["Biz ondan (Həbib bin Musa ən-Nəccardan) sonra qövmünün üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.","(Onları məhv edən) ancaq dəhşətli bir səs oldu. Onlar bir anda məhv oldular.","Vay olsun o qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.","Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə (dünyaya) öz yanlarına qayıtmadığını görmürlərmi?!","Onların hamısı (Qiyamət günü hesab üçün) hüzurumuza gətiriləcəklər.","Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan toxum (dənli bitkilər) çıxardırıq, onlar da ondan yeyirlər.","Biz orada xurma və üzüm bağları yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,","onların meyvələrindən və öz əlləri ilə becərmədiklərindən (yaxud becərdiklərindən) yesinlər. Yenə də şükür etməyəcəklərmi?!","Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.","Gecə də, onlar üçün (Allahın qüdrətinə dəlalət edən) bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.","Günəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər. Bu, Qüdrətli, (hər şeyi) Bilən Allahın əzəli hökmüdür.","Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (mənzilləri tədricən başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olar.","Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz yolu ilə hərəkət edər.","Onların züriyyətini yüklü gəmidə (Nuhun gəmisində) daşımağımız da onlar üçün bir dəlildir.","Biz onlar üçün buna (Nuhun gəmisinə) bənzər (daha neçə-neçə) minik vasitəsi yaratdıq.","Əgər istəsək, onları (suya) qərq edərik. O zaman nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.","Yalnız Bizim (onlara) rəhm etməyimiz və (onlara,) müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz müstəsnadır.","Onlara: “Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər).","Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz döndərməsinlər.","Onlara: “Allahın sizə verdiyi ruzidən xərcləyin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?! Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.","Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.","Onlar, bir-birləri ilə höcətləşərkən (dünya işləri ilə məşğul olarkən) özlərini yaxalayacaq bir tükürpədici səsi (sura birinci dəfə üfürülməsini) gözləyirlər.","Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.","Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf tələsəcəklər.","Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Rəhmanın vəd etdiyidir. Elçilər doğru deyirlərmiş”.","Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.","O gün heç kəsə zülm edilməyəcək. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.","O gün Cənnət əhli nemətlər içində kef çəkməklə məşğul olacaqlar.","Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.","Onlar üçün orada meyvələr və istədikləri hər şey vardır.","Onlara Mərhəmətli Rəbbdən bir söz olaraq “Salam” vardır.","(Qiyamət günü kafirlərə:) \"Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!\"– (deyiləcəkdir).","Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,","Mənə ibadət edin! Doğru yol budur.","Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?!","Bu, sizə vəd edilmiş Cəhənnəmdir.","Küfür etdiyinizə görə bu gün orada yanın!","Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.","Əgər istəsəydik, onların gözlərini kor edərdik. O zaman onlar (düz) yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?!","Əgər istəsəydik, onları yerlərindəcə elə hala salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər.","Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?!","Biz Ona (Muhammədə) şeir öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,","diri olanları xəbərdar etsin və kafirlər barəsindəki söz gerçəkləşsin.","Məgər onlar görmürlər ki, Biz onlar üçün, sahib olduqları heyvanları Öz əllərimizlə yaratmışıq?!","Biz bunları (heyvanları) onların ixtiyarına verdik. Onların bəzisini minir, bəzisini də yeyirlər.","Bunlarda (bu heyvanlarda) onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?!","(Müşriklər) Allahdan başqa ilahlar qəbul etdilər ki, bəlkə özlərinə bir kömək olsun.","(O ilahlar) onlara heç bir kömək edə bilməzlər. Halbuki özləri onlar üçün (onları qorumağa) hazır durmuş əsgərlərdir.","Onların sözü (bütlər bizim ilahlarımızdır yaxud sən peyğəmbər deyilsən) səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizli saxladıqlarını və aşkar etdiklərini bilirik.","Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.","O Bizə bir məsəl çəkdi, lakin öz yaradılışını unutdu. O: “Çürümüş sümükləri kim dirildə bilər?”