["Ey Peyğəmbər! Ovs ibn əs-Samit öz zövcəsini Xovlə bint Səaləbəni anaya bənzədərək onu özünə məhrəm saydığı zaman, əri barəsində sənə müraciət edən və ərinin etdiyindən Allaha şikayət edən Xovlənin sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir və bu söhbətdən heç nə Ona gizli qalmır. Həqiqətən, Allah Öz qullarının danışdığı sözləri eşidir, onların etdiyi əməlləri görür və bunlardan heç bir şey Ona gizli qalmaz.","Sizlərdən öz qadınlarını anaya bənzədərək özlərinə haram edənlər, yəni, onlardan hər birinin öz zövcəsinə: \"Sən mənə anam kimi məhrəmsən\" - deyənlər yalan danışırlar. Onların zövcələri heç də onların anaları kimi deyillər, əksinə, anaları onları dünyaya gətirmiş qadınlardır. Onlar o sözü deyəndə, çirkin və yalan söz danımış olurlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır. Allah onlar üçün, günahlarını yusunlar deyə, kəffarə vermələrini buyurmuşdur.","O kəslər ki, bu çirkin sözü öz qadınlarına deyir, sonra da o qadınlarla yaxınlıq etmək istəyirlər, onlar o qadınlarla yaxınlıq etməzdən əvvəl kəffarə olaraq bir kölə azad etməlidirlər. Zikr olunan bu hökmün sizə əmr edilməsi, sizi bu çirkin əməldən çəkindirmək üçündür. Allah sizin nə etdiyinizdən xəbərdardır, etdiyiniz əməllərdən heç bir şey Ona gizli qalmaz.","Sizlərdən kimin kölə azad etməyə imkanı yoxdursa, qoy öz anasına bənzətdiyi zövcəsi ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutusun. Kim də iki ay ardıcıl oruc tuta bilmirsə, qoy altmış miskini yedirtsin. Bizim buyurduğumuz bu hökm, sizin bunun Allah tərəfindən əmr edildiyinə iman gətirməniz və Onun əmrini yerinə yetirməniz üçündür. Sizə buyurduğumuz bu hökmlər Allahın Öz qulları üçün qoyduğu hüdudlardır, onları aşmayın. Allahın hökmlərini inkar edən və Onun hüdudlarını keçən kafirlər üçün şiddətli bir əzab vardır.\t","Allah və Onun rəsulu ilə ədavət aparanlar, keçmiş ümmətlərin zəlil və rüsvay olduqları kimi, zəlil və rüsvay olacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Allaha, Onun rəsuluna və Allahın ayələrinə küfr edənləri rüsvay edici bir əzab gözləyir.","Allah onların hamısını dirildəcəyi gün onlardan heç biri qaçıb canını qurtara bilməyəcək və Allah onlara dünyada etdikləri pis əməllər barədə xəbər verəcəkdir. Allah onların əməlləini hesaba almış və o əməllərdən heç bir şeyi buraxmamışdır. Amma onlar etdikləri əməlləri unutmuşlar, lakin hamısını yazılı şəkildə, o əməllərin kiçiyini və böyüyünü qeyd almış əməl dəftərində görəcəklər. Allah hər şeydən xəbərdardır, onların əməllərindən heç bir şey Ona gizli qalmaz.","Ey Peyğəmbər! Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsənmi?! Orada olanlardan heç bir şey Allaha gizli qalmaz. Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, pak və müqəddəs Allah Öz elmi ilə onların dördüncüsü olmasın. Eləcə də, dörd nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, pak və müqəddəs Allah Öz elmi ilə onların beşincisi olmasın. İstər bu saydan az, istərsə də bundan çox olsunlar – harada olursa olsunlar, Allah Öz elmi ilə onların yanındadır. Onların söhbətlərindən heç bir şey Allahdan gizli qalmaz. Sonra qiyamət günü Allah onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi biləndir, heç bir şey Ona gizli qalmaz.","Ey Peyğəmbər! Məgər yəhudilərin mömin adamı gördükdə, öz aralarında xəlvətcə, yavaş-yavaş söhbət etdiklərini görmədinmi?! Allah onlara gizli söhbəti qadağan etdikdən sonra yenə də Allahın qadağan etdiyi əmələ qayıdıb möminlərin qeybətini etmək, onlarla ədavət aparmaq və Peyğəmbərə qarşı çıxmaq kimi günah işlər barədə öz aralarında altdan-altdan danışırlar. Ey Peyğəmbər! Onlar Sənin yanına gəldikdə isə, səni Allahın salamladığı kimi salamlamır, sənə: \"Əssamu aleykə/sənə ölüm olsun\" – deyir və həmçinin, Peyğəmbərin (səllallahu aleyhi və sələm) yalançı olduğunu göstərmək üçün öz aralarında: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?! Əgər onun peyğəmbərlik iddiası doğru olsaydı, Allah bizi, bu danışdıqlarımıza görə cəzalandırardı” – deyirlər. Onların dediyi sözlərə görə cəzası olaraq Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir!","Ey Allaha iman gətirənlər və Onun buyuruqarını yerinə yetirənlər! Yəhudilər kimi öz aranızda günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə xəlvətcə, altdan-altdan danışmayın. Öz aranızda Allaha itaət etmək və Ona asi olmamaq barədə danışın, Allahın əmrlərini yerinə yetirmək və qadağan etdiklərindən çəkinməklə Allahdan qorxun. Qiyamət günü siz haqq-hesaba çəkilmək və etdiyiniz əməllərin əvəzini almaq üçün təkcə Onun hüzuruna toplanacaqsınız.","Günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə gizli söhbət, iman gətirənləri hiyləyə məruz qalacaqları ilə kədərləndirməyə çalışan şeytanın öz dostları üçün bəzədiyi sözü və onlara verdiyi vəsvəsəsidir. Lakin Allahın istəyi və izni olmadıqca, nə şeytan, nə də onun bəzədiyi sözlər möminlərə zərər yetirə bilməz. Qoy möminlər bütün işlərində Allaha təvəkkül etsinlər.","Ey Allaha iman gətirənlər və Onun buyuruqlarını yerinə yetirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə, yer verin. Allah da sizə dünya həyatınızda və axirətdə geniş yer verər. Habelə, sizə: “Qalxın filan yerlərdən ki, fəzilətli insanlar ora otursun!” – deyildikdə, qalxın. Uca Allah sizdən iman gətirənləri ucaldar və özlərinə elm verilmiş kimsələri isə daha yüksək dərəcələrə ucaldar. Allah nə etdiklərinizdən xəbərdardır, sizin əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və o, bu əməllərin əvəzini sizə verəcəkdir.","Səhabələr Peyğəmbərlə -səllallahu aleyhi və səlləm- xəlvəti söhbətlər çoxaldığı zaman Uca Allah belə buyurdu: Ey iman gətirənlər! Peyğəmbərlə xəlvəti söhbət etmək istədiyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Qabaqcadan verəcəyiniz bu sədəqə sizin üçün daha xeyirli və daha pakdır. Çünki bu əməldə Allaha itaət var ki, bu da qəlbləri təmizə çıxarır. Əgər sədəqə vermək üçün bir şey tapmasanız, Peyğəmbərlə xəlvəti söhbət etmək sizə günah sayılmaz. Həqiqətən, Allah Öz qullarının günahlarını bağışlayır, onlara rəhm edir və onları yalnız qüvvələri çatdığı qədər mükəlləf edir.\t","Yoxsa siz Peyğəmbərlə gizli söhbətinizdən əvvəl sədəqə verəcəyiniz təqdirdə kasıblayacağınızdan qorxdunuz? Əgər siz Allahın sizə əmr etdiyini yerinə yetirməmisinizsə və Allah da, verdiyi rüsxət sayəsində bu sədəqəni tərk etdiyinizə görə tövbənizi qəbul edibsə, onda namazı kamil şəkildə qılın və mallarınızın zəkatını verin, Allaha və Onun rəsuluna itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır, sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizin etdiklərinizin əvəzini verəcəkdir.","Ey Peyğəmbər! Məgər sən, öz küfrləri və asilikləri üzündən Allahın qəzəbinə gəlmiş yəhudilərlə dostluq edən münafiqləri görmürsənmi?! Bu münafiqlər nə möminlərdəndirlər, nə də yəhudilərdən. Onlar dəyişkəndirlər, nə bunlara, nə də onlara tərəf olurlar. Onlar müsəlman olduqlarına və müsəlmanlar barədə yəhudilərə heç bir məlumat vermədiklərinə dair yalandan and içirlər.","Allah onlar üçün axirətdə şiddətli bir əzab hazırlamışdır. Belə ki, Allah onları Cəhənnəmin ən alt təbəqəsinə salacaqdır. Onların dünyada etdiyi küfr əməllər necə də pisdir.","Onlar öz küfrlərindən dolayı qətlə yetirilməkdən xilas olmaq üçün andlarını sipər etdilər. Belə ki, onlar canlarını və mallarını qorumaq üçün müsəlman olduqlarına dair and içdilər və insanları haqq yoldan döndərməklə müsəlmanları zəiflətməyə və onların işlərinə əngəl törtməyə çalışdılar. Onları alçaldıcı və rüsvayedici bir əzab gözləyir.","Onların nə malları, nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar Cəhənnəm sakinləridir. O kəslər ki, Cəhənnəmə varid olub orada əbədi qalacaq və daim əzab çəkəcəklər.","Allah o münafiqlərin hamısını etdikləri əməllərin əvəzini almaq üçün dirildəcəyi, onlardan heç birini buraxmayacağı gün, onlar sizə, ey möminlər, bu dünyada and içdikləri kimi, Allaha da axirətdə özlərinin müsalman olduqlarına dair and içəcək və Allaha and içdikləri bu andlar sayəsində nə isə əldə edəcəklərini və bu, həm onlara fayda verəcəyini, həm də onlardan zərəri dəf edəcəyini güman edəcəklər. Xeyr, onlar dünyada və axirətdə içdikləri andlarında əsl yalançılardır.","Şeytan onları öz hökmü altına almış və öz vəsvəsəsi sayəsində Allahı zikr etməyi onlara unutdurmuş, onlar da, Allahı razı salmayan, əksinə, Onu qəzəbə gətirəcək əməllər etmişlər. Bu xislətləri özlərində əks etdirən o kəslər şeytanın əsgərləri və onun ardıcıllarıdır. Sözsüz ki, şeytanın əsgərləri və onun ardıcılları dünyada və axirətdə ziyana uğrayanlardır. Onlar doğru yolu verib azğınlığı və Cənnəti verib Cəhənnəmi satın almış kimsələrdir.","Heç şübhəsiz ki, Allah və Onun rəsulu ilə ədavət aparanlar - məhz onlar Allahın bu dünyada və axirətdə kafir ümmətlərdən zəlil və rüsvay etdiyi kimsələr arasında olacaqlar.","Allah Öz əzəli elmi sayəsində belə yazmışdır: “Mən və Mənim elçilərim dəlil-sübut və güc-qüvvət sayəsində düşmənlərimizə hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Öz elçilərinin qalib gəlməsinə kömək göstərməyə gücü yetəndir, onların düşmənlərindən intiqam almağa qadirdir.","Ey Peyğəmbər! Sən Allaha və qiyamət gününə iman gətirən elə bir qövm tapa bilməzsən ki, onlar Allaha və Onun rəsuluna ədavət bəsləyənləri sevsinlər və onlarla dostluq etsinlər. Hətta, Allaha və Onun rəsuluna düşmən olan o kimsələr onların ataları, yaxud oğulları, yaxud qardaşları və ya özlərinin mənsub olduğu qohum-əqrəbaları olsalar belə. Çünki iman insanı Allahın və Onun rəsulunun düşmənləri ilə dostluq etməyə mane olur. Həm də, imana görə qurulan bağlılıq, digər balılıqların hamısından üstündür. Belə ki, seçim qarşısında qaldıqda, iman bağlılığını seçmək gərəkdir. O mömilər ki, Allaha və Onun rəsuluna düşmən olanları, - əqrəbaları olsalar belə, - özlərinə dost tutmurlar, Allah imanı onların qəlbinə möhkəm yerləşdirmişdir və o, heç vaxt dəyişməyəcəkdir, üstəlik, onları Öz tərəfindən bir dəlil və bir nur sayəsində qüvvətləndirmişdir. Qiyamət günü Allah onları qəsrləri və ağacları altından çaylar axan Ədn Cənnətlərinə daxil edəcəkdir. Onlar orada əbədi qalacaq və beləcə, nə Cənnətdə onlara veriləcək nemətlər tükənəcək, nə də onlar oranı tərk edəcəklər. Allah onlardan razı qalacaq və bundan sonra heç vaxt onlara qəzəbi tutmayacaq, onlar da, Allahın onlara əta etdiyi tükənməz nemətlərdən, xüsusəndə, Uca Allahı görməkdən razı qalacaqlar. Bu zikr edilən xislətləri özündə əks etdirən kimsələr, Allahın əmrlərini yerinə yetirən və qadağan etdiyi əməllərdən çəkinən ordusudur. Bilin ki, Allahın ordusu - məhz onlar dünyada və axirətdə istədiklərinə nail olacaq və çəkindiklərindən qorunacaq kimsələrdir.","Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın şənini uca tutur və Ona təriflər deyir. O, qüdrətlidir, heç kəsin Ona gücü çatmaz. O, yaratmasında, şəri qanunları təyin etməsində və qədəri yazmaq xüsusunda hikmət sahibidir.","Allaha küfr etmiş və Onun rəsulu Muhəmmədi (səllallahu aleyhi və səlləm) yalançı saymış bənu-Nədir qəbiləsini ilk dəfə toplayıb Mədinədəki yurdundan çıxardıb Şama sürgün edən Allahdır. Bu qəbilə yəhudilərdən olmuş Tövrat əhli idi. Onlar verdikləri əhdi pozduqdan və müşriklərlə əlbir olub peyğəmbərə qarşı çıxdıqdan sonra Allah onları Şama sürgün etmişdir. Ey möminlər! Siz onların güclü və qüdrətli olduqlarından dolayı öz yurdlarından çıxacaqlarını güman etmirdiniz. Onlar da tikdikləri möhkəm qalaları onları Allahın göndərdiyi bəladan və əzabdan qoruyacağını güman edirdilər. Belə ki, Allah Öz rəsuluna onlarla vuruşmağı və onları yurdlarından qovub çıxartmağı əmr etməklə Allahın bəlası onlara gözləmədikləri yerdən gəldi və Allah onların qəlbinə şiddətli qorxu saldı. Onlar öz evlərini içəri tərəfdən dağıdırdılar ki, müsəlmanlar o evlərdən istifadə edə bilməsinlər, müsəlmanlar isə o evləri bayır tərəfdən dağıdırdılar. Ey ağıl sahibləri! Küfr etdiklərinə görə onların başına gəlmiş müsibətdən ibrət götürün. Siz onlar kimi olmayın ki, onlara verilmiş cəza və əzab sizə də verilməsin.","Əgər Allah onlara yurdlarından sürgün edilmək hökmünü yazmasaydı, onları elə bu dünyada qətlə yetirmək və kölə etməklə əzab verərdi. Axirətdə isə onları, içində əbədi qalacaqları Cəhənnəm əzabı gözləyir.\t","Onların başına gəlmiş bu müsibət onların küfr etməklə və verdikləri əhdi pozmaqla Allaha və Onun rəsuluna qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şiddətli cəza verəndir və o kimsə şiddətli cəzaya məruz qalacaqdır.","Ey möminlər! Sizin bənu-Nədir qəbiləsi ilə döyüşdə Allahın düşmənlərini qəzəbləndirmək üçün xurma ağaclarını kəsməyiniz, yaxud o ağaclardan faydalanmaq üçün onları kökü üstündə salamat qoymağınız, onların iddia etdikləri kimi yer üzündə fəsad törətmək deyil, əksinə, Allahın əmri ilə yerinə yetirilmiş bir işdir, həmçinin Allahın, Onun itaətindən çıxan, verdikləri əhdi pozan və xəyanət etməyi vəfalı olmaqdan üstün tutan yəhudiləri rəzil etməsi üçündür.","Allahın Öz rəsuluna bənu-Nədir qəbiləsinin mallarından verdiyi qənimətləri əldə etmək üçün siz nə at, nə də dəvə sürdünüz, nə də ki buna görə əziyyət çəkdiniz. Allah Öz rəsuluna bənu-Nədir qəbiləsi üzərində hakim etdi və o, döyüşmədən onların diyarını fəth etdi. Allah hər şeyə qadirdir və heç bir şey Onu aciz edə bilməz.","Allahın Öz rəsuluna heç bir döyüşsüz kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha və Peyğəmbərə mülk olaraq, üstəlik, onun əqrəbasına - Haşim və Müttəlib oğullarına məhrum olduqları sədəqəyə əvəz olaraq, habelə, xərcləməyə bir şey tapmayan yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o mallar kasıblara deyil, yalnız zənginlərin var-dövləti olub qalmasın. Ey möminlər! Peyğəmbər sizə qənimətlərdən nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir. Onun cəzasından həzər edin!","Bu malların bir qismi Allah yolunda hicrət etmiş, üstəlik, mallarını və övladlarını qoyub getməyə məcbur qalmış yoxsul mühacirlərə məxsusdur. Onlar bu dünyada Allahın verdiyi ruziyə, axirətdə də Onun razılığını qazanmağa çalışır, həmçinin, Allah yolunda cihad etməklə Allaha və Onun rəsuluna kömək edirlər. Bu xislətləri özlərində cəm edən kimsələr - məhz onlar imanlarında sabit qalanlardır.","Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, Allaha və Onun rəsuluna iman gətirməyi seçmiş ənsar Məkkədən onların yanına hicrət etmiş kimsələri sevir, qənimətlərdən Allah yolundakı mühacirlərə pay verildikdə, özlərinə isə heç bir şey verilmədikdə, qəlblərində mühacirlərə qarşı kin və həsədə yer verməz, hətta özləri kasıb və ehtiyac içində olsalar belə, dünya nemətlərini əldə etmək xüsusunda mühacirləri özlərindən üstün tuturlar. Allah hər kimi nəfsinin tamahından qoruyur və ona bu maldan Allah yolunda xərcləməyi nəsib edirsə, onlar istədiklərinə nail olan və qorxduqları şeydən xilas olan kəslərdir.","Onlardan sonra gələnlər və qiyamət gününədək onların yolunu tutub gedənlər deyərlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl Allaha və Onun rəsuluna iman gətirmiş din qardaşlarımızı bağışla. Bizim qəlbimizdə möminlərdən heç birinə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən Öz qullarına qarşı olduqca şəfqətli və rəhmlisən!”","Ey Peyğəmbər! Küfrlərini gizlədib özlərini mömin kimi göstərən kəslərin təhrif edilmiş Tövrata əməl edən yəhudilərdən kafir olan qardaşlarına: “Yurdunuzda qərar tutun, biz sizi köməksiz buraxmayacaq və sizi ələ verməyəcəyik. Əgər müsəlmanlar sizi yurdunuzdan çıxartsalar, biz də sizinlə birlikdə çıxıb gedəcək və bizim sizinlə bərabər getməyimizə mane olmaq istəyən heç bir kəsə itaət etməyəcəyik. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, biz mütləq sizə kömək edəcəyik!” – dediklərini görmədinmi?! Allah münafiqlərin yəhudilərlə birlikdə yurdlarından çıxacaqları və onlarla bərabər vuruşacaqları iddiasında yalançı olduqlarına şahiddir.","Əgər müsəlmanlar yəhudiləri yurdlarından çıxartsalar, münafiqlər onlarla birlikdə çıxıb getməz, müsəlmanlar yəhudilərə qarşı vuruşsalar, onlara əl tutub kömək göstərməzlər. Əgər müsəlmanlara qarşı yəhudilərə əl tutub köməklik göstərsələr, onları qoyub qaçar, bundan sonra da o münafiqlərə heç bir kömək edilməz, əksinə, Allah onları rəzil və rüsvay edər.","Ey möminlər! Münafiqlər və yəhudilər öz ürəklərində Allahdan çox sizdən qorxurlar. Onların Allahdan çox sizdən qorxmasının səbəbi budur ki, onlar anlamayan adamlardır. Əgər anlasaydılar, Allahdan daha çox qorxmağın və daha həzər etməyin haqq olduğunu bilərdilər. Çünki sizi onların üzərində hakim edən məhz Allahdır.","Ey möminlər! Yəhudilər hamılıqla sizə qarşı yalnız qalalarla əhatəyə alınmış şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onlar qorxaq olduqlarına görə sizinlə üzbəüz vuruşa bilmirlər. Onların öz aralarındakı düşmənçilik daha betərdir. Sən onların həmrəy olduğunu və bir səfdə olduqlarını güman edirsən, halbuki onların qəlbləri ayrı-ayrıdır. Bu ixrilaf və ədavət ona görədir ki, onlar anlamayan insanlardır. Əgər anlasaydılar, haqqı başa düşüb ona tabe olar və ixtilafa düşməzdilər.","Bu yəhudilər küfr etməkdə və əzaba düçar olmaqda, özlərindən az bir müddət əvvəl küfrlərinin pis aqibətini görmüş - bir qismi öldürülmüş, bir qismi də əsir götürülmüş Məkkə müşriklərinə bənzəyirlər. Axirətdə onlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır.","Onların münafiqləri dinləmək məsəli şeytana bənzəyir. Şeytan insana kafir olmağı gözəl göstərir. Elə ki insan küfrün gözəl olduğunu görüb kafir olur: “Sən kafir olduğun üçün mən səndən uzağam. Mən məxluqatın Rəbbi olan Allahdan qorxuram!” – deyir.","Qiyamət günü şeytanın və ona itaət edən kimsənin aqibəti atəş içində əbədi qalmaq olacaqdır. Zalımları gözləyən cəza budur. Bu, Allahın hüdudlarını aşaraq özlərinə zülüm edən kimsələrin məruz qalacaqları cəzadır.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın əmr etdiklərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxun! Qoy hər kəs qiyamət günü üçün nə yaxşı əməl etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, bu əməllərin əvəzini sizə verəcəkdir.","Allahın əmrini yerinə yetrməkdən və qadağan etdiyi işdən çəkinməkdən boyun qaçırmaqla Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu, beləliklə də, Allahın qəzəbindən və əzabından qurtaracaq işlər görməyə müvəffəq edilməyən kimsələr kimi olmayın! Allahı unudan - Onun əmrini yerinə yetirməyən, qadağan etdiyindən də çəkinməyənlər Allahın itaətindən çıxmış kimsələrdir.","Cəhənnəm əhli ilə Cənnət əhli eyni ola bilməz. Əksinə, onların dünyada etdiyi əməllər fərqli olduğu kimi, cəzaları da fərqlidir. Cənnət əhli istədiklərinə nail olduqlarına və qorxduqları əzabdan qurtulduqlarına görə uğur qazananlardır.","Ey Peyğəmbər! Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən, o dağın sərt olmasına rəğmən, Qurandakı kəskin öyüd-nəsihətlərə və sərt təhdidlərə görə Allahın qorxusundan boyun əyib, zəlil halda parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünüb Quran ayələrinin özündə cəm etdiyi moziələrdən və ibrətamiz hadisələrdən dərs alalar.","O, Özündən başqa haqq məbud olmayan, qeybdə və aşkarda olanları bilən, heç bir şey Özünə gizli qalmayan Allahdır. O, dünyada da, axirətdə də, həm mərhəmətli, həm də rəhmlidir və Onun rəhməti aləmləri bürümüşdür. O, (Özündən başqa haqq məbud olmayan), hökmdar, hər bir nöqsandan uzaq və uca, eləcə də, hər bir eybdən salamat olan, tutarlı ayələrlə elçilərinin doğru danışdığını təsdiq edən, qularının əməllərinə nəzarət edən, heç kəsin qalib gələ bilməyəcəyi qüdrətli, Öz gücü və qüdrətli ilə hər şeyi istila edən, məğrur Allahdır. Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən və başqa şeylərdən uca və uludur.","O, Özündən başqa haqq məbud olmayan, qeybdə və aşkarda olanları bilən, heç bir şey Özünə gizli qalmayan Allahdır. O, dünyada da, axirətdə də, həm mərhəmətli, həm də rəhmlidir və Onun rəhməti aləmləri bürümüşdür. O, (Özündən başqa haqq məbud olmayan), hökmdar, hər bir nöqsandan uzaq və uca, eləcə də, hər bir eybdən salamat olan, tutarlı ayələrlə elçilərinin doğru danışdığını təsdiq edən, qularının əməllərinə nəzarət edən, heç kəsin qalib gələ bilməyəcəyi qüdrətli, Öz gücü və qüdrətli ilə hər şeyi istila edən, məğrur Allahdır. Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən və başqa şeylərdən uca və uludur.","O, hər şeyi xəlq edən xaliq, əşyaları yoxdan yaradan, məxluqatına istədiyi kimi surətverən Allahdır. Ən uca sifətləri özündə cəm edən ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun hər bir nöqsandan münəzzəh edər. O, qüdrətlidir. Heç kəs Onu məğlub edə bilməz. Həmçinin, O, yaratmaq, şəri hökmləri təyin etmək və qədəri yazmaq xüsusunda hikmət sahibidir.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar Peyğəmbəriniz vasitəsilə sizə təbliğ edilən dini inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib onlarla dostluq edisiniz. Siz sadəcə Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuz Məkkədən qovub çıxardır, nə əqrəbalıq, nə də qohumluq bağlarınıza məhəl qoyurlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlarla dostluq etməyin. Siz onlara mehribanlıq göstərib gizlində müsəlmanların işləri barədə onlara xəbər verirsiniz, halbuki Mən sizin bundan gizli saxladığınızı da, aşkara çıxardığınızı da bilirəm. Bundan və ya başqasından heç bir şey Məndən gizli qalmaz. Sizlərdən kim kafirlərlə dostluq etsə və onlara mehribanlıq göstərsə, orta yoldan sapar, haqdan azmış olar və doğru əməldən uzaqlaşar.","Əgər onlar sizi ələ keçirsələr, qəlblərində gizlətdikləri düşmənçiliyi üzə çıxarar, əlləri ilə sizə əziyyət verər, sizi vurar, habelə, sizi söyər və təhqir edər, həmçinin, sizin Allaha və Onun rəsuluna küfr etmənizi və onlar kimi olmanızı istəyərlər.","Əgər qohumlarınıza və övladlarınıza görə kafirlərlə dostluq etsəniz, nə qohumlarınız, nə də övladlarınız sizə fayda verər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaq, sizlərdən Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə girəcək. Beləliklə də, heç biriniz digərinizə fayda verə bilməyəcəkdir. Allah nə etdiklərinizi görür. Əməllərinizdən heç bir şey Allahdan gizli qalmaz və O, sizə bu əməllərin əvəzini verəcəkdir.\t","Ey möminlər! İbrahim (aleyhissəlam) və onunla birlikdə olan möminlərdə sizin üçün gözəl bir nümunə vardır. Onlar öz kafir qövmünə demişdilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız bütlərdən uzağıq. Biz sizin dininizi inkar edirik. Siz tək olan Allaha iman gətirib heç kəsi Ona şərik qoşmayanadək bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Siz də, (ey möminlər) onlar kimi öz kafir qövmünüzdən uzaq olmalısınız. Yalnız İbrahimin (aleyhissəlam) öz atasına: “Mən sənin üçün Allahdan mütləq bağışlanma diləyəcəm\"- deməsi istisnadır. Siz onun kimi deməyin. Çünki bu hadisə, İbrahimin (aleyhissəlam) öz atasının iman gətirməsindən ümidini üzməmişdən əvvəl baş vermişdir. Mömin kimsə müşrik üçün bağışlanma diləyə bilməz. (İbrahim aleyhissəlam davam edib dedi:) \"Lakin Allahdan sənə gələn əzabdan heç bir şeyi dəf edə bilməyəcəm!” (Onlar dedilər:) “Ey Rəbbimiz! Biz bütün işlərimizdə yalnız Sənə təvəkkül edir və tövbə edərək yalnız Sənə üz tuturuq. Qiyamət günü də dönüş yalnız Sənədir.","Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə ki, bizim üzərimizdə hökmranlıq etsinlər və barəmizdə: \"Əgər onlar haqq üzərində olsaydılar, biz onların üzərində hökmranlıq etməzdik\" - desinlər. Ey Rəbbimiz! Bizi bağışla. Həqiqətən də, Sən qüdrətlisən, heç kəsin Sənə gücü çatmaz. Üstəlik də, Sən yaratmaq, şəri hökmləri təyin etmək, qədəri yazmaq xüsusunda hikmət sahibisən.","Bu gözəl örnəkdir. Yalnız Allahdan dünyada və axirətdə xeyir uman kimsələr bundan ibrət alar. Kim bu gözəl örnəkdən üz çevirərsə, bilsin ki, Allah Öz qullarının Ona itaət etməsinə möhtac deyildir və O, hər bir halda tərifəlayiqdir.","Ey möminlər! Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kafirlər arasında dostluq yaratsın. Yəni, Allah onları İslam dininə yönəltsin və beləliklə də, onlar sizin din qardaşlarınız olsunlar. Allah onların qəlbini imana doğru döndərməyə qadirdir. Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.","Allah, müsəlman olduğunuza görə sizinlə vuruşmayanlara və sizi yurdunuzdan çıxartmayanlara yaxşılıq etmənizi və onlarla ədalətlə rəftar etmənizi - sizin öhdənizə düşən onların haqlarını ödəmənizi sizə qadağan etməz. Allah, həm özlərinə, həm əhli-əyalına, həm də himayələrində olanlara qarşı ədalətlə davrananları sevər.\t","Allah sizə ancaq imanınıza görə sizinlə vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Sizlərdən onlarla dostluq edənlər, Allahın əmrinə müxalif olub özlərini həlaka sürükləməklə özlərinə zülm edənlərdir.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mömin qadınlar kafir diyarından hicrət edib sizin yanınıza - İslam diyarına gəldikləri zaman onları imanlarının doğru olub-olmaması xüsusunda imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Onların qəlbinin ört-basdır etdiyi şey Ondan gizli qalmaz. Əgər bu imtahandan sonra o qadınların imanlarında sadiq olduqları sizə bəlli olsa, onları kafir ərlərinə qaytarmayın. Nə mömin qadınların kafirlərə ərə getməsi, nə də kafirlərin mömin qadınlarla evlənməsi halaldır.Bu qadınların ərlərinin onlara xərclədikləri mehri özlərinə qaytarın. Ey möminlər! Həmin qadınların iddə müddəti başa çatdıqdan sonra, mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kimin də qadını kafirdirsə və ya İslamdan dönmüşdürsə, qoy onu kəbini altında saxlamasın. Çünki mürtədd olmaq kəbini pozan amillərdən biridir. Siz kafirlərdən dindən dönmüş zövcələrinizə sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da İslamı qəbul etmiş zövcələrinə sərf etdikləri mehri sizdən tələb etsinlər. Bu deyilənlər, - sizin onlara, onların da sizə mehri qaytarması, - Allahın hökmüdür. Pak və müqəddəs Allah istədiyi kimi sizin aranızda hökm verir. Allah Öz qullarının halını və onların əməllərini bilir. Heç bir şey Ona gizli qalmaz və O, Öz qulları üçün qoyduğu şəri qanunlarında hikmət sahibidir.","Əgər zövcələrinizdən bəzisi mürtəd olub kafirlərin yanına getsə, siz də kafirlərdən o qadınlara verdiyiniz mehri istədikdə onlar onu sizə verməsələr, kafirlərlə vuruşub qalib gəldiyiniz zaman, ələ keçirdiyiniz qənimətlərdən zövcələri mürtəd olduqları halda çıxıb getmiş kimsələrə onların sərf etdikləri mehr qədər pay verin. İman gətirdiyiniz Allahdan Onun əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə qorxun!","Ey Peyğəmbər! Məkkənin fəthi günü olduğu kimi, əgər mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, əksinə, tək Allaha ibadət edəcəklərinə, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını cahiliyyətdən qalmış adətə görə öldürməyəcəklərinə, ərlərindən olmayan uşaqlarını yalandan onlara isnad etməyəcəklərinə və ölü üçün vay-şüvən salıb ağlamaq, saçları qırxmaq və paltarın yaxasını cırmaq kimi qadağan edilmiş əməllərdə sənə asi olmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəldikləri zaman onların beyətini qəbul et və onlar beyət etdikdən sonra Allahdan onların günahları üçün bağışlanma dilə. Həqiqətən də, Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın qəzəbinə gəlmiş və axirət gününə inanmayan bir qövmlə dostluq etməyin. Kafirlər axirəti inkar etdiklərindən dolayı ölülərinin bir daha diriləcəyinə inanmadıqları kimi, axirət gününə də inanmırlar.","Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın şənini uca tutur və Ona təriflər deyir. O, qüdrətlidir, heç kəs Onu məğlub edə bilməz. O, məxluqatı yaratmaq, şəri qanun qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibidir.","Ey Allaha iman gətirənlər! Nə üçün siz: \"Filan şey etdik\" - deyirsiniz, əslində isə siz onu etməmisiniz?! Necə ki, sizlərdən biri: \"Mən həm qılıncımla, həm də yalın əllə vuruşdum\"- deyir, halbuki o, nə qılıncla, nə də yalın əllə vuruşmuşdur.","Nifrətlə qarşılanan o əməl Allah yanında böyük günah sayılır. Bu da sizin etmədiyiniz şeyləri danışmağınızdır. Möminə, Allah qatında doğrudan başqa bir şey danışması yaraşmaz. Mömin kimsənin əməli ilə sözü bir-birinə düz gəlməlidir.","Şübhəsiz ki, Allah, Onun rizasını qazanmaq məqsədilə, bir-birinə bitişik möhkəm bir bina kimi, bir-birinin yanında səf-səf düzülüb Onun yolunda vuruşanları sevər.","Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm, nə üçün siz mənim Allahın rəsulu olduğumu bildiyiniz halda, mənim əmrimə müxalif olmaqla mənə əziyyət verirsiniz?!” Onlar Musanın gətirdiyi haqdan azıb uzaqlaşdıqda, Allah onların qəlbini haqdan və doğru yoldan azdırdı. Allah, Onun itaətindən çıxan günahkarları haqq yola yönəlməyə müvəffəq etməz.","Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Məryəm oğlu İsa (aleyhissəlam) demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən rəsuluyam, qeyri-adi bir elçi deyiləm!” İsa onlara dediyinin doğru olduğunu təsdiqləyən açıq-aydın dəlillər gətirdikdə onlar dedilər: “Bu, açıq-aydın bir sehrdir və biz ona tabe olmayacağıq!”","Allahın birliyinə yönəldilən tovhid dini olan İslama dəvət edildiyi halda, Allahdan başqa bütlərə tapınıb Allaha qarşı yalan uydurandan daha zalım kimsə ola bilməz. Allah, şirk və asiliklər etməklə özlərinə zülm etmiş kimsələri haqq yola yönəlməyə və doğru işlər görməyə müvəffəq etməz.","Haqqı yalan sayan o kimsələr öz batil sözləri ilə və haqqa ləkə yaxmaqla Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz dinini məşriqdən məğribədək yaymaqla və Öz kəlməsini ucaltmaqla Öz nurunu tamamlayacaqdır.","Haqqın yer üzündə bərqərar olmasını istəməyən müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək üçün Öz rəsulu Muhəmmədi (səllallahu aleyhi və səlləm) hidayət dini və xeyirə yönəldən rəhbər, habelə, faydalı elm və saleh əməllər öyrədən din olan İslam dini ilə göndərən Allahdır.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Sizə qazanc gətirəcək və sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarətə tərəf yönəldimmi?","Bu qazanc gətirən ticarət, Allaha və Onun rəsuluna iman gətirməyiniz, Allahın razılığını qazanmaq məqsədilə malınızı xərcləmək və canınızı fəda etməklə Allah yolunda cihad etməyinizdir. Bilsəniz, bu zikr edilən əməl sizin üçün nə qədər xeyirlidir. Elə isə onu yerinə yetirməyə tələsin!","Bu ticarətdən əldə ediləcək qazanc budur ki, Allah sizin günahlarınızı bağışlayacaq, sizi qəsrləri və ağacları altından çaylar axan Cənnət bağlarına və əbədi qalacağınız cənnətlərdəki gözəl məskənlərə daxil edəcək. Bu, heç bir misli-bərabəri olmayan böyük bir uğurdur.","Bu ticarətdən əldə ediləcək, sizin sevdiyiniz başqa bir qazanc da vardır ki, bu da, sizə dünyada veriləcək - Allahın sizi düşmənləriniz üzərində qələbə çalmağa və yaxın zamanda Məkkəni və digər yerləri fəth etməyə müvəffəq etməsidir. Ey Peyğəmbər! Möminləri sevindirəcək müjdəni - bu dünyada qələbə çalacaqlarını, axirətdə də Cənnətə girməklə uğur qazanacaqlarını onlara xəbər ver.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Peyğəmbərinizin təbliğ etdiyi dini yaymaqla Allahın köməkçiləri olun. Necə ki, həvarilər dinin yayılmasına kömək etmişlər. Belə ki, İsa (aleyhissəlam) onlara: “Allah yolunda kimlər mənə köməkçi olacaq?” – demiş, həvarilər də dərhal belə cavab vermişlər: “Bizik Allahın köməkçiləri!” İsrail oğullarından bir zümrə İsaya (aleyhissəlam) iman gətirmiş, digər zümrə isə onu inkar etmişdir. Biz də, İsