ey Harunun bacısı! Sənin atan pis adam deyildi, anan da iffətsiz deyildi”.","O zaman Məryəm ona (qucağındakı körpəyə) işarə etdi. Onlar: “Biz beşikdəki bir körpə ilə necə danışaq?” - dedilər.","(Körpə) dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm. O mənə Kitabı (İncili) verdi və məni peyğəmbər etdi.","Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi.","Məni anama qarşı qayğıkeş etdi, təkəbbürlü bir üsyankar etmədi!","Doğulduğum gün, öləcəyim gün və diriləcəyim gün mənə salam olsun!”","O, barəsində şübhə etdikləri haqq söz olan Məryəm oğlu İsadır.###[*] Təfsirçilərə görə, yuxarıdakı ayədə ifadə edilən Həzrət İsanın “haqq söz” olması Allahın “Kun (ol)!” sözü ilə yaranması deməkdir.","Övlad götürmək Allaha yaraşmaz. O, pak və müqəddəsdir! O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.","Şübhəsiz ki, Allah mənim də, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol budur!”","Sonra firqələr öz aralarında ixtilafa düşdülər. Şahid olunacaq o böyük gün kafirlərin vay halına! ###[*] Təfsirçilər ixtilafa düşən firqələrin yəhudilər və xristianlar, yaxud öz aralarında ayrılığa düşən xristian məzhəbləri olduğunu qeyd etmişlər.","Bizə gələcəkləri gün necə yaxşı eşidəcək və necə də yaxşı görəcəklər! Lakin zalımlar o gün açıq-aşkar bir zəlalət içindədirlər.","Onları peşmançılıq günü ilə xəbərdar et! O zaman onlar qəflətdə olub iman gətirməmişkən iş bitmiş olacaq.###[*] Yəni, hər kəs haqq-hesaba çəkiləcək və bunun nəticəsində cənnətə, yaxud cəhənnəmə gedəcək və bir-birindən ayrılmış olacaq.","Şübhəsiz ki, Biz yer üzünə və orada olanlara varis olacağıq və onlar Bizə qaytarılacaqlar.","Kitabda İbrahimi də an! Həqiqətən, o, çox dürüst bir insan və peyğəmbər idi.","Bir zaman o, atasına demişdi: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir fayda verə bilməyən şeylərə (bütlərə) nə üçün ibadət edirsən?","Atacan! Həqiqətən, mənə, sənə gəlməyən bir elm gəlmişdir. Ona görə də mənə tabe ol ki, səni doğru yola aparım.","Atacan, şeytana ibadət etmə! Şübhəsiz, şeytan Rəhmana (Allaha) üsyan etmişdir.","Atacan! Rəhmandan sənə bir əzab toxunmasından və beləcə, şeytanın dostu olmağından qorxuram”.","Atası dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üz çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq dur!”","İbrahim dedi: “Sənə salam olsun (salamat qal)! Rəbbimdən sənin üçün məğfirət diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.","Mən sizdən də, Allahı qoyub sitayiş etdiklərinizdən də uzaqlaşıram və Rəbbimə ibadət edirəm. Ümid edirəm ki, Rəbbimə ibadət etməklə bədbəxt olmaram”.","İbrahim onlardan və Allahı qoyub sitayiş etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Onların hər ikisini də peyğəmbər etdik.###[*] Həzrət İbrahimin qövmündən uzaqlaşaraq hicrət etdiyi məmləkətin Şam, yaxud Fələstin olduğu rəvayət edilir. O, Şama getmək üçün yola çıxdığı zaman əvvəlcə Hərrana getmiş və orada Sara adında bir qadınla evlənmişdi. Bu evliliyin nəticəsində onların  İshaq adlı oğulları dünyaya gəlmişdir. Həzrət Yaqub da İshaqın oğlu və İbrahim peyğəmbərin nəvəsidir.","Onlara Öz rəhmətimizdən bəxş etdik və dürüstlüklərini dillərə dastan etdik.","Kitabda Musanı da an! Həqiqətən, o, ixlas sahibi idi. O, həm rəsul, həm də nəbi idi. ###[*] Kitab verilən və yeni bir din təbliğ edən peyğəmbərlərə “Rəsul”, daha əvvəlki peyğəmbərlərin şəriətini davam etdirən peyğəmbərlərə isə “Nəbi” deyilir. Həzrət Musaya Tövrat verildiyi üçün o, bu ayədə həm nəbi, həm də rəsul olaraq qeyd olunmuşdur.","Ona (Musaya) Tur dağının sağ tərəfindən səsləndik və onu pıçıldaşan kimsə qədər (Özümüzə) yaxınlaşdırdıq.","Biz qardaşı Harunu da Öz rəhmətimizdən bir peyğəmbər olaraq ona bəxş etdik.","Kitabda İsmaili də an! Həqiqətən, o, sözünə sadiq idi. O, həm rəsul, həm də nəbi idi.","O, öz xalqına namaz qılmağı və zəkat verməyi əmr edirdi. Həmçinin o, Rəbbinin rizasına nail olmuşdu.","Kitabda İdrisi də an! O, həqiqətən, çox dürüst bir peyğəmbər idi.","Biz onu yüksək bir məqama ucaltdıq.","Onlar Allahın nemət verdiyi peyğəmbərlərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.","Ancaq onlardan sonra namazı tərk edib nəfslərinin arzularına uyan bir nəsil gəldi. Buna görə də onlar (cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər.","Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlər istisnadır. Onlar cənnətə girəcəklər və heç bir haqsızlığa məruz qalmayacaqlar.","Görmədikləri halda Rəhmanın Öz bəndələrinə vəd etdiyi Ədn cənnətlərinə (girəcəklər). Həqiqətən, Onun vədi gerçəkləşəcəkdir.","Onlar orada boş sözlər deyil, ancaq “Salam!” eşidərlər. Onların orada səhər-axşam ruziləri də (daim) vardır.","Bəndələrimizdən təqva sahiblərini varis edəcəyimiz cənnət budur!","(Cəbrail belə demişdi: ) “Biz ancaq Rəbbinin əmri ilə enərik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, hamısı Ona məxsusdur. Rəbbin (səni) unudan deyildir”.","O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. Elə isə, Ona ibadət et və Ona ibadətdə səbirli ol! Ona oxşar birini tanıyırsanmı?!","İnsan: “Həqiqətən, mən öldükdən sonra (qəbirdən) diri olaraq çıxardılacağammı?” - deyir.","İnsan daha əvvəl heç bir şey deyilkən Bizim onu xəlq etdiyimizi düşünmürmü?","Rəbbinə and olsun ki, onları və şeytanları bir yerə toplayacağıq. Sonra onları diz çökmüş bir vəziyyətdə cəhənnəmin ətrafına gətirəcəyik.","Sonra hər bir firqədən Rəhmana qarşı ən çox üsyankar olanı çəkib çıxardacağıq.","Cəhənnəmə girməyə daha çox layiq olanları, əlbəttə, Biz çox yaxşı bilirik.","İçinizdən ora girməyəcək heç kim yoxdur. Bu, Rəbbinin qəti hökmüdür. ###[*] Bir rəvayətə görə, bütün insanlar cəhənnəmə girəcək, ancaq Allah-Təala yaxşıları oradan xilas edəcəkdir. Digər bir rəvayətə görə isə, möminlərin cəhənnəmə girmələri, cəhənnəmin üzərindəki Sirat körpüsündən keçmələrindən ibarətdir.","Sonra Biz müttəqiləri xilas edəcək, zalımları isə diz çökmüş vəziyyətdə orada saxlayacağıq.","Ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman inkar edənlər iman gətirənlərə: “İki qrupdan hansının (hansımızın) məqamı daha yaxşı, məclisi daha gözəldir?” - demişdilər.","Halbuki onlardan əvvəl mal-mülk və görünüş baxımından daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.","De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər.","Allah