["İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində (imandan) üz çevirirlər.","Rəbbindən özlərinə bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar –","qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?”","(Peyğəmbər) dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”","Onlar dedilər: “(Bunlar) qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən ayətlər kimi bizə də bir ayət gətirsin”.","Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlarmı iman gətirəcəklər?","Biz səndən əvvəl də özlərinə vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.","Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyildilər.","Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq.","Sizə, içində şərəfiniz olan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?","Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, onlardan sonra başqa qövmlər yaratdıq.","Onlar əzabımızı hiss edincə dərhal oradan qaçmağa başladılar.","“Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Ola bilsin ki, soruşulasınız.”","Onlar: “Vay halımıza! Biz, doğrudan da zalım olmuşuq”– dedilər.","Biz onları yanmış küləşə döndərənəcən fəryad qoparırdılar.","Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.","Əgər Biz (Özümüzə) əyləncə (arvad-uşaq) etmək istəsəydik, onu mütləq Öz yanımızda olanlardan edərdik. Lakin Biz (bunu) etmədik.","Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onu yox edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!","Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Onun yanında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və (ibadət etməkdən) yorulmazlar.","Onlar gecə-gündüz, usanmadan (Onun şəninə) təriflər deyirlər.","Yoxsa (müşriklər) özlərinə yer üzündə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər?","Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) Ona aid etdikləri sifətlərdən uzaqdır!","O (Allah) etdiyi işlər barədə soruşulmaz, onlar isə soruşulacaqlar.","Məgər (müşriklər) Ondan başqa məbudlaramı tapınmışlar? De: “Dəlilinizi gətirin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların əksəriyyəti əsl həqiqəti bilmir və (ondan) üz çevirirlər.","Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.","(Kafirlər:) “Rəhman (Özünə) övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, (o mələklər) möhtərəm qullardır.","(Mələklər) Ondan qabaq danışmazlar, onlar ancaq Onun əmrini yerinə yetirərlər.","(Allah) onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər.","Onlardan (Mələklərdən) kimsə: “Mən Ondan başqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq.","Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?","Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar (istədikləri yerə) gedə bilsinlər deyə, orada geniş yollar saldıq.","Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.","Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Onların hər biri öz yolu ilə hərəkət edər.","Biz, səndən əvvəl də heç bir bəşərə əbədi həyat nəsib etmədik. Məgər sən öləcəksən, onlar dirimi qalacaqlar?!","Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!","Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək (bir-birinə): “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Rəhmanın öyüd-nəsihətini inkar edirlər.","İnsan tələskən yaradılmışdır. Mən ayələrimi sizə göstərəcəyəm. Tələsməyin.","Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.","Kaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər!","Əksinə, (Qiyamət) onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir.","Səndən əvvəlki elçilər də istehza edilmişdi. Onlara rişxənd edənləri (həmin o) istehza etdikləri şey məhv etdi.","De: “Gecə də, gündüz də sizi Rəhmandan (Onun əzabından) kim qoruya bilər?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər.","Yoxsa onları Bizdən qoruya biləcək məbudlarımı vardır? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də qoruna bilməzlər.","Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim, yer üzünə gəlib onu (bəzi) tərəflərindən əksiltdiyimizi (müsəlmanların fəthi və İslamın yayılması ilə kafirlərin torpaqlarını müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?!","De: “Mən sizi ancaq vəhy ilə (qabaqcadan) xəbərdar edirəm”. Karlar xəbərdar edilsələr də, çağırışı eşitməzlər.","Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, həqiqətən də, zalımlardan olmuşuq”– deyərlər.","Biz Qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə zülm edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz hesab çəkməyə bəs edərik.","Biz Furqanı Musaya və Haruna müttəqilərdən ötrü bir nur və öyüd-nəsihət olaraq verdik.","O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və Qiyamət saatından lərzəyə gəlirlər.","Bu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz?","Biz daha öncə İbrahimə də doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq.","Bir zaman o öz atasına və qövmünə: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi.","Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– dedilər.","(İbrahim) dedi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”.","Onlar dedilər: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”","(İbrahim) dedi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.","Allaha and olsun ki, siz dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!”","(Nəhayət İbrahim) bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.","Onlar dedilər: “İlahlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!”","(Bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər.","(Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər.","Onlar dedilər: “İlahlarımızı sənmi bu kökə saldın, ey İbrahim?”","(İbrahim) dedi: “Xeyr, bunu onların bu böyüyü etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun”.","Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımsınız”– dedilər.","Sonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”.","(İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız?","Yazıqlar olsun sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğrudanmı, siz dərk etmirsiniz?”","Onlar dedilər: “Əgər (bir şey) edəcəksinizsə, onu yandırın, ilahlarınıza kömək edin”.","Biz: “Ey od! İbrahim üçün sərin və salamat ol!”– dedik.","Onlar İbrahimə bir hiylə qurmaq istədilər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.","Biz onu da (İbrahimi də, qardaşı oğlu) Lutu da (zalımlardan) xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə (Şam torpağına) gətirdik.","Biz ona (İbrahimə) İshaqı və bir də Yəqubu bəxş edib və hər birini əməlisalehlərdən etdik.","Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız bizə ibadət edən kimsələr idi.","Biz Luta da hökmranlıq və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir qövm idilər.","Biz onu Öz mərhəmətimizə qovuşdurduq. Həqiqətən o, əməlisalehlərdən idi.","Nuhu da (yada sal)! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul edib, onu və onun ailəsini böyük qəm-qüssədən qurtardıq!","Ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım etdik. Doğrudan da onlar pis bir qövm idi. Odur ki, Biz onların hamısını suda boğduq.","Davudu və Süleymanı da (yada sal)! Bir zaman onlar bir qövmün qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik.","Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təsbih etmələri üçün ona ram etdik. Bunları Biz etdik.","Biz ona (Davuda) sizi (döyüşdə) qorumaq üçün zirehli geyim düzəltməyi öyrətdik. Heç siz şükür edirsinizmi?","Süleymana da güclü əsən küləyi ram etdik. Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Şama) tərəf əsərdi. Biz hər şeyi bilirik.","Şeytanlar arasından onun üçün (dəniz sularına dalıb) dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq.","Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə nida edərək demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”","Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.","İsmaili, İdrisi və Zülkifli də (yada sal)! Hamısı səbir edənlərdən idilər.","Biz onları mərhəmətimizə qovuşdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər.","Zün-Nunu (Yunusu) da (yada sal)! Bir zaman o qəzəbli halda (qövmündən ayrılıb) getmiş və onu sıxıntıya salmayacağımızı güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”","Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!","Zəkəriyyanı da (yada sal)! Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən xeyirlisisən!”","Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini onun üçün islah etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər.","İsmətini qoruyan (Məryəmi də yada sal)! Biz ona Öz ruhumuzdan (Cəbrail vasitəsilə) üfürdük, onu və onun oğlunu aləmlərə bir ayət etdik.","Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!","Lakin onlar dini öz aralarında parçalayıb (muvahid, müşrik, kafir və mömin olmaqla) dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.","Kim mömin olaraq saleh əməllər edərsə, onun zəhməti inkar olunmaz. Şübhəsiz ki, Biz onun üçün (əməllərini) yazırıq.","Məhv etdiyimiz bir məmləkət əhlinin (tövbə etməsi üçün yenidən dünyaya qayıtması) haram edilmişdir. Onlar (bir daha bu dünyaya) qayıtmayacaqlar.","Nəhayət, Yəcuc və Məcuc (səddi) açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman;","haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. (Onlar deyəcəklər:) “Vay halımıza! Biz bundan qafil idik. Xeyir, biz zalımlardan olmuşduq!”","(Ey kafirlər!) Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz (mütləq) ora girəcəksiniz.","Əgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar.","Onlar orada inildəyəcək və heç nə eşitməyəcəklər.","Əzəldən özlərinə ən gözəl aqibət yazılmış kimsələrə gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar.","Onlar onun (Cəhənnəmin) xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar.","Ən böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!”– deyəcəklər.","O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.","Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) Zəburda da yer üzünə Mənim əməlisaleh qullarımın varis olacaqlarını yazmışdıq.","Həqiqətən, bunda ibadət edən bir qövm üçün bir bildiriş vardır.","Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik.","De: “Mənə, ilahınızın yalnız tək bir İlah olduğu vəhy olunur. Siz müsəlman olacaqsınızmı?”","Əgər onlar üz döndərsələr, de: “(Mən bu dini) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm.","Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir.","Bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən vaxta qədər (bu dünyada) faydalanmağınız üçündür”.","(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”.","Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamət saatının zəlzələsi dəhşətli bir şeydir.","Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı şiddətlidir.","İnsanlar arasında, Allah barəsində elmsiz mübahisə edən və hər bir asi şeytanın ardınca gedən kimsələr də vardır.","Onun (Şeytanın) haqqında belə yazılmışdır; kim onunla (şeytanla) dostluq etsə, (şeytan) onu azdırar və alovlu Odun əzabına sürükləyər.","Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxta qədər saxlayırıq. Sonra sizi (oradan) uşaq olaraq çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və cürbəcür gözəl bitkilər bitirər.","Bunun səbəbi Allahın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir.","Qiyamət saatı gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir.","İnsanlar içərisində heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edənlər də vardır.","O, başını (təkəbbürlə) o yan-bu yana çevirir ki, (insanları) Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm atəşinin əzabını daddıracağıq.","(Ona deyiləcəkdir:) “Bu, (dünyada ikən) törətdiyin əməllərin cəzasıdır, yoxsa Allah qullarına əsla zülm edən deyildir”.","İnsanlardan eləsi də var ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir müsibət gəlsə, üz döndərib (küfrə) qayıdar. O (kimsə) dünyanı da itirər, axirəti də. Həqiqi zərər də elə budur.","O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə dua edir. Dərin azğınlıq da elə budur.","Həm də zərəri xeyrindən daha yaxın olana dua edir. O nə pis köməkçi, nə pis yoldaşdır!","Allah iman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər.","Kim Allahın, dünyada və axirətdə (Öz peyğəmbərinə) kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb (boynuna keçirsin), sonra da (ayağını yerdən) üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu (Allahın bu köməyinə) mane ola bilərmi?","Beləcə, Biz (Quranı) açıq-aydın ayələr olaraq nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldər.","Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, nəsranilər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir.","Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların bir çoxu isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər.","Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.","Bununla, onların bətnlərindəkiləri və dəriləri əridiləcəkdir.","Onlar üçün dəmir toppuzlar da vardır.","Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtulmaq istədikdə yenidən oraya qaytarılacaq (və onlara): “Dadın odun əzabını!”– (deyiləcəkdir).","Həqiqətən də, Allah iman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır.","Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər.","Kafir olanlara, (insanları) həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr – üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq.","Bir zaman Biz İbrahimə (müqəddəs) Evin yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”– (demişdik).","İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər.","Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, çarəsiz qalmış fəqirə də yedirdin!","Sonra kirlərini təmizləyərək (dırnaq kəsmək, saçını qırxmaq yaxud qısaltmaq və s.) həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə yetirsinlər və qədim Evi (Kəbəni) təvaf etsinlər.","Bu belədir, hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu) sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin;","ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Allaha şərik qoşan kimsə, göydən düşüb, quşların da onu alıb apardığı, yaxud küləyin onu sovurub uzaq bir yerə atdığı şeyə bənzər.","Bu belədir! Hər kim Allahın ayinlərinə hörmət edərsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır.","(Qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim Evin yaxınlığındadır.","Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;","o kəslərə ki, Allah anıldığı zaman qəlbləri qorxuya düşər, başlarına gələnlərə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər.","Biz qurbanlıq dəvələri də sizin üçün Allahın (dininin) ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. (Onları) səf-səf düzülmüş (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Qurbanlıq heyvanları sizə beləcə ram etdik ki, bəlkə şükür edəsiniz.","Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bunları sizə beləcə ram etdi. Sən yaxşılıq edənləri müjdələ!","Şübhəsiz ki, Allah iman gətirənləri (düşmənlərinin şərindən) qoruyar. Həqiqətən, Allah heç bir nankor xaini sevməz!","Zülmə məruz qaldıqlarına görə vuruşanlara (Allah yolunda döyüşməyə) izin verildi. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir.","Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.","Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işləri əmr edib, pis işləri qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.","Əgər səni yalançı saysalar, (bil ki,) səndən əvvəl Nuhun qövmü də, Ad və Səmud tayfası da (elçiləri) yalançı saymışdı.","İbrahim qövmü də, Lut tayfası da,","Mədyən əhli də (elçiləri yalançı saymışdı). Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir görəydin!","Neçə-neçə məmləkət olmuşdur ki, (əhalisi) zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyu və neçə-neçə boş qalmış qəsr də vardır.","Məgər onlar yer üzündə gəzib dolaşaraq (zalımların aqibətini) qəlbləri ilə düşünüb, qulaqları ilə eşitmirlər? Axı əslində gözlər deyil, sinələrdəki qəlblər kor olur.","Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!","Neçə-neçə məmləkətə, (əhalisi) zülm edərkən möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Dönüş də ancaq Mənədir!","De: “Ey insanlar! Mən sizə yalnız açıq-aydın xəbərdarlıq edənəm.","İman gətirib saleh əməllər edənər üçün bağışlanma və bol ruzi hazırlanmışdır.","Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər.","Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","(Belə edər ki,) şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan kimsələr üçün bır fitnəyə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.","Qoy elm verilən kəslər, bu (Kitabın) Rəbbin tərəfindən (göndərilmiş) həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.","Kafir olanlar isə Qiyamət saatı qəflətən onların başlarının üstünü alanadək yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək (Quran barəsində) şəkk-şübhə içində qalarlar.","O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib saleh əməllər edənlər Nəim cənnətlərində olacaqlar.","Kafir olub ayələrimizi yalan hesab edənlər üçün alçaldıcı bir əzab vardır.","Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır!","Allah onları razı qalacaqları yerə (Cənnətə) daxil edəcəkdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, həlimdir!","Bu belədir! Hər kim özünə verilən cəzanın eynisi ilə cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, (bilsin ki,) Allah ona mütləq yardım edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır!","Beləcə Allah gecəni gündüzə, gündüzü də gecəyə qatır. Allah Eşidəndir, Görəndir.","Bu belədir. Çünki Allah Haqdır. (müşriklərin) Ondan başqa dua etdikləri isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür.","Məgər Allahın göydən yağış yağdırdığını və (onunla) yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır.","Göylərdə və yerdə nə varsa hamısı Ona məxsusdur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir.","Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayır. Həqiqətən, Allah insanlara qarşı çox şəfqətlidir, rəhmlidir.","Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. İnsan, həqiqətən də, nankordur.","Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə mübahisə etməsinlər. Sən (onları) Rəbbinə (ibadət etməyə) dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.","Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir.","İxtilaf etdiyiniz məsələlər barəsində Allah Qiyamət günü aranızda hökmünü verəcəkdir”.","Məgər Allahın göydə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Həqiqətən, bu, Kitabda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır.","Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz.","Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan (nifrətinizdən və qəzəbinizdən) daha pisini xəbər verimmi? (Bu,) Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayıdış yeridir!”","Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa dua etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də acizdir, istənilən də!","Onlar (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!","Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir!","Allah onların keçmişini və gələcəyini bilir. Bütün işlər Allaha qayıdır.","Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız.","Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bunda (Quranda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!"]