["Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.","Mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaq. (Mələklər) deyəcəklər: “(Cənnətə girməyiniz) haramdır, haram!”","Biz onların etdikləri (yaxşı) əməllərə nəzər saldıq və onları (havada) sovrulmuş toz dənəciklərinə çevirərik.","O gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır.","O gün göy (bəyaz) buludla parçalanacaq və mələklər yerə endiriləcək.","O gün (qiyamət günü) həqiqi mülk ancaq Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaq.","O gün zalım kimsə barmaqlarını dişləyərək deyəcək: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!","Vay halıma! Kaş ki mən, filankəsi özümə dost tutmayaydım!","Çünki Zikr (Quran) mənə gəldikdən sonra o məni ondan (Qurandan) uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.","Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək.","Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı olaraq Rəbbin sənə yetər.","Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik.","Onlar sənə elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.","Cəhənnəmə üzüstə sürüklənəcək kimsələr – məhz onlar yerləri ən pis olan, (haqq) yoldan ən çox azan kimsələrdir.","Biz Musaya Kitabı (Tövratı) verdik və qardaşı Harunu da ona köməkçi etdik.","(Onlara:) “Ayələrimizi yalan sayan bir qövmün yanına gedin!”– dedik. Sonra Biz onları (o qövmü) yerli-dibli yox etdik.","Biz Nuh qövmünü də elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.","Biz Adı da, Səmudu da, Rəss əhlini də və onların arasında olan bir çox nəsilləri də (məhv etdik).","Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik.","(Məkkə müşrikləri) bəla yağmuru düşüb (viran qalmış) diyarın yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə inanmırlar.","Onlar səni gördükdə ancaq sənə lağ edib (belə deyirlər): “Budurmu Allahın elçi göndərdiyi kəs?","Əgər biz məbudlarımıza ibadətdə səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını biləcəklər.","Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkilmi olacaqsan?","Yoxsa sən onların çoxunun eşidəcəyini və ya anlayacağını zənn edirsən? Onlar heyvan kimidirlər, bəlkə, ondan da (heyvandan da) daha çox haqq yoldan azmışlar.","Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər Allah istəsəydi, onu hərəkətsiz bir halda saxlayardı. Sonra Biz günəşi ona dəlil etdik (kölgənin varlığını günəşə bağlı etdik).","Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik.","Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də (ruzi qazanasız deyə) canlanma vaxtı edən Odur.","Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,","onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvana və neçə-neçə insana ondan içirdək.","Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədi.","Əgər istəsəydik, hər məmləkətə xəbərdarlıq edən bir peyğəmbər göndərərdik.","Kafirlərə baş əymə və onlara qarşı (Quranla) böyük bir cihad et!","Birinin suyu olduqca şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.","Sudan insan yaradan, sonra onu nəsəb və qohum-əqraba sahibi edən Odur. Rəbbin (hər şeyə) Qadirdir.","Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə ibadət edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir.","Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən olaraq göndərdik.","De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Ancaq sizdən kim Rəbbinə tərəf aparan doğru yol tutmaq istəyərsə (qoy tutsun)”.","Sən, Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun qullarının günahlarından xəbərdar olması kifayətdir.","O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşin üzərinə ucaldı. O, Rəhmandır. Bunu biləndən (Allah və ya Cəbraildən) soruş!","Onlara: “Rəhmana səcdə edin!”– deyildikdə: “Rəhman nədir? Sənin bizə əmr etdiyinə səcdəmi edəcəyik?”– deyərlər. Bu da onların nifrətini artırar.","Səmada bürcləri var edən və orada günəş və nurlu bir ay yaradan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır.","Xatırlamaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən də Odur.","Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdqda: “Salam (xoş söz)!”– deyib keçərlər.","Onlar gecəni Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.","Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq et. Doğrusu, onun əzabı daimidir.","Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!”","Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.","Onlar Allahla yanaşı başqa məbuda dua etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər. Kim bunu (və ya bunlardan birini) edərsə cəzaya məruz qalar.","Qiyamət günü onun əzabı qat-qat artırılar və onun (əzabın) içində zəlil olaraq əbədi qalar.","Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!","Kim tövbə edib saleh əməl edərsə, o, tövbəsi qəbul edilmiş olaraq Allaha tərəf dönər.","Onlar yalana şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan vüqarla ötüb keçərlər.","Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.","Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzün nuru olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”– deyərlər.","Onlar səbir etdiklərinə görə (Cənnətdə olan) yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua və salamla qarşılanacaqlar.","Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır!","De: “Əgər duanız (ibadətiniz) olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (haqqı) yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”","Ta. Sin. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Bunlar aydın Kitabın ayələridir.","Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?","Biz istəsəydik, göydən onlara elə bir ayə göndərərdik ki, onlar da Ona itaətkarlıqla boyun əyərdilər.","Rəhmandan onlara yeni bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.","Onlar (ayələri) təkzib etdilər. İstehza etdiklərinin xəbəri onlara yetişəcəkdir.","Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?","Həqiqətən də, bunda bir ayə vardır. Lakin onların əksəriyyəti mömin olmadı.","Şübhəsiz ki, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.","Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –","Firon qövmünün yanına! Onlar qorxmurlarmı?”","(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,","(belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər.","Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.","(Allah) dedi: “Xeyr, (bu mümkün deyil!) İkiniz də ayələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.","Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!","İsrail oğullarını bizimlə göndər!”","(Firon) dedi: “Biz səni körpə ikən (himayəmizə alıb) böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?","Elədiyin (pis) əməli də elədin (Qibtini öldürdün). (Doğrudan da,) sən bir nankorsan!”","(Musa) dedi: “Mən onu edərkən nadanlardan olmuşam.","Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Sonra Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.","Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etdiyinə görədir”.","Firon dedi: “Aləmlərin Rəbbi nədir?”","(Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”","Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”","(Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”","(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”","(Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”","(Firon) dedi: “Əgər məndən başqa məbud qəbul etsən, səni zindana atılanlardan edəcəm!”","(Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey gətirsəm necə?”","(Firon) dedi: “Əgər doğru danışanlardansansa, gətir onu!”","(Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.","Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.","(Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!","O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”","Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,","bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.","Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.","İnsanlara deyildi: “Siz də yığışırsınızmı?","Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.","Sehrbazlar gələn kimi Firona: “Əgər qalib gəlsək, bizə bir mükafat veriləcəkmi?”– dedilər.","(Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”.","Musa onlara: “Nə atacaqsınızsa, atın!”– dedi.","Onlar iplərini və əsalarını (yerə) atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.","Musa əsasını (yerə) atdı və əsa onların uydurduqları şeyləri uddu.","Sehrbazlar səcdəyə qapandılar","və dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik –","Musanın və Harunun Rəbbinə!”","(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.","Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.","Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.","Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– (deyə) vəhy etdik.","Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.","(O dedi:) “Bunlar kiçik bir dəstədir.","Onlar bizi qəzəbləndirmişlər.","Biz hamımız ayıq-sayıq olmalıyıq.”","Biz (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;","xəzinələrdən və gözəl yerlərdən də (uzaqlaşdırdıq).","Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.","Günəş üfüqdən qalxarkən (Firon öz əsgərləri ilə) onları təqib etməyə başladılar.","İki dəstə bir-birini görüncə Musanın əshabı: “Biz yaxalanacağıq!”– dedilər.","(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”","Biz Musaya: “Əsanla dənizə vur!”– (deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.","O birilərini (Firon və əsgərlərini) də ora yaxınlaşdırdıq.","Musa və onunla birlikdə olanların hamısını xilas etdik.","O birilərini (Firon və əsgərlərini) isə suya qərq etdik.","Şübhəsiz ki, bunda (bu hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.","Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.","Onlara İbrahimin əhvalatını da oxu.","Bir zaman o öz atasına və qövmünə: “Nəyə ibadət edirsiniz?”– demişdi.","Onlar: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”– dedilər.","O dedi: “Onlara dua etdiyiniz zaman sizi eşidirlərmi?","Yaxud sizə xeyir və ya zərər verirlərmi?”","Onlar: “Xeyr, (amma) biz öz atalarımızın belə etdiklərini gördük”– dedilər.","O dedi: “Siz nəyə ibadət etdiyinizi düşündünüzmü –","həm siz, həm də ulu babalarınız?","Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.","(O Rəbb ki,) məni yaratmış və məni doğru yola yönəltmişdir;","(O Rəbb ki,) məni yedirdir və içirdir;","(O Rəbb ki,) xəstələndiyim zaman mənə şəfa verir;","(O Rəbb ki,) məni öldürəcək, sonra dirildəcəkdir;","(O Rəbb ki,) Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.","Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!","Sonra gələnlər arasında (həmişə yad edilim deyə) mənə yaxşı ad qismət elə!","Məni Nəim cənnətinin varislərindən et!","Atamı bağışla! Çünki o, azmışlardandır.","(İnsanların) dirildiləcəyi gün məni rüsvay etmə!","O gün, nə var-dövlət, nə də oğul-uşaq fayda verər.","Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”","(O gün) Cənnət müttəqilərə yaxınlaşdırılar.","Cəhənnəm də azğınlara göstərilər.","Onlara deyilər: “Hanı sizin ibadət etdikləriniz –","Allahdan başqa (pənah apardıqlarınız?) Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”","Onlar azğınlarla birlikdə (Cəhənnəmə) atılarlar,","İblisin bütün əsgərləri də, (həmçinin).","Onlar orada höcətləşərək deyərlər:","“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –","o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.","Bizi ancaq günahkarlar azdırdı.","İndi isə bizim nə şəfaətçilərimiz,","nə də (bizə) canıyanan bir dostumuz var!","Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”","Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.","Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.","Nuh qövmü də elçiləri yalançı saydı.","O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?","Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.","Allahdan qorxun və mənə itaət edin.","Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.","Allahdan qorxun və mənə itaət edin!”","Onlar: “Sənə ən rəzil kimsələr tabe olduğu halda biz sənə inanarıqmı?”– dedilər.","(Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!","Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!","Mən iman gətirənləri qovan deyiləm.","Mən yalnız açıq-aşkar bir qorxudanam”.","Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”.","(Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.","Mənimlə onların arasında hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”","Biz onu və onunla birlikdə olanları (insan və hevyanlarla) yüklənmiş gəmidə xilas etdik.","Sonra qalanları isə suya qərq etdik.","Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.","Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.","Ad tayfası da elçiləri yalançı saydı.","O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?","Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.","Allahdan qorxun və mənə itaət edin!","Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.","Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?","Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?","(Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınız?","Allahdan qorxun və mənə itaət edin!","Bildiyiniz nemətləri sizə verəndən qorxun.","O sizə heyvanat və oğul-uşaq verdi,","(üstəlik) bağlar və çeşmələr də əta etdi.","Mən sizə üz verəcək böyük günün (Qiyamət gününün) əzabından qorxuram”.","Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.","Bu, yalnız əvvəlkilərin adətidir.","Biz əzaba düçar olan da deyilik”.","(Qövmü) onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.","Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.","Səmud tayfası da elçiləri yalançı saydı.","O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?","Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.","Allahdan qorxun və mənə itaət edin.","Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.","Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?","Bağlar və bulaqlar içində,","əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız?)","Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?","Allahdan qorxun və mənə itaət edin!","Həddi aşanların əmrinə tabe olmayın.","O kəslər ki, yer üzündə fəsad törədər və islah etməzlər”.","Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən.","Sən də bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir ayə gətir”.","(Saleh) dedi: “(Ayə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o su içməli, bir gün də siz su içməlisiniz).","Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.","Onlar dəvəni kəsdilər, sonra da peşman oldular.","Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.","Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.","Lut qövmü da elçiləri yalançı saydı.","O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?","Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.","Allahdan qorxun və mənə itaət edin!","Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.","Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir","və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan bir qövmsünüz”.","Onlar dedilər: “Ey Lut! Əgər (dəvətinə) son qoymasan, mütləq qovulanlardan olacaqsan!”","O dedi: “Mən sizin əməlinizə nifrət edənlərdənəm.","Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”","Biz onu və bütün ailəsini xilas etdik.","Geridə qalanlar arasındakı yaşlı qadından (Lutun zövcəsindən) başqa.","Sonra da o birilərini məhv etdik.","Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis imiş!","Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.","Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.","Əykə əhli də elçiləri yalançı saydı.","O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?","Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.","Allahdan qorxun və mənə itaət edin!","Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.","Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.","Düz tərəzi ilə çəkin.","İnsanların haqqını əksiltməyin və yer üzündə fitnə-fəsad yayaraq pis işlər görməyin.","Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”","Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən.","Sən də bizim kimi bir insansan. Biz səni yalançılardan (biri) hesab edirik.","Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.","(Şueyb) dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.","Onlar isə onu (Şüeybi) yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.","Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.","Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.","Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbindən nazil edilmişdir.","Onu sadiq ruh (Cəbrail) endirdi –","sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.","(Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).","Şübhəsiz ki, o (Quran), əvvəlki ümmətlərin kitablarında (Tövratda və İncildə) də zikr edilmişdir.","Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri onlar üçün bir əlamət deyilmi?!","Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik","və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.","Biz (küfrü) günahkarların qəlbinə belə saldıq.","Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.","O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.","Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”","Onlar əzabımızın tez gəlməsini istəyirlər?","Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,","sonra vəd olunduqları (əzab) onlara yetişsə,","onlara nəsib olmuş firavanlıq, (əzabımızı) onlardan dəf edə bilməz.","Biz heç bir məmləkəti ora xəbərdar edənlər göndərmədən məhv etmədik.","(Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!","Onu (Quranı) şeytanlar endirmədi.","Onlar buna layiq deyillər və heç (bunu) bacarmazlar da.","Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.","Odur ki, Allahla yanaşı başqa bir ilaha dua etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.","Ən yaxın qohumlarını qorxut!","Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!","Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”","Qüdrətli və Rəhmli olana təvəkkül et!","O səni (namaza) duranda da görür,","səcdə edənlər içində hərəkətinidə.","Həqiqətən də, O, Eşidəndir, Biləndir!","Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?","Onlar hər bir yalançıya və günahkara (kahinə) nazil olarlar.","(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!","Şairlərə gəldikdə isə, onlara ancaq azmışlar uyar.","Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)","və etmədikləri şeylərdən danışırlar?","Yalınz iman gətirib saleh əməllər edən, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra (İslam dinini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.","Ta. Sin.[1] Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir.###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Möminlərə doğru yol göstəricisi və bir müjdədir.","O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.","Həqiqətən, Axirətə iman gətirməyənlərin (pis) əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar (azğınlıqları üzündən heç nə anlamadan yer üzündə) şaşqınlıq içindədirlər.","Onlar əzabı ağır olacaq kimsələrdir. Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.","Həqiqətən, Quran sənə, Müdrik və Bilən Allah tərəfindən təlqin edilir.","Bir zaman Musa öz ailəsinə: “Mən bir od gördüm. (Qoy gedib) ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız”– demişdi.","(Musa) oraya gəlib çatanda ona nida gəldi: “Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!","Ey Musa! Qüdrətli və Hikmətli olan Allah Mənəm!","Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. (Allah dedi:) “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.","Ancaq kim zülm edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, (bilsin ki,) Mən Bağışlayanam, Rəhmliyəm!","Əlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Firona və onun qövmünə göndərilən doqquz ayədən biri budur. Həqiqətən, onlar fasiq bir qövmdür!”","Ayələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər.","Buna yəqinliklə inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!","Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”","Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, açıq-aşkar üstünlükdür”.","Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar (müntəzəm şəkildə) yerbəyer edildilər.","Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”.","(Süleyman) qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə, həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməli etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”","(Süleyman) quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o burada yoxdur?","Ya ona şiddətli bir əzab verəcəm, ya onun boğazını üzəcəm, ya da mənə aşkar bir dəlil gətirəcək”.","Çox keçmədən (hüdhüd) gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirdim.","Mən onlara hökmdarlıq edən, özünə hər şey verilmiş və çox böyük taxtı olan bir qadın gördüm.","Mən onun və qövmünü Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.","Göylərdə və yerdə gizli olanı aşkara çıxaran, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər deyə (şeytan onları yoldan çıxarmışdır).","Böyük Ərşin Rəbbi olan Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur”.","(Süleyman) dedi: “Baxacağıq görək doğru deyirsən, yoxsa yalançılardansan.","Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!”","(Qadın) dedi: «Ey əyanlar! Mənə çox hörmətli bir məktub atıldı.","O (məktub) Süleymandandır və (onda deyilir:) “Mərhəmətli və Rəhmli Allahın adı ilə!","Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”»","(Qadın) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən sizinlə məsləhətləşmədən heç bir qəti qərar vermərəm”.","Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün düşün!”","(Qadın) dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman oranı viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər.","Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar.","(Elçilər) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz.","Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!”","(Süleyman) dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”","Cinlərdən olan (çox qüvvətli birisi) ifrit dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”","Kitabdan bilgisi olan birisi isə belə dedi: “Mən onu sənə gözünü yumub açmadan öncə gətirərəm!” (Süleyman o) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görsün şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki,) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil, Səxavətlidir!”","(Süleyman) dedi: “Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, yoxsa tanımayanlardan olacaq?”","Qadın gəldikdə ona: “Taxtın bu cürdürmü?”– deyildi. O dedi: “Deyəsən odur!” (Süleyman dedi:) “Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!”","Allahdan başqa tapındığı şeylər o qadını (tövhiddən) yayındırmışdır. Çünki o, kafir bir qövmdən idi.","Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!”","Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (elçi) göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə (möminlərə və kafirlərə) bölündülər.","O dedi: “Ey qövmüm! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Kaş ki Allahdan bağışlanmağınızı diləsəydiniz. Ola bilsin ki, sizə rəhm oluna”.","Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Siz sınağa çəkilən bir qövmsünüz”.","Şəhərdə doqquz kişi var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər.","Onlar dedilər: “Öz aranızda Allaha and için ki, gecə ona və ailəsinə basqın edib (onları) öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”.","Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər.","Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün qövmləri ilə birlikdə yerlə yeksan etdik.","Zülmləri üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən bir qövm üçün ibrət vardır.","İman gətirib (Allahdan) qorxanları isə xilas etdik.","Lutu da (yada sal). Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz?","Siz qadınları qoyub şəhvətlə kişilərəmi yaxınlaşacaqsınız? Xeyir, siz cahil bir qövmsünüz!”"]