doğru yolda olanların hidayətini artırar. (Axirətə) qalan yaxşı əməllər isə Rəbbinin dərgahında həm mükafat, həm də dönüş yeri etibarilə daha yaxşıdır.","Ayələrimizi inkar edib: “Mənə mütləq mal-mülk və övlad veriləcəkdir!” - deyən kimsəni gördünmü?!","O qeybi öyrəndi, yoxsa Rəhmanın dərgahından (bu barədə) bir söz aldı?!","Əsla! Biz onun söylədiklərini yazacaq və əzabını uzatdıqca uzadacağıq.","Onun söylədiklərinə Biz varis olacağıq (mal-mülkü və övladları Bizə qalacaq) və o, tək-tənha bizə gələcəkdir.","Onlar özlərinə dəstək (şəfaətçi) olsun deyə, Allahdan başqa ilahlar qəbul etdilər.","Əsla! (İlah qəbul etdikləri şəriklər axirət günü) onların ibadətini inkar edəcək və onlara düşmən kəsiləcəklər.","(Ey Peyğəmbər!) Kafirlərin üstünə, onları qızışdırıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?!","Ona görə də onlar barəsində tələsmə! Şübhəsiz, Biz onların günlərini bir-bir sayırıq (axirət gününə qədər onlara möhlət veririk).","O gün müttəqiləri bir heyət halında Rəhmanın hüzurunda toplayacağıq.","Günahkarları isə susamış halda cəhənnəmə sürükləyəcəyik.","(O gün) Rəhmanın hüzurunda əhd (icazə) almış kimsələrdən başqaları şəfaət edə bilməyəcəklər.","Onlar: “Rəhman (olan Allah) özünə övlad götürmüşdür!” - dedilər.","Siz, həqiqətən, çox pis bir iş gördünüz.","Az qalsın buna görə göylər çatlayacaq, yer yarılacaq, dağlar yerə səriləcəkdi -","Rəhmana övlad isnad etdiklərinə görə!","Halbuki övlad götürmək Rəhmana yaraşmaz.","Göylərdə və yerdə olanlar hamılıqla bir qul kimi Rəhmanın hüzuruna gələcəklər.","Şübhəsiz ki, Allah onları hesablamış və tək-tək saymışdır.","Onların hamısı qiyamət günü tək-tənha Onun hüzuruna gələcəkdir.","Şübhəsiz, Rəhman (olan Allah) iman gətirib yaxşı işlər görənlərin qəlblərində bir-birinə qarşı sevgi yaradacaqdır.","(Ey Peyğəmbər!) Biz onu (Quranı) onunla müttəqilərə müjdə verəsən və inadkar bir qövmü xəbərdar edəsən deyə, sənin dilinlə (ərəb dilində nazil edərək) asanlaşdırdıq.","Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Sən onlardan hər hansı birini görürsənmi, yaxud onlara aid cüzi bir səs eşidirsənmi?","Ta, Ha!","Biz Quranı sənə əziyyət çəkəsən deyə nazil etmədik!","Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik).","O (Quran), yeri və uca göyləri yaradan tərəfindən nazil olmuşdur.","Rəhman (olan Allah) Ərşə istiva etdi (Ərşi hökmü altına aldı).","Göylərdə və yerdə olanlar, o ikisinin arasındakılar və torpağın altındakıların hamısı Onundur.","Sən sözü ucadan söyləsən də (gizli söyləsən də fərqi yoxdur). Həqiqətən, Allah sirri, hətta ondan daha gizli olanı da bilir.","Allahdan başqa heç bir ilah yoxdur! Ən gözəl isimlər (əsmayi-hüsna) Ona məxsusdur!","Musanın əhvalatı sənə gəlib çatdımı?","Bir zaman o, bir alov görmüş və ailəsinə belə demişdi: “Siz  (burada) qalın! Mən bir alov gördüm. Bəlkə, mən ondan sizə bir məşəl gətirər, yaxud alovun yanında bir bələdçi taparam”.","Musa ora gəlib çatan zaman ona belə bir nida gəldi: “Ey Musa!","Həqiqətən, Mən sənin Rəbbinəm. Dərhal çarıqlarını çıxart. Çünki sən müqəddəs vadi olan Tuvadasan!","Mən səni seçdim. Ona görə də vəhyə qulaq as!","Şübhəsiz, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Ona görə də Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!","Qiyamət mütləq gələcək! Hər kəs etdiklərinin əvəzini alsın deyə az qalsın onu (Özümdən belə) gizlədirəm.","Ona (axirətə) inanmayan və nəfsinin arzularına uyan kimsə səni əsla (ona inanmaqdan) yayındırmasın! Yoxsa məhv olarsan!","Sağ əlindəki nədir, ey Musa?”","Musa dedi: “O mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarım üçün yarpaq silkələyirəm. Həmçinin başqa məqsədlərlə də ondan istifadə edirəm”.","Allah dedi: “Ey Musa! Onu (əsanı) at!”","Musa dərhal onu atdı. Bir də gördü ki, o, sürətlə sürünən bir ilan oldu.","Allah buyurdu: “Qorxma, götür onu! Biz onu əvvəlki şəklinə salacağıq.","Bir də, əlini qoltuğunun altına sal ki, başqa bir möcüzə olaraq (əlin) qüsursuz bir şəkildə ağappaq çıxsın!","Ən böyük möcüzələrimizdən bəzilərini sənə göstərmək məqsədilə (bunları etdik).","Fironun yanına get! Həqiqətən, o, həddini aşmışdır”.","Musa dedi: “Ey Rəbbim, qəlbimi genişlət!","İşimi asanlaşdır!","Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki,","Sözümü başa düşsünlər!","Ailəmdən də mənə bir köməkçi ver -","Qardaşım Harunu!","Onunla arxamı möhkəmləndir!","Onu işimə ortaq et ki,","Səni çox təsbeh edək (şəninə təriflər deyək).","Və Səni çox zikr edək.","Şübhəsiz ki, Sən bizi görürsən”.","Allah dedi: “İstədiklərin sənə verilmişdir, ey Musa!","Şübhəsiz ki, sənə bir dəfə də nemət vermişdik.","Bir zaman anana belə vəhy etmişdik:","“Onu (Musanı) bir sandığa qoyub çaya (Nil çayına) at ki, qoy çay onu sahilə çıxartsın, beləliklə Mənim və onun düşməni olan (Firon) onu götürsün”. (Ey Musa!) gözümün qabağında (nəzarətimdə) boya-başa çatasan deyə səni (hər kəs tərəfindən) sevilən biri etdim.###[*] Anası Musanın da digər yəhudi oğlan uşaqları kimi Firon tərəfindən öldürüləcəyindən qorxduğu üçün onu bir sandığa qoyub Nil çayına atdı. Fironun zövcəsi Asiyə çay kənarında ikən uşağı gördü və Allahın bir lütfü olaraq ona qarşı sevgi duydu. Beləcə, onu övladlığa götürdü və onun üçün süd anası axtarmağa başladı. Qardaşının başına gələnləri öyrənən Musanın bacısı, onun üçün süd anası axtarıldığını xəbər tutan kimi Fironun sarayına getdi.","(Ey Musa!) O zaman sənin bacın gedib (saraydakılara): “Ona baxa biləcək birini sizə göstərimmi?” - demişdi. Beləcə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri öldürmüşdün. Biz də səni qəm-qüssədən qurtarmış və çətin sınaqlardan keçirmişdik. Buna görə də illərlə Mədyən xalqının arasında qalmışdın. Sonra təyin edilmiş bir vaxtda (bu məqama) gəldin, ey Musa!","Mən səni Özüm üçün (peyğəmbər) seçdim.","Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə səhlənkar olmayın!","Fironun yanına gedin! Həqiqətən, o, həddini aşmışdır.","Onunla yumşaq danışın! Ola bilsin ki, öyüd alar, yaxud qorxar”.","Onlar (Musa və Harun) belə dedilər: “Ey Rəbbimiz! Doğrusu biz, onun bizə sərt davranacağından, yaxud həddini aşıb azğınlaşacağından qorxuruq”.","Allah buyurdu: “Qorxmayın! Şübhəsiz ki, Mən sizinləyəm. Hər şeyi eşidir və görürəm.","Onun yanına gedib belə deyin: “Biz sənin Rəbbinin elçiləriyik. Ona görə də İsrail oğullarını bizimlə göndər və onlara əziyyət etmə! Biz sənə Rəbbindən bir dəlil gətirmişik. Haqq yola uyanlara salam olsun!","Şübhəsiz, bizə: “(Peyğəmbərləri) yalanlayıb haqq yoldan üz çevirənlərə əzab veriləcəkdir!” - deyə vəhy olunmuşdur.","(Firon) dedi: “Bəs sizin Rəbbiniz kimdir, ey Musa?”","Musa dedi: “Bizim Rəbbimiz hər şeyə öz xüsusiyyətini verən, sonra da doğru yolu göstərəndir”.","(Firon:) “Elə isə bəs əvvəlki millətlərin halı necə olacaq?” - dedi.","Musa dedi: “Onların məlumatı Rəbbimin dərgahındakı bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim əsla xəta etməz və əsla unutmaz!”","O (Rəbb) ki, yer üzünü sizin üçün beşik etdi, orada sizin üçün yollar saldı və göydən su endirdi. Onunla da (yerdən) müxtəlif növ bitkilərdən cüt-cüt çıxartdıq.","(Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda ağıl sahibləri üçün (Allahın qüdrətini göstərən) işarələr vardır.","Sizi ondan (torpaqdan) yaratdıq. Sizi yenə ora qaytaracaq və (axirətdə) təkrar oradan çıxardacağıq.","Həqiqətən, Biz bütün möcüzələrimizi ona (Firona) göstərdik. Ancaq o yalanladı və rədd etdi.","(Firon) belə dedi: “Ey Musa! Etdiyin sehrlə bizi yurdumuzdan çıxartmaq üçün gəldin?","Elə isə mütləq sənə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bizim də, sənin də etiraz etməyəcəyin münasib bir məkan və vaxt təyin et!”","Musa dedi: “Sizinlə görüş vaxtımız bayram günü, insanların toplaşacağı səhər vaxtıdır”.","Bu zaman Firon dönüb getdi və öz hiyləgərlik vasitələrini (sehrbazlarını) topladıqdan sonra gəldi.","Musa onlara dedi: “Vay halınıza! Yalandan Allaha iftira yaxmayın! Yoxsa O sizi əzabla məhv edər. İftira yaxan kimsə zərərə uğramışdır”.","Beləcə, onlar öz aralarında işlərini müzakirə etdilər və gizli-gizli pıçıldaşdılar.","(Sehrbazlar) dedilər: “Həqiqətən, bu ikisi sehrləri vasitəsilə sizi yurdunuzdan çıxartmaq və sizin nümunəvi yolunuzu yox etmək istəyən sehrbazlardır.","Ona görə də hiyləgərlik vasitələrinizi cəmləşdirin, sonra da sıra ilə gəlin. Bu gün qalib gələn qurtulacaqdır!”","(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən at,  ya da əvvəlcə biz ataq”.","Musa: “Xeyr, siz atın!” - dedi. Bu zaman onların sehri nəticəsində ona elə gəldi ki, onların ipləri və çomaqları (ilan kimi) sürünür.","Buna görə də Musa daxilən qorxu hiss etdi.","Biz dedik: “Qorxma! Sən mütləq qalib gələcəksən!","Sağ əlindəkini at ki, onların düzəltdiklərini (sehrbazlıq vasitələrini) udsun. Onların düzəltdikləri yalnız bir sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə getsin, nicat tapa bilməz!”###[*] Beləcə Həzrət Musa əlindəki əsanı yerə atmış və bir möcüzə olaraq onun əsası böyük bir ilana çevrilib sehrbazların sehrbazlıq vasitələrini udmuşdu.","Bu zaman sehrbazlar səcdəyə qapanıb: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” - dedilər.","(Firon) dedi: “Mən sizə icazə verməmiş ona iman gətirdiniz. Şübhəsiz ki, o, sizə sehri öyrədən böyüyünüzdür. Ona görə də mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaclarının kötüklərindən asdıracağam. O zaman hansımızın əzabının daha şiddətli və daimi olduğunu biləcəksiniz!”","Onlar dedilər: “Biz səni, bizə gələn açıq-aşkar möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. Ona görə də nəyə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən.","Xətalarımızı və sənin bizə zorla etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allah daha xeyirlidir və əbədidir!”","Şübhəsiz ki, kim Rəbbinin hüzuruna günahkar olaraq gələrsə, onun üçün cəhənnəm vardır. O, orada nə ölər, nə də yaşayar.","Kim də yaxşı əməllər etmiş bir mömin olaraq Onun hüzuruna gələrsə, onlar üçün ən yüksək dərəcələr vardır.","İçində əbədi qalacaqları, altından çaylar axan Ədn cənnətləri! Bu, (günahlardan) təmizlənənlərin mükafatıdır.","Şübhəsiz ki, Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx! (Fironun sizə) yetişməsindən qorxmadan və əndişəyə düşmədən onlar üçün dənizdə quru bir yol aç!” - deyə vəhy etdik.###[*] Bu ilahi əmrdən sonra Həzrət. Musa qövmü ilə birlikdə gecə yola çıxmış, Firon da bundan xəbər tutmuşdu.","Buna görə də Firon ordusu ilə onları təqib etdi. Beləcə, dəniz onları büsbütün suya qərq etdi.","Firon öz qövmünü azdırdı və doğru yola yönəltmədi.","Ey israil oğulları! Biz sizi düşməninizdən xilas etdik. Tur dağının sağ tərəfinə (gəlməyiniz üçün) sizinlə vədələşdik. Sizə (göydən) qüdrət halvası və bildirçin əti endirdik.","Sizə verdiyimiz ruzilərin təmiz olanlarından (halalından) yeyin! Lakin bu barədə nankorluq etməyin! Yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə, şübhəsiz ki, məhv olmuşdur.","Həqiqətən, Mən tövbə edib iman gətirən, yaxşı işlər görən sonra da doğru yolda gedən kimsəni bağışlayanam!","(Allah buyurdu:) “Ey Musa! Səni öz qövmündən ayrılmaq üçün tələsməyə vadar edən nədir?”","Musa dedi: “Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Razı qalasan deyə Sənin hüzuruna tələsərək gəldim”.","Allah dedi: “Biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları doğru yoldan çıxartdı. ###[*] Rəvayətə görə, Samiri İsrail oğullarının Samirə qəbiləsinə mənsub idi. O, bir buzov heykəli düzəltmiş və camaata onun ilah olduğunu söyləyərək onları Həzrət Musanın dinindən uzaqlaşdırmağa çalışmışdı.","Buna görə də Musa qəzəbli və kədərli bir halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? (Sizdən ayrı qaldığım) zamanmı sizə uzun gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsinimi istədiniz ki, mənə verdiyiniz sözünüzdən döndünüz?”","Onlar dedilər: “Sənə verdiyimiz sözdən öz iradəmizlə dönmədik. Ancaq biz (Firon) qövmünün zinət əşyalarından ibarət bir yükü gətirmişdik. Onları (oda) atdıq. Samiri də atdı”.###[*] İsrail oğulları Samirinin əmri ilə əllərindəki zinət əşyalarını əritmək və buzovu düzəltmək üçün oda atmışdılar.","(Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Onlar da belə dedilər: “Bu sizin də, Musanın da ilahıdır. Lakin o (bunu) unutmuşdur”.","Bəs onlar (buzovun) cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürlərmi?!","Həqiqətən, Harun daha əvvəl onlara: “Ey qövmüm! Siz onunla ancaq sınağa çəkildiniz. Sizin Rəbbiniz şübhəsiz ki, Rəhmandır. Ona görə də mənə uyun və əmrimə itaət edin!” - demişdi.","Onlar: “Musa yanımıza qayıdana qədər ona (buzova) sitayiş etməkdən əsla əl çəkməyəcəyik!” - dedilər.","(Musa qayıtdıqda) dedi: “Ey Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,","Mənim yolumdan getmədin? Sən mənim əmrimə qarşı çıxdın?”","(Harun) dedi: “Ey anamın oğlu! Saçımı, saqqalımı burax! Sənin: “İsrail oğullarının arasına ayrılıq saldın və mənim dediklərimə riayət etmədin!” - deməyindən qorxdum.","(Musa) dedi: “Ey Samiri! Sənin məqsədin nədir?”","(Samiri) dedi: “Mən onların görmədiklərini gördüm. Belə ki, elçinin (Cəbrailin) ləpirindən bir ovuc (torpaq) alıb onu (ərimiş zinət əşyalarının içinə) atdım. Nəfsim bunu mənə gözəl göstərdi”.","(Musa) dedi: “Elə isə, çıx get! Həyatın boyu: “Mənə yaxınlaşmayın!” - deməli olacaqsan. Həmçinin qurtula bilməyəcəyin bir əzab günü də səni gözləyir. Sitayiş etdiyin tanrına bax! Onu mütləq yandıracaq, sonra da dənizə tullayacağıq.","Sizin ilahınız Özündən başqa heç bir ilah olmayan Allahdır! O, elmi ilə hər şeyi əhatə etmişdir”.","Beləcə, keçmişdəkilərin xəbərlərindən bir qismini sənə nəql edirik. Sənə Öz tərəfimizdən bir Zikr (Quran) vermişik.","Kim ondan üz çevirərsə, şübhəsiz ki, o, qiyamət günü ağır bir günahı yüklənəcəkdir.","Əbədi olaraq onun (əzabın) içində qalacaqlar. Qiyamət günü bu, onlar üçün necə də pis bir yükdür!","Sura üfürüləcəyi gün günahkarları (gözləri qorxudan) göm-göy olmuş halda bir yerə yığacağıq.","Onlar öz aralarında pıçıldaşaraq bir-birinə: “(Dünyada) yalnız on gün qaldınız!” - deyəcəklər.","Biz onların nə danışdıqlarını daha yaxşı bilirik. Onların ən ağıllısı: “Yalnız bir gün qaldınız!” - deyəcək.","(Ey Peyğəmbər!) Səndən dağlar haqqında soruşurlar. De ki: “(Qiyamət qoparkən) Rəbbim onları ovxalayıb göyə sovuracaqdır.","Beləcə, oranı dümdüz edəcəkdir.","Orada nə bir eniş, nə də bir yoxuş görə bilərsən”.","O gün onlar hər hansı bir tərəfə yönəlmədən dəvətçiyə (İsrafilə) uyacaqlar. Rəhman (olan Allahın) hüzurunda bütün səslər kəsiləcəkdir. Buna görə də pıçıltıdan başqa bir şey eşidə bilməzsən.","O gün Rəhmanın izin verdiyi və söz deməsinə razılıq verdiyi kimsədən başqasının şəfaəti fayda verməyəcəkdir.","Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu qavraya bilməz.","Bütün üzlər (insanlar) əzəli, əbədi və hər şeyə hakim olan Allahın hüzurunda yerə baş əymiş, zülmlə (şirklə) yüklənən kimsə isə ziyana düşmüşdür.","Hər kim mömin olaraq saleh əməllər etmişsə, o nə haqsızlığa məruz qalmaqdan, nə də (əməllərinin) əskilməsindən qorxar.","Beləcə, onu ərəbcə Quran olaraq nazil etdik və onda təhdidləri dəfələrlə izah etdik. Ola bilsin ki, onlar (günahlardan) çəkinələr, yaxud (Quran) onlar üçün bir ibrət olar!","Həqiqi hökmdar olan Allah ucadır! Sənə Onun vəhyi gəlib tamamlanmazdan əvvəl (Quranı) oxumaqda tələsmə və: “Ey Rəbbim, elmimi artır!” - de.","Şübhəsiz ki, daha əvvəl Adəmə də (müəyyən şeyləri) əmr etmişdik. Ancaq o unutdu. Biz onda əzmkarlıq görmədik. ###[*] Həzrət Adəm Allahın qadağan etməsinə baxmayaraq, şeytanın vəsvəsəsi ilə qadağan olunmuş ağacın meyvəsindən yemiş və sözündə durmamışdı. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilmişdir.","Vaxtilə Biz mələklərə: “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməyi) rədd etdi.","Buna görə də Biz dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən.","Şübhəsiz ki, sən burada nə aclıq çəkir, nə də çılpaq qalırsan.","Sən burada nə susuzluq hiss edir, nə də istilikdən əziyyət çəkirsən”.","Ancaq şeytan ona vəsvəsə verərək belə dedi: “Ey Adəm! Sənə əbədilik ağacını və sonsuz bir səltənəti göstərimmi? ###[*] Şeytan qadağan olunmuş ağacı göstərərək: “Rəbbiniz sizin mələyə çevrilməyinizi, yaxud burada əbədi qalmağınızı istəmədiyi üçün sizə bu ağacı qadağan etdi!” - deyərək Adəm və Həvvanı aldatmışdı.","Beləcə, ondan yedilər və buna görə də ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə cənnət yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub doğru yoldan azdı.","Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və doğru yola yönəltdi.","(Allah) dedi: “Bir-birinizə düşmən kəsilərək hamınız oradan (cənnətdən) düşün! Məndən sizə hidayət rəhbəri gəldiyi zaman kim Mənim hidayətimə uyarsa, o nə yolunu azar, nə də bədbəxt olar.","Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik”.","(Kor olaraq həşr olunan kəs) belə deyəcək: “Ey Rəbbim! Nə üçün məni kor olaraq həşr etdin? Halbuki mən (dünyada ikən) görürdüm”.","Allah deyəcək: “Elədir! Sənə ayələrimiz gəlmişdi, ancaq sən onları unutdun. Sən də bu gün eyni şəkildə unudulursan”.","Biz həddi aşıb Rəbbinin ayələrinə inanmayanları belə cəzalandırırıq. Axirət əzabı isə, əlbəttə, daha şiddətli və daha əbədidir.","Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Halbuki özləri onların yurdlarında gəzib dolaşırlar. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır.","Əgər Rəbbin tərəfindən daha əvvəl verilmiş bir söz və təyin edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (onların bu dünyada cəzalandırılmaları) vacib olardı.","Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan! ###[*] Təfsirçilər bu ayədəki “həmd ilə təsbeh et” ifadəsindən məqsədin “namaz” olduğunu ifadə etmişlər. Çünki namaz ən böyük və ən kamil zikrdir. Günəşin doğmasından əvvəlki təsbeh sübh namazı, gecənin bir vaxtındakı təsbeh də axşam və yatsı namazlarıdır. Gündüzün iki tərəfindəki namazlar isə günorta və axşam namazlarıdır.","Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha əbədidir.","Ailənə namaz qılmağı əmr et! Özün də namaza səbirlə davam et! Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. Gözəl aqibət təqva əhlinindir.","Onlar: “(Mühəmməd) Rəbbindən bizə bir möcüzə gətirməli deyildimi?” - dedilər. Əvvəlki kitablardakıların açıq-aşkar dəlili (Quran) onlara gəlmədimi?!###[*] Yəni, Qurani-Kərim həm özünün, həm də əvvəlki kitabların haqq olduğuna dəlil təşkil edən ilahi bir möcüzədir.","Əgər Biz bundan (Quran gəlmədən) əvvəl bir əzabla onları məhv etsəydik, əlbəttə, belə deyəcəkdilər: “Ey Rəbbimiz! Bizə bir peyğəmbər göndərməli deyildinmi? Beləcə, biz də zəlil və rüsvay olmadan əvvəl Sənin ayələrinə uyardıq”.","De ki: “Hamı gözləyir. Siz də gözləyin! Kimlərin doğru yol sahibi olduğunu və kimlərin haqq yolda olduğunu yaxında biləcəksiniz”."]