["İçərilərindən zülm edənlər müstəsna olmaqla Kitab əhli ilə gözəl tərzdə mücadilə edin və (belə) deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də ilahımız, sizin də ilahınız birdir. Biz yalnız Ona təslim olanlarıq”.","Biz beləcə, (bu müqəddəs) Kitabı sənə nazil etdik. Kitab verdiyimiz kimsələr də ona iman gətirirlər. Onların arasında (Məkkə əhlindən) Ona (Qurana) iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edərlər.","Sən bundan əvvəl nə bir kitab oxuya bilir, nə də onu sağ əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.","Əksinə, bu (Quran) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Ayələrimizi ancaq zalımlar inkar edərlər.","Onlar dedilər: “Bəs nə üçün Rəbbindən ona ayələr nazil edilmədi?” De: “Ayələr Allah yanındadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”.","Məgər onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?! Həqiqətən, bunda iman gətirən bir qövm üçün mərhəmət və ibrət var.","De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”.","Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər əvvəlcədən müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.","Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir.","O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcək və (Allah onlara): “Etdiyiniz əməllərin cəzasını dadın!”– deyəcəkdir.","Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin.","Hər bir nəfs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız.","İman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar orada əbədi olaraq qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!","Onlar, səbir edən və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir.","Neçə-neçə canlı var ki, ruzisini (əldə edə) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.","Əgər onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər!","Allah Öz qullarından istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.","Əgər onlardan: “Göydən su endirib onunla yeri öldükdən sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların əksəriyyəti (bunu) başa düşmür.","Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əbədi həyatdır. Kaş ki, biləydilər!","Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona (ixlasla) dua edərlər. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.","(Bu ona görədir ki,) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və (hələlik) əylənsinlər. Tezliklə biləcəklər.","Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, (Məkkəni) onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?","Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?","Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah muhsinlərlə birgədir.","Əlif. Ləm. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Rumlular məğlub edildilər;","ən aşağı (və ya Ərəblərın yaşadığı yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar;","bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;","Allahın zəfəri ilə. O, istədiyinə yardım edir. O, Qüdrətlidir, Rəhmlidir.","Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların əksəriyyəti bunu bilmir.","Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə qafildirlər.","Məgər onlar öz nəfslərində Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən müddətə qədər yaratdığını düşünmürlərmi? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.","Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırmışdılar. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlara Allaha zülm etmirdi. Onlar özləri özlərinə zülm edirdilər.","Sonra isə Allahın ayələrini yalan sayıb onlara istehza etməklə pislik göstərənlərin aqibəti lap yaman oldu.","Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öldürdükdən) sonra onu (yenidən) dirildir. Sonra isə siz Ona qaytarılacaqsınız.","Qiyamət saatının gələcəyi gün günahkarlar (Allahın rəhmətindən) ümidlərini itirəcəklər.","(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. (Allaha qoşduqları) şəriklər onları inkar edəcəklər.","Qiyamət saatının gələcəyi gün (mömin və kafir olmaqla iki firqəyə) ayrılacaqlar.","İman gətirib saleh əməllər edənlərə gəlincə isə, onlar Cənnət bağçalarında sevinc içində olacaqlar.","Amma kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sayanlara gəlincə, onlar əzaba düçar ediləcəklər.","Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Allahın şəninə tərif söyləyin.","Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də (Onun şəninə təriflər deyin!)","O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də (qəbirlərinizdən) belə (dirildilib) çıxardılacaqsınız.","(Allahın) sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir bəşər olaraq (yer üzünə) yayıldınız.","Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır.","Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün dəlillər vardır!","Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü (ruzi) axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır.","Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən bir qövm üçün dəlillər vardır.","Göyün və yerin Onun əmri ilə öz yerlərində (sabit) qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi (mələyin sura bir dəfə üfürməsi ilə) dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.","Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona boyun əyər!","Məxluqatı ilk dəfə (yoxdan) yaradan, öldükdən sonra təkrar dirildən Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.","Allah sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünən bir qövm üçün belə müfəssəl izah edirik.","Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz.","Sən batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz.","Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!","O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə özündə olanlarla sevinər.","İnsanlara bir zərər toxunduqda Rəbbinə üz tutub Ona yalvararlar. Sonra Allah onlara bir mərhəmət daddırdıqda isə onlardan bir dəstə Rəbbinə şərik qoşar.","(Bu ona görədir ki,) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.","Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlilmi göndərdik?","İnsanlara bir mərhəmət göstərdiyimiz zaman ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.","Məgər onlar, Allahın istədiyinin ruzisini bol edib, istədiyininkini də azaltdığını görmürlərmi? Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır.","Qohum-əqrəbaya, yoxsula və müsafirə (onlara çatacaq) haqqını ver! Allahın Üzünü diləyənlər (ixlaslı olanlar) üçün bu daha xeyirlidir. Uğur qazananlar da məhz onlardır.","İnsanların var-dövləti sayəsində, artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək (ixlasla) verdiyiniz zəkata gəlincə, (bilin ki,) bunu edənlər (mallarının bərəkətini) qat-qat artıranlardır.","Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, (heç olmasa,) birini edə bilən varmı? O, pakdır və (müşriklərin) Ona şərik qoşduqlarından ucadır.","İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.","De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu (Allaha) şərik qoşanlar idi”.","Qarşısıalınmaz gün Allah tərəfindən gəlməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar (Cənnət və Cəhənnəm əhli olmaqla) iki dəstəyə bölünəcəklər.","Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə yer) hazırlamış olarlar.","(Bu ona görədir ki, Allah) iman gətirib saleh əməllər edənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevməz.","Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və (sizə verdiyi nemətlərə) şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir.","Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Üzərimizə bir haqqdır.","Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən buludların arasından yağış çıxdığını görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinərlər.","Halbuki o (yağış) onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər.","Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcək. O, hər şeyə qadirdir.","Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar.","Şübhəsiz ki, sən nə ölülərə (haqqı), nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.","Sən korları da zəlalətdən (çıxarıb) doğru yola yönəldə bilməzsən. Sən (haqqı) yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən.","Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.","Qiyamət saatının qopacağı gün günahkarlar (dünyada) bircə saat qaldıqlarına and içəcəklər. Onlar (dünyada da haqdan) belə döndərilirdilər.","Elm və iman verilmiş kimsələr isə deyəcəklər: “Siz (orada) Allahın yazısı ilə dirilmə gününə qədər qaldınız. Bu (gün), məhz dirilmə günüdür, lakin siz (bunu) bilmirdiniz”.","Həmin gün zalımlara üzür gətirmələri fayda verməyəcək və onlardan tövbə etmələri də tələb olunmayacaq.","Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir ayə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər.","Allah (haqqı) bilməyənlərin qəlbini belə möhürləyər.","Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy (axirətə) yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa – (dindən dönməyə) sövq etməsinlər.","Əlif. Ləm. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Bu, hikmətli Kitabın ayələridir.","Yaxşı əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir.","O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə yəqinliklə inanırlar.","Onlar öz Rəbbindən (gələn) doğru yol üzərindədirlər. Məhz onlar nicat tapanlardır.","İnsanlar arasında eləsi də var ki, heç bir elmi olmadan (başqalarını) Allah yolundan azdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alır. Məhz onları alçaldıcı bir əzab gözləyir.","Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ.","İman gətirib saleh əməllər edənlər üçün Nəim cənnətləri vardır.","Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrət və Hikmət sahibidir.","O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaratmış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada müxtəlif növ gözəl bitkilər bitirdik.","Bunlar Allahın yaratdıqlarıdır. İndi siz Mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər.","Biz Loğmana: “Allaha şükür et” deyə hikmət verdik. Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyildir, tərifəlayiqdir”.","Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, (Allaha) şərik qoşmaq böyük zülmdür!”","Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Dönüş Mənədir.","Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara tabe olma! Dünya işlərində onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də etdikləriniz barədə sizə xəbər verəcəyəm.","(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.","Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir.","İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevməz.","Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”.","Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol bəxş etdiyini görmürsünüzmü? İnsanlar arasında heç bir elmi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edənlər də vardır.","Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr! Biz atalarımızın getdiyi yolla tabe olacağıq!”– deyərlər. Əgər şeytan onları Cəhənnəm əzabına çağırırsa necə?","Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən kəs ən möhkəm dəstəkdən yapışmış olar. İşlərin sonu Allaha qayıdır.","Kim küfrü edərsə, onun küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizədir. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah qəlblərdə olanları biləndir.","Biz onlara (dünyada olan) nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba (qatlaşmağa) məcbur edəcəyik.","Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların çoxu (bunu) bilməz.","Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir.","Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrət və Hikmət sahibidir.","Sizi yaratmaq və diriltmək ancaq bir insanı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.","Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı (mənfəətiniz üçün) ram etdiyini, üstəlik Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi?","Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür.","Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunda səbirli olanlar və şükür edənlər üçün ibrətlər vardır.","(Dağların saldığı) kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona dua edərlər. (Allah) onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri (küfrlə iman arasında) orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.","Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir fayda verə bilməyəcəyi gündən qorxun. Həqiqətən, Allahın vədi haqdır. Qoy dünya həyatı sizi aldatmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın.","Həqiqətən, Qiyamət saatı haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.","Əlif. Ləm. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi (olan Allah) nazil etmişdir.","Yoxsa onlar: “(Muhamməd) bunu özündən uydurmuşdur!”– deyirlər. Xeyr, o, Rəbbindən (nazil) olan bir haqdır ki, səndən öncə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir qövmə xəbərdar edəsən. Bəlkə onlar doğru yola yönələlər.","Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz var. Məgər düşünüb ibrət almayacaqsınızmı?","O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksələr.","O, qeybi və aşkarı biləndir. Qüdrət və Mərhəmət sahibidir.","Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,","sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,","sonra onu tamamlayıb müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürəklər vermişdir. Siz necə də az şükür edirsiniz!","Onlar deyirlər: “Biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.","De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır, sonra da Rəbbinizə qaytarılacaqsınız!”","Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, saleh əməl edək. Həqiqətən də, biz yəqinliklə inandıq!”– (deyəndə) görəydin!","Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcəkdir.","Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (əzabı)! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!","Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.","Onlar (gecə namazını qılmaq üçün) yanlarını yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər.","Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nə cür nemətlər saxlandığını heç kəs bilməz","Məgər möminlə fasiq eyni ola bilərmi? Eyni ola bilməzlər!","İman gətirib saleh əməllər edənləri etdikləri əməllərə görə Məva cənnətlərində (əbədi) ziyafət gözləyir.","Amma fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir.","Biz ən böyük əzabdan əvvəl onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.","Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.","Biz Musaya Kitab (Tövrat) verdik. Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə. Biz onu (Tövratı yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik.","Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.","Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.","Yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər var. Məgər onlar eşitmirlərmi?","Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri əkinlər (bitkilər, meyvələr) yetişdirdiyimizi görmürlərmi? Hələ də bunu görmürlər?","Onlar: “Əgər doğru danışanlardansınızsa, (deyin görək) bu (möminlərlə kafirlərin arasını ayıran) hökm nə vaxt olacaqdır?”– deyirlər.","De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara (tövbə etmək üçün) möhlət də verilməyəcəkdir”.","Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. Doğrusu, onlar da (sənin başına bir müsibət gələcəyini) gözləyirlər.","Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Rəbbindən sənə vəhy olunana tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.","Allaha təvəkkül et! Allahın Qoruyan olması (sənə) yetər.","Allah bir insanın sinəsinəndə iki ürək yaratmamışdır. Allah zihar (analarınıza bənzədərək özünüzə haram) etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz (yalan) sözlərdir. Allah isə haqqı söyləyir və doğru yola yönəldir.","(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız da, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir.","Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın Kitabında (varis olmaq baxımından) bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə (bundan) müstəsnadır. Bu (hökm) Kitabda (Lövhi-məhfuzda) yazılmışdır.","Bir zaman Biz peyğəmbərlərdən əhd aldıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd aldıq.","(Allah bunu) doğru danışanlardan doğruluqları barədə soruşmaq üçün etdi. O, kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışdır.","Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. O zaman ordular sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür.","O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfinizdən (vadinin üst və alt tərəfindən) üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə qapılmışdınız.","Orada möminlər imtahana çəkilmiş və şiddətli sarsıntıya məruz qalmışdılar.","O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq boş vəd vermişdir”– deyirdilər.","Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb”– deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.","Əgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və (bu işdə) azacıq da olsa ləngiməzdilər.","Halbuki onlar bundan əvvəl (cihaddan) boyun qaçırmayacaqlarına dair Allaha əhd vermişdilər. Allaha verilən əhd soruşulacaqdır.","De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, (bu) qaçmağın sizə (əsla) faydası olmaz. Belə olduğu təqdirdə siz ancaq (əcəliniz çatana qədər) çox az (bir müddət ərzində) gün-güzəran görəcəksiniz”.","De: “Əgər Allah sizə bir pislik istəsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq istəsə, Ona kim mane ola bilər?” Onlar özlərinə Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.","Allah aranızdan (camaatı cihaddan) çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar.","(Çünki) sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən. Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə sizi sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır.","(Münafiqlər) müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Əgər aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər.","Allahın Rəsulunda sizlər, Allaha və Axirət gününə ümidini bağlayanlar və Allahı çox zikr edənlər üçün gözəl örnək vardır.","Möminlər müttəfiqləri (düşmən dəstələrini) gördükdə: “Bu, Allahın və Onun Rəsulunun bizə olan vədidir. Allah və Onun Rəsulu doğru söyləmişlər!”– dedilər. Bu onların yalnız imanını və itaətini artırdı.","Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər var. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.","Bu, Allahın doğru danışanları doğruluqlarına görə mükafatlandırması, münafiqlərə də ya istəsə əzab verməsi, ya da onların tövbələrini qəbul etməsi üçündür. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.","Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.","(Allah) Kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.","Allah sizi onların torpaqlarına, yurdlarına, mallarına və ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir.","Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizə boşanma bədəllərinizi verim və sizi gözəl tərzdə boşayım.","Əgər siz Allahı, Onun Rəsulunu və Axirət yurdunu istəyirsinizsə, (bilin ki,) Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”.","Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır."]