["Hə. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir.","Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər.","(Ey Peyğəmbər! Bu müşriklərə) de: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyimi var?! Əgər doğru danışanlarsınızsa, mənə bundan (Qurandan) əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”.","Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən bütlərə dua edən kimsədən daha çox azmış kim ola bilər?! Halbuki bütlər onların dualarından qafildirlər.","İnsanlar (Qiyamət günü) həşr olunduğu zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.","Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq haqqın gəldiyini görüb onu inkar edən kafirlər: “Bu, açıq-aydın bir sehrdir!”– deyirlər","Yoxsa onlar: “O (Muhamməd) bunu özündən uydurmuşdur!”– deyirlər. (Ey Peyğəmbər!) De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan qurtara bilməzsiniz. O sizin (Quran) haqqındakı söz-söhbətlərinizi (Quranı təkzib etmənizi və ona sehir demənizi) daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, Bağışlayandır, Rəhmlidir”.","(Ey Peyğəmbər!) De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən ancaq mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”","(Ey Peyğəmbər!) De: “Bir deyin görək, əgər (bu Quran) Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə (Tövrata) şahidlik edib iman gətirib, siz isə təkəbbürlük göstərmisinizsə (o halda zülm etmiş olmazsınızmı)?! Allah zalım qövmü doğru yola yönəltməz!”","Kafirlər möminlərə dedilər: “Əgər (Quran) xeyirli bir şey olsaydı, onlar bu işdə bizi qabaqlaya bilməzdilər!” Onlar bununla (Quranla) doğru yola müvəffəq olmadıqda isə: “Bu, köhnə yalandır!”– deyəcəklər.","Ondan (Qurandan) əvvəl Musanın rəhbər və rəhmət olan Kitabı (Tövrat) vardı. Bu (Quran) isə zalımları qorxutmaq və yaxşı əməl sahiblərinə müjdə verən olaraq ərəb dilində nazil edilmiş, (əvvəlki ilahi kitabları) təsdiq edən bir Kitabdır.","Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.","Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar.","Biz insana valideynlərinə yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) məşəqqətlə daşımış və məşəqqətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, o, kamillik həddinə yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın saleh əməlləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”","Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu, onlara verilmiş doğru vəddir.","(Kimisi də) valideyninə: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsil gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımla hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər.","Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan ibarət olan ümmətlər haqqındakı söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır.","Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. (Bu, Allahın) onlara əməllərinin əvəzini verməsi üçündür. Onlara əsla zülm edilməz.","Kafirlər Cəhənnəmə ərz olunacaqları gün (onlara belə deyiləcəkdır:) “Siz dünya həyatınızda gözəl olan hər şeyinizi xərclədiniz və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbürlük göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”","(Ey Peyğəmbər!) Ad (qövmünün) qardaşını (Hudu) xatırla! Bir zaman o, özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qumsal təpələrdə (yaşayan) qövmünü: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi.","Onlar isə: “Sən bizi ilahlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir!”– dedilər.","(Hud) dedi: “(Bu haqda) elm ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil bir qövm olduğunuzu görürəm”.","Nəhayət, onu (əzabı) vadilərinə doğru yönəldiyini gördükləri zaman: “Bu, bizə yağış yağdıracaq bir buluddur!”– dedilər. (Hud dedi:) “Xeyr! Bu, sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!","O Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edər!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq.","Biz sizə vermədiyimiz imkanları onlara verdik. Onlara qulaqlar, gözlər və qəlblər verdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara fayda verdi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları istehza etdikləri (əzab) bürüdü.","Biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik. Bəlkə doğru yola qayıdalar deyə ayələri onlara (müxtəlif cür) izah etdik.","Bəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri (bütlər) onlara kömək etmədi?! Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu, onların iftiraları və uydurmalarıdır.","Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar (onu dinləməyə) gəldikdə (bir-birinə:) “Susun, (qulaq asaq)!”– dedilər. (Quran oxunub) qurtardıqdan sonra isə qorxudanlar olaraq öz qövmlərinin yanına qayıtdılar.","Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Allahın nazil etdiyi kitabları) təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab eşitdik!","Ey qövmümüz! Allahın dəvətçisinə cavab verib, ona iman gətirin ki, Allah sizin günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!”","Allahın dəvətçisinə cavab verməyən kimsə yer üzündə (Allahdan) yaxa qurtara bilməz və onun Alladan başqa dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər.","Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi?! Əlbəttə ki, O, hər şeyə qadirdir.","Kafirlər Cəhənnəmə ərz ediləcəkləri gün onlara: “Məgər bu, həqiqət deyilmi?!”– (deyiləcək). Onlar: “Bəli, Rəbbimizə and olsun (ki, həqiqətdir)!”– deyəcəklər. (Allah) buyuracaqdır: “Küfr etdiyinizə görə dadın əzabı!”","(Ey Peyğəmbər!) Elçilərdən əzm sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! Onlara (əzabın) tez gəlməsini istəmə. Onlar özlərinə vəd olunanı görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını güman edəcəklər. (Bu,) bir təbliğdir. Məgər fasiq qövmdən başqası məhv edilərmi?!","Kafirlərin və (insanları) Allahın yolundan azdıranların əməllərini (Allah) puça çıxarmışdır.","İman gətirib saleh əməllər edənlərin və Rəbbindən haqq olaraq Muhammədə nazil edilənə inananların Allah günahlarını örtmüş və (din və dünya) işlərini islah etmişdir.","Bu ona görədir ki, kafirlər batilə tabe olmuş, iman gətirənlər isə Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah, insanlara özlərinə aid misalları belə çəkər.","(Ey möminlər!) Kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Müharibə bitdikdə isə onları ya fidyəsiz, ya da fidyə alıb azad edin. Bu (Allahın hökmüdür). Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Onun yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.","(Allah) onları doğru yola yönəldəcək, onların (din və dünya) işlərini islah edəcək","və onları (dünyada) özlərinə tanıtdığı Cənnətə daxil edəcəkdir.","Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi (döyüşdə və ya sirat körpüsündə) sabit edər.","Məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxardar.","Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı.","Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etmişdir. Kafirləri də buna bənzərləri gözləyir.","Bu ona görədir ki, Allah möminlərin Dostudur. Kafirlərin isə dostu yoxdur.","Allah iman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünya həyatından) zövq alıb, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur!","(Ey Peyğəmbər!) Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkət var idi ki, Biz onları məhv etdik və onlara kömək edən də tapılmadı.","Məgər Rəbbindən bir dəlilə istinad edən kimsə, pis əməli özünə gözəl göstərilən və istəklərinə uyan kimsələr kimi ola bilərmi?!","Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada tamı dəyişməyən sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvələr və Rəbbi tərəfindən bağışlanma vardır. Məgər o, od içində əbədi qalacaq və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?!","(Ey Peyğəmbər!) Onların (münafiqlərin) arasında səni dinləyənlər də var. Nəhayət, onlar sənin yanından çıxdıqda, özlərinə elm verilmiş kimsələrə (istehza ilə) deyərlər: “O, bayaq nə deyirdi?” Onlar, Allahın, qəlblərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir.","Doğru yola yönələnlərə gəldikdə isə Allah onların hidayətini artırar və onları təqvaya (saleh əməllərə) müvəffəq edər.","Yoxsa (kafirlər) Qiyamət saatının qəfildən onlara gəlməsinimi gözləyirlər?! Artıq onun (Muhammədin Peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə yarılması kimi) əlamətləri gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almalarının nə faydası?!","(Ey Peyğəmbər!) Bil ki, Allahdan başqa (ibadətə layiq olan heç bir) ilah yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə və mömin qadınların bağışlanmasını dilə. Allah (gündüzlər) gəzib-dolaşdığınız yeri də, (gecələr) gecələyəcəyiniz məskəni də bilir.","Möminlər: “Kaş (cihada dair) bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş zikir edildikdə qəlbində xəstəlik olanların sənə, ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlar üçün daha yaxşı olardı ki,","itaət etsinlər və xoş söz söyləsinlər. (Cihada) qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı.","Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz.","Onlar Allahın lənətlədiyi, qulaqlarını kar, gözlərini də kor etdiyi kimsələrdir.","Məgər onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlbləri qıfıllıdır?!","Özlərinə hidayət yolu bəlli olduqdan sonra (haqdan dönüb) geriyə üz tutan kimsələrə şeytan (günah işləri) gözəl göstərmiş və onlara uzun ömür vəd etmişdir.","Bu onların (münafiqlərin) Allahın nazil etdiyinə nifrət edənlərə (müşriklərə): “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dediklərinə görədir. Allah onların sirlərini bilir.","Bəs mələklər onların üzlərinə və arxalarına vuraraq canlarını alanda onların halı necə olacaqdır?!","Bu onların Allahı qəzəbləndirən şeylərə uyduqlarına və Onun razı qaldığı şeylərə nifrət etdiklərinə görədir. Buna görə də Allah onların əməllərini boşa çıxartdı.","Yoxsa qəlblərində xəstəlik olanlar, Allah onların (qəlblərindəki) kin-küdurətini üzə çıxarmayacağını hesab edirdilər?!","(Ey Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.","(Ey möminlər!) Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxardanadək sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də (Allahın əmrinə tabe olub cihad edənləri və tənbəllik edib cihaddan geridə qalanları da) yoxlayacağıq.","Sözsüz ki, kafir olanlar, (insanları) Allah yolundan azdıranlar və hidayət yolu özlərinə bəlli olduqdan sonra Peyğəmbərə düşmənçilik edənlər Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puça çıxaracaqdır.","Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!","Şübhəsiz ki, kafir olanları, (insanları) Allah yolundan azdıranları, sonra da kafir olaraq ölənləri, Allah bağışlamayacaqdır.","(Ey Möminlər!) Zəiflik göstərməyin və üstün olduğunuz halda (kafirləri) sülhə çağırmayın! Allah sizinlədir. O sizin əməllərinizi (əməllərinizin savabını) əskiltməz.","Dünya həyatı sadəcə oyun və əyləncədən ibarətdir. Əgər iman gətirib (Allahdan) qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz.","Əgər (Allah) sizdən bunu istəsə və sizdən təkidlə tələb etsə, siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar.","Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə çağırılırsınız. Aranızda isə xəsislik edənlər də vardır. Kim xəsislik etsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə başqa bir qövm gətirər sonra onlar sizin kimi olmazlar.","(Ey Peyğəmbər!) Həqiqətən, Biz sənə (Hüdeybiyyə sülhü ilə) aydın bir zəfər bəxş etdik ki,","Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin","və Allah sənə şanlı bir zəfər ilə kömək etsin.","Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allaha məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","(Bütün bunlar,) Allahın, mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil etməsi və onların günahlarından keçməsi üçündür. Bu, Allah yanında böyük uğurdur.","(Bu, həm də) Allah barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab verməsi üçündür. Onların pis niyyəti öz başlarına olsun! Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir.","Göylərin və yerin orduları Allaha məxsusdur. Allah Qüdrətlidir, Hikmət sahibidir.","(Ey Peyğəmbər!) Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən bir elçi olaraq göndərdik.","(Biz belə etdik ki, bəlkə) siz, Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və səhər-axşam Allahın şəninə təriflər deyəsiniz.","(Ey Peyğəmbər! Ridvan beyətində) sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər.","(Ey Peyğəmbər! Hüdeybiyyə səfərindən) geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi (döyüşə getməkdən) yayındırdı. (Allahdan) bizim üçün bağışlanma dilə!”– deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır.","Əksinə siz, Peyğəmbər və möminlərin bir daha ailələrinə qayıtmayacaqlarını zənn edirdiniz. Bu, (şeytan tərəfindən) qəlblərinizə gözəl göstərildi. Siz pis zənnə düşüb məhvə məhkum bir qövm oldunuz.","Kim Allaha və Onun rəsuluna iman gətirməzsə, (bilsin ki,) Biz kafirlər üçün od hazırlamışıq.","Göylərin və yerin mülkü Allaha məxsusdur. O, istədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah bağışlayandır, rəhmlidir.","(Ey Möminlər!) Siz (Xeybərə) qənimətləri götürməyə getdiyiniz zaman (Hüdeybiyyə sülhündən) geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!”– deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir.","(Ey Peyğəmbər!) Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir qövmə qarşı (döyüşməyə) çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. (Yox,) əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”.","(Döyüşə getməməkdə) kora, çolağa və xəstəyə günah yoxdur. Kim Allaha və Onun rəsuluna itaət etsə, (Allah) onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər.","Allah, (Hüdeybiyyədə ikən, Ridvan beyətində) ağac altında sənə beyət edən möminlərdən razı qaldı. (Allah) onların qəlblərində olanı bildi, onlara sükunət nazil etdi və onları yaxın bir zəfərlə (Xeybərin fəthi ilə) mükafatlandırdı.","(Onları Xeybər əhlindən) əldə edəcəkləri çoxlu qənimətlərə də (müvəffəq etdi). Allah Qüdrətlidir, Hikmət sahibidir.","(Ey möminlər!) Allah sizə (gələcəkdə İslam fəthləri ilə) əldə edəcəyiniz çoxlu qənimətlər vəd etdi. O, bunu (Xeybərdə əldə etdiyiniz qənimətləri) sizə tezliklə verdi. Möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin deyə insanların (Qureyşin) əllərini sizdən çəkdi.","Əldə edə bilmədiyiniz başqa qənimətlər də (vardır). Artıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir.","(Ey möminlər!) Əgər kafirlər sizinlə vuruşsalar, arxa çevirib qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar.","Allahın əzəldən qoyduğu sünnəsi belədir. Sən Allahın sünnəsində (heç vaxt) bir dəyişiklik tapa bilməzsən.","Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində (Hüdeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir.","O kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişiləri və mömin qadınları bilmədən ayaq altına alıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi olmasaydı, (Allah ora zorla girməyinizə izin verərdi). Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (buna izin vermədi). Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik.","Kafirlər qəlblərində təkəbbürlüyə – cahillik lovğalığına qapıldıqları zaman Allah Öz rəsuluna və möminlərə sükunət nazil etdi və onlara təqva (Lə iləhə illallah, Muhammədun rəsulullah) sözünü vacib buyurdu. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir.","Allah Öz rəsulunun haqq olaraq gördüyü yuxusunu (yuxuda Məkkəyə daxil olduğunu) gerçəyə çevirdi. İnşallah siz əmin-amanlıqla, başınızı qırxdırmış, (bəziləriniz də saçlarını) qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə daxil olmazdan əvvəl sizə) yaxın bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir.","(İslamı) bütün dinlərdən üstün etmək üçün Öz rəsulunu hidayət və haqq din ilə göndərən Odur. Şahid olaraq Allah yetər.","Muhamməd Allahın rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhmlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə olan vəsfləri isə cücərtisini çıxarıb, onu qüvvətləndirmiş, o da qalınlaşıb, gövdəsi üzərində şax durmuş, əkinçiləri heyran edən bir əkin kimidirlər. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki,) kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib saleh əməllər edənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.","Ey iman gətirənlər! (Heç bir işdə) Allahın və Onun rəsulunu qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.","Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz batil olar.","Allahın rəsulu yanında səslərini asta çıxaranlar, Allahın qəlblərini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük mükafat vardır.","(Ey Peyğəmbər!) Şübhəsiz ki, səni hücrələrin arxasından səsləyənlərin (bədəvilərin) əksəriyyəti (nə etdiklərini) anlamır.","Əgər sən onların qarşılarına çıxanadək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olardı. Allah Bağışlayandır, Rəhmlidir.","Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız.","Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə itaət etsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlblərinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır.","Bunlar Allahın lütfü və neməti sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını islah edin. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüz edənlə Allahın əmrinə qayıdanadək vuruşun. Əgər o qayıtsa, hər iki dəstənin arasını ədalətlə islah edin və ədalətli olun. Sözsüz ki, Allah ədalətli olanları sevər.","Həqiqətən möminlər qardaşdırlar. Elə isə (mübahisə edən) iki qardaşınızın arasını islah edin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız.","Ey iman gətirənlər! Bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.","Ey iman gətirənlər! Zənnin çoxundan çəkinin. Çünki zənnin bəzisi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?! Bu sizdə ikrah hissi oyadır. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.","Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.","Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz (qəlbən) iman gətirmədiniz! Lakin: “Biz tabe olduq!”– deyin. İman hələ qəlbinizə daxil olmamışdır. Əgər Allaha və Onun rəsuluna itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir!”","Möminlər ancaq Allaha və Onun rəsuluna iman gətirən, sonra şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır.","(Ey Peyğəmbər! Bu bədəvilərə belə) de: “Siz dininizi Allahamı öyrədirsiniz?!” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi biləndir.","(Ey Peyğəmbər!) Onlar (Bədəvilər) İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “İslamı qəbul etdiyinizə görə mənə minnət qoymayın! Əgər doğru danışırsınızsa, (bilin ki,) əslində Allah sizi imana gətirməklə sizə minnət qoyur!”","Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Allah nə etdiklərinizi görəndir.","Qaf.[1] And olsun Şanlı Qurana.###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Xeyr, onlar özlərindən qorxudan (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər: “Bu əcaib bir şeydir.","Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, uzaq bir qayıdışdır!”","Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (yerin onların cəsədlərini yeməsini) bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.","Onlara haqq (Quran) gəldikdə onu yalan hesab etdilər. Onlar çaşqın bir haldadırlar.","Məgər onlar üstlərindəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!","Biz yeri genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik.","(Bütün bunları) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə etdik.","Biz göydən bərəkətli su endirdik, onunla bağlar və (arpa, buğda və s. bu kimi) biçilən dənələr yetişdirdik.","Tumurcuqları bir-birinin üstünə (salxım-salxım) düzülmüş hündür xurma ağacları (yetişdirdik).","Qullara ruzi olsun deyə (belə etdik)! Biz onunla (göydən endirdiyimiz su ilə) ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir.","(Ey Peyğəmbər!) Onlardan (Qureyşdən) əvvəl Nuh qövmü, Rəss və Səmud əhli (elçiləri) yalançı saydı.","Ad, Firon və Lut qardaşları da.","Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim vədim (əzabım) gerçəkləşdi.","Məgər Biz ilk yaradılışda acizmi qaldıq?! Xeyr! Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər.","İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından daha yaxınıq.","(İnsanın) sağında və solunda (əməllərini) qeydə alan iki mələk oturmuşdur!","Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (mələk) vardır","Ölüm bihuşluğu haqq olaraq gəldi. (Ey qafil insan!) Bu, sənin qorxub qaçdığın şeydir.","Sura üfürüləcək. Bu, vəd olunmuş günüdür.","Hər kəs onu (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (iki mələklə birgə) gələcəkdir.","(Ona belə deyiləcəkdir:) “Sən bundan qəflət içində idin. Biz səndən pərdəni qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”","Onun yoldaşı (ona müvəkkəl olunmuş mələk) deyəcək: “Bu yanımda olan (əməl dəftəri) hazırdır!”","(Allah o iki mələyə belə buyuracaqdır:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,","xeyrə mane olanı, (zülm etməklə) həddi aşanı, (haqqa) şübhə edəni,","Allahla yanaşı özünə başqa bir ilah qəbul edəni. Atın onu şiddətli əzabın içinə!”","Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım, lakin o, özü dərin azğınlıq içində idi!”","(Allah) buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.","Mənim hüzurumda söz dəyişməzdir. Mən qullarıma zülm edən deyiləm!”","O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir.","Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmayacaq.","Budur sizə vəd edilən (Cənnət). O, hər bir (tövbə edib Allaha) üz tutan, (Onun əmrinə) riayət edən,","Rəhmandan (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.","Ora salamatlıqla daxil olun! Bu, əbədiyyət günüdür.","Orada onlar üçün istədikləri hər şey vardır. Hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.","Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər (əzabdan) qaçacaq bir yer varmı?!","Həqiqətən, bunda (dərk edən) qəlbi olan, hazır durub (diqqətlə) qulaq asan kimsə üçün öyüd-nəsihət var.","Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da toxunmadı.","(Ey Peyğəmbər!) Onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd edərək şəninə təriflər de!","Gecənin bir vaxtında və namazlardan sonra Onun şəninə təriflər de!","(Ey Peyğəmbər!) Dinlə. O gün carçı (sura ikinci dəfə üfürən mələk, məxluqata) yaxın bir yerdən çağıracaqdır.","O gün (bütün məxluqat) bu səsi gerçəkdən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxma günüdür.","Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş Bizədir.","O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə (carçıya doğru) çıxacaqlar. Bu həşir (onları bir yerə toplamaq) Bizim üçün asandır.","Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları (imana) məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!","And olsun toz-torpağı (ətrafa) səpələyən küləklərə!","And olsun yağmur yükü daşıyan buludlara!","And olsun asanlıqla üzüb gedən gəmilərə!","And olsun (Allahın əmr etdiyi) işləri (məxluqat arasında) bölüşdürən mələklərə!","Sizə vəd olunan həqiqətdir.","Haqq-hesab da, mütləq olacaqdır.","And olsun gözəl görünüşü olan səmaya!","(Ey Məkkə əhli!) Sizin sözləriniz ziddiyyətlidir (bəzən Qurana sehr, bəzən də şeir deyirsiniz. Bəzən Muhammədə sehribaz, bəzən də şair deyirsiniz).","Ondan (Qurandan və ya Peyğəmbərdən) döndərilən kimsə döndərilər.","Məhv olsun yalançılar!","O kəslər ki, cəhalət içində olan qafillərdir.","Onlar (səndən istehza ilə) Din gününün nə vaxt olacağını soruşurlar.","O gün onlara odda əzab veriləcəkdir.","(Onlara deyiləcək:) “Dadın əzabınızı! Sizin tez gəlməsini istədiyiniz şey (əzab) budur!”","Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar,","Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər edən kimsələr olmuşdular.","Onlar gecələr (ibadət edib) az yatırdılar.","Sübh çağları isə (Allahdan) bağışlanma diləyirdilər.","Mallarında dilənçinin və yoxsulun payı vardır.","Yer üzündə yəqinliklə inananlar üçün (Allahın qüdrətinə dəlalət edən) dəlillər vardır.","(Ey İnsanlar!) Sizin özünüzdə də (Allahın qüdrətinə dəlalət edən) dəlillər var. Məgər görmürsünüz?!","Göydə ruziniz (yağış) və sizə vəd olunan (mükafat, cəza və ya xeyir, şər) vardır.","Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışığınız kimi həqiqətdir.","(Ey Peyğəmbər!) İbrahimin hörmətli qonaqlarının (mələklərin) xəbəri sənə gəlib çatdımı?","Onlar İbrahimin yanına daxil olub: “(Sənə) salam olsun!”– dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad kimsələrsiz!”– dedi.","O, qorxu içində ailəsinin yanına getdi və (qızardılmış) kök bir buzovla gəldi.","(Qızardılmış) buzovu onlara yaxınlaşdırıb dedi: “Yemirsinizmi?”","O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və onu elmli bir oğlan uşağı (İshaqın dünyaya gəlməsi) ilə müjdələdilər.","Zövcəsi qışqırıb üzünə vuraraq: “Mən sonsuz, qoca bir qarıyam!”– dedi.","Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, (hər şeyi) Biləndir!”"]