["Qiyamət saatının elmi yalnız Ona məxsusdur. O bilmədən heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə qalmaz və bətnində daşıdığı yükü yerə qoymaz. O gün (Allah) onlara (müşriklərə) nida edib: “Şəriklərim haradadır?”– deyəcək. Onlar da: “Biz Sənə bildirdik ki, aramızda (Sənin şərikin olduğuna şəhadət verəcək) heç bir şahid yoxdur!”– deyəcəklər.","Əvvəllər tapındıqları (bütlər) onları qoyub gedəcək və onlar özləri üçün bir qurtuluş yeri olmadığını yəqin biləcəklər.","İnsan özünə (mal-dövlət, sağlamlıq, oğul-uşaq və s. bu kimi) xeyir diləməkdən usanmaz. Əgər ona bir pislik toxunsa, məyus olub ümidsizliyə qapanar.","Başına gələn zərərdən sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq: “Bu mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət vardır!”– deyər. Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara mütləq ağır bir əzab daddıracağıq.","İnsana nemət verdiyimiz zaman üz çevirib (haqdan) uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı dua edər.","(Ey Peyğəmbər! Quranı yalan sayan o müşriklərə) de: “Bir deyin görək, əgər (Quran) Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, o zaman haqdan uzaq bir ayrılıq içində olan kimsədən daha çox azmış kim ola bilər?!”","Onun (Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm üfüqlərdə (kainatda), həm də öz nəfslərində göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!","Bilin ki, onlar (müşriklər) Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Bilin ki, O, (elmi ilə) hər şeyi əhatə edəndir.","Hə. Mim.","Ayn. Sin. Qaf.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","(Ey Muhamməd!) Qüdrətli və Hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir.","Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. O, Ucadır, Əzəmətlidir.","Göylər (Allahın əzəmətindən) az qaldı ki, bir-birinin üstündən çatlayıb parçalansın. Mələklər də Rəbbinə həmd-səna ilə təriflər deyər və yerdəkilər üçün bağışlanma diləyərlər. Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.","Allahdan başqasını (bütləri özlərinə) dost tutanlar üzərində Allah nəzarətçidir. Sən onlar üzərində vəkil deyilsən.","Beləliklə, Biz, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və (barəsində) heç bir şübhə olmayan məhşər günü ilə qorxudasan deyə, sənə ərəbcə Quran vəhy etdik. Bir qismi (möminlər) Cənnətdə, digər qismi (kafirlər) isə Odda olacaqdır.","Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi. Lakin O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir himayəçisi olar, nə də bir yardımçısı.","Yoxsa onlar özlərinə Allahdan başqa himayəçilər götürdülər. (Halbuki,) Himayədar yalnız Allahdır. O, ölüləri dirildir. O, hər şeyə qadirdir.","İxtilafa düşdüyünüz hər hansı bir şeyin hökmü ancaq Allaha aiddir. Bu, mənim Rəbbim olan Allahdır. Mən yalnız Ona təvəkkül etdim və yalnız Ona üz tuturam.","(Allah) göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.","Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. O, hər şeyi biləndir.","(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dini doğru-dürüst tutun və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər.","Onlar, özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. Əgər Rəbbindən müəyyən bir vaxtadək (əzabın qiyamət gününə qədər gecikdirilməsi barədə) Söz verilmiş olmasaydı, onların arasında artıq hökm verilərdi. Onlardan sonra Kitaba varis olanlar (yəhudilər və nəsranilər) da onun (Quran) barəsində anlaşılmaz bir şübhə içindədirlər.","Buna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolda ol. Onların nəfslərinin istəyinə tabe olma və de: “Mən Allahın nazil etdiyi Kitaba (bütün kitablara) iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur (çünki artıq haqq bəlidir). Allah hamımızı bir yerə toplayacaq. Dönüş də yalnız Onadır”.","Allahın dəvəti qəbul olunduqdan (insanlar iman gətirdikdən) sonra Onun barəsində mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar qəzəbə düçar olacaqlar. Axirətdə isə onlar üçün şiddətli əzab vardır.","Kitabı və tərəzini haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də Qiyamət saatı yaxındır.","Ona (Qiyamətə) inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Ona inanlar (möminlər) isə ondan qorxar və onun haqq olduğunu bilirlər. Bilin ki, Qiyamət saatı barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər.","Allah qullarına qarşı Lütfkardır. O, istədiyini ruziləndirir. O, Qüvvətlidir, Qüdrətlidir.","Kim axirət savabını istərsə, Biz onun savabını artırarıq. Kim də dünya qazancını istərsə, Biz ona də ondan (dünya qazancından) verərik. Axirətdə onun heç bir payı olmaz.","Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?! Əgər (cəzanın gecikdirilməsinə dair) qəti Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab vardır.","(Ey Peyğəmbər! Qiyamət günü) zalımların qazandıqları (günahlar) özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib saleh əməllər edənlər isə Cənnət bağlarında olacaqlar. Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, böyük lütfdür.","Bu, Allahın iman gətirib saleh əməllər edən qullarına verdiyi müjdədir. (Ey Peyğəmbər!) De: “Mən sizdən bunun (dini təbliğ etməyimin) əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükrün əvəzini verəndir.","Yoxsa onlar (sənin barəndə): “O, Allaha qarşı yalan uydurdu”– deyirlər?! Əgər Allah istəsə, sənin qəlbini möhürləyər. Allah batili silib yox edər və haqqı (Qurandan nazil etdiyi) sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, sinələrdə (qəlblərdə) olanları biləndir.","O, qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi biləndir.","O, iman gətirib saleh əməllər edənlərin duasını qəbul edər və lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab vardır.","Əgər Allah qullarına bol bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, (ruzini) istədiyi qədər göndərir. Həqiqətən, O, qullarından xəbərdardır, görəndir.","(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini (hər yana) yayan Odur. O, Himayəçidir, Tərifəlayiqdir.","Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılması Onun (vəhdaniyyətinin və qüdrətinin) dəlillərindəndir. O, istədiyi zaman onları toplamağa qadirdir.","Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandıqlarınızın ucbatındandır. (Allah günahların) çoxunu bağışlayır.","Siz yer üzündə (Allahdan) yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz.","Dənizdə dağlar kimi üzən gəmilər də Onun (vəhdaniyyətinin və qüdrətinin) dəlillərindəndir.","Əgər (Allah) istəsə, küləyi sakitləşdirər, onlar da (gəmilər də) dənizin üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda çox səbirli olan və çox şükür edən hər bir kəs üçün ibrətlər vardır.","Yaxud (gəmidəki insanların) qazandıqları (günahları) ucbatından onları məhv edər və bir çoxunu da bağışlayar.","Ayələrimiz barəsində mücadilə edənlər özləri üçün heç bir qurtuluş yeri olmadığını bilsinlər.","Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olan (nemətlər) isə daha xeyirli və daha davamlıdır. Bunlar iman gətirib və Rəbbinə təvəkkül edənlər üçündür.","O kəslər ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir, qəzəbləndikləri zaman (xətanı) bağışlayırlar.","O kəslər ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məşvərətlə görər və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.","O kəslər ki, zülmə məruz qaldıqda (nəfslərinin izzət və hörmətini qorumaq üçün) intiqam alarlar.","Pisliyin cəzası özü kimi pislikdir. Kim bağışlasa və islah etsə, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevməz.","Zülmə məruz qaldıqdan sonra qisas alanlara heç bir məzəmmət olunmaz.","Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır.","Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu, əzmkarlıq tələb edən işlərdəndir.","Allah kimi azğınlığa salsa, bundan sonra onun heç bir himayəçisi olmaz. (Ey Peyğəmbər!) Sən zalımları (Qiyamət günü) əzabı gördükləri zaman: “(Dünyaya) qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən.","(Cəhənnəmin) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Şübhəsiz ki, (əsl) ziyana uğrayanlar, Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır”. Bilin ki, zalımlar daimi əzab içində olacaqlar.","Onlara Allahdan başqa kömək edəcək dostlar olmayacaqdır. Allah kimi zəlalətə salsa, onun üçün heç bir (qurtuluş) yolu olmaz.","(Ey insanlar!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməzdən öncə Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz.","Əgər üz dördənsələr, bil ki, Biz səni onlara nəzarətçi göndərməmişik. Sənin üzərinə düşən yalnız (sənə əmr olunanı) təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinər. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir müsibət üz verdikdə isə insan çox nankordur.","Göylərin və yerin mülkü Allaha məxsusdur. O, istədiyini yaradır. İstədiyinə qız, istədiyinə də oğlan verər.","Yaxud onları, oğlan və qız olmaqla cüt verər, istədiyini də sonsuz edər. Həqiqətən, O, (hər şeyi) biləndir, qadirdir.","Allah insanla ancaq vəhy vasitəsilə və ya pərdə arxasından danışar yaxud bir elçi (mələk) göndərər, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir.","(Ey Rəsulum!) Biz sənə Öz əmrimizdən olan Ruhu (Quranı) vəhy etdik. Sən (bundan öncə) kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (insanları) doğru yola yönəldirsən –","göylərdə və yerdə olanların sahibi Allahın yoluna. Bilin ki, bütün işlər (sonda) Allaha qayıdacaqdır.","Hə. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","(Bu) açıq-aydın Kitaba and olsun!","Biz onu, anlayasınız deyə, ərəbcə Quran etdik","Şübhəsiz ki, o, yanımızdakı ana kitabdadır (lövhi-məhfuzdadır). O, ucadır, hikmətlə doludur.","Yoxsa, siz (şirk və küfür etməklə) həddi aşan bir qövm olduğunuza görə, Zikri (Quranı) sizə çatdırmaqdan vaz keçməliyikmi?!","Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbər göndərmişdik.","Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.","Biz onlardan (qövmündən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti (Quranda) ötüb keçmişdir.","Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən (Allah) yaratmışdır!”– deyəcəklər.","O Allah ki, yeri sizin üçün döşədi və (istədiyiniz yerə) düz gedə biləsiniz deyə sizin üçün orada yollar saldı.","O Allah ki, göydən lazımı qədər su endirdi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də (dirildilib qəbirlərinizdən) belə çıxarılacaqsınız.","O Allah ki, bütün cütləri xəlq etdi. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki,","onları minəsiniz, sonra mindiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı.","Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”.","(Müşriklər: “Mələklər Allahın qızlarıdır”– deməklə) Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən insan açıq-aydın nankordur.","Yoxsa (Allah) yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir?!","Onlardan birinə, Rəhmana aid etdiyi (qız uşağı) ilə müjdə verilsə, qəm-qüssədən üzü qapqara qaralar.","Yoxsa onlar zinət içində böyüdülən və mübahisə etdikdə aydın danışa bilməyən (qadınlarımı Allaha isnad edirlər?!)","Onlar Rəhmanın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə sorğu-sual olunacaqlar.","Onlar: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!”– dedilər. Onların bu haqda heç bir elmi yoxdur. Onlar ancaq yalan danışırlar.","Yoxsa onlara bundan (bu Qurandan) əvvəl bir kitab vermişik, onlar da ona istinad edirlər?!","Xeyr! Onlar: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedirik!”– deyirlər.","Biz səndən əvvəl hansı bir məmləkətə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların ardınca gedəcəyik!”– dedilər.","(Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”.","Biz də onlardan intiqam aldıq. Bir bax (haqqı) yalan sayanların aqibəti necə oldu.","Bir zaman İbrahim öz atasına və qövmünə (belə) dedi: “Mən sizin ibadət etdiklərinizdən uzağam.","Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”.","O, bu (lə iləhə illəllah kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar.","Doğrusu, Mən bunlara da, atalarına da, haqq (Quran) və (onu) bəyan edən bir elçi (Muhamməd) gələnədək gün-güzəran nəsib etdim.","Onlara haqq (Quran) gəldikdə isə: “Bu, sehrdir, biz onu inkar edirik!”– dedilər.","Onlar: “Kaş ki bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (Vəlid bin Müğirəyə və Ürvə bin Məsuda) nazil ediləydi?”– dedilər.","Yoxsa Rəbbinin rəhmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha xeyirlidir.","Əgər insanlar (kafirlərə verdiyimiz nemətlərə baxıb küfürdə birləşən) vahid bir ümmət olmasaydı, Rəhmanı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik,","evlərinin qapılarını və söykəndikləri taxtları da,","zinət də (verərdik). Bütün bunlar dünya həyatının keçici zövqüdür. Axirət isə Rəbbinin yanında yalnız Allahdan qorxanlar üçündür.","Kim Rəhmanın zikrindən üz döndərsə, Biz şeytanı ona musallat edərik, o da ona yoldaş olar.","Şeytanlar onları (haqq) yoldan azdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər.","Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!”","(Qiyamət günü onlara deyilər:) “Siz (nəfsinizə) zülüm etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!”","(Ey Peyğəmbər!) Yoxsa sənmi karlara eşitdirəcəksən, yaxud korları və açıq-aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?","Biz səni aparsaq da (onlara əzab verməzdən əvvəl öldürsəkdə), yenə onlardan intiqam alacağıq.","Yaxud onlara vəd etdiyimizi (əzabı) sənə göstərərik. Şübhəsiz ki, Bizim onlara gücümüz yetər.","Elə isə sən özünə vəhy olunandan yapış! Şübhəsiz ki, sən düz yoldasan.","Həqiqətən, o (Quran) sənin üçün və sənin qövmün üçün bir şərəfdir. Siz sorğu-sual ediləcəksiniz.","(Ey Peyğəmbər!) Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş: “Məgər Biz Rəhmandan başqa ibadət ediləsi ilahlarmı etdik?","Biz Musanı ayələrimizlə Firona və onun əyanlarına göndərdik. (Musa) dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”","(Musa) ayələrimizi onlara gətirdikdə, onlar bu ayələrə (istehza edərək) güldülər.","Onlara göstərdiyimiz hər bir ayə, əvvəlki ayələrdən daha böyük idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, (haqq yola) qayıdalar.","Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et. Biz mütləq doğru yola gələcəyik”– dedilər.","Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər.","Firon qövmünə səslənib dedi: “Ey qövmüm! Misir mülkü və altımdan (qəsrimin altından) axan bu çaylar mənim deyilmi? Məgər (mənim qüdrətimi və əzəmətimi) görmürsünüz?","Əksinə mən bu aciz və az qala (sözünü belə) aydın başa sala bilməyən kimsədən daha xeyirliyəm.","Nə üçün ona qızıl bilərziklər taxılmayıb yaxud onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiqləyən) mələklər gəlməyib?”","(Beləliklə Firon) öz qövmünü aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər.","Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq.","Biz onları sonra gələnlərə örnək və ibrət etdik.","Məryəm oğlu misal çəkilincə sənin qövmün sevincdən güldü.","Onlar dedilər: “Bizim ilahlarımız yaxşıdır, yoxsa o (Məryəm oğlu İsa)?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən bir qövmdür.","O, yalnız nemət verdiyimiz və İsrail oğullarına örnək etdiyimiz bir quldur.","Əgər istəsəydik, içinizdən yer üzündə sizi əvəz edəcək mələklər yaradardıq.","Həqiqətən, o, (İsanın yer üzünə enməsi) Qiyamət saatının bir əlamətidir. Ona (Qiyamətə) şəkk etməyin, mənə tabe olun. Bu, doğru yoldur!","Şeytan sizi (doğru yoldan) azdırmasın. Şübhəsiz ki, o, sizin açıq-aydın düşməninizdir.","İsa aydın dəlillər gətirdiyi zaman dedi: “Mən sizə hikmət gətirdim və barəsində ixtilafda olduğunuz bəzi şeyləri (Tövratın bəzi hökmlərini) izah etmək üçün gəldim. Allahdan qorxun və (sizə əmr etdiyim tövhid və şəri əhkamlarda) mənə itaət edin!","Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Bu, doğru yoldur!”","Firqələr (nəsrani firqələri İsa barəsində) öz aralarında ixtilafa düşdülər (Onlardan bəziləri: “O, ilahdır”– dedi. Bəziləri: “O, Allahın oğludur”– dedi. Bəziləri də: “O və anası ilahdır”– dedi). Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!","Yoxsa onlar özləri də hiss etmədən Qiyamət saatının qəflətən başlarının üstünü alacağınımı gözləyirlər?","O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər.","“Ey qullarım! Bu gün sizə qorxu yoxdur və siz (heç) kədərlənməyəcəksiniz də.","O kəslər ki, ayələrimizə iman gətirib təslim olmuşlar.","Siz də, zövcələriniz (və ya sizin kimi iman gətirmiş möminlər) də sevincli halda Cənnətə daxil olun!”","Onların ətrafında qızıl sinilər və piyalələr dolandırılacaq. Orada nəfslərin istədiyi və gözlərin xoşlandığı hər şey vardır. Siz orada əbədi qalacaqsınız.","Bu sizin etdiyiniz əməllər sayəsində varis olduğunuz Cənnətdir.","Orada sizin üçün bol meyvələr vardır, onlardan yeyəcəksiniz.","Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar.","Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada ümidsiz qalacaqlar.","Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.","Onlar (Cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz (burada) əbədi qalacaqsınız!”– deyəcək.","Biz sizə haqqı gətirdik, lakin sizin çoxunuz haqqı xoşlamadı.","Yoxsa (müşriklər) işə doğru qərar verdilər?! Heç şübhəsiz ki, doğru qərarı Biz veririk.","Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik?! Xeyr, onların yanında (əməlləri) yazan elçilərimiz vardır.","(Ey Peyğəmbər! Mələklərin Allahın qızları olduğunu iddia edən müşriklərə) De: “Əgər Rəhmanın bir övladı olsaydı, ona (o övlada) ibadət edənlərin birincisi mən olaram.","Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi olan Allah, onların vəsf etdikləri sifətlərdən uzaqdır!”","(Ey Peyğəmbər!) Onları tərk et, qoy vəd olunduqları günə qovuşanadək (batil inanclarına) dalsınlar və (bir müddət dünya həyatında) əylənsinlər.","Göydə də ilah, yerdə də ilah Odur. O, Hikmət sahibidir, Biləndir.","Göylərin, yerin və onların arasındakı mülkün sahibi olan Allah xeyiri və bərəkəti bol olandır. Qiyamət saatının elmi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.","(Müşriklərin) Allahdan başqa dua etdikləri şəfaətə sahib deyillər. Yalnız bildikləri halda (elm və bəsirət üzərində) haqqa şəhadət verənlər (ixlasla \"lə iləhə illallah\" deyənlər) bundan müstəsnadır.","Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!”– deyərlər. Elə isə (haqdan) necə döndərilirlər?!","Onun (Peyğəmbərin qövmündən Rəbbinə şikayət edərək): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!”- deməsi də (Bizə məlumdur).","Onlardan üz döndər və (şərlərindən uzaq olmaq üçün) “Salam!” de. Onlar biləcəklər.","Hə. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","And olsun (bu) açıq-aydın Kitaba!","Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik.","Hər bir hikmətli iş o gecədə ayırd edilir –","Tərəfimizdən vəhy edilən əmr ilə. Həqiqətən, (elçiləri) Biz göndəririk –","Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.","Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir.","Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Dirildir və Öldürür. (O,) sizin də Rəbbinizdir, öncəki atalarınızın da Rəbbidir.","Xeyr, onlar şəkkə qapılıb əylənirlər.","Sən göydən aşkar bir duman gələcəyi günü gözlə.","O (duman) insanları bürüyəcək. Bu, ağrılı-acılı bir əzabdır.","(Onlar:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz iman gətiririk”– (deyəcəklər).","Onlar necə öyüd-nəsihət eşidə bilərlər?! Artıq onlara açıq-aşkar bir peyğəmbər gəldi.","Onlar isə ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər.","Biz əzabı (sizdən) bir az uzaqlaşdıracağıq, siz (yenə küfrə) qayıdacaqsınız.","(Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün (Qiyamət və ya Bədr döyüşü günü), Biz (onlardan) intiqam alacağıq.","Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkdik. Onlara hörmətli bir elçi (Musa) gəldi.","(Musa, Firona və onun qövmünə belə dedi): “Allahın qullarını (İsrail oğullarını) mənə qaytarın. Həqiqətən, mən sizin üçün əmin bir elçiyəm.","Allaha qarşı təkəbbürlük göstərməyin. Həqiqətən, mən sizə aydın bir dəli ilə gəlmişəm.","Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha sığınıram.","Əgər mənə iman gətirmirsinizsə, məndən uzaq olun!”","O (Musa), Rəbbinə dua edib dedi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”","(Allah buyurdu:) “Qullarımla (İsrail oğulları ilə) birlikdə gecə ikən yola çıx. Çünki siz təqib olunacaqsınız.","Dənizi də sakit (və ya açıq) burax! Onlar suda batırılacaq əsgərlərdir!”","Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər,","və (neçə-neçə) əkinlər, möhtəşəm yerlər","və ləzzət aldıqları neçə-neçə nemətlər (qoyub getdilər).","(Onları) belə (cəzalandırdıq!) Biz o nemətlərə başqalarını (İsrail oğullarını) varis etdik.","Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara möhlət də verilmədi.","Biz İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –","Firondan. Çünki o, özünü yüksək tutan və həddi aşanlardan idi.","Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən (zəmanələrindəki insanlardan) üstün etdik.","Onlara içində açıq-aydın imtahan olan dəlillər (bildirçin əti, qüdrət halvası və s.) verdik.","(Ey Peyğəmbər!) Bunlar (qövmünün müşrikləri) mütləq deyəcəklər:","“Bu bizim ilk ölümümüzdür. Biz (bir daha) dirildilməyəcəyik.","Əgər (öldükdən sonra diriləcəyimizi) doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”","(Ey Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) üstündür (qüvvətlidir), yoxsa Tubba qövmü və onlardan əvvəlkilər? (Ad və Səmud qövmü?) Biz onları məhv etdik. Çünki onlar günahkarlar idilər.","Biz göyləri, yeri və onların arasında olanları əyləncə (boş yerə) yaratmadıq.","Biz onları haqq olaraq yaratdıq, lakin onların (müşriklərin) çoxu (bunu) bilməz.","Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.","O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcək.","Yalnız Allahın rəhm etdiyi kimsədən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.","Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı.","Günahkar kimsənin yeməyidir.","(Zəqqum ağacının meyvəsi) əridilmiş yağ (yaxud mis) kimi qarınlarda qaynayar –","qaynar suyun qaynaması kimi.","Onu (günahkar kimsəni) tutub Cəhənnəmin ortasına sürükləyin!","Sonra başının üstünə əzab olaraq qaynar sudan tökün!","(Sonra ona belə deyilər:) Dad (bu əzabı!) Sən ki qüdrətli və hörmətli birisi idin.","Bu, sizin (dünyada ikən) şübhə etdiyiniz əzabdır!","Müttəqilər isə əmin-aman bir məqamda –","bağçalarda və çeşmələr başında olacaqlar!","Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.","Bu belədir! (Üstəlik) onları iri qara gözlü hurilərlə də evləndirəcəyik.","Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.","Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur.","(Bunlar) Rəbbindən bir lütf olaraq (verilmişdir). Bu, böyük uğurdur.","(Ey Peyğəmbər!) Biz onu (Quranı) sənin dilində asanlaşdırdıq ki, bəlkə ibrət alsınlar.","(Ey Peyğəmbər!) Sən (Allahın zəfərini, müşriklərin həlakını) gözlə! Şübhəsiz ki, onlar da (sənin ölümünü) gözləyirlər.","Hə. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir.","Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır.","Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda yəqinliklə iman gətirmiş bir qövm üçün dəlillər vardır.","Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə) yönəltməsində düşünən bir qövm üçün dəlillər vardır.","(Ey Peyğəmbər!) Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət olaraq oxuyuruq. Onlar Allaha və Onun ayələrinə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar?!","Hər bir yalançının və günahkarın vay halına!","O, Allahın ona oxunan ayələrini eşidir, sonra sanki onları eşitmirmiş kimi təkəbbürlük göstərərək (küfründə) israr edir. Onu ağrılı-acılı bir əzabla müjdələ.","O, ayələrimizdən bir şey bildiyi zaman ona istehza edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.","Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa dost tutduqları himayəçilər onlara heç bir fayda verəcəkdir. Onlar üçün böyük bir azab vardır.","Bu (Quran) doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənlər üçün ən şiddətli, ağrılı-acılı əzab vardır.","Gəmilərin Allahın əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada ruzi) axtarmanız üçün dənizi xidmətinizə verən Allahdır. Bəlkə, şükür edəsiniz.","Göylərdə və yerdə olanların hamısını sizin xidmətinizə verən də Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər var.","(Ey Peyğəmbər!) İman gətirənlərə de ki, Allah, qazandıqları (günahlara) görə hər hansı bir qövmün cəzasını versin deyə, Allahın (əzab verəcəyi) günlərini gözləməyənləri bağışlasınlar.","Kim saleh bir əməl etsə, (xeyri) özünə, kim də pislik etsə, (zərəri) öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.","Biz İsrail oğullarına Kitab (Tövrat), hökm və peyğəmbərlik verdik, onları pak nemətlərlə ruziləndirdik və onları aləmlərdən (zəmanələrindəki insanlardan) üstün etdik.","Onlara dinə aid açıq-aşkar dəlillər verdik. Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. (Ey Peyğəmbər!) Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcək.","(Ey Peyğəmbər!) Sonra səni də dində şəriət sahibi etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin istəklərinə tabe olma!","Çünki onlar səni (heç bir vəchlə) Allahdan qurtara bilməzlər. Zalımlar bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur.","Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, yəqinliklə inanan bir qövm üçün isə hidayət və rəhmətdir.","Yoxsa günah qazananlar, özlərini, həyatda olduğu kimi ölümlərindən sonra da iman gətirib saleh əməllər edənlərlə eyni tutacağımızı güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər!","Allah, göyləri və yeri ədalətlə və hər kəsə qazandığının əvəzini versin deyə yaratmışdır. Onlara zülm edilməz.","Nəfsinin istəyini ilahiləşdirən, Allah (Öz əzəli) elmi ilə azdırdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb ibrət almırsınız?","Onlar dedilər: “Dünya həyatımızdan başqa bir həyat yoxdur. Ölürük və dirilirik. Bizi öldürən ancaq zamandır”. Onların Bu haqda heç bir elmi yoxdur. Onlar yalnız zənnə qapılırlar.","Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”– deməkdən başqa bir şey deyildir.","(Ey Peyğəmbər!) De: “Allah sizi dirildir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaq”. Lakin insanların çoxu (bunu) bilməz.","Göylərin və yerin mülkü Allaha məxsusdur. Qiyamətin qopacağı gün, məhz o gün batil danışanlar xüsrana uğrayacaqlar.","(Ey Peyğəmbər!) Sən (o gün) hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz əməl kitabına tərəf çağırılacaqdır. (Onlara deyiləcəkdir:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcək!","Bu, sizə qarşı həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz etdiyiniz əməlləri (orada mələklərə) yazdırmışıq!”","İman gətirib saleh əməllər edənlərə gəlincə, Rəbbi onları Öz rəhmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar uğurdur.","Kafir olanlara gəldikdə isə (onlara deyiləcək:) “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbürlük göstərirdiniz və özünüz də günahkar bir qövm idiniz.","(Sizə:) “Allahın vədi haqdır, Qiyamət saatına heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz Qiyamət saatının nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz (buna) əmin deyilik!”– deyirdiniz.","(Dünyada ikən) etdikləri pis əməllər özlərinə görsənəcək və istehza etdikləri (əzab) onları bürüyəcək","(Onlara) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Qərar tutacağınız yer Oddur. Sizə yardım edənlər də olmayacaqdır.","Çünki siz, Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatdı”. Bu gün onlar oradan (Oddan) çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaq.","Həmd, göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur!","Göylərdə və yerdə əzəmət yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir."]