– dedi.","De: “Onları ilk dəfə yaradan (Allah) dirildəcəkdir. O, hər bir məxluqu yaxşı tanıyandır.","O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.","Göyləri və yeri xəlq edən Allah onlar kimisini xəlq etməyə qadir deyilmi?! Əlbəttə ki, (hər şeyi) xəlq edən və (hər şeyi) bilən Odur.","O, bir şeyi (yaratmaq) istədikdə ona: “Ol!” deyər, o da olar.","Əlində hər şeyin hökmü olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.","And olsun (ibadət üçün) səf-səf duranlara (mələklərə),","(buludları) qətiyyətlə qovanlara","və Zikri oxuyanlara!","Həqiqətən, sizin ilahınız təkdir!","O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.","Biz dünya səmasını ulduzlarla bəzədik","və (onu) hər bir asi şeytandan mühafizə etdik.","Onlar ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar","(və oradan) qovularlar. Onlar üçün daimi bir əzab vardır.","Lakin (şeytanlardan) hər kim (mələklərin söhbətlərindən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan alov təqib edər.","Onlardan (öldükdən sonra yenidə dirilməyi inkar edən kafirlərdən) soruş: Onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz onları yapışqan bir palçıqdan yaratdıq.","Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.","Onlara xatırlatdıqda düşünüb ibrət almazlar.","Bir ayə gördükdə isə ona istehza edərlər","və deyirlər: “Bu ancaq açıq-aydın bir sehrdir.","Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?!","Həmçinin, (bizdən) əvvəlki atalarımız da (dirildiləcəklərmi)?!”","De: “Bəli, özü də, zəlil olduğunuz halda (dirildiləcəksiniz)”.","Bu, təkcə dəhşətli bir səs olacaq. Onlar dərhal (dirilib düçar olduqları müsibətə) baxacaqlar.","(Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu, Din günüdür!”","(Onlara deyiləcək:) “Bu, yalan saydığınız hökm günüdür!”","(Mələklərə belə əmr olunacaq:) “Zalımları, onların həmtaylarını və ibadət etdiklərini bir yerə toplayın –","Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.","Onları (Cəhənnəmə daxil etməzdən əvvəl) tutub saxlayın, çünki onlar sorğu-sual olunacaqlar”.","(Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, (dünyada olduğu kimi) bir-birinizə kömək etmirsiniz?”","Xeyr, onlar bu gün təslim olmuşlar!","Onlar bir-birinə üz tutub soruşacaqlar.","(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (şirki və küfürü bizə gözəl göstərib, haqqdan çəkindirərək) sağ tərəfdən gəlirdiniz”.","(Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan kimsələr deyildiniz.","Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz (günahlar etməklə) həddi aşmış bir qövm idiniz.","Rəbbimizin (Mən Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!) sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) mütləq dadacağıq.","Biz sizi azdırdıq. Çünki biz özümüz də azmışdıq”.","O gün onlar (tabe olanlar və başçılar) əzabda şərik olacaqlar.","Biz günahkarlarla belə edərik.","Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir","və: “Məgər bir dəli şairə görə ilahlarımızı tərkmi edəcəyik?!”– deyirdilər.","Xeyr! O, haqla (Quranla) gəldi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.","Siz (ey müşriklər) mütləq ağrılı-acılı əzabı dadacaqsınız.","Siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılacaqsınız.","Yalnız Allahın ixlaslı qulları (bundan) müstəsnadır.","Onlar üçün məlum bir ruzi vardır –","(Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcək –","Nəim cənnətlərində.","(Onlar) taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar).","Onların ətrafında çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq.","Ağappaq, içənlərə ləzzət verən (bir şərab).","O (şərab) nə baş ağrısı verər, nə də onlar ondan sərxoş olarlar.","Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qara gözlü hurilər olacaqdır.","Sanki onlar qorunub saxlanılmış yumurtadırlar.","Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.","Onlardan biri deyəcək: “Mənim (öldükdən sonra yenidən dirilməyi inkar edən) bir yoldaşım var idi.","O deyirdi: “Sən də inananlardansan?","Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?!”","O (sözünə davam edib) deyəcək: “Siz (onun harada olduğunu görmək) istəyirsinizmi?”","O boylanıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək","və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.","Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.","Doğrudanmı biz bir daha ölməyəcəyik?","Yalnız ilk ölümümüzdən başqa. Biz əzaba da düçar olmayacağıq”.","Həqiqətən, bu, böyük qurtuluşdur.","Qoy çalışanlar bunun üçün çalışsınlar!","Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı?!","Biz onu (zəqqum ağacını) zalımlar (Cəhənnəm atəşində hər hansı bir ağacın bitməsi qeymi mümkündür deyən kafirlər) üçün bir fitnə etdik.","O, Cəhənnəmin dibindən çıxan bir ağacdır.","Onun meyvəsi sanki şeytanların başları kimidir.","(Günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar.","Sonra da onlar üçün bunun üstündən qaynar su ilə qatışdırılmış bir içki vardır.","Sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəmdir.","Çünki onlar ata-babalarını azmış gördülər,","özləri də tələm-tələsik onların izini tutub getdilər.","Artıq onlardan öncə əvvəlkilərin çoxu zəlalətə düşmüşdü.","Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik.","Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.","Yalnız Allahın ixlaslı qullarından başqa.","Nuh Bizi (dua edib) çağırdı. Biz çağırışa necə də gözəl cavab verənik!","Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.","Təkcə onun nəslini (yer üzündə) qalanlar etdik.","Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;","aləmlər içərisində Nuha salam olsun!","Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.","O, Bizim mömin qullarımızdan idi.","Sonra o birilərini suya qərq etdik.","Həqiqətən, İbrahim onun ardıcıllarından idi.","Bir zaman o, öz Rəbbinin hüzuruna pak bir qəlblə gəlmişdi.","O zaman o, atasına və qövmünə demişdi: “Siz nəyə ibadət edirsiniz?","Allahı qoyub uydurma ilahlarımı istəyirsiniz?","Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”","O, ulduzlara bir nəzər saldı","“Mən xəstəyəm!”– dedi.","Onlar ondan (İbrahimdən) üz çevirib getdilər.","O, xəlvətcə onların ilahlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?!","Sizə nə olub ki, danışmırsınız?!”","Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.","(Qövmü) tələm-tələsik onun yanına gəldi.","O dedi: “Siz (öz əllərinizlə) yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?","Halbuki sizi də, sizin etdiklərinizi (öz əllərinizlə düzəltdiklərinizi) də Allah yaratmışdır”.","Onlar: “Bunun (İbrahim) üçün bir bina tikin və onu oda atın!”– dedilər.","Beləcə ona (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.","O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.","O (dedi:) “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (bir övlad) bəxş et!”","Biz də onu həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdələdik.","O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda səni qurban kəsdiyimi gördüm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. İnşallah mənim səbirlilərdən olduğumu görəcəksən”.","Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman","Biz onu çağırıb dedik: “Ey İbrahim!","Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.","Həqiqətən də, bu, açıq-aydın bir imtahandır.","Biz onun (İsmailin) əvəzinə (İbrahimə) böyük bir qurbanlığı fidyə verdik.","Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.","İbrahimə salam olsun!","Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.","O, Bizim mömin qullarımızdan idi.","Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.","Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.","Biz Musa ilə Haruna da nemət (peyğəmbərlik) bəxş etdik.","Onların hər ikisini və qövmlərini böyük sıxıntıdan qurtardıq.","Onlara kömək etdik, onlar qalib oldular.","Onların ikisinə də aydın bir Kitab (Tövrat) verdik.","Hər ikisini də doğru yola yönəltdik.","Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.","Musaya və Haruna salam olsun!","Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.","Onların ikisi Bizim mömin qullarımızdan idi.","Şübhəsiz ki, İlyas da elçilərdəndir.","Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?","Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ (Bəl adlı bütə) dua edirsiniz”.","Allah sizin də Rəbbinizdir və sizdən əvvəlki atalarınızın da Rəbbidir.","Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.","Yalnız Allahın ixlaslı qullarından başqa.","Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.","İlyasinə salam olsun!","Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.","O Bizim mömin qullarımızdan idi.","Şübhəsiz ki, Lut da elçilərdəndir.","Bir zaman Biz onu və onun bütün ailəsini xilas etdik.","Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.","Sonra da o birilərini məhv etdik.","Siz (həm) səhər çağı onların yurdundan keçirsiniz,","(həm də) axşam çağı. Məgər anlamırsınız?","Şübhəsiz ki, Yunus da elçilərdəndir","Bir zaman o, yüklü bir gəmiyə qaçmışdı.","Püşk atmış və uduzanlardan olmuşdu.","O, qınanmış bir halda (dənizə atılarkən) balıq onu uddu.","Əgər o, Allaha təsbih edənlərdən olmasaydı,","balığın qarnında Qiyamət gününə qədər qalardı.","O xəstə olduğu bir halda Biz onu (ağac və bitki olmayan) boş bir yerə çıxartdıq.","Və üstünə (kölgə salmaq üçün) qabaq növündən (iriyarpaqlı) bir ağac bitirdik.","Biz onu yüz min nəfərə yaxud daha çox kimsəyə (peyğəmbər) göndərdik.","Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək (ömürlərinin sonuna qədər) firavanlıq nəsib etdik.","(Ey Muhamməd) Onlardan (Kafirlərdən) soruş: “Qızlar Rəbbin üçün, oğlanlar isə onlar üçündür?!”","Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?!","Agah olun ki, onlar öz yalanlarına görə belə deyəcəklər:","“Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.","Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?!","Sizə nə olub, necə hökm verirsiniz?!","Məgər düşünmürsünüz?!","Yoxsa sizin aydın bir dəliliniz var?!","Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!","Onlar (Müşriklər) Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların məhşərə gətiriləcəyini bilirlər.","Allah onların (müşriklərin Allahı) vəsf etdikləri sifətlərdən uzaqdır.","Yalnız Allahın ixlaslı qullarından başqa.","(Ey müşriklər!) Nə siz, nə də sizin ibadət etdikləriniz","heç kəsi (Allaha qarşı) yoldan çıxara bilməzsiniz.","Ancaq Cəhənnəmə girəcək kimsədən başqa.","(Mələklər dedi:) “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.","Həqiqətən, biz səf-səf dururuq.","Həqiqətən, biz (Allahın şəninə) təriflər deyirik”.","(Halbuki müşriklər) deyirdilər:","“Əgər bizdə də əvvəlkilərdə olan zikrdən (o kitabdan) olsaydı,","biz mütləq Allahın ixlaslı qulları olardıq”.","Lakin onlar onu (Quranı) inkar etdilər. Onlar tezliklə biləcəklər.","Elçi göndərdiyimiz qullarımız haqqında (bu) Sözümüz əzəldən deyilmişdi:","“Onlara yardım ediləcəkdir.","Ordumuz mütləq qalib gələcəkdir”.","(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!","Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.","Yoxsa onlar əzabımızamı tələsirlər?","Əzab onların yurdlarına yetişdiyi zaman qorxudulanların sabahı necə də pis olacaqdır!","(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!","Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.","Sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Onu vəsf etdikləri sifətlərdən uzaqdır.","Elçilərə salam olsun!","Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!","Sad.[1] Öyüd-nəsihətlə dolu Qurana and olsun!###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Kafirlər təkəbbür və ixtilaf içindədirlər.","Biz onlardan öncə neçə-neçə nəsilləri məhv etdik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq (əzabdan) qurtulma vaxtı keçmişdi.","Onlar özlərindən onlara xəbərdarlıq edən (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər və kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!","O, ilahları tək bir ilahmı etdi?! Həqiqətən, bu, əcaib bir şeydir”.","Onların zadəganları çıxıb gedərək (belə) dedilər: “Gedin öz ilahlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir.","Biz bunu axırıncı dində (nəsranilikdə) də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyildir.","Məgər içimizdən təkcə onamı Zikr (Quran) vəhy edilmişdir?!” Xeyr, onlar Mənim Zikrimə şəkk edirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.","Yoxsa sənin Qüdrətli və Bəxş edən Rəbbinin rəhmət xəzinələri onlardadır?!","Yaxud göylərin, yerin və onların arasında olanların mülkü onlara məxsudur?! Elə isə qoy yollarla (göyə) qalxsınlar.","Onlar orada (Bədr döyüşündə) müxtəlif dəstələrdən ibarət məğlub ediləcək bir ordudurlar.","Onlardan əvvəl Nuh qövmü, Ad (tayfası) və dirəklər (qüvvət və səltənət) sahibi Firon da (elçiləri) yalançı saymışdılar.","Həmçinin Səmud, Lut qövmü və Əykə əhli (Şüeyb qövmü) də. Bunlar (peyğəmbərlərə qarşı düşmənçilik edən) dəstələr idi.","Hər biri elçiləri yalançı hesab etdi və cəzam da (onlara) haqq oldu.","Onlar qarşısıalınmaz təkcə bir tükürpədici səsi gözləyirlər.","Onlar (istehza edərək): “Ey Rəbbimiz! Bizim (əzabdan olan) payımızı Haqq-hesab günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər.","Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutan bir kimsə idi.","Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə (Allahın şəninə) təriflər deyirdilər.","Biz quşları da toplum halda (ona ram etmişdik). Hamısı daima Allaha üz tutardı.","Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün hökm vermək (və ya gözəl danışıq) qabiliyyəti bəxş etdik.","(Ey Peyğəmbər! Davudun yanında) mübahisə edənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girmişdilər.","Onlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki mübahisəçiyik. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!","Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum var. (Bununla belə:) “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”.","(Davud) dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı zülm etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinə qarşı haqsızlıq edər. Yalnız iman gətirib saleh əməllər edənlərdən başqa. Onlar isə çox azdırlar!” (Bunları dedikdən sonra,) Davud Bizim onu sınağa çəkdiyimizi bildi, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.","Biz bunu ona bağışladıq. Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri (Cənnət) vardır.","Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.","Biz göyü, yeri və onların arasındakıları boş yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!","Məgər Biz iman gətirib saleh əməllər edənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı?! Yaxud Allahdan qorxanları günahkarlara tay tutarıqmı?!","Bu (Quran), ayələrini düşünsünlər və ağıl sahibləri ibrət götürsünlər deyə sənə nazil etdiyimiz mübarək bir kitabdır.","Biz Davuda Süleymanı bəxş etdik. O necə gözəl qul idi! O, daim Allaha üz tutardı.","Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağını dırnağının üstündə tutan, qaçağan atlar göstərildi.","(Süleyman) dedi: “Mən, günəş batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum (atlar məni əsr namazından yayındırdı)”.","(Süleyman dedi:) “Onları yanıma qaytarın!”– dedi, sonra da, o atların qıçlarını və boyunlarını vurmağa başladı.","Biz Süleymanı sınağa çəkib taxtının üstünə (cansız) bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.","O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə, məndən sonra heç kimsəyə nəsib olmayan bir mülk nəsib et. Həqiqətən, Sən Bəxşedənsən.","Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə sakitcə gedirdi.","Həmçinin şeytanlardan olan müxtəlif (nəqşlər vuran) bənnaları, dalğıcları","və başqalarını da zəncirlənmiş halda (ona tabe etdik)","(və ona belə buyurduq:) “Bu Bizim hədiyyəmizdir! (Bunlardan istədiyinə) versən də, verməsən də (səndən) haqq-hesab tələb olunmayacaqdır”.","Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri (Cənnət) vardır.","Qulumuz Əyyubu da yada sal! Bir zaman o Rəbbinə nida edərək belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”","(Biz ona dedik:) “Ayağını (yerə) vur! Budur yuyunacaq və içiləcək sərin su!”","Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona həm ailəsini (qaytardıq), həm də onlarla yanaşı bir mislini bəxş etdik.","(Biz ona dedik:) “Əlinə bir dəstə (çubuq) götür və onunla (zövcəni) vur. Andını pozma.” Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.","(Ey Peyğəmbər!) Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!","Biz onları (axirət) yurdunu düşünən ixlaslı qullar etdik.","Həqiqətən, onlar Bizim yanımızda, seçilmiş ən yaxşı kimsələrdəndirlər.","(Ey Peyğəmbər!) İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların hamısı seçilmiş kimsələrdəndir.","Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –","qapıları onlar üçün açılmış Ədn cənnətləri.","Onlar orada (taxtlara) dirsəklənib müxtəlif növ meyvələr və içkilər istəyəcəklər.","Onların yanında gözlərini (ərindən) çəkməyən həmyaşıdları (zövcələr) olacaqdır.","Bu haqq-hesab günü üçün sizə vəd edilənlərdir.","Bu, Bizim ruzidir. O, tükənməzdir.","Bu belədir! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir –","vasil olacaqları Cəhənnəm. Ora nə pis yataqdır!","Bu (əzab), qaynar su və irindir. Qoy onu dadsınlar!","(Kafirlər üçün əzabın) buna bənzər başqa növləri də vardır.","(Kafirlərin başçılarına deyiləcək:) “Bu, sizinlə birlikdə (Cəhənnəmə) girən dəstədir. (Başçılar deyəcəklər:) “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”.","(Tabe olanlar) deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”","Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat et!”","(Günahkarlar) deyəcəklər: “Bizə nə olub ki, (dünyada ikən) pis adamlar saydığımız kişiləri burada görmürük?","Biz onları (haqsızcasına) məsxərəyə qoyurduq? Yoxsa, onlar gözə dəymirlər?”","Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə mübahisə etməsi bir həqiqətdir.","De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, (hər şeyə) Qalib gələn Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur”.","O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır.","(Ey Peyğəmbər!) De: “O (Quran), böyük xəbərdir.","Siz isə ondan üz döndərirsiniz.","Ali toplum (Mələklər Adəmin yaradılması barəsində) mübahisə edərkən mənim onlardan heç bir xəbərim yox idi.","Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğum üçün vəhy olunur”.","Bir zaman Rəbbin mələklərə belə dedi: “Mən palçıqdan bir bəşər yaradacağam.","Mən ona surət verib, ruhumdan üfürdüyüm zaman ona (hörmət əlaməti olaraq) səcdə edin!”","Mələklərin hamısı birlikdə səcdə etdi.","Yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.","(Allah) buyurdu: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nədir? Təkəbbür göstərdin, yoxsa özünü yüksək tutanlardan oldun?”","(İblis) dedi: “Mən ondan daha xeyirliyəm. Məni oddan, onu isə palçıqdan yaratdın!”","(Allah) buyurdu: “Oradan (Cənnətdən) çıx! Sən artıq (rəhmətimdən) qovuldun!","Din (Qiyamət) gününə qədər lənətim sənin üzərində olacaqdır!”","(İblis) dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”.","(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən –","vaxtı məlum olan günə (sura birinci dəfə üfürülənə) qədər!”","(İblis) dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını azdıracağam;","Yalnız Sənin ixlaslı qullarından başqa!”","(Allah) buyurdu: “Bu haqqdır! Mən haqqı deyirəm!","Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”","(Ey Peyğəmbər!) De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uyduranlardan da deyiləm.","Bu (Quran) aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.","Siz onun verdiyi xəbəri bir müddətdən (öldükdən yaxud qiyamət qopduqdan) sonra mütləq biləcəksiniz!”","Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir.","Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!","Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz.","Əgər Allah Özünə övlad götürmək istəsəydi, xəlq etdiklərindən istədiyini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, (hər şeyə) Qalib gələn Allahdır.","O, göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edər. Agah olun ki, O, Qüdrətlidir, Bağışlayandır.","Allah sizi tək bir nəfərdən yaratdı. Sonra ondan zövcəsini yaratdı. O sizin üçün (erkək və dişi olmaqla dəvə, inək, qoyun və keçi kimi) səkkiz cüt heyvan yaratdı. O sizi analarınızın bətnində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!","Küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının küfr etməsinə razı olmaz. Əgər şükür etsəniz, sizdən razı qalar. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, sinələrdə olanları biləndir.","İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona dua edər. Sonra Allah ona bir nemət bəxş etsə o, daha öncə Ona dua etdiyini unudar və (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə (bu dünyada) bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!”","Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən həzər edən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi)?! De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! (Bundan) yalnız ağıl sahibləri ibrət alar”.","(Qullarıma Mənim bu Sözümü) de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yeri genişdir. Yalnız səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”.","De: “Mən, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etməklə əmr olundum.","Mənə həm də müsəlmanların birincisi olmaq əmr olundu”.","De: “Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxaram”.","De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm.","Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”","Onların üstündə oddan təbəqələr, altında da (oddan) təbəqələr olacaqdır. Allah qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!","Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. (Ey Peyğəmbər!) Qullarımı müjdələ!","O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də məhz onlardır.","Haqqında əzab sözü gerçəkləşmiş və Cəhənnəmdə olacaq kimsəni sənmi xilas edəcəksən?!","Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, (ağacları və qəsrləri) altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz.","Məgər Allahın göydən su endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra (Allah) onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da (Allah) onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır.","Məgər Allahın, sinəsini (qəlbini) İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (qəlbi daşlaşmış kimsə ilə eyni ola bilərmi)?! Qəlbi Allahın zikrinə qarşı sərt olanların vay halına! Onlar açıq-aydın azğınlıq içindədirlər.","Allah Sözün ən gözəlini – (ayələri) bir-birinə bənzəyən və təkrarlanan Kitab olaraq nazil etdi. Rəbbindən qorxanların Ondan (Quranın təhdidlərindən) dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalar. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın azdırdığı kimsəyə isə (doğru) yol göstərən olmaz.","Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kimsə (yaxud Cəhənnəm oduna üzüqoylu atılan kimsə möminlə eyni ola bilərmi)? Zalımlara: “Dadın, etdiyiniz əməllərin cəzasını!”– deyilər.","Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saydılar və buna görə əzab onlara gözləmədikləri yerdən gəldi.","Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər!","Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb ibrət alarlar.","(Biz onlara) heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə (Allahdan) qorxsunlar.","Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi?! Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilməz.","(Ey Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!","Sonra siz Qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz."]