["Sizdən hər kim Allaha və Rəsuluna itaət edər və yaxşı işlər görərsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün (cənnətdə) bol ruzi hazırlamışıq.","Ey Peyğəmbər zövcələri! Siz başqa qadınlar kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, (yad kişilərlə) ədalı danışmayın, yoxsa qəlbində xəstəlik olan bir kimsə (sizə qarşı) ümid bəsləyər. Düzgün danışın!","Evlərinizdə oturun, əvvəlki cahiliyyə dövründə olduğu kimi açıq-saçıq geyinməyin! Namazı qılın, zəkatı verin, Allaha və Onun Peyğəmbərinə itaət edin! Ey əhli-beyt! Həqiqətən, Allah sizdən pisliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir.","Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (sünnəni) xatırlayın! Şübhəsiz ki, Allah lütfkardır, hər şeydən xəbərdardır.","Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.","Allah və Onun peyğəmbəri bir işə hökm etdiyi zaman mömin kişi və mömin qadının o işdə (öz istəklərinə görə) seçmə hüququ yoxdur. Kim Allaha və Onun peyğəmbərinə qarşı çıxarsa, şübhəsiz, o, açıq-aydın bir zəlalətə düşmüş olar.","(Ey Peyğəmbər!) Bir zamanlar Allahın nemət verdiyi, sənin də yaxşılıq etdiyin kimsəyə: “Zövcəni saxla (boşama) və Allahdan qorx!” - deyirdin. Allahın üzə çıxaracağı şeyi insanlardan çəkinərək içində gizli saxlayırdın. Halbuki qorxmağına ən çox layiq olan Allahdır. Zeyd onu boşadığı zaman Biz onu sənə nikahladıq ki, oğulluqları zövcələrini boşadıqları zaman (möminlər o qadınlarla evlənmək istəyərlərsə,) möminlərə bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.###[*] Yuxarıdakı ayədə qeyd olunan və Quranda adı keçən yeganə səhabə Zeyd ibn Harisədir. Zeyd Həzrət Peyğəmbərin oğulluğu idi. Həzrət Peyğəmbər onu öz xalası qızı Zeynəblə evləndirmişdi. Daha sonra Zeyd Zeynəblə boşanmış və Həzrət Peyğəmbər də Zeynəblə evlənmişdi. Bu ayə ilə ərəb adətlərindən olan bir kişinin oğulluğunun boşadığı qadınla evlənə bilməyəcəyi anlayışı ortadan qalxmışdır.","Allahın Peyğəmbərə halal etdiyi bir şeydə ona heç bir günah yoxdur. Allahın daha əvvəl gəlib-keçənlər (peyğəmbərlər) barəsindəki qanunu da belə idi. Allahın hökmü belə təqdir edilmişdir.","Peyğəmbərlər o kəslərdir ki, Allahın göndərdiyi əmrləri təbliğ edər, Allahdan qorxar və Ondan başqa heç kimdən qorxmazlar. Haqq-hesab çəkən olaraq Allah yetər.","Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.","Ey iman gətirənlər, Allahı çox zikr edin!","Səhər-axşam Onu təsbeh edin!","Sizi qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Öz rəhmətini göndərən Odur. Mələkləri də sizin üçün istiğfar edərlər. Allah möminlərə qarşı çox mərhəmətlidir.","Ona qovuşacaqları gün onlar salamlanaraq qarşılanarlar. Allah onlar üçün gözəl bir mükafat hazırlamışdır.","Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərdik.","Həm də Allahın izni ilə Onun yoluna dəvət edən və nur saçan bir çıraq olaraq göndərdik.","Möminlərə də müjdə ver ki, onlar üçün Allah tərəfindən böyük bir lütf vardır.","Kafirlərə və münafiqlərə boyun əymə! Onların verdikləri əziyyətlərə əhəmiyyət vermə və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.","Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da toxunmadan (cinsi əlaqədə olmadan) əvvəl onları boşasanız, onlar üçün gözləmə müddəti saymağınıza ehtiyac yoxdur. Ona görə də onlara faydalanacaqları bir şey verin və gözəl bir şəkildə onları sərbəst buraxın!###[*] Cinsi əlaqədə olmadan boşanmış bir qadına dahə əvvəl təyin edilmiş mehrin yarısı verilir və ya bir bəxşiş verilir ki, bunun müəyyən bir miqdarı yoxdur. Bu şəkildə boşanmış bir qadın iddət dövrünü gözləmədən evlənə bilər.","Ey Peyğəmbər! Şübhəsiz, mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiyi cariyələri, əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, səninlə birlikdə hicrət etmiş xalalarının qızlarını və Peyğəmbər evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Bu, digər möminlərə deyil, sadəcə sənə məxsusdur. Biz sənə çətinlik olmasın deyə onların zövcələri və cariyələri barəsində onlara (möminlərə) nəyi fərz etdiyimizi yaxşı bilirik. Allah bağışlayandır, rəhmlidir.","Onlardan (zövcələrindən) istədiyini təxirə salar, istədiyini də yanına ala bilərsən. Boşadıqlarından istədiyini təkrar yanına almaqda sənə heç bir günah yoxdur. Bu, onların sevinmələri, kədərlənməmələri və hamısının sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlblərinizdə olanları bilir. Allah hər şeyi biləndir, həlimdir.","Bundan sonra (başqa) qadınlar (ilə evlənmək) və cariyələrin istisna olmaqla, gözəllikləri sənin xoşuna gəlsə belə, bunların yerinə başqa qadınlar almaq sənə halal deyildir. Allah hər şeyə nəzarət edəndir.","Ey iman gətirənlər, yeməyə dəvət edilmədikcə və yeməyin bişməsini gözləmədən Peyğəmbərin evlərinə girməyin! Lakin dəvət olunduğunuz zaman girin və yeməyi yedikdən sonra söhbətə dalmadan dərhal dağılışın! Həqiqətən, bu, Peyğəmbərə əziyyət verir, ancaq o sizdən çəkinir. Allah isə həqiqəti söyləməkdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduğunuz zaman pərdə arxasından soruşun! Bu, həm sizin, həm də onların qəlbləri üçün daha təmiz bir davranışdır. Allahın Peyğəmbərini incitmək və ondan sonra zövcələri ilə evlənmək əsla sizə yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük bir günahdır.","Bir şeyi aşkar etsəniz də, gizli saxlasanız da, şübhəsiz, Allah hər şeyi bilir.","Onlara (mömin qadınlara) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, (mömin) qadınlar və kölələrinə görə (onların yanında hicab geyinməmələrinə görə) heç bir günah yoxdur. Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.","Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın!  ###[*] Təfsirçilərə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi və Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi Həzrət Peyğəmbərin şanını ucaltmaları və möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə Həzrət Peyğəmbər üçün dua etmələri mənasına gəlir.","Həqiqətən, Allahı və Onun Peyğəmbərini incidənlərə Allah bu dünyada və axirətdə lənət etmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.","Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü incidənlər, həqiqətən, iftira və açıq-aydın bir günah yüklənmişlər.","Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə (evlərindən çıxdıqları zaman) çarşablarını örtmələrini söylə! Bu, onların tanınmaları və incidilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.","Əgər münafiqlər, qəlblərində xəstəlik olanlar və Mədinədə yalan şayiələr yayanlar (bu əməllərindən) vaz keçməsələr, əlbəttə, səni onların üstünə göndərərik. Sonra onlar orada səninlə yalnız az bir müddət qala bilərlər.","Onlar lənətləniblər. Harada görülsələr, tutulub öldürülərlər.","Allahın daha əvvəl gəlib-keçənlər haqqındakı qanunu da belə idi. Allahın qanununda heç bir dəyişiklik görə bilməzsən.","İnsanlar səndən qiyamətin vaxtı haqqında soruşurlar. De ki: “Onun məlumatı yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, qiyamət yaxın bir zamanda baş verəcək.","Həqiqətən, Allah kafirlərə lənət etmiş və onlar üçün alovlu bir od hazırlamışdır.","Onlar orada əbədi qalacaq və özlərinə nə bir dost, nə də bir yardımçı tapa biləcəklər.","Üzləri odda çevrildiyi gün onlar: “Kaş Allaha itaət edəydik! Kaş Peyğəmbərə itaət edəydik!” - deyəcəklər.","Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.","Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və onları böyük bir lənətə düçar et!”","Ey iman gətirənlər! Musaya əziyyət verənlər kimi olmayın! Allah onu (Musanı) onların söylədiklərindən təmizə çıxartdı. O, Allah yanında şərəfli biri idi.","Ey iman gətirənlər, Allahdan qorxun və doğru söz söyləyin!","(Əgər belə etsəniz,) Allah sizin işlərinizi düzəldər və günahlarınızı bağışlayar. Kim Allaha və Onun peyğəmbərinə itaət edərsə, böyük bir uğura nail olar.","Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir.###[*] İnsana yüklənən əmanət təfsirçilər tərəfindən “düşünmə qabiliyyəti” kimi izah edilmişdir. Allah-Təala bu əmanəti insana verərək ona məsuliyyətlər yükləyir və beləcə, onu sınaqdan keçirir.","Allah (bu əmanəti ona görə insana yüklədi ki,) münafiq kişilərə, münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara əzab versin, mömin kişilərin və mömin qadınların tövbəsini də qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.","Həmd göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha məxsusdur. Axirətdə də həmd Ona məxsusdur. O hikmət sahibidir, hər şeydən xəbərdardır.","Allah yerə girəni də, oradan çıxanı da, göydən enəni də, ora yüksələni də bilir. O mərhəmətlidir, bağışlayandır.","Kafirlər: “Qiyamət bizə gəlməyəcək!” - dedilər. De ki: “Xeyr! Qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizə gələcəkdir. Göylərdə və yerdə zərrə qədər bir şey belə Ondan gizli qalmaz. Hətta ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın bir kitabda (lövhi-məhfuzda) olmasın”.","Allah bunları iman gətirib yaxşı işlər görənləri mükafatlandırmaq üçün etmişdir. Onlar üçün bağışlanma və gözəl ruzi vardır.","Ayələrimizi qüvvədən salmaq üçün səy göstərənlər acı əzabın ən pisinə düçar olacaqlar.","Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yoluna yönəltdiyini görürlər.###[*] Təfsirlərdə, elm verilmiş kimsələrin səhabələr, yaxud kitab əhlindən müsəlman olan kimsələr olduğu qeyd edilir.","Kafirlər (öz aralarında) belə dedilər: “Tamamilə çürüyüb parçalandıqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir adamı sizə göstərəkmi?","Görəsən, o, yalandan Allaha iftira atır, yoxsa onda dəlilikmi var?” Xeyr! Axirətə inanmayanlar əzab və (haqdan) uzaq zəlalət içindədirlər.","Onlar göydə və yerdə önlərinə və arxalarına baxmırlarmı? Əgər istəsək, onları yerə batırar, yaxud onların üstünə göydən (əzab) parçaları yağdırarıq. Həqiqətən, tövbə edib Rəbbinə yönələn hər bəndə üçün bunda bir ibrət vardır.","Şübhəsiz ki, Biz Davuda Öz tərəfimizdən bir üstünlük verib: “Ey dağlar və quşlar, onunla birlikdə Allahı təsbeh edin!” (- buyurduq) və dəmiri onun üçün yumşaltdıq.","(Sonra ona belə buyurduq:) “Geniş zirehlər düzəlt və toxuyarkən ölçüyə riayət et! Yaxşı işlər görün! Həqiqətən, Mən sizin etdiklərinizi görürəm”.","Səhər gedişi bir aylıq məsafə, axşam dönüşü də bir aylıq məsafə olan küləyi Süleymanın xidmətinə verdik. Ərimiş mis mədənini də onun üçün sel kimi axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun hüzurunda çalışırdı. Onlardan kim əmrimizdən çıxırdısa, alovlu odun əzabından ona daddırırdıq.","Onun üçün istəyinə uyğun məbədlər, heykəllər, hovuzlara oxşar ləyənlər və yerindən tərpədilə bilməyən iri qazanlar düzəldirdilər. Ey Davud ailəsi, Allaha şükür edin! Qullarımdan şükür edənlər azdır.","Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu onlara göstərdi. O, (Süleyman ölmüş vəziyyətdə) yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar.","Səbə qövmü üçün məskunlaşdıqları yerdə ibrət olan iki bağları vardı. Onlardan biri sağ, digəri isə sol tərəfdə idi. (Onlara belə deyilmişdi:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin! Gözəl bir diyar və bağışlayan bir Rəbb!”","Ancaq onlar haqdan üz döndərdilər. Biz də onların üstünə Ərim selini göndərdik. Beləcə, onların bağlarını acı meyvəli və bir az da sidr ağacı bitən bağlara çevirdik.","Nankorluq etdikləri üçün onları belə cəzalandırdıq. Biz nankorluq edəndən başqasına cəza verərikmi?!","Biz onların (Səbə qövmünün) və bərəkət verdiyimiz məmləkətlərin arasında açıq-aşkar görünən qəsəbələr inşa etdik, aralarındakı gediş-gəlişi də asanlaşdırdıq. (Onlara belə dedik:) “Gecə-gündüz orada arxayın gəzib dolaşın!”","Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (aramızdakı məsafələri) uzaqlaşdır!” - dedilər və özlərinə zülm etdilər. Biz də onları pərən-pərən salıb ibrətamiz hekayələrə çevirdik. Həqiqətən, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.","Şübhəsiz ki, İblisin onlar barəsindəki təxmini düz çıxdı. Möminlərdən ibarət bir dəstə istisna olmaqla, hamısı ona tabe oldular.","Halbuki (İblisin) onlar üzərində heç bir hakimiyyəti yox idi. Lakin axirətə inananla ona şübhə edəni ayırd etmək üçün (İblisə bu fürsəti verdik). Sənin Rəbbin hər şeyə nəzarət edəndir.","(Müşriklərə) de: “Allahdan başqa ilah olduğunu iddia etdiklərinizi çağırın!” Onlar nə göylərdə, nə də yerdə zərrə qədər bir şeyə sahibdirlər. Onların buralarda (göylərdə və yerdə) heç bir şərikliyi yoxdur. Onlardan heç biri Allahın köməkçisi də deyildir.","Onun hüzurunda, izin verdiyi kimsələrdən başqasının şəfaəti fayda verməz. Nəhayət, onların qəlblərindən qorxu çıxdığı zaman: “Rəbbiniz nə buyurdu?” - deyərlər. Onlar da: “Haqq olanı buyurdu. O ucadır, böyükdür!” - deyərlər.","De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə biz, yaxud siz (ikimizdən biri) ya doğru yoldadır, ya da açıq-aydın bir zəlalət içindədir”.","De: “Bizim işlədiyimiz günahlardan siz sorğu-suala çəkilməyəcəksiniz. Biz də sizin etdiklərinizdən sorğu-suala çəkilməyəcəyik.","De: “Rəbbimiz (axirət günü) bizi toplayacaq, sonra da bizim aramızda haqq ilə hökm verəcəkdir. O, ən ədalətli hökm verəndir, hər şeyi biləndir”.","De: “Allaha qoşduğunuz şərikləri mənə göstərin! Xeyr! Əksinə, O, yenilməz qüvvət və hikmət sahibidir”.","Biz səni bütün insanlara yalnız müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq göndərdik. Lakin insanların çoxu bunu bilmir.","Onlar: “Əgər doğru söyləyirsənsə, bu vəd (qiyamət) nə vaxt olacaq?” - deyirlər.","De ki: “Sizə vəd olunmuş elə bir gün vardır ki, ondan nə bir an geri qala bilər, nə də irəli keçə bilərsiniz”.","Kafirlər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanacağıq!” - dedilər. Kaş o zalımları Rəbbinin hüzurunda dayandırıldıqları zaman bir-birlərinə söz qaytararkən görəydin. (Dünya həyatında) zəif olanlar təkəbbürlü kimsələrə: “Əgər siz olmasaydınız, biz mömin olardıq!” - deyəcəklər.","Təkəbbürlənənlər isə zəiflərə belə deyəcəklər: “Sizə doğru yol gəldikdən sonra sizi (doğru yoldan) bizmi döndərdik? Əksinə, siz özünüz günahkar idiniz”.","Zəiflər də təkəbbürlənənlərə: “Əksinə, siz gecə-gündüz hiylə qururdunuz. O zaman bizə Allahı inkar etməyimizi və Ona şəriklər qoşmağımızı əmr edirdiniz”, - deyəcəklər. Onlar əzabı gördükləri zaman peşmançılıqlarını gizlədəcəklər. Biz kafirlərin boyunlarına zəncirlər vuracağıq. Onlar yalnız etdikləri əməllərə görə cəzalandırılacaqlar.","Biz hansı bir məmləkətə xəbərdar edən bir peyğəmbər göndərdiksə, oranın naz-nemət içində yaşayan başçıları: “Biz sizinlə göndərilənləri inkar edirik”, - dedilər.","Onlar: “Biz mal-mülk və övlad cəhətdən daha çoxuq, əzaba düçar olası da deyilik”, – dedilər.","De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini artırar, istədiyinin ruzisini də azaldar. Lakin insanların çoxu bunu bilmir”.","Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman gətirib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar.","Ayələrimizi qüvvədən salmaq üçün səy göstərənlər əzaba sürüklənəcəklər.","De: “Həqiqətən, Rəbbim qullarından istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini də azaldar. Siz nə infaq etsəniz, Allah onun yerinə başqasını verər. O, ruzi verənlərin ən xeyirlisidir”.","O gün Allah onların hamısını toplayacaq, sonra mələklərə: “Bunlar sizə ibadət edirdilər?” - deyəcəkdir.","Mələklər: “Sən pak və müqəddəssən! Bizim dostumuz onlar deyil, Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Onların çoxu cinlərə iman gətirmişdi”, - deyəcəklər.","Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verməyə qadirsiniz. Biz zalımlara: “Yalanladığınız cəhənnəm əzabını dadın!” - deyəcəyik.","Ayələrimiz onlara açıq-aşkar oxunduqda: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır”, - dedilər. Həmçinin belə dedilər: “Bu (Quran) uydurma bir yalandan başqa bir şey deyil”. Kafirlərə haqq (Quran) gəldiyi zaman: “Bu yalnız açıq-aşkar bir sehrdir!” - dedilər.","Halbuki Biz onlara oxuyacaqları bir kitab verməmişdik və səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər göndərməmişdik.","Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalanlamışdılar. Bunlar onlara verdiklərimizin onda birinə belə nail olmayıblar. Ancaq onlar da peyğəmbərlərimi yalanlamışdılar. Bəs Mənim onları inkar (məhv) etməyim necə olmuşdu?!","(Ey Peyğəmbər!) De: “Mən sizə yalnız bir öyüd verəcəyəm. Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da düşünün! Sizin yoldaşınızda (Mühəmməddə) heç bir dəlilik yoxdur. O, yalnız şiddətli bir əzab gəlmədən əvvəl sizi xəbərdar edən bir peyğəmbərdir”.","De: “Mən sizdən heç bir əvəz istəmirəm, o sizin olsun. Mənim mükafatım yalnız Allaha aiddir. O, hər şeyə şahiddir”.","De: “Həqiqətən, Rəbbim haqqı nazil edir. O, qeybi çox yaxşı biləndir!”","De: “Haqq (İslam) gəldi. Artıq batil nə bir şey (küfr, şirk) ortaya çıxara bilər, nə də geri gətirə bilər”.","De: “Əgər mən zəlalətə düşsəm, bu, yalnız mənim öz əleyhimə olar. Əgər doğru yolda gedirəmsə, bu, Rəbbimin mənə vəhy etdiyi (Quran) sayəsindədir. Şübhəsiz ki, O, hər şeyi eşidəndir, yaxındır”.","Kaş onları qorxduqları zaman görəydin! Artıq (Bizdən) qurtuluş yoxdur. Onlar yaxın bir yerdə yaxalandılar.###[*] Təfsirlərdə kafirlərin qorxduqları zaman “ölüm anı”, “qəbirdən dirilib qalxma zamanı” və ya “Bədr döyüşünün olduğu vaxt” kimi izah edilmişdir. Yaxın bir yerdə yaxalanmaları da, “torpaqdan məzara”, “məhşər yerindən cəhənnəmə”, yaxud “Bədr döyüşündən sonra Bədr quyularının yanına aparılmaları” kimi izah edilmişdir.","Onlar (axirətdə): “Ona (Qurana) iman gətirdik!” – deyəcəklər. Ancaq onlar uzaq bir yerdən imana necə nail ola bilərlər?","Halbuki daha əvvəl onu inkar edir və uzaq bir yerdən (dünyada) qeyb haqqında fikir yürüdürdülər.","Artıq daha əvvəl onlara bənzər kimsələrə edildiyi kimi, onlarla arzuladıqları arasına pərdə çəkilmişdir. Həqiqətən, onlar dərin bir şübhə içində idilər.","Göyləri və yeri yaradan, mələkləri ikiqanadlı, üçqanadlı və dördqanadlı elçilər edən Allaha həmd olsun! O, istədiyi qədər çox yaradar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.","Allahın insanlara bəxş etdiyi mərhəmətə heç kəs əngəl ola bilməz. Onun əngəl olduğunu da, Ondan başqa heç kəs verə bilməz. O qüdrətlidir, hikmət sahibidir.","Ey insanlar, Allahın sizə verdiyi neməti xatırlayın! Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir yaradan varmı? Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olur ki, siz (haqq yoldan) döndərilirsiniz?","Əgər səni yalanlayırlarsa, bil ki, səndən əvvəlki peyğəmbərlər də təkzib edilmişdilər. Bütün işlər Allaha qaytarılacaqdır.","Ey insanlar, Allahın vədi haqdır! Ona görə də dünya həyatı sizi aldatmasın, aldadıcı (şeytan) da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) yoldan çıxartmasın!","Həqiqətən, şeytan sizin düşməninizdir. Ona görə siz də onu düşmən hesab edin. O, öz tərəfdarlarını yalnız cəhənnəmliklərdən olmağa çağırır.","Kafirlər üçün şiddətli bir əzab vardır. İman gətirib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır.","Pis əməli özünə yaxşı göstərilib onu yaxşı hesab edən kimsə (pis əməli yaxşı hesab etməyən kimsə kimi) ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salar, istədiyini də doğru yola yönəldər. Elə isə onlar üçün kədərlənib özünü məhv etmə! Şübhəsiz ki, Allah onların nə etdiklərini yaxşı bilir.","Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Biz onu (buludu) ölü bir məmləkətə göndərərik və quruduqdan sonra torpağı onunla dirildərik. Axirətdəki diriltmək də belə olacaqdır.","Kim izzət və şərəf istəyirsə, bilsin ki, bütün izzət və şərəf Allaha məxsusdur. Yaxşı söz Ona doğru yüksələr və onu yüksəldən yaxşı əməldir. Pis işlər görüb hiylə quranlar üçün şiddətli bir əzab vardır və onların hiylələri boşa çıxacaqdır.","Allah sizi (əvvəlcə) torpaqdan, sonra da nütfədən yaratdı. Sonra sizi (kişi və qadın olmaqla) cüt-cüt etdi. Onun xəbəri olmadan heç bir dişi nə hamilə qalar, nə də balasını dünyaya gətirər. Bir canlıya ömür verilməsi də, ömrünün qısaldılması da məhz kitabda (lövhi-məhfuzda) mövcuddur. Həqiqətən, bu, Allah üçün asandır.","İki dəniz eyni deyildir. Bu şirindir, susuzluğu aparır və içilməsi rahatdır. Digəri isə duzlu və acıdır. Hər birindən təzə (balıq) əti yeyirsiniz və taxacağınız bəzək əşyaları çıxardırsınız. Allahın lütfündən (nəsibinizi) axtarıb şükür edəsiniz deyə, gəmilərin orada dənizi yara-yara üzdüyünü görürsən.","Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı da sizə ram etmişdir. Hər biri müəyyən bir vaxta qədər axıb gedər. Bu (işləri görən), Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Onu qoyub dua etdiyiniz (bütlər) isə, xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.","Əgər onları (bütləri) çağırsanız, sizin çağırışınızı eşitməzlər. Eşitsələr belə, sizə cavab verə bilməzlər. Onlar qiyamət günü sizin şərik qoşmağınızı inkar edəcəklər. Heç kəs bunu sənə, hər şeyi bilən Allah kimi xəbər verə bilməz.","Ey insanlar! Allaha möhtac olan sizsiniz. Allah isə heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.","Əgər Allah istəsə, sizi yox edər və sizin yerinizə yeni bir xalq gətirər.","Bu, Allah üçün çətin deyildir.","Heç bir günahkar başqasının günahını daşımaz. Əgər (günah) yükü ağır olan kəs onu daşımaq üçün (başqasını) çağırsa, (çağırılan kimsə onun) yaxın qohumu olsa belə, o yükdən heç bir şeyi alıb daşımaz. Sən yalnız görmədikləri halda Rəbbindən qorxanları və namaz qılanları xəbərdar edə bilərsən. Kim təmizlənərsə, yalnız özü üçün təmizlənmiş olar. Axır dönüş Allahadır.","Kor ilə görən eyni deyildir.","Qaranlıqlar ilə aydınlıq eyni deyildir.","Kölgə ilə isti eyni deyildir.","Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyi kimsəyə (haqqı) eşitdirər. Ancaq sən qəbirlərdə olanlara (haqqı) eşitdirə bilməzsən! ###[*] Bu ayədə kafirlər və müşriklər qəbirlərdəki ölülərə bənzədilmişlər. Çünki qəbirdəkilər heç bir şey eşitmədiyi kimi, kafir və müşriklər də haqqı dinləmir və eşitmək istəmirlər.","Sən yalnız xəbərdar edənsən.","Həqiqətən, Biz səni müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir peyğəmbər gəlməmiş olsun.","Əgər onlar səni yalanlayırlarsa, bil ki, onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalanlamışdılar. Peyğəmbərləri onlara açıq-aydın ayələr (möcüzələr), səhifələr və aydınladan kitab gətirmişdilər.","Sonra kafir olanları yaxaladım. Bəs Mənim inkar (məhv) etməyim necə oldu?!","Allahın göydən su endirdiyini görmədinmi? Beləcə, onunla (torpaqdan) müxtəlif rəngli meyvələr çıxartdıq. Dağlarda da ağ, qırmızı və tünd qara kimi müxtəlif rənglərdə yollar meydana gətirdik.","İnsanlardan, heyvanlardan və davarlardan da bu cür müxtəlif rəngli olanlar vardır. Allahdan qulları arasında yalnız alimlər (layiqincə) qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.","Həqiqətən, Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər.","Allah onlara mükafatlarını tam verər, hətta Öz lütfündən onlara bundan artığını da verər. Şübhəsiz ki, O, bağışlayandır, şükrün mükafatını verəndir.","Sənə vəhy etdiyimiz Kitab (Quran) özündən əvvəlkiləri (ilahi kitabları) təsdiqləyən bir həqiqətdir. Şübhəsiz, Allah qullarından xəbərdardır, hər şeyi görəndir.","Sonra Kitabı qullarımızın arasından seçdiklərimizə verdik. Onlardan özünə zülm edən də, orta yolu tutan da, Allahın izni ilə yaxşı işlərdə irəli keçən də vardı. Böyük fəzilət budur.","(Onların mükafatı) daxil olacaqları Ədn cənnətləridir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzənərlər. Oradakı paltarları da ipəkdəndir.","Onlar belə deyəcəklər: “Qəm-kədəri bizdən dəf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükrün mükafatını verəndir.","O (Rəbb) ki, Öz lütfü ilə bizi iqamətgahda (cənnətdə) yerləşdirdi. Burada biz nə yorularıq, nə də bezib usanarıq”.","Kafirlər üçün isə cəhənnəm odu vardır. Nə onların ölmələri üçün hökm verilər, nə də əzabları yüngülləşdirilər. Biz hər bir kafiri bu cür cəzalandırarıq.","Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” - deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir peyğəmbər də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur”.","Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Həqiqətən, O, qəlblərdə olanları da biləndir.","Sizi yer üzünün varisləri edən Odur. Kim inkar edərsə, inkar etməsi onun öz əleyhinədir. Kafirlərin inkar etməsi Rəbbi yanında yalnız qəzəbi artırar. Kafirlərin inkar etmələri onların ancaq ziyanını artırar.","De: “Allahı qoyub dua etdiyiniz şəriklərinizi gördünüzmü?! Mənə göstərin görək, onlar torpaqdan nə yaradıblar? Yaxud göylərdə onların bir şərikliyimi var? Yoxsa Biz onlara (bu barədə) bir kitabmı vermişik və buna görə də onlar oradakı bir dəlilə əsaslanırlar? Xeyr! Zalımlar bir-birlərinə ancaq yalan şeylər vəd edirlər.","Həqiqətən, Allah göyləri və yeri nizamları pozulmasın deyə tutub saxlayır. Əgər onların nizamı pozularsa, Ondan başqa heç kəs onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir (cəzaları təxirə salandır), bağışlayandır.","Onlar özlərinə xəbərdar edən bir peyğəmbər gəldiyi təqdirdə, hər hansı millətdən daha çox doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içmişdilər. Onlara xəbərdar edən bir peyğəmbər gəldikdə isə bu onları ancaq haqdan uzaqlaşdırdı.","Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (onlara tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?! Allahın qanununda heç bir təbəddülat tapa bilməzsən! Allahın qanununda heç bir dəyişiklik də görə bilməzsən!","Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Halbuki onlar bunlardan daha güclü idilər. Göylərdə və yerdə Allahı aciz qoya bilən heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə qadirdir.","Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah qullarını görür.","Ya, Sin!","Hikmətli Qurana and olsun ki,","(Ey Mühəmməd!) Həqiqətən, sən göndərilən peyğəmbərlərdənsən.","Doğru yoldasan.","(Bu Quran) yenilməz qüvvət sahibi və mərhəmətli Allah tərəfindən nazil edilmişdir.","Ataları xəbərdar edilmədiyinə görə qəflət içində olan bir qövmü xəbərdar edəsən deyə nazil edilmişdir.","Həqiqətən, onların əksəriyyəti barəsində söz (əzab hökmü) vacib olmuşdur. Çünki onlar iman gətirməzlər.","Biz onların boyunlarına çənələrinə dirənən zəncirlər vurduq. Buna görə də başları yuxarı qalxmışdır.","Önlərinə bir sədd, arxalarına da bir sədd çəkib onları bağlamışıq. Buna görə də onlar (haqqı) görə bilməzlər.","Sən onları xəbərdar etsən də, etməsən də onlar üçün birdir. Onlar iman gətirməzlər.","Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ!","Həqiqətən, ölüləri Biz dirildirik. Onların etdikləri əməlləri və qoyduqları izləri yazırıq. Biz hər şeyi açıq-aydın kitabda (lövhi-məhfuzda) sayıb yazmışıq.","Sən onlara şəhər xalqını misal çək! Bir vaxtlar ora elçilər gəlmişdi. ###[*] Təfsir mənbələrində bu şəhərin bugünkü Türkiyə ərazisindəki Antakya şəhəri olduğu qeyd olunur.","O zaman Biz onlara iki elçi göndərmişdik. Ancaq onlar ikisini də təkzib etmişdilər. Biz də onları üçüncü bir elçi ilə dəstəkləmişdik. Onlar: “Həqiqətən, biz (Allah tərəfindən) sizə göndərilən elçilərik!” - dedilər.","(Şəhərin əhalisi:) “Siz də bizim kimi insanlarsınız. Rəhman olan Allah heç bir şey nazil etməmişdir. Siz yalan danışırsınız!” - dedilər.","Onlar dedilər: “Rəbbimiz bilir ki, biz həqiqətən, sizə göndərilmiş elçilərik.","Bizim vəzifəmiz ancaq (Allahın əmrlərini) açıq-aşkar təbliğ etməkdir”.","Onlar (şəhər əhalisi): “Həqiqətən, biz sizdə bir uğursuzluq gördük. Əgər bu işdən vaz keçməzsəniz, and olsun ki, sizi daşqalaq edəcəyik və bizdən sizə acı bir əzab toxunacaq”, - dedilər.","Elçilər dedilər: “Sizin uğursuzluğunuz özünüzdəndir. Əgər sizə öyüd-nəsihət verilirsə (bu uğursuzluqdurmu)? Xeyr! Siz həddi aşan bir qövmsünüz”.","Şəhərin ən ucqar yerindən bir kişi qaçaraq gəlib belə dedi: “Ey qövmüm, bu elçilərə tabe olun!","Sizdən heç bir əvəz istəməyən və doğru yolda olan bu kimsələrə tabe olun!”###[*] Həmin adamın bu tövsiyəsindən sonra şəhər əhalisi ona yönələrək: “Sən də onların dinindəsənmi?” - dedilər. Bunun müqabilində o belə dedi:","“Mən nəyə görə məni yaradana ibadət etməməliyəm?! Siz də Onun hüzuruna qaytarılacaqsınız.","Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi? Əgər Rəhman olan Allah mənə zərər vermək istəsə, onların (bütlərin) şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.","(Əgər bütlərə sitayiş etsəm,) o zaman mən açıq-aşkar bir azğınlıq içində olaram.","Şübhəsiz ki, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”###[*] Şəhərin azğın əhalisi o adama qulaq asmayıb onu daşqalaq etdilər. Nəhayət, o, can verərkən ona:","“Cənnətə daxil ol!” – deyildi. O da belə dedi: “Kaş qövmüm biləydi ki,","Rəbbim məni bağışladı və məni möhtərəm kimsələrdən etdi”. "]