["Səfeh kimsələr deyəcəklər: “Müsəlmanları üz tutduqları qiblədən döndərən nədir?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldər!”","Beləliklə, siz insanlara şahid olasınız, peyğəmbər də, sizə şahid olsun deyə Biz sizi orta bir ümmət etdik. Biz, sənin əvvəl üz tutduğun qibləni, Allah rəsulunun ardınca gedənləri, ondan üz döndərənlərdən ayır etmək üçün təyin etdik. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqa hamıya ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı çox şəfqətlidir, rəhmlidir.","Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, səni razı qalacağın qibləyə tərəf yönəldəcəyik. Artıq üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa, olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun özlərinin Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən qafil deyildir.","Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də, onların qibləsinə üz tutan deyilsən. Onların özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə tabe olasn, onda sən də, heç şübhəsiz ki, zalımlardan olarsan.","Kitab verdiyimiz kəslər Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Buna rəğmən onlardan bir dəstə bilə-bilə haqqı gizlədir.","Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma!","Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuzsa olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.","Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Həqiqətən, bu, sənin Rəbbindən gələn haqdır! Allah sizin etdiklərinizdən qafil deyildir.","Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin ki, insanlar arasındakı zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də, sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz.","Həmçinin, öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə, bilmədiklərinizi sizə öyrədən bir rəsul göndərdik.","Elə isə siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə qarşı nankor olmayın!","Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!","Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) hiss etmirsiniz.","Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənləri müjdələ.","O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və biz yalnız Ona qayıdacağıq!”– deyirlər.","Onlara öz Rəbbi tərəfindən məğfirət və rəhmət vardır. Məhz onlar doğru yolda olanlardır.","Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir. Kim (müqəddəs) Evi həcc və ya ümrə (məqsədi ilə) ziyarət edərsə, bu iki (dağ arasında) səy etməsində ona heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, (bilsin ki), Allah şükrün əvəzini verəndir, (hər şeyi) biləndir.","Kitabda insanlara bəyan etdikdən sonra, nazil etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bilənlər lənət oxuyarlar!","Yalnız tövbə edənlər, (əməllərini) islah edənlər və (haqqı) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!","Küfr edib kafir olaraq ölən kəslərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!","Onlar bu (lənətin) içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz.","Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur, O, Mərhəmətlidir, Rəhmlidir.","Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) növbənöv heyvanları (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.","İnsanlardan elələri də var ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da, Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı görəcəkləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini biləydilər.","Tabe olunmuş (başçılar) tabe olanlardan uzaqlaşacaqları zaman, (hamısı) əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir.","Tabe olanlar deyəcəklər: “Kaş, bizim üçün (dünyaya) dönüş olaydı, (indi) onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə, Allah onlara özlərinin əməllərini göstərəcək və onlar (heç vaxt Cəhənnəm) odundan çıxa bilməyəcəklər.","Ey insanlar! Yer üzündə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.","O sizə yalnız pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.","Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolla gedəcəyik!”– deyirlər. Bəs ataları heç bir şey anlamamış və doğru yolda olmamışlarsa, onda necə?!","Kafirlərin (və onları haqqa çağıran kimsənin) məsəli, çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayan (çobanın) məsəlinə bənzəyir. (Onlar) kar, lal və kordurlar. Odur ki, (haqqı) anlamazlar.","Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin! Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!","O sizə yalnız leşi, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilmiş heyvanı haram etmişdir. Hər kim təcavüz etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah sayılmaz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir.","Şübhəsiz ki, Allahın nazil etdiyi kitabdan (bir şey) gizlədib onun müqabilində cüzi miqdarda qazanc əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.","Onlar doğru yol qarşılığında azğınlığı, bağışlanma qarşılığında isə əzabı satın alan kimsələrdir. Onlar (Cəhənnəm) oduna necə də səbirlidirlər!","Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, (haqdan) uzaq bir ziddiyyət içindədirlər.","Yaxşı əməl heç də üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, (hər bir səmavi) kitaba və peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə xərcləyən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə, döyüş zamanı səbir edən şəxslərdir. Onlar (imanlarında) doğru olanlardır. Müttəqi olanlar da, elə məhz onlardır.","Ey iman gətirənlər! Öldürülən şəxsə görə qisas almaq sizə vacib edildi. (Odur ki,) azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil öldürdüyü) qardaşının (varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda (varislər onunla) insafla davranmalı, (qatil də, qanbahasını) gözəl tərzdə ödəməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngüllük və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır.","Qisasda sizin üçün həyat vardır. Ey ağıl sahibləri! Bəlkə (bununla Allahdan) qorxasınız.","Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi varidatdan müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. (Bu,) müttəqilər üçün bir borcdur.","Kim (ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!","Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib (tərəflərin) arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir!","Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (Allahdan) qorxasınız.","(Oruc) sayı müəyyən olan günlərdir. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir.","İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Qoy sizlərdən bu aya yetişən kəslər həmin ayı oruc tutsunlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik istəməz, (əksinə), sizin üçün asanlıq istəyər. Allah istəyir ki, siz (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.","Əgər qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən (onlara) yaxınam, Mənə dua edənin duasını qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə (bununla) doğru yola yönəlsinlər.","Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin (oruc gecələrində qadınlarınızla yaxınlıq etməklə) özünüzə xəyanət etdiyinizi bildi və tövbənizi qəbul edib sizi bağışladı. Artıq onlara yaxınlaşın və Allahın sizin üçün (əzəldən) təqdir etdiyini istəyin. Dan yeri söküləndə, ağ sapın qara sapdan seçildiyi sizə aydın olanadək yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın hüdudlarıdır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar.","Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə, hakimləri ələ almağa çalışmayın.","Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir.” Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan kəsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.","Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevməz.","Onları (müşrikləri) harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidulharamın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, (bu zaman) onları öldürün. Kafirlərin cəzası belədir.","Əgər onlar bu (savaşa) son qoysalar, əlbəttə ki, Allah bağışlayandır, rəhmlidir!","Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun! Əgər onlar (savaşa) son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur.","Haram ay, haram ay qarşılığındadır. Toxunulmazlığı pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.","(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevər.","Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizə (ziyarət etməyə) maneçilik törətsələr, müyəssər olan bir qurban kəsin. Qurbanlıq (heyvan) öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən kim xəstə olarsa və ya başında ona əziyyət verən bir şey varsa, fidyə olaraq, ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əminlik içində olduğunuz təqdirdə isə həcc vaxtına qədər ümrədən faydalanan kəs müyəssər olan bir qurban kəsməlidir. Qurbanlıq (heyvan) tapmayanlar isə həcc əsnasında üç gün, (vətəninə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdırlar. Bu da, tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.","Həcc (ziyarəti) məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc (ziyarəti) əsnasında (qadınıyla) yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Həqiqətən də, ən xeyirli azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!","(Həcc vaxtı) Rəbbinizdən lütf diləmək (ticarət etmək) sizə günah deyildir. Ərəfatdan qayıdarkən, Məşərulharamda Allahı zikr edin! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Sözsüz ki, bundan əvvəl siz azmışlardan idiniz.","Sonra insanların gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanma diləyin! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.","(Həcc) ibadətlərinizi bitirdikdə, (vaxtilə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da qüvvətli şəkildə Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə (verəcəyini) elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.","Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi (Cəhənnəm) odunun əzabından qoru!”– deyənlər də vardır.","Məhz onlar üçün qazandıqları (əməllərə) görə mükafat vardır. Allah tez haqq-hesab çəkəndir.","Sayı müəyyən olan günlərdə Allahı yad edin. Kim iki gün ərzində (ayinləri yerinə yetirib Minadan) tez çıxarsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz. Bu, müttəqilərə aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanacaqsınız.","İnsanlardan eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Halbuki, o, ən qatı mübahisəçidir.","O, dönüb getdikdə, yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevməz.","Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu (daha da) günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis məkandır!","İnsanlardan eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı çox şəfqətlidir.","Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.","Sizə açıq-aydın dəlillər gəldikdən sonra (haqq yoldan) çıxsanız, bilin ki, Allah qüdrətlidir, hikmət sahibidir.","Yoxsa onlar Allahın bulud kölgələri içində, üstəlik, mələklərin də gəlməsini və işin bitmiş olmasını gözləyirlər?! (Bütün) işlər Allaha qaytarılacaqdır.","İsrail oğullarından soruş ki, Biz onlara nə qədər açıq-aydın dəlillər göndərdik. Kim özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirərsə, (bilsin ki,) Allah şiddətli cəza verəndir.","Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurlar. Halbuki müttəqilər Qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər.","İnsanlar tək bir ümmət idi. Allah (onlara) müjdə verən və (əzabla) qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanların ixtilafa düşdükləri şeylərə dair onların arasında hökm versin. Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı ədavət üzündən onun barəsində ixtilafa düşdülər. Allah isə Öz izni ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.","Yoxsa siz əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacağınızımı güman edirdiniz? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta, Peyğəmbər və onunla birlikdə olan möminlər: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Bilin ki, Allahın köməyi yaxındır.","Səndən (Allah yolunda) nə xərcləyəcəkləri barəsində soruşurlar. De: “Xərcləyəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.”","Döyüş xoşunuza gəlməsə də, o, sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz.","Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin (insanları) Allah yolundan sapdırmaq, Ona küfr etmək, (müsəlmanları) Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır.” Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.","Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah bağışlayandır, rəhmlidir.","Səndən (sərxoşedici) içki və qumar barəsində soruşurlar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür.” Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –","dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, (bilin ki,) onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edə bilir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir.","Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə (sizi) Öz izni ilə Cənnətə və bağışlanmağa çağırır. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.","Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) uzaq durun və heyzdən təmizlənməyincə onlarla yaxınlıq etməyin. Təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın!” Şübhəsiz ki, Allah tövbə edənləri və pak olanları sevər!","Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi yaxınlaşın. Özünüz üçün qabaqcadan (yaxşı işlər) hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. (Ey Muhəmməd!) Möminləri müjdələ.","Andlarınızdan dolayı Allahı (Allahın adını) yaxşılıq etmənizə, pis işdən çəkinmənizə və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!","Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir.","Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər (bu müddət içində andlarından) dönsələr, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.","Əgər onlar boşanmağa qərar versələr, şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!","Boşanmış qadınlar üç heyz görüncəyə (və ya üç kərə təmizlənincəyə qədər) gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirmişlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində (şəriətə müvafiq) haqları olduğu kimi, qadınların da kişilər üzərində (şəriətə müvafiq) haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, hikmət sahibidir.","Boşama iki dəfədir. Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hüdudlarını yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hüdudlarını yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır.","Əgər onu (üçüncü dəfə) boşayarsa, bundan sonra o (qadın) başqa bir kişiyə ərə getməyincə (əvvəlki ərinə) halal olmaz. Əgər (sonrakı əri) onu boşasa, Allahın hüdudlarını yerinə yetirəcəklərini güman etdikləri təqdirdə, (qadının birinci əri ilə yenidən) nikaha girməsində, ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları anlayan kimsələrə bəyan edir.","Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya (şəriətə) müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vermək üçün haqsızlıq edib onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.","Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman (keçmiş ərləri ilə) öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə, o qadınlara yenidən (əvvəlki) ərlərinə ərə getməyə mane olmayın. Bu, sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.","Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi (şəriətə) müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata öz övladına görə zərər çəkməməlidir. (Atanın üzərinə düşən) bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər (ata və ana) özlərinin razılığı və məsləhəti ilə (uşağı iki ildən tez) süddən kəsmək istəsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqlarınızı (süd anasına) əmizdirmək istəyirsinizsə, verəcəyinizi (süd haqqını) müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.","Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr (yenidən ərə getmələri üçün) dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitdikdə özləri barədə (şəriətə) müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah nə etdiklərinizdən xəbərdardır.","(İddə müddətini gözləyən) qadınlara elçi göndərmək istəyinizi üstüörtülü bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə sözləşməyin, onlara yalnız (şəriətə) müvafiq qayda üzrə söz deyin. Gözləmə müddəti başa çatanadək (onlarla) nikah bağlamayın. Bilin ki, Allah sizin könlünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah bağışlayandır, rəhmlidir!","Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşamanızda sizə heç bir günah yoxdur. Belə olduğu təqqdirdə onlara pay verin – varlı öz imkanına görə, kasıb da öz imkanına görə, (şəriətə) müvafiq qayda üzrə pay versin. Bu, yaxşılıq edənlər üçün bir borcdur.","Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların (bunu ərlərinə) bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu (qadına) bağışlaması isə istisnadır. Sizin bağışlamanız təqvaya daha yaxındır. Aranızdakı fəziləti (bir-birinizə yaxşılıq etməyi) unutmayın. Allah sizin nə etdiklərinizi görür.","Namazları, (xüsisilə) orta namazı qoruyun və Allah üçün müti olaraq (namaza) durun.","Əgər (nədənsə) qorxsanız, (namazınızı) ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!","Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kəslər (sağlığında ikən), zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər o qadınlar (öz istəkləri ilə) çıxıb getsələr, özləri barədə (şəriətə) müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir.","Boşanmış qadınlara (şəriətə) müvafiq qayda üzrə pay verilsin. Bu, müttəqilər üzərində bir borcdur.","Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə anlayasınız.","(Sayları) minlərlə olduğu halda ölüm qorxusundan dolayı yurdlarından çıxanları görmədinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etməz.","Allah yolunda vuruşun və bilin ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!","Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), Allah onun üçün bunu qat-qat artırar. Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız.","Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar özlərinə (göndərilmiş) peyğəmbərə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda döyüşək!” O dedi: “Sizə döyüş vacib edildikdə, ola ilsin ki, döyüşmədiniz?” Onlar dedilər: “Niyə Allah yolunda döyüşməyək ki, biz yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq?!” Döyüşmək onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla (hamısı döyüşdən) üz çevirdi. Allah zalımları yaxşı tanıyır.","Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi!” Onlar dedilər: “O, necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha layiqik və ona çoxlu sərvət verilməmişdir?” O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə ona üstünlük verdi. Allah Öz mülkünü istədiyi kəsə verir. Allahın (lütfü) genişdir, O (hər şeyi) biləndir”.","Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içində, Rəbbinizdən bir təskinlik, Musa və Harun ailəsindən qalan (bəzi) şeylər vardır. Onu mələklər gətirəcəkdir. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün bir dəlil vardır”.","Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla sınağa çəkəcəkdir. Kim ondan içsə, o məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdi. Talut və onunla birlikdə olan möminlər çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa qarşı vuruşmağa taqətimiz yoxdur”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstə olub ki, Allahın izni ilə çox saylı dəstəyə qalib gəlib!” Allah səbir edənlərlədir.","Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda, dedilər: “Ey Rəbbimiz! Bizə bollu səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”","(Möminlər) Allahın izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət bəxş etdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.","Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən."]