["Möminlər, həqiqətən də, nicat tapmışlar;","o kəslər ki, namazlarında mütidirlər,","o kəslər ki, lağlağıdan üz çevirirlər,","o kəslər ki, zəkat verirlər,","o kəslər ki, övrət yerlərini qoruyurlar,","zövcələri və sahib olduqları cariyələr müstəsnadır. Onlar (buna görə) qınanmazlar.","Bundan artığına can atanlar isə həddi aşanlardır.","O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.","O kəslər ki, namazlarını vaxtlı-vaxtında qılırlar.","Məhz onlar – varis olanlardır.","O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar; onlar orada əbədi qalacaqlar.","Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq.","Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik.","Sonra nütfədən laxtalanmış qan yaratdıq; sonra o laxtalanmış qandan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sümüklər yaratdıq; sonra da sümükləri ət ilə örtdük; sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!","Bundan sonra siz mütləq öləcəksiniz.","Sonra da Qiyamət günü dirildiləcəksiniz.","Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatdan da xəbərsiz deyilik.","Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu aparmağa da qadirik.","Sonra həmin su ilə sizin üçün xurma və üzüm bağları yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır.","Biz Sina dağında bir ağac bitirdik ki, (barından) yeyənlərə həm yağ, həm də şirə verir.","Həqiqətən, heyvanlarda da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda bir çox faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.","Siz həm o heyvanların, həm də gəmilərin üstündə daşınırsınız.","Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”","Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.","Bu ancaq cinli bir adamdır. Odur ki, onu bir müddət gözləyin!”","O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə yardım et!”","Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman hər canlıdan bir cüt (erkək və dişi), barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər müstəsna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar (suya) qərq olunacaqlar.","Sən və səninlə bərabər olanlar, gəmiyə mindiyiniz zaman: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!”– de.","Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən yer verənlərin ən yaxşısısan!”","Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz (qullarımızı belə) sınağa çəkirik.","Biz onlardan sonra isə başqa bir nəsil yaratdıq.","Onlara özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”","Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir.","Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız.","O sizə, ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra (qəbirlərinizdən) çıxarılacağınızımı vəd edir?","Sizə vəd olunan (öldükdən sonra dirilmək) çox uzaqdır, çox uzaq!","Həyat, ancaq bizim bu dünya həyatımızdır. Ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik.","Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”.","O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymalarına qarşı mənə yardım et!”","(Allah) dedi: “Onlar tezliklə peşman olacaqlar!”","Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları (daşqının apardığı) çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar!","Biz onlardan sonra başqa-başqa nəsillər yaratdıq.","Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar.","Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyən qövm!","Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –","Firona və onun əyanlarına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan kimsələr idilər.","Onlar dedilər: “Qövmləri bizə kölə olduğu halda, bizim kimi iki insana inanacağıq?”","Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular.","Biz Musaya Kitab (Tövrat) verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər!","Biz Məryəm oğlunu və onun anasını (qüdrətimizə dəlalət edən) bir ayət etdik. Onları əlverişli bir yerdə, çeşmə axan uca bir yerdə yerləşdirdik.","Ey elçilər! Halal nemətlərdən yeyin və saleh əməllər edin! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!","Bu (İslam), vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun.","Lakin (insanlar) dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə yanında olanlarla sevinər.","(Ey Rəsulum!) Sən onları bir müddət öz cəhaləti içində burax!","Yoxsa (kafirlər) elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə","onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar (bunu) hiss etmirlər.","Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər,","Rəbbinin ayələrinə iman gətirənlər,","Rəbbinə şərik qoşmayanlar,","Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını (namazı, zəkatı, həcci, sədəqəni və s. başqa ibadətləri) qəlbləri qorxa-qorxa yerinə yetirənlər –","Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.","Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz.","Lakin onların qəlbi bundan (haqqı deyən bir Kitabdan) qafildir. Onların bundan əlavə etdikləri başqa (pis) əməlləri də vardır.","Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar.","(Onlara deyiləcək:) “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir yardım göstərməyəcəyik!”","Ayələrim sizə oxunurdu, siz isə arxanızı çevirirdiniz.","Həm də (Kəbə əhlisiniz deyə bununla özünüzü insanlardan üstün görərək) təkəbbürlük edir, gecələr (Kəbənin ətrafında toplanaraq Quran barədə) pis sözlər danışırdınız.","Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yoxsa onlara ulu babalarına gəlməyən bir şeymi gəldi?","Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər?","Yoxsa: “O cinlidir?”– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır.","Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.","Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir!","Şübhəsiz ki sən, onları doğru yola çağırırsan.","Axirətə inanmayanlar isə doğru yoldan azanlardır.","Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək, onlar (yenə öz) azğınlıqları içində sərgərdan gəzəcəklər.","Biz onları əzabla yaxaladıq, onlar yenə də öz Rəbbinə boyun əymədilər, (Ona) yalvarıb-yaxarmadılar.","Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.","Sizin üçün qulaqlar, gözlər və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.","Sizi yer üzündə yaradıb yayan Odur. Siz Onun hüzuruna həşir olunacaqsınız.","Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər (bunu) dərk etmirsiniz?","Xeyr, onlar da əvvəlkilərin dedikləri kimi dedilər.","Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?”","Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir.","De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimə məxsusdur?”","Onlar: “Allahındır!”– deyəcəklər. De: “Elə isə düşünüb ibrət almırsıniz?”","De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Sahibi kimdir?”","Onlar: “Allahdır!”– deyəcəklər. De: “Elə isə (Allahdan) qorxmursunuz?”","De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”","Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”","Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!","Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı (ibadətə layiq olan) heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.","O, qeybi və aşkarı biləndir. Allah (müşriklərin) Ona qoşduqları şəriklərdən ucadır.","De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə,","məni zalım qövmün içində qoyma, ey Rəbbim!”","Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik.","Sən pisliyi yaxşılıqla dəf et. Biz onların vəsf etdikləri sifətləri (Allaha şəriklər qərar verdiklərini və ya sənin barəndə dediklərini) daha yaxşı bilirik.","De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!","Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”","Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.","Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (həyatı) vardır.","Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.","(O gün) tərəziləri ağır gələnlər nicat tapacaqlar.","Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar.","Od onların üzünü yandıracaq və onlar orada (dodaqları əzabdan qıc olub) dişləri ağarmış bir halda qalacaqlar.","Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi?","Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir qövm olduq.","Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də (günah işlərə) qayıtsaq, həqiqətən biz, zalımlardan olarıq”.","(Allah) buyuracaq: “Orada zəlil vəziyyətdə qalın və Mənə heç nə deməyin!","Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”– deyirdilər.","Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.","Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!”","Allah (kafirlərdən): “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaqdır.","Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan (mələklərdən) soruş”– deyəcəklər.","Allah deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz!","Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?”","Haqq Hökmdar olan Allah (hər şeydən) ucadır! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. O, dəyərli Ərşin Rəbbidir.","Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!","De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”","(Bu,) Bizim nazil edib (sizə) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız.","Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun.","Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Bu, möminlərə haram edilmişdir.","İsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir.","Ancaq bundan sonra tövbə edib özlərini islah edənlər müstəsnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.","Arvadlarını (zinada) günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutmasıdır.","Beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”– (deməsidir).","Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər.","Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allahın ona (o qadına) qəzəbi tutsun!”– deməlidir.","Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı (yalan danışanlara cəzanı dərhal verərdi). Allah tövbələri qəbul edəndir və hikmət sahibidir.","Şübhəsiz ki, (Aişə barəsində) yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.","Kaş ki bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı zənndə olub: “Bu, açıq-aydın bir böhtandır!”– deyərdilər.","Kaş ki buna dair dörd şahid gətirsəydilər. Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.","Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.","O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır.","Kaş ki onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. (Ey Allah!) Sən pak və müqəddəssən! Bu, böyük bir böhtandır!”– deyəydiniz.","Əgər möminsinizsə, (bilin ki,) Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir.","Allah ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Möminlər arasında əxlaqsızlığın yayılmasını istəyən kimsələr üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.","Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı (yaydığınız şayiələrə görə sizi məhv edərdi). Həqiqətən Allah şəfqətlidir və rəhmlidir.","Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir.","Sizlərdən fəzilət və sərvət sahibi olanlar qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.","İsmətli, (zinadan) xəbəri olmayan mömin qadınlara (zinada ittiham edərək) böhtan atanlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir –","Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.","O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər.","Pis qadınlar pis kişilərə, pis kişilər isə pis qadınlara, eləcə də yaxşı qadınlar yaxşı kişilərə, yaxşı kişilər də yaxşı qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.","Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən daxil olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız.","Əgər orada heç kəsi tapmasanız, sizə izin verilməyincə ora girməyin. Sizə: “Qayıdın!”– deyilsə, qayıdın. Bu sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir.","İçərisində əşyanız olan, yaşayış olmayan evlərə (icazəsiz) daxil olmaq sizə günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.","Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.","Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirmiş kişi xidmətçilərdən, yaxud qadınların ayıb yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.","Aranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü) geniş olandır, (hər şeyi) biləndir.","Qoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən köləlikdən azad olması üçün bədəl vermək) istəyənlərlə – əgər onlarda bir xeyir görürsünüzsə – onlarla mükatəbə edin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları (bu işə) məcbur etsə, (bilsin ki,) onlar məcbur edildikdən sonra Allah (onları) bağışlayar və (onlara) rəhm edər.","Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.","Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı, özünə od toxunmasa da, sanki işıq saçır. (Bu,) nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün məsəllər çəkir. Allah hər şeyi biləndir.","(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. (Mömin kişilər) orada səhər-axşam Ona təriflər deyirlər.","O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar.","(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyini hesabsız ruziləndirər.","Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. Allah da onun (əməllərinin) hesabını layiqincə verər. Allah tez haqq-hesab çəkəndir.","Yaxud (onların əməlləri) dərin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də (başqa) bir dalğa örtər; onun da üstündə bir bulud var; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz.","Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini biləndir.","Göylərin və yerin mülkü Allaha məxsusdur. Dönüş də Allahadır.","Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.","Allah gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.","Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.","Biz açıq-aydın ayələr nazil etdik. Allah istədiyini doğru yola yönəldər.","(Münafiqlər:) “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!”– deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər.","Aralarında hökm vermək üçün Allaha və Onun Elçisinə çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir.","Əgər haqq onların tərəfində olsaydı, itaət edərək onun yanına gələrdilər.","Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar.","Aralarında hökm vermək üçün Allaha və Onun Elçisinə çağırıldıqda möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!”– demələri oldu. Nicat tapanlar da məhz onlardır.","Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz onlar uğur qazananlardır.","(Münafiqlər) Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) çıxacaqlar. De: “And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”.","De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, (bilin ki,) o, ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğ etməkdir.","Allah sizlərdən iman gətirib saleh əməllər edənlərə, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcəyinə, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcəyinə və onların qorxusunu sonra əminliklə əvəz edəcəyinə vəd vermişdir. Onlar Mənə ibadət edər və heç bir şeyi Mənə şərik qoşmazlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.","Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm edilsin.","Kafirlərin yer üzündə (Allahdan) yaxa qurtara biləcəklərini zənn etmə. Onların gedəcəkləri yer Oddur. Ora nə pis dönüş yeridir!","Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu) sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmaqda nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Uşaqlarınız da həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilər (yanınıza daxil olmaq üçün) izin istədikləri kimi izin istəsinlər. Allah ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara zinətlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah eşidəndir, biləndir.","Kora, çolağa, bir də xəstəyə (cihadda iştirak edə bilmədiyinə görə) günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, bəlkə başa düşəsiniz.","Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda ondan izin almadan heç yerə getməzlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.","Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.","Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu bilir. Allah (məxluqatın) Onun hüzuruna qaytarılacaqları gün onlara (dünyada) nə etdikləri barədə xəbər verəcəkdir. Allah hər şeyi biləndir.","Aləmləri xəbərdar etməsindən ötrü quluna Furqanı nazil edən Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!","Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə oğul götürməmişdir, mülkündə də heç bir şəriki yoxdur. O, hər şeyi xəlq etmiş və ona münasib bir biçim vermişdir.","(Kafirlər) Allahı qoyub heç bir şey yarada bilməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud qəbul etdilər.","Kafirlər: “Bu, (Muhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqaları da kömək etmişlər”– dedilər. Beləcə, onlar zülmə və iftiraya yol verdilər.","Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları (başqasına) yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur”– dedilər.","De: “Onu (Quranı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”","Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?","Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər.","Gör sənə aid necə misallar çəkdilər! Onlar (haqq yoldan) azdılar və bir daha o yolu tapa bilməyəcəklər!","İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!","Xeyr, onlar Qiyamət saatını da yalan saydılar. Biz də Qiyamət saatını yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.","O (Cəhənnəm) onları uzaqdan görüncə (kafirlər) onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər.","Onlar əlləri boynunda bağlı halda (Cəhənnəmin) dar bir yerinə atıldıqları zaman ölüm diləyəcəklər.","(Onlara deyilər:) “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”","De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən əbədiyyət cənnəti?”","Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü (və yerinə yetirilməsi) arzu olunan bir vəddir.","O gün Allah onları və onların Allahdan başqa ibadət etdiklərini məhşərə cəm edərək deyəcək: “Mənim bu qullarımı (haqq yoldan) sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”","Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri (Quranı, öyüd-nəsihəti) də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir qövmə çevrildilər”.","(Kafirlərə deyiləcək:) “Onlar sizin dediklərinizi yalan hesab etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edə bilər, nə də başqa bir əlac tapa bilərsiniz. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”.","Səndən öncə göndərdiyimiz elçilərimiz də yemək yeyər, bazarları gəzib dolaşardılar. Biz sizin bəzilərinizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir."]