["(İbrahim onlara) dedi: “Sizin işiniz nədir, ey elçilər?”","Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik.","Onların üstünə gildən daşlar yağdırmaq üçün.","Həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar)!”","Biz orada olan möminləri (o kənddən) çıxartdıq.","Biz orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman tapmadıq.","Biz ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir ibrət (əzabın əlamətlərini) qoyduq.","Musada da (onun hekayətində də ibrət) vardır. O zaman Biz onu Fironun yanına açıq-aydın bir dəlillə göndərmişdik.","O (Firon) öz camaatı ilə birlikdə üz çevirib: “Bu bir sehrbazdır, ya da bir dəlidir!”– dedi.","Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.","Ad qövmündə də (ibrət) vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək (əzab və həlak küləyi) göndərmişdik.","O, üstündən keçdiyi hər bir şeyi çürümüş çör-çöpə döndərirdi.","Səmud qövmündə də (ibrət) vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.","Onlar Rəbbinin əmrinə qarşı təkəbbürlük göstərdilər və onları gözləri baxa-baxa ildırım vurdu.","Onlar (yıxıldıqları yerdən) nə ayağa qalxa bildilər, nə də onlara kömək edən oldu.","Daha əvvəl Nuh qövmünü də (suda boğaraq məhv etdik). Çünki onlar fasiq bir qövm idilər.","Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.","Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik (Biz)!","Düşünüb ibrət alasınız deyə hər şeydən (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.","(Ey İnsanlar!) Allaha tərəf qaçın! Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!","Allahla yanaşı başqa bir ilah qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!”","Beləcə, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (ona:) “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.","Yoxsa onlar (əvvəlkilər və axırdakılar) bunu (peyğəmbərləri yalan saymağı) bir-birinə vəsiyyət etmişdilər?! Xeyr, onlar həddi aşmış bir qövmdür.","(Ey Peyğəmbər!) Onlardan üz döndər! Sən (buna görə) qınanmazsan.","Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.","Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.","Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.","Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.","(Ey Peyğəmbər!) Şübhəsiz ki, (səni yalan saymaqla özlərinə) zülm edənlər üçün yoldaşlarının (əzab) payı mislində payı vardır. Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!","Vəd olunmuş günlərindən dolayı vay kafirlərin halına!","And olsun Tur dağına!","And olsun yazılmış Kitaba (Qurana və ya Lövhi-Məhfuza yaxud Musaya verilən lövhələrə)","Yayılmış incə dəri üzərində (olan Kitaba).","And olsun (mələklərin ibadət etdiyi, yeddinci səma üzərində olan) Beytulməmura!","And olsun yüksək tavana (göy üzünə)!","And olsun (qiyamət günü) alovlanan (və ya su ilə dolu) dənizə!","(Ey Peyğəmbər!) Rəbbinin əzabı mütləq vaqe olacaqdır.","Heç kəs onun qarşısını ala bilməz.","O gün göy şiddətlə lərzəyə gələcək.","Dağlar da (yerindən qopub) hərəkətə gələcəkdir.","O gün (haqqı) yalan sayanların vay halına!","O kəslər ki, batil bataqlığında əylənirlər.","O gün onlar amansızcasına (sürüklənib) Cəhənnəm oduna atılacaqlar.","(Onlara deyiləcəkdir:) “Bu, sizin yalan saydığınız Cəhənnəm odudur!","Bu (əzab) da sehrdir, yoxsa görmürsünüz?","Dadın (yalan saydığınız Cəhənnəmin) hərarətini! Səbir etsəniz də, səbir etməsəniz də sizin üçün eynidir. Sizə yalnız etdiyiniz əməllərin cəzası veriləcəkdir”.","Şübhəsiz ki, müttəqilər cənnətlərdə və nemət içində olacaqlar.","Rəbbinin onlara bəxş etdiyi nemətlərə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından qorumuşdur.","(Onlara belə deyiləcəkdir:) “(Dünyada ikən) etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin, için!”","Onlar səf-səf düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirdik.","İman gətirənlərin, imanla onların arxasınca gedən zürriyyətlərini (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.","Onlara iştahları çəkdiyi meyvədən və ətdən verəcəyik.","Onlar orada bir-birinə (şərab dolu) badə uzadacaqlar. Bu (şərab) onları nə lağlağaya, nə də günaha təhrik edəcəkdir.","Onların ətrafında (xidmətlərinə verilmiş), qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.","Onlar bir-birinə üz tutub (dünyadakı əməlləri barəsində) soruşacaqlar.","Onlar deyəcəklər: “Biz bundan öncə ailəmiz içində olarkən (Allahdan) qorxurduq.","Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel (Cəhənnəm) əzabından qorudu.","Biz bundan öncə Ona (bizi Cəhənnəm əzabından qoruması üçün) dua edirdik. Həqiqətən, O, (qullarına) yaxşılıq edəndir, (onlara qarşı) Rəhmlidir!”","(Ey Peyğəmbər!) Sən xatırlat! Sən Rəbbinin neməti (bəxş etdiyi iman və ağıl) sayəsində nə kahinsən, nə də dəli!","Yoxsa onlar: “O bir şairdir. Biz onun ölüb getməsini gözləyirik!”– deyirlər.","(Ey Peyğəmbər!) De: “Gözləyin, mən də sizinlə birlikdə (sizə üz verəcək əzabı) gözləyənlərdənəm!”","Yoxsa onların ağılları bunu onlara əmr edir? Yoxsa onlar azğın bir qövmdürlər?","Yoxsa onlar: “(Muhamməd) onu (Quranı) özündən uydurdu!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.","Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.","Yoxsa onlar heç bir şey olmadan (Xaliqsizmi) yaranıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?","Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.","Yoxsa Rəbbinin xəzinələri onların yanındadır? Yoxsa onlar hökm sahibidirlər?","Yoxsa onların, (üstünə çıxıb mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanımı vardır? Elə isə qoy onların (mələkləri) dinləyənləri açıq-aydın bir dəlil gətirsinlər!","Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?","(Ey Peyğəmbər!) Yoxsa sən (dini təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və onlar da ağır borc yükü altındadırlar?","Yoxsa qeyb (elmi) onların yanındadır və onlar da (qeyb elmindən insanlar üçün istədiklərini) yazırlar?","(Ey Peyğəmbər!) Yoxsa (sənə qarşı) bir hiylə qurmaq istəyirlər? Kafirlər özləri o hiylənin qurbanı olacaqlar.","Yoxsa onların Allahdan başqa bir ilahımı vardır? Allah onların qoşduqları şəriklərdən pak və ucadır.","Əgər onlar göydən bir parça (başlarına) düşdüyünü görsələr: “Üst üstə yığılmış buludlardır!”– deyərlər.","Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!","O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək edilməyəcək.","(Günahlar etməklə nəfslərinə) zülüm edənlər üçün bundan başqa (dünyada və qəbirdə) əzab vardır. Lakin onların çoxu (bunu) bilməz.","(Ey Peyğəmbər!) Sən Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Yuxudan və ya məclisdən) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!","Gecənin bir vaxtında və ulduzlar batanda Onun şəninə təriflər de!","And olsun batmaqda olan ulduza!","Yoldaşınız (Muhamməd) nə azmış, nə də sapmışdır.","O, havadan (istədiyini) danışmaz.","Bu (Quran), ona nazil edilən bir vəhydir.","Bunu ona çox qüvvətli olan öyrətdi –","gözəl görünüşlü (Cəbrail). O, yüksəlib (Peyğəmbərə öz surətində göründü).","O (Cəbrail), ən uca üfüqdə idi.","Sonra (Muhammədə) yaxınlaşıb aşağı endi.","(Cəbrail ilə Muhamməd arasındakı məsafə) iki yay qədər yaxud ondan da yaxın (məsafə) oldu.","(Sonra Allah) quluna (Muhammədə) nazil edəcəyini vəhy etdi.","Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü (Cəbraili iki gözü ilə görməsini) yalan saymadı.","(Ey Müşriklər!) Siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?","(Muhamməd) Onu (Cəbraili) bir daha (isra gecəsi öz sürətində) enərkən gördü –","(Yeddinci səmadakı) Sidrətül-müntəhanın yanında.","Onun yanında Məva cənnəti vardır.","O zaman Sidrə ağacını bürüyən bürümüşdü.","Göz (Peyğəmbərin gözü sağa-sola) yayınmadı və həddi aşmadı.","O, Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü.","(Ey müşriklər!) Lat və Uzzanı gördünüzmü?","Digər üçüncü olan Mənatı da?","Məgər oğlanlar sizin, qızlar Onundur (Allahındır)?!","Onda bu, ədalətsiz bir bölgüdür!","Bunlar (bütlər) sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir.","Yoxsa insan üçün istədiyi şey (bütlərin onun üçün Allah yanında şəfaətçi olması) vardır?","Axirət də, dünya da Allahındır.","Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və razı qaldığı kimsədən başqa (heç kəsə) heç bir fayda verməz.","Axirətə inanmayanlar mələkləri (onların Allahın qızları olduğunu etiqad edərək) qadın adları ilə adlandırırlar.","Onların buna dair heç bir elmi yoxdur. Onlar yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.","(Ey Peyğəmbər!) Zikrimizdən (Qurandan) üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!","Onların elmdən payı elə o qədərdir. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanı da, doğru yolda olanıda yaxşı bilir.","Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür.","Onlar kiçik günahlar müstəsna olmaqla, böyük günahlardan və çirkin əməllərdən (şirkdən və zinadan) çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində ruşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir.","(Ey Peyğəmbər!) Üz çevirəni (Valid bin Muğiranı) gördünmü,","(malından) azacıq verib (sonra) paxıllıq edəni?","Məgər qeyb elmi onun yanındadır, o da (bunu) görür?","Yoxsa Musanın səhifələrindəkilər ona xəbər verilmədi?","Vəfalı olan İbrahimin (səhifələrindəkilər ona xəbər verilmədi?)","(O səhifələrində deyilənlərdən bəziləri bunlardır:) “Heç bir günahkar başqasının günahını daşımaz.","İnsan üçün yalnız öz əməlinin əvəzi vardır.","Şübhəsiz ki, onun əməli (Qiyamət günü) görünəcəkdir.","Sonra da ona (əməlinin) əvəzi tam veriləcəkdir!”","Son dönüş Rəbbinədir.","Güldürən də, ağladan da Odur!","Öldürən də, dirildən də Odur!","O, (insanlardan və heyvanlardan) biri erkək və biri dişi olmaqla iki cüt yaratdı.","Axıdılan bir (damla) nütfədən.","Təkrar diriltmək də Ona aiddir.","Zəngin edən də, kasıb edən də Odur.","Şiranın (müşriklərin ibadət etdiyi şira ulduzunun) da Rəbbi Odur.","O, əvvəlki Adı (Ad qövmünü) məhv etdi.","Səmudu da (məhv edib onlardan heç kəsi sağ) buraxmadı.","Daha öncə Nuh qövmünü də (məhv etdi), çünki onlar daha zalım və daha azğın kimsələr idi.","Mötəfikənin də (Lut qövmünün yurdu da) altını üstünə O çevirdi.","Onların başına gətirdiyini gətirdi.","(Ey insan!) Rəbbinin hansı nemətlərinə şübhə edirsən?","Bu (Muhamməd) də öncəki peyğəmbərlər kimi (Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir.","Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.","Allahdan başqa heç kəs onun qarşısını ala bilməz! (Və ya: Allahdan başqa heç kəs onun vaqe olacaq vaxtı bilməz!)","Yoxsa siz bu sözə (Qurana) təəccübmü edirsiniz?!","(Ona istehza edərək) gülürsünüz, (oradakı öyüd-nəsihəti eşitdikdə) ağlamırsınız!","Və qəflət içində oynayıb əylənirsiniz (ona diqqət yetirmirsiniz)!","Allah üçün səcdəyə qapanın və (Ona) ibadət edin!","Qiyamət saatı yaxınlaşdı və ay yarıldı.","Əgər (müşriklər) bir möcüzə görsələr, üz döndərib: “Bu, davam edən bir sehrdir”– deyərlər.","Onlar (haqqı) yalan saydılar və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır.","Onlara (küfrdən) çəkindirən (neçə-neçə) xəbərlər gəldi.","Bu (Quran) böyük bir hikmətdir. (Üz çevirənlərə) təhdidlər heç bir fayda verməz.","(Ey Peyğəmbər!) Sən onlardan üz çevir. Carçının (İsrafilin) onları dəhşətli bir şeyə çağıracağı gün","onlar zəlilanə baxışlarla, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.","Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.","Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.","(Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum! Mənə yardım et!”– dedi.","Biz göyün qapılarını leysan bir yağışla açdıq.","Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan hər iki) su əzəldən (Lövhi-məhfuzda) təqdir edilmiş bir iş üçün bir-birinə qovuşdu.","Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.","İnkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.","Biz onu (Nuhun hekayəsini nəsillərə) ibrət üçün saxladıq. Heç ibrət alan varmı?!","(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!","Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?","Ad (qövmü) də (elçiləri) yalan saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!","Biz onların üstünə uğursuzluğu davamlı bir gündə çox soyuq külək göndərdik.","O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.","(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!","Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?","Səmud (qövmü də) peyğəmbərləri (Salehi) yalan saydı.","Onlar dedilər: “Özümüzdən olan bir adama tabe olacağıq?! Elə isə biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!","Yoxsa zikir (vəhy) aramızdan yalnız ona nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”","Sabah (Qiyamət günü) onlar kimin yalançı və lovğa olduğunu biləcəklər.","Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. (Ey Saleh!) Onların (nə edəcəklərini) gözlə və (əziyyətlərinə) səbir et!","Onlara xəbər ver ki, su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”","Onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da dəvəni tutub kəsdi.","(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!","Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.","Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?","Lut qövmü də peyğəmbərləri yalan saydı.","Biz, Lutun ailəsi müstəsna olmaqla onların üstünə daş (yağdıran külək) göndərdik. Onları sübh çağı xilas etdik –","Bizdən bir nemət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.","(Lut) onları əzabımızla qorxutdu, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.","Onlar Lutdan onun qonaqlarını (mələkləri) tələb etdilər. Biz də onların gözlərini kor etdik (və:) “Əzabımı və təhdidlərimi dadın!”– (dedik).","Sübh çağı onları daimi bir əzab yaxaladı.","(Onlara:) Elə isə əzabımı və təhdidlərimi dadın! (dedik).","Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?","Xəbərdarlıqlar Firon nəslinə də gəldi.","Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.","(Ey Məkkə əhli!) Sizin kafirləriniz onlardan (Nuhun, Adın, Səmudun, Lutun, Firon və onun qövmündən) xeyirlidirmi?! Yoxsa kitablarda sizin üçün bəraət vardır?!","Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?!","Bu dəstə məğlub olacaq və arxa çevirib qaçacaq.","Xeyr! Onlara vəd edilmiş vaxt Qiyamət saatıdır. Qiyamət saatı isə daha ağır, daha acıdır.","Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.","O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin toxunmasını (əzabını) dadın!”– (deyiləcəkdir).","Biz hər şeyi (əzəldən təqdir etdiyimiz) bir qədər ilə yaratdıq.","Biz yalnız bir dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetər.","Biz (küfür etməkdə neçə-neçə) sizə oxşayanları məhv etdik. Heç ibrət alan varmı?!","Onların etdiyi hər bir əməl (əməllərinin yazıldığı) kitablardadır.","Hər bir kiçik və böyük (əməl lövhi-məhfuzda) yazılmışdır.","Şübhəsiz ki, müttəqilər cənnətlərdə və çaylar kənarında,","Qadir Hökmdarın hüzurunda, haqq məclisində olacaqlar!","Rəhman! (Mərhəmətli olan Allah!)","Quranı öyrətdi.","İnsanı yaratdı.","Ona bəyanı (duyğularını ifadə etməyi) öyrətdi.","Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir).","Otlar (və ya ulduzlar) da, ağaclar da (Allaha) səcdə edir.","(Allah) göyü ucaltdı və (yer üzündə) mizanı (ədaləti) qoydu ki,","çəkidə həddi aşmayasınız.","(Əşyaları) mizanda insafla çəkin və çəkini əskiltməyin.","O, yeri məxluqat üçün döşədi.","Orada meyvələr və salxımlı xurma ağacları vardır.","Həmçinin, saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","O, insanı (Adəmi) saxsı kimi quru gildən yaratdı.","Cannı da (Cinlərin atası olan İblisi də) xalis oddan O yaratdı.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","O, iki məşriqin və iki məğribin Rəbbidir.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","O, qarşı-qarşıya gələn (suyu şirin və acı olan) iki dənizi bir-birinə qovuşdurdu.","Onların arasında bir maneə vardır, bir-birinə qatışa bilməzlər.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","O iki dənizdən mirvari və mərcan çıxır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Yer üzündə olan hər kəs fanidir.","Yalnız cəlal və ikram sahibi olan Rəbbinin Üzü əbədidir.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Göylərdə və yerdə olan hər kəs (ehtiyacını) Ondan istəyir. O hər gün bir işdədir.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Ey insanlar və cinlər! (Tezliklə) sizi hesaba çəkəcəyik.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüvvətlə keçə bilərsiniz.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","O gün nə insan, nə də cin günahları barəsində sorğu-sual olunmayacaqdır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Günahkarlar simalarından (üzlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","(Onlara belə deyiləcəkdir:) Bu, günahkarların yalan saydıqları Cəhənnəm!","Onlar onunla (Cəhənnəm atəşi ilə) olduqca qaynar su arasında dolanacaqlar.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Rəbbinin hüzurunda durmaqdan qorxanlar üçün iki cənnət vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","(O iki Cənnətin hər) ikisində də (növbənöv meyvələrlə dolu) ağaclar vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","(Hər) ikisində də iki axar bulaq vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","(Hər) ikisində də hər meyvədən cüt-cüt vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Onlar (orada) astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin meyvələri onlara yaxın olacaqdır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Orada gözlərini (öz ərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qadınlar vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Onlar (o qadınlar gözəllikdə) sanki yaqut və mərcandırlar.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Yaxşılığın əvəzi yalnız yaxşılıq deyilmi?!","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Bu Cənnətdən başqa daha iki Cənnət də vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Hər ikisi tünd yaşıldır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","(Hər) ikisində də fışqırıb qaynayan iki bulaq vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","(Hər) ikisində də (cürbəcür) meyvələr, xurma ağacları və nar vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Orada xoş xasiyyətli, gözəl (üzlü) qadınlar vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Çadırlar içində qorunub saxlanılmış (və ya: gözlərini öz ərlərinə dikmiş) hurilər vardır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Onlara ərlərindən öncə heç bir insan və cin toxunmamışdır.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Onlar yaşıl balışlara və gözəl döşəkçələrə dirsəklənəcəklər.","Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?","Cəlal və ikram sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir!","Qiyamət vaqe olacağı zaman.","Onun vaqe olacağına heç bir şübhə yoxdur.","O, (kafirləri) alçaldacaq, (möminləri) ucaldacaq.","Yer şiddətlə titrədiyi zaman,","Dağlar parça-parça olub ovxalandığı","(Ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,","siz üç dəstəyə ayrılacaqsınız.","Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!","Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!","(Dünyada xeyirxah işlərdə) öndə gedənlər, (axirətdə də) öndədirlər!","Onlar (Allaha) yaxınlaşdırılmış kimsələrdir.","Onlar Nəim cənnətlərində olacaqlar.","Onların bir qismi əvvəlki ümmətlərlərdən.","ِAz bir qismi də axırıncılardandır.","(Onlar qızıl-gümüşlə) bəzənmiş taxtlar üstündə","qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.","Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar dolanacaqlar –","çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –","ondan başları ağrımaz və məst olmazlar,","bəyənib seçdikləri meyvələr","və istədikləri quş əti ilə (onların ətrafında hərlənəcəklər).","(Onlar üçün orada) iri qara gözlü hurilər vardır –","Sanki (sədəf içində) qorunub-saxlanmış mirvariyə bənzər (hurilər).","(Bu, onlara) etdikləri əməllərin mükafatı olaraq (veriləcəkdir).","Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.","Yalnız: “Salam! Salam!”– sözləri (eşidəcəklər).","Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!","(Onlar) tikansız sidr ağacları,","meyvələri salxım-salxım asılmış banan ağacları altında,","daimi kölgədə,","daim axan su (kənarında),","çoxlu meyvələr –","tükənməyən və qadağan edilməyən (meyvələr içində)","və hündür döşəklər üstündə (olacaqlar).","Biz onları (huriləri) yeni bir biçimdə yaratdıq.","Biz onları bakirə qızlar etdik –","ərlərini sevən, həmyaşıdlar.","(Bunlar) sağ tərəf sahibləri üçündür.","Onların bir qismi əvvəlkilərdən,","bir qismi də axırıncılardandır.","Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!","Onlar qızmar yel və qaynar su içində,","qapqara duman kölgəsində olacaqlar.","(Bu duman) nə sərin, nə də xoşagələndir.","Onlar bundan əvvəl (dünyada) cah-calal içində idilər,","böyük günah işləməkdə (Allaha şərik qoşmaqda) israr edirdilər","və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyik?","Yaxud əvvəlki atalarımızda (dirildiləcəklərmi)?!”","(Ey Peyğəmbər!) De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,","bəlli bir günün (Qiyamət gününün) müəyyən vaxtında mütləq cəm ediləcəklər.","Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!","Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,","qarınlarınızı onunla dolduracaqsınız,","üstündən də qaynar su içəcəksiniz.","Siz (onu) susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz”.","Bu, onların Din günündəki ziyafətidir.","Sizi Biz yaratdıq. Kaş ki (dirildiləcəyinizi) təsdiq etsəniz!","Axıtdığınız nütfəni gördünüzmü?!","Onu siz yaradırsınız, yoxsa Bizik yaradan?!","Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.","Sizin yerinizə bənzərlərinizi gətirmək və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yenidən yaratmağa (Bizə mane olan tapılmaz).","Siz ilk yaradılışı bilirsiniz. Kaş ki (dirildiləcəyiniz barədə) düşünsəniz!","Əkdiyinizi gördünüzmü?!","Onu siz bitirirsiniz, yoxsa Bizik bitirən?!","Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də təəccüb edərdiniz,","(və deyərdiniz:) “Biz ziyana uğradıq.","Xeyr, biz (ruzidən) məhrum olanlardanıq!”","İçdiyiniz suyu gördünüzmü?!","Onu buluddan siz endirirsiniz, yoxsa Bizik endirən!","Əgər istəsəydik, onu acı edərdik. Kaş ki şükür etsəniz!","Yandırdığınız odu gördünüzmü?!","Onun ağacını siz yaradırsınız, yoxsa Bizik yaradan!","Biz onu (Cəhənnəmi) xatırlamaq və müsafirlərin faydalanması üçün yaratdıq.","(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!","Ulduzların batdığı yerlərə and olsun!","Şübhəsiz ki, bu, böyük bir anddır. Kaş ki biləydiniz.","Həqiqətən, o, çox dəyərli Qurandır,","qorunub saxlanılan kitabdadır (lövhi-məhfuzdadır).","Ona yalnız pak olanlar toxunar.","O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.","(Ey müşriklər!) Siz bu kəlamı yalanmı sayırsınız?!","Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqlamı edirsiniz?!","(Can) boğaza yetişdiyi zaman –","həmin an siz (qarşınızda can verən kimsəyə) baxırsınız.","Biz ona (elmimiz və ya mələklərimizlə) sizdən daha yaxınıq, lakin siz isə (bunu) görmürsünüz.","Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız","əgər doğru danışanlarsınızsa, onda, o canı geri qaytarın.","Amma əgər o, (ölən kimsə Allaha) yaxın olanlardandırsa,","onda rahatlıq, gözəl ruzi və Nəim Cənnəti vardır.","Əgər o, sağ tərəf sahiblərindəndirsə,","(ona:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir).","Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,","(onun) ziyafəti qaynar su olacaq,","özü də Cəhənnəmdə yanacaqdır.","Həqiqətən, bu (qullara əməllərinin əvəzi verilməsi), açıq-aydın bir haqqdır.","(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!","Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. O, Qüdrətlidir, Hikmət sahibidir.","Göylərin və yerin mülkü Ona məxsusdur. Dirildir, öldürür. O, hər şeyə qadirdir.","O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir.","Göyləri və yeri altı gündə yaradan, sonra Ərşin üzərinə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız, O (elmi ilə) sizinlədir. Allah nə etdiklərinizi görür.","Göylərin və yerin mülkü Ona məxsusdur. (Sonda bütün) işlər Allaha qaytarılacaqdır.","O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, sinələrdə (qəlblərdə) olanları biləndir.","Allaha və Onun Rəsuluna iman gətirin! İxtiyarınıza verdiyi maldan (Allah yolunda) xərcləyin! Sizdən iman gətirib (mallarından) xərcləyənləri böyük bir mükafat gözləyir.","Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz?! Əgər siz möminsinizsə, (bilin ki,) artıq O, sizdən (atanız Adəmin belindən çıxararaq) əhd almışdır.","Sizi zülmətlərdən nura çıxartmaq üçün quluna (Muhammədə) açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə qarşı çox şəfqətlidir, rəhmlidir.","Sizə nə olub ki, (malınızdan) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allaha məxsusdur. Sizlərdən (mallarını Məkkənin) fəthindən əvvəl xərcləyib (kafirlərə qarşı) döyüşənlər (başqaları ilə) eyni deyillər. Onların dərəcəsi (mallarını fəthdən) sonra xərcləyib döyüşənlərdən daha üstündür. Allah onların hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah nə etdiklərinizdən xəbərdardır.","Kim Allaha gözəl bir borc verərsə, Allahda onun üçün (bunun əvəzini) qat-qat artırar. Onun üçün çox dəyərli bir mükafat (Cənnət) vardır.","O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərində və sağ tərəflərində getdiyini görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!”– (deyiləcəkdir). Bu, böyük uğurdur.","O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bizi gözləyin ki, sizin nurunuzdan bir az alaq”– deyəcəklər. (Onlara) deyiləcək: “Geriyə qayıdıb nur axtarın!” Onların arasına qapısının içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan bir sədd çəkiləcəkdir.","(Münafiqlər) onlara səslənib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü (nifaqla və qəlbinizdə küfürü gizlətməklə) fitnəyə saldınız, (Muhammədə və möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allahın əmri (ölüm) gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı.","Bu gün nə sizdən, nə də kafirlərdən fidyə qəbul olunar. Gedəcəyiniz yer də Oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”","Möminlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən öncə Kitab verilmiş kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onların üzərindən (peyğəmbərləri ilə özləri arasından) uzun bir müddət keçdi və qəlbləri sərtləşmişdi. Onların çoxu fasiq kimsələrdir.","Bilin ki, Allah yer üzünü ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.","Sədəqə verən kişilərə və sədəqə verən qadınlara və Allaha gözəl borc verənlərə, verdiklərinin qarşılığı qat-qat veriləcəkdir. Onlar üçün çox dəyərli bir mükafat (Cənnət) vardır.","Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar siddiqlərdir. Şəhidlərin də Rəbbi yanında mükafatı və nuru vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə isə, onlar Cəhənnəm əhlidirlər.","Bilin ki, dünya həyatı oyun, əyləncə, bər-bəzək, aranızda öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kafirlər və münafiqlər üçün) axirətdə şiddətli əzab, (möminlər üçün isə) Allahdan bağışlanma və razılıq vardır. Dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyildir.","(Ey insanlar!) Rəbbinizdən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.","Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Kitabda (lövhi-məhfuzda) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.","(Ey insanlar!) Bu, əlinizdən çıxana kədərlənməməyiniz və Allahın sizə verdiyinə fərəhlənməməyiniz üçündür. Allah heç bir özündən razını, (özü ilə) fəxr edəni sevməz.","Onlar həm özləri xəsislik edib, həm də insanlara xəsis olmağı əmr edən kimsələrdir. Kim (haqdan) üz çevirsə, (bilsin ki,) Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.","Biz elçilərimizi aydın dəlillərlə göndərdik, onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri bilsin. Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir.","Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və Kitabı (Tövratı, İncili, Zəburu və Quranı) onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir.","Sonra onların ardından ardıcıl olaraq elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz onu (rahibliyi) vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.","Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz rəhmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir.","Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf (peyğəmbərlik, elm və təqva) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir."]