["Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib və saleh bir əməl edərsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq.","Ey Peyğəmbərin zövcələri! Siz qadınlardan hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan kəs tamaha düşər. Danışarkən (şək-şübhədən uzaq, Şəriətə müvafiq qaydada) gözəl danışın.","Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.","Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah lütfkardır, (hər şeydən) xəbərdardır.","Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətkar kişilər və itaətkar qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allahdan qorxan kişilər və Allahdan qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, övrətlərini qoruyan kişilər və övrətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.","Allah və Onun Rəsulu bir iş haqqında hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadının öz işlərində başqa bir yol seçmək ixtiyarı yoxdur. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, açıq-aydın azmışdır.","Bir zaman Allahın (İslama yönəldərək) nemət verdiyi və sənin də (köləlikdən azad edərək) nemət verdiyin (Zeydə): “Zövcəni öz yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi (Zeyd zövcəsini boşayacağı təqdirdə onla evlənəcəyini) ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları zövcələrini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcək.","Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə (Zeydin zövcəsi ilə evlənməkdə) ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın sünnəsi belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.","Onlar Allahın risalətlərini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurlar. Haqq-hesab çəkməyə Allah yetər.","Muhamməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.","Ey iman gətirənlər! Allahı çox zikr edin!","Səhər-axşam Onun şəninə təriflər deyin!","Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Mələkləri də (sizin üçün bağışlanma diləyirlər). Allah möminlərə qarşı Rəhmlidir.","(Möminlərin) Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. (Allah) onlar üçün gözəl mükafat hazırlamışdır.","Ey Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik.","(Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq olaraq (göndərdik).","Möminlərə Allah tərəfindən böyük bir lütf nəsib ediləcəyini müjdə ver.","Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın Qoruyan olması kifayətdir.","Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan (yaxınlıq etməzdən) əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa (onları yanınızda saxlamağa) haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara (boşanma) bədəllərini verin və (onları) gözəl tərzdə sərbəst buraxın.","Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə, Peyğəmbərin evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə (mehrsiz) bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. (Sonuncusu) digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. (Belə etdik ki,) sənə bir çətinlik olmasın. Allah bağışlayandır, rəhmlidir.","Onlardan istədiyinin (səninlə gecələmək) növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini (yenidən öz yanına almaq) istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah (hər şeyi) biləndir, həlimdir.","Bundan sonra (başqa) qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də, onları başqa qadınlarla dəyişmək sənə halal deyildir. Sahib olduğun cariyələr isə müstəsnadır. Allah hər şeyə nəzarət edəndir.","Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbərə əziyyət verir və o sizdən utanır. Allah isə haqqı söyləməkdən utanmaz. (Peyğəmbərin) zövcələrindən bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin qəlbiniz, həm də onların qəlbləri üçün daha təmizdir. Sizə Allahın Elçisinə əziyyət vermək, vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək əsla icazəli deyildir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.","Bir şeyi aşkara çıxarsanız da, gizli saxlasanız da, şübhəsiz ki, Allah hər şeyi bilir.","Qadınlara ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, (mömin) qadınların, sahib olduqları kölə və kənizləri yanında (hicab geyməmələrində) heç bir günah yoxdur. (Ey qadınlar!) Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.","Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər! Siz də ona salavat gətirib, layiqincə salamlayın!","Şübhəsiz ki, Allaha və Onun rəsuluna əziyyət verənləri Allah dünyada və Axirətdə lənətləmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.","Mömin kişilərə və mömin qadınlara etmədikləri bir işdən ötrü əziyyət verənlər, sözsüz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.","Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında bütün bədənlərini örtən) örtükləri ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.","Əgər münafiqlər, qəlbi xəstə olanlar və Mədinədə yalan şayiələr yayanlar (öz yaramaz əməllərinə) son qoymasalar, səni onlara musallat edərik. Sonra onlar orada sənin çevrəndə qısa bir müddət qala bilərlər.","Lənətlənmiş kimsələr olaraq, harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər.","Allahın (onlardan) əvvəl olub-keçənlər (keçmiş ümmətlərin münafiqlər) barəsində sünnəsi belədir. Sən Allahın sünnəsində heç bir dəyişiklik tapa bilməzsən.","İnsanlar səndən Qiyamət saatı (Qiyamət günü) barədə soruşurlar. De: “Onun elmi yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, Qiyamət saatı yaxındır.","Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün yandırıb-yaxan Od hazırlamışdır.","Onlar orada əbədi qalacaq, (özlərinə) nə bir himayəçi, nə də bir yardımçı tapa biləcəklər.","Üzləri odda o yan-bu yana çeviriləcəyi gün onlar deyəcəklər: “Kaş, Allaha itaət edər və Onun rəsuluna itaətkar olaydıq!”","Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.","Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və onları böyük bir lənətə məruz qoy!”","Ey iman gətirənlər! Musaya əziyyət verən kimsələr kimi olmayın. Allah onu onların dediklərindən (ona etdikləri eyibdən) təmizə çıxartdı. O, Allahın yanında ehtiram edilən bir kimsə idi.","Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin ki,","O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun rəsuluna itaət etsə, böyük bir uğur qazanar.","Biz əmanəti (şəri əhkamları) göylərə, yerə və dağlara ərz etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. İnsan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir.","(Bu əmanət insana ona görə verildi ki,) Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.","Həmd, göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsusdur. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır.","O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır.","Kafirlər: “Qiyamət saatı bizə gəlməyəcək!”– dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lovhi-məhfuzda) olmasın”.","(Bunlar ona görədir ki,) Allah iman gətirib saleh əməllər edənləri mükafatlandırsın. Məhz onlar üçün bağışlanma və bolluca ruzi vardır.","Ayələrimizi batil etməyə cəhd göstərənlərə isə ən pis, ağrılı-acılı əzab vardır.","Özlərinə elm verilənlər (Kitab əhlindən iman gətirənlər) Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini bilirlər.","Kafirlər dedilər: “Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi?","Yoxsa, o, Allahın əleyhinə yalan uydurur, bəlkə onda divanəlik var?” Xeyr! Axirətə inanmayanlar əzaba düçar olacaq, dərin bir azğınlıq içində qalacaqlar.","Məgər onlar qarşılarındakı yeri və arxalarındakı göyü görmürlərmi?! Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların üzərlərinə salardıq. Şübhəsiz ki, bunda tövbə edib (Allaha) qayıdan hər bir qul üçün ibrət vardır.","Biz Davuda Özümüzdən bir lütf bəxş etdik (və buyurduq): “Ey dağlar və quşlar! Onunla birlikdə (Allahın şəninə) təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq.","(Sonra buyurduq:) “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. (Ey Davud ailəsi,) yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”.","Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra yenə bir aylıq məsafəni qət edən küləyi də Süleymana (ram etdik). Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qarşısında işləyirdi. Onlardan hər kim, (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona Cəhənnəm odunun əzabından daddırırdıq.","(Cinlər) onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud ailəsi! (Bu nemətlərə) şükür edin! Qullarımdan şükür edən azdır.","(Süleymanın) ölümünə hökm verdiyimiz zaman onun öldüyünü (cinlərə) ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. (Süleyman) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar.","Səba (qəbiləsinin) yaşadığı yerdə (Allahın qüdrətinə dəlalət edən) ayə (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Budur) gözəl diyar və Bağışlayan Rəbb!”– (deyilmişdi).","Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və (içində) bir az sidr ağacı olan iki bağla əvəz etdik.","Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı?!","(Səba qəbiləsi ilə) bərəkət verdiyimiz məmləkətlər (Şam) arasında aydın görünən (bir-birinə) yaxın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”– (demişdik).","Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər və özlərinə zülm etdilər. Biz onları (ibrət alınası) əfsanələrə çevirdik, özlərini də darmadağın etdik. Həqiqətən, bunda çox səbir və şükür edən hər bir kəs üçün ibrətlər vardır.","İblisin onlar barəsindəki zənni doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları ona tabe oldular.","Halbuki (İblis) bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (İblisə) belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi hifz edəndir.","De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Onların (göylərin və yerin yaradılışında) heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur.","Allah yanında, Onun izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət, (mələklərin) qəlbindən qorxu getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşar, digərləri isə: “Haqqı (buyurdu)! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər.","De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə biz yaxud siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”.","De: “Siz bizim etdiyimiz günahlara görə sorğu-sual edilməyəcəksiniz, biz də sizin etdiklərinizə görə sorğu-sual edilməyəcəyik.”","De: “Rəbbimiz hamımızı bir yerə toplayıb, sonra aramızda ədalətlə hökm verəcək. O, ən ədalətli Hakimdir, Biləndir”.","De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr! O, Qüdrətli və Hikmət sahibi olan Allahdır!”","Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) olaraq göndərdik. Lakin insanların çoxu (bunu) bilməz.","Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaqdır?”– deyirlər.","De: “Sizə vəd edilmiş bir gün var ki, siz onu nə bircə saat yubadar, nə də tezləşdirə bilərsiniz”.","Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə (səmavi kitablara) inanacağıq!” Kaş sən o zalımları Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları (bir-birini təqsirləndirdikləri) anda görəydin. Zəiflər, özlərini yüksək tutanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz iman gətirərdik”.","Özlərini yüksək tutanlar da zəiflərə belə deyərlər: “Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq?! Xeyr, siz özünüz günahkar idiniz”.","Zəiflər özlərini yüksək tutanlara deyəcəklər: “Xeyr! (İşiniz) gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar.","Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan kimsələri: “Biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər.","Onlar: “Biz mal-dövlət və övlad baxımından daha çoxuq və bizə əzab verilməyəcəkdir”– dedilər.","De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu (bunu) bilməz”.","Nə var-dövlətiniz, nə də oğul-uşağınız sizi Bizə yaxınlaşdırmaz. Ancaq iman gətirib saleh əməl edənlər mütəsnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində əmin-amanlıq içində yaşayacaqlar.","Ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə əzaba düçar ediləcəklər.","De: “Həqiqətən, Rəbbim qullarından istədiyinin ruzisini bol edər, (istədiyinə də) onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”","O gün (Allah) onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: “Bunlar sizə ibadət edirdilər?”","(Mələklər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”.","Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bilərsiniz. Biz zalımlara: “Dadın yalan saydığınız Cəhənnəm əzabını!”– deyəcəyik.","Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!”– deyərlər. Onlar: “Bu, uydurulmuş yalandan başqa bir şey deyil!”– deyərlər. Kafirlərə haqq gəldikdə onun barəsində: “Bu yalnız açıq-aydın bir sehrdir!”– deyərlər.","Halbuki Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmişdik və səndən əvvəl də onlara bir xəbərdarlıq edən göndərməmişdik.","Onlardan əvvəlkilər də (elçilərimizi) yalançı hesab etmişdilər. Müşriklər onlara verdiklərimizin onda birini belə əldə etməmişlər. Lakin onlar Mənim elçilərimi yalançı saydılar. (Görəydin,) Mənim (onları) həlak etməyim necə oldu!","De: “Mənim sizə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin dostunuzda heç bir dəlilik (əlaməti) yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir”.","De: “Mən sizdən bir mükafat istəmişəmsə, o sizin olsun. Mənim mükafatımı ancaq Allah verəcəkdir. O, hər şeyə Şahiddir”.","De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”.","De: “Haqq gəldi. Batil (ona qarşı) nə ortaya (bir şey) çıxarar, nə də (onu) geri qaytara bilər”.","De: “Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, eşidəndir, yaxındır”.","Kaş, sən onları (o kafirləri) qorxuya düşdükləri vaxt görəydin. Onlar qaçıb canlarını qurtara bilməyəcək və yaxın bir yerdə ələ keçiriləcəklər.","Onlar: “Biz ona inandıq!”– deyəcəklər. Axı uzaq bir yerdə (Axirətdə) imana necə nail ola bilərlər?!","Halbuki bundan əvvəl onu (Quranı və ya Muhammədi) inkar edir və uzaq bir yerdən qeyb haqqında fikir yürüdürdülər (öldükdən sonra dirilməyəcəyik. Cənnət, Cəhənnəm yoxdur deyirdilər).","Onlarla arzuladıqları şey (dünyaya qayıdıb iman və tövbə etmək) arasına sədd çəkilər. Daha əvvəl özlərinə bənzər kəslərə (keçmiş ümmətlərin kafirlərinə) də belə edilmişdir. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər.","Həmd, göyləri və yeri yaradan, mələkləri iki, üç və dördqanadlı elçilər edən Allaha məxsusdur! O, yaratdıqlarından istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.","Allahın insanlara bəxş etdiyi mərhəmətin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs göndərə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir.","Ey insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!","Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.","Ey insanlar! Həqiqətən, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın, tovlayan (şeytan) da sizi yoldan çıxartmasın.","Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən qəbul edin. O öz tərəfdarlarını Cəhənnəm əhli olmağa çağırır.","Kafirlər üçün şiddətli əzab, iman gətirib saleh əməllər edənlər üçün isə bağışlanma və böyük bir mükafat hazırlanmışdır.","Pis əməli özünə gözəl göstərilib onu yaxşı görənlə, (doğru yolla gedən kimsə eyni ola bilərmi?) Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini biləndir.","Küləkləri göndərib buludu hərəkətə gətirən Allahdır. Biz onu ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriliş də belə olacaqdır.","Kim izzət istəsə, (bilsin ki,) izzət bütünlüklə yalnız Allaha məxsusdur. Yaxşı söz Ona tərəf yüksələr və yaxşı sözü də saleh əməl qaldırar. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxacaqdır.","Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cüt-cüt xəlq etmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoyar. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, ancaq (açıq-aydın) Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.","İki dəniz eyni ola bilməz. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.","O, gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı (Öz əmrinə) ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək (qiyamət gününə qədər) hərəkət edər. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa dua etdikləriniz xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.","Əgər siz onlara dua etsəniz, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onları Allaha) şərik qoşduğunuzu inkar edəcəklər. Heç kəs sənə (hər şeydən) Xəbərdar olan (Allah) kimi xəbər verə bilməz.","Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.","Əgər Allah istəsə, sizi yox edib (yerinizə) yeni bir məxluq gətirər.","Bu, Allah üçün çətin deyildir.","Heç bir günahkar başqasının günahını daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim (günahlardan) təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış Allahadır.","Kor ilə görən eyni deyildir,","zülmətlərlə nur da,","kölgə ilə isti külək də (eyni deyildir).","Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə (haqqı) eşitdirər. Sən isə qəbirlərdə olanlara (haqqı) eşitdirə bilməzsən.","Sən ancaq xəbərdar edənsən.","Həqiqətən, Biz səni haqla müjdə verən və xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın.","Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də (elçiləri) yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, (İbrahimin səhifələri kimi) müqəddəs yazılar və (Tövrat və İncil kimi) nur saçan kitab gətirmişdilər.","Sonra Mən (haqqı) inkar edənləri yaxaladım. (Görəydin) Mənim (onları) həlak etməyim necə oldu!","Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi?! Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik.","İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.","Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər zərər olmayacaq bir ticarətə ümid edirlər ki,","(Allah) onlara mükafatlarını tam olaraq versin və onlara Öz lütfündən artırsın. Həqiqətən, O, bağışlayandır, şükürün əvəzini verəndir.","Kitabdan (Qurandan) sənə vəhy etdiyimiz, özündən əvvəlki kitabları təsdiqləyici olaraq gələn haqdır. Həqiqətən, Allah Öz qullarından xəbərdardır, görəndir.","Sonra, Kitabı qullarımızdan seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.","Onlar Ədn cənnətlərinə daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır.","Onlar deyəcəklər: “Həmd, qəm-qüssəni bizdən aparan Allaha məxsusdur! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir.","Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”","Kafirlər üçün isə Cəhənnəm odu vardır. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq.","Onlar orada: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”– deyə fəryad edəcəklər. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünüb öyüd ala biləcək kimsənin düşünüb öyüd ala biləcəyi qədər uzun ömür vermədikmi?! Sizə xəbərdar edən (Peyğəmbər) də gəlmişdi. Elə isə dadın (əzabı)! Zalımlara kömək edən olmaz”.","Şübhəsiz ki, Allah göylərin və yerin qeybini biləndir. O, sinələrdə olanları da bilir.","Sizi yer üzündə xələflər edən Odur. Kim küfr edərsə küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz.","De: “Allahdan başqa dua etdikləriniz şəriklərin yer üzündə nəyi yaratdıqlarını mənə bir göstərin görüm. Yoxsa onların göylərin yaradılmasında şərikliyi vardır? Yaxud onlara bir kitab vermişik, onlar da oradakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər.","Həqiqətən, Allah göyləri və yeri zaval olmasınlar deyə, tutub saxlayır. Əgər zaval olsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, həlimdir, bağışlayandır.","Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə xəbərdar edən (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara xəbərdar edən (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı.","(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və pis hiylələr qurduqlarına görə idi. Pis hiylələr isə ancaq öz sahibini qaplayar. Yoxsa onlar əvvəlkilərin başına gələn bəlalarımı gözləyirlər?! Sən Allahın sünnəsinə heç bir əvəz tapa bilməzsən. Sən Allahın sünnəsində heç bir dəyişiklik də tapa bilməzsən.","Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Onlar, bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir.","Əgər Allah insanları qazandıqları günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə (sağ) buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək (Qiyamət gününə qədər) möhlət verir. Onların vaxtı gəlib çatdıqda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcək). Şübhəsiz ki, Allah Öz qullarını görəndir.","Ya. Sin.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","And olsun hikmətli Qurana!","Həqiqətən, sən göndərilmiş elçilərdənsən,","doğru yoldasan.","(Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki,","ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir qövmü xəbərdar edəsən.","Artıq əksəriyyətinin iman gətirməyəcəyinə dair söz gerçəkləşdi.","Biz onların boyunlarına dəmir həlqələr keçirdik. Bu həlqələr onların çənələrinə dirənmişdir. Odur ki, başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir.","Biz onların önlərindən bir sədd, arxalarından da bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görməzlər.","Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməzlər.","Sən ancaq Zikrə (Qurana) tabe olub Rəhmanı görmədən (Ondan) çəkinən kimsəni qorxuda bilərsən. Beləsini bağışlanma və gözəl bir mükafatla müjdələ.","Həqiqətən, ölüləri dirildən, onların (dünyada) etdiklərini və buraxdıqları izləri (axar sədəqə kimi saleh əməlləri) yazan Bizik. Biz hər şeyi açıq-aydın Kitabda (Lövhi-məhfuzda) qeydə almışıq.","Sən onlara o şəhər sakinlərini misal çək. O zaman ki, onlara elçilər gəlmişdi.","O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. (Bu elçilər:) “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.","Onlar dedilər: “Siz də bizim kimi bir insansınız. Rəhman sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.","(Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.","Bizim üzərimizə düşən (vəhy olunanı) aşkar təbliğ etməkdir”.","Onlar dedilər: “Biz sizdə uğursuzluq gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq şiddətli bir əzab toxunacaqdır”.","(Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Yoxsa sizə edilən öyüd-nəsihəti (bəd əlamət sayırsınız)?! Xeyr, siz həddi aşmış bir qövmsünüz”.","Şəhərin ən ucqar yerindən (Həbib bin Musa ən-Nəccar adlı) bir kişi tələsik gəlib dedi: “Ey qövmüm, elçilərə tabe olun!","Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan kəslərə tabe olun!","Mən nə üçün məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?!","Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.","Belə olacağı təqdirdə mən açıq-aydın azğınlığa düşmüş olaram.","Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”","(Şəhər sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş qövmüm biləydi ki,","Rəbbim məni bağışladı və məni hörmətli kimsələrdən etdi”."]