["Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!”– demələri oldu.","Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun (arvadının) geridə qalanlardan olmasına qərar verdik.","Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis imiş!","De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah xeyirlidir, yoxsa Ona şərik qoşduqlarınız?","(Bütlər xeyirlidir,) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən (Allah)?! Biz o yağmurla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Allahla yanaşı başqa bir məbud varmı? Xeyr, onlar (haqdan) yayınan qövmdürlər.","(Bütlər xeyirlidir,) yoxsa yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı? Xeyr, onların əksəriyyəti (bunu) bilmirlər.","(Bütlər xeyirlidir,) yoxsa darda qalan kimsə Ona dua etdiyi zaman onun duasını qəbul edən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı? Siz necə də az düşünürsünüz?","(Bütlər xeyirlidir,) yoxsa qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə (yağışdan öncə) müjdəçi olaraq göndərən Allah?! Allahla yanaşı başqa bir məbud varmı? Allah onların qoşduqları şəriklərdən ucadır.","(Bütlər xeyirlidir,) yoxsa məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.","De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.","Xeyr, onların elmi axirəti dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”.","Kafirlər dedilər: “Məgər biz və atalarımız torpaq olduqdan sonra (qəbirlərdən) çıxardılacağıq?","Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdən başqa bir şey deyildir”.","De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur”.","Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma.","Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.","De: “Bəlkə də, tez gəlməsini istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”.","Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti şükür etməz.","Şübhəsiz ki, Rəbbin onların qəlblərinin gizli saxladıqlarını da, onların aşkar etdiklərini də bilir.","Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-məhfuzda) olmasın.","Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır.","Həqiqətən, o, möminlərə doğru yol göstəricisi və bir mərhəmətdir.","Şübhəsiz ki, sənin Rəbbin onların arasında Öz hökmünü verəcək. O, Qüdrətlidir, Biləndir!","Sən Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan.","Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən.","Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən (haqqı) yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən.","O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.","O gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər.","Nəhayət (haqq-hesab) yerinə gəldikləri zaman (Allah) deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə edirdiniz?”","Zülm etdiklərinə görə o söz (vəd olunduqları əzab) onları haqlayacaq və onlar danışa bilməyəcəklər.","Məgər onlar gecəni istirahət etmələri üçün yaratdığımızı, gündüzü isə işıqlı etdiyimizi görmürlərmi? Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün dəlillər vardır.","Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir.","Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.","Hər kim yaxşı əməllə gəlsə, onun üçün ondan daha xeyirlisi vardır. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.","Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınız?”","(De:) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, (Rəbbim) onu toxunulmaz buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum","və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. (Haqq yoldan) azana isə (belə) de: “Mən ancaq xəbərdar edənlərdənəm!”","De: “Həmd, Allaha məxsusdur! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiklərinizdən qafil deyildir!”","Ta. Sin. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Bu, açıq-aydın Kitabın ayələridir.","Biz sənə, iman gətirən bir qövm üçün, Musa ilə Fironun əhvalatını olduğu kimi oxuyacağıq.","Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni (İsrail oğullarını) zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.","Biz istədik ki, o yerdə aciz qalanlara (İsrail oğullarına) mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək,","yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib səltənətlərinin əllərindən alınmasını) göstərək.","Biz Musanın anasına ilham yolu ilə belə buyurduq: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərdən biri edəcəyik”.","Nəhayət Fironun ailəsi özlərinə düşmən və hüzün (qaynağı) olacaq o uşağı tapıb götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.","Fironun zövcəsi dedi: “(Bu uşaq) həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar (bu işin sonunu) bilmirdilər.","Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, (vədimizə) inananlardan olsun deyə, onun qəlbinə səbir verməsəydik, az qala (gördüyü işi) açıb bildirəcəkdi.","(Anası) onun bacısına: “Onun dalınca get!”– dedi. O da heç kimə hiss etdirmədən kənardan (Musaya) göz qoyurdu.","Daha öncə Biz ona (öz anasından başqa bütün) süd analarının (döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı) dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”","Beləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu (bunu) bilməz.","(Musa) yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq.","O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, (haqq yoldan) azdıran açıq-aydın bir düşməndir!”– dedi.","(Musa) dedi: “Ey Rəbbim! Mən nəfsimə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.","(Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemətlə əsla günahkarlara arxa olmayacağam!”","Beləliklə, (Musa) şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!”– dedi.","(Musa) hər ikisinin də düşməni olan kəsi (qibtini) yaxalamaq istədikdə, o (qibti) dedi: “Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən”.","Şəhərin kənarından bir kişi tələsik gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! Mən sənə nəsihət edənlərdənəm!”","(Musa) qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım qövmdən xilas et!”– dedi.","O, Mədyən tərəfə yollandı (və:) “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”– dedi.","O, Mədyən sulağına gəlib çatanda quyunun yanında (heyvanlarına) su verən adamlar gördü. Onların yaxınlığında da (qoyunlarını o biri heyvanlardan) geri çəkən iki qadın görüb: “Sizə nə olub?”– dedi. Onlar dedilər: “Çobanlar (heyvanlarını) sürüb aparmamış biz (qoyunlarımıza) su verə bilmirik. Atamız da çox qocadır”.","(Musa) onların yerinə (qoyunlara) su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”","(Bir qədər sonra) qadınlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə (qoyunları) sulamağının haqqını ödəmək üçün səni çağırır”. (Musa) onun yanına gəlib (başına gələn) əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım bir qövmün əlindən xilas olmusan!”","Qadınlardan biri dedi: “Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü və etibarlı olanıdır”.","(Şueyb) dedi: “Səkkiz il mənim üçün işləmək qarşılığında qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən (bu müddəti) on ilə çatdırsan, bu, sənin tərəfindən (bir lütf) olar. Mən sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim əməlisalehlərdən olduğumu görəcəksən”.","(Musa) dedi: “Bu, mənimlə sənin aranda (olan razılıqdır). Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə vəkildir!”","Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman Tur dağının yanında bir od gördü və ailəsinə dedi: “Dayanın! Mən bir od gördüm. Mən ondan sizə bir xəbər və ya bir köz gətirərəm ki, qızınasınız”.","Musa oraya gəldikdə, o mübarək yerdəki vadinin sağ tərəfındəki ağacdan ona nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!","Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçdı. (Allah dedi:) “Ey Musa! Yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!","Əlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki dəlildir. Çünki onlar fasiq bir qövmdürlər”.","(Musa) dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər.","Qardaşım Harun dildə məndən daha fəsahətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi olaraq mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”.","(Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz ikiniz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”.","Musa onların yanına açıq-aydın dəlillərimizlə gəldikdə onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik”– dedilər.","Musa dedi: “Rəbbim Öz tərəfindən kimin hidayətlə gəldiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”","Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir ilah tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala (palçıqdan kərpic bişir) və bir qüllə düzəlt ki, Musanın ilahının yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.","Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və hüzurumuza qaytarılmayacaqlarını zənn etdilər.","Biz də onu və onun əsgərlərini tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu.","Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir.","Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar (Allahın rəhmətindən) qovulmuş kimsələrdən olacaqlar.","Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yol göstəricisi və rəhmət olaraq Kitab (Tövrat) verdik ki, bəlkə, düşünüb ibrət alsınlar.","Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən (dağın) qərb tərəfində deyildin. Sən (buna) şahid olanlardan da deyildin.","Lakin Biz (Musadan sonra) neçə-neçə nəsil yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk.","Biz (Musaya) nida etdiyimiz zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq (səni peyğəmbər göndərdik ki), bəlkə, düşünüb anlayalar.","Etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Kaş ki bizə bir peyğəmbər göndərsəydin, biz də ayələrinə tabe olub möminlərdən olaydıq”– deməsəydilər, (səni peyğəmbər göndərməzdik).","Tərəfimizdən onlara (Məkkə əhlinə) haqq (Quran və Muhamməd) gəldikdə onlar: “Nə üçün Musaya verilənin bənzəri ona da verilmədi?”– dedilər. Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat və Quran)!”– demişdilər”. (Həmçinin:) “Biz heç birinə inanmırıq!”– demişdilər.","De: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən, bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!”","Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz.","Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.","Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.","Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər.","Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.","Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.","Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər. O, doğru yolda olanları daha yaxşı tanıyır.","(Məkkə müşrikləri) dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq.” Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir.","Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə məmləkəti məhv etdik. Budur onların yurdları. Onlardan sonra az bir qisim müstəsna olmaqla orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq.","Rəbbin məmləkətin anasına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o məmləkəti məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik.","Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha davamlıdır. Məgər anlamırsınız?","Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü (Cəhənnəmə) gətiriləcək kimsə ilə eyni ola bilərmi?","O gün (Allah) onlara nida edib deyəcəkdir: “İddia etdiyiniz şəriklərim haradadırlar?”","Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz (onlardan) uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”.","(Müşriklərə:) “Şəriklərinizi çağırın!”– deyiləcək. (Müşriklər) onları çağıracaq, lakin (şərikləri) onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Kaş ki onlar doğru yola gəlmiş olsaydılar.","O gün Allah onlara nida edib: “Elçilərə nə cavab verdiniz?”– deyəcəkdir.","O gün hüccətləri onlardan gizli qalacaq. Onlar bir-birindən (heç bir şey) soruşa bilməyəcəklər.","Tövbə edib iman gətirən və saleh əməllər edən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun.","Rəbbin istədiyini yaradır və (istədiyini də peyğəmbər) seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır.","Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir.","O, Allahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.","De: “Bir deyin görək, əgər Allah gecəni üzərinizdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər eşitmirsiniz?”","De: “Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər görmürsünüz?”","O, Öz mərhəməti ilə sizin üçün gecəni və (gündüzü) yaratdı ki, gecəni dincələsiniz və gündüzü Onun lütfündən (ruzi) axtarasınız. Bəlkə, şükür edəsiniz.","O gün (Allah) onlara nida edib: “İddia etdiyiniz şəriklərim haradadırlar?”– deyəcəkdir.","Biz hər ümmətdən bir şahid çıxardacaq və: “Dəlilinizi gətirin!”– deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər. Uydurduqları bütlər isə onları qoyub gedəcəklər.","Həqiqətən, Qarun Musanın qövmündən idi. Onlara qarşı azğınlıq etdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevməz.","Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”.","(Qarun) dedi: “Bu mənə ancaq məndə olan elmə görə verilmişdir”. Məgər o, Allahın ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox (var-dövlət) yığan kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar).","(Qarun) öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.","Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib saleh əməl edən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”.","Biz onu evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi.","Dünən onun yerində olmağı arzulayanlar: “Vay, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırır da, azaldır da. Əgər Allah bizə lütf etməsəydi, bizi də (yerə) batırardı. Vay, demək kafirlər nicat tapmayacaqlarmış!”– dedilər.","Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. (Gözəl) aqibət müttəqilərindir.","Kim Qiyamət günü yaxşı əməllə gəlsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməllə gəlsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər.","Quranı sənə (oxumağı, təbliğ etməyi və ona tabe olmağı) vacib buyuran Allah qayıdacağın yerə (Məkkəyə, yaxud Axirət yurduna) səni mütləq qaytaracaqdır. De: “Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq-aydın azğınlıq içində olduğunu yaxşı bilir”.","Sən (bu) Kitabın sənə nazil olacağına ümid etmirdin. (Bu) ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma!","Allahın ayələri sənə nazil edildikdən sonra onlar səni əsla bu ayələrdən döndərməsinlər. Sən Rəbbinə dəvət et və müşriklərdən olma!","Allahla yanaşı başqa bir ilaha dua etmə! Ondan başqa ibadətə layiq olan heç bir ilah yoxdur. Onun Üzündən (Zatından) başqa hər şey məhv olacaq. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.","Əlif. Ləm. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?","Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.","Yoxsa pis əməllər edənlər canlarını Bizdən qurtara biləcəklərinimi zənn edirlər? Onların verdikləri hökm necə də pisdir.","Kim Allahla qarşılaşmağa ümid edirsə, (bilsin ki,) Allahın təyin etdiyi o vaxt mütləq gələcək. O, Eşidəndir, Biləndir.","Kim də (Allah yolunda və ya nəfsi ilə) cihad edərsə, o ancaq özü üçün cihad etmiş olar (faydası özünə qayıdar). Allah aləmlərə (məxluqata) möhtac deyildir.","İman gətirib saleh əməllər edənlərin, əlbəttə ki, günahlarını bağışlayarıq və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.","Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağa səni məcbur etsələr, onlara tabe olma. Dönüşünüz Mənə olacaq, Mən də etdikləriniz barədə sizə xəbər verəcəyəm.","İman gətirib saleh əməllər edənləri əməlisalehlərə qovuşduracağıq.","İnsanlar arasında: “Allaha iman gətirdik!”– deyənləri də var. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”– deyərlər. Məgər Allah hər kəsin qəlbindəkiləri ən yaxşı bilən deyilmi?","Allah, iman gətirənləri də bilir, münafiqləri də bilir.","Kafirlər möminlərə: “Bizim yolumuzla gedin ki, günahlarınızı öz üzərimizə götürək”– deyirlər. Halbuki onların heç biri heç kimin günahını öz üzərinə götürən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar.","Onlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükü də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.","Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı.","Biz onu və gəmidə olanları qurtardıq və bunu aləmlərə ibrət etdik.","İbrahimi də (xatırla)! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Bu sizin üçün daha xeyirlidir, kaş ki bilsəydiniz”.","Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz Ona qaytarılacaqsınız”.","Əgər (onu) yalançı hesab etsəniz, (bilin ki,) sizdən əvvəlki ümmətlər də öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi yalnız (dini) açıq-aşkar təbliğ etməkdir.","Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlər? Həqiqətən, bu, Allah üçün asandır.","De: “Yer üzünü gəzib dolaşın və (Allahın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir.","O, istədiyinə əzab verər, istədiyinə də rəhm edər. Siz Ona qaytarılacaqsınız.","Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaqdır”.","Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün ağrılı-acılı bir əzab vardır.","Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!”– demələri oldu. Lakin Allah onu oddan qorudu. Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır.","(İbrahim) dedi: “Siz dünyada aranızda olan məhəbbətə görə Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi inkar edib lənətləyəcəksiniz. Gedəcəyiniz yer də Oddur. Sizə yardım edən kimsələr də tapılmayacaqdır!\".","Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimə (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.”","Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab bəxş etdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!","Lutu da (xatırla)! Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudanmı siz özünüzdən öncə heç kimsənin etmədiyi iyrənc bir iş edirsiniz?","Doğrudanmı, siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq məqsədi ilə) yol kəsir və məclislərinizdə (bir-birinizlə) murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”– demələri oldu.","(Lut) dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et!”","Elçilərimiz İbrahimə müjdə ilə gəldikdə: “Biz bu məmləkətin əhlini məhv edəcəyik. Həqiqətən, oranın sakinləri zalımlardır”– dedilər.","(İbrahim) dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.","Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq.","Biz günah əməllər törətdiklərinə görə bu məmləkət əhlinin üstünə göydən əzab endirəcəyik”.","Həqiqətən, Biz düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir əlamət saxladıq.","Mədyənə də qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”.","Onlar isə onu yalançı saydılar. Buna görə də onları (qorxunc səsli bir) titrəyiş bürüdü və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.","Ad və Səmud (qövmünü də məhv etdik). Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar bəsirət sahibi idilər.","Qarunu, Fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və (sonda əzabımızdan) qaça bilmədilər.","Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə (qasırğa ilə birgə) daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də (suya) qərq etdik. Allah onlara zülm etmirdi, lakin onlar özləri özlərinə zülm edirdilər.","Allahdan başqasını özlərinə dost tutanların məsəli özünə ev qurmuş hörümçəyin məsəlinə bənzəyir. Evlərin ən zəifi isə, əlbəttə ki, hörümçəyin evidir. Kaş ki, biləydilər!","Həqiqətən Allah onların Ondan başqa nəyə dua etdiklərini bilir. O, Qüdrətlidir, Hikmət sahibidir.","Biz insanlar üçün belə məsəllər çəkirik. Bunları isə yalnız (həqiqəti) dərk edən kimsələr anlayarlar.","Allah göyləri və yeri haqq olaraq yaratdı. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır.","Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis işlərdən çəkindirir. Allahı zikr etmək daha əzəmətlidir. Allah nə etdiklərinizi bilir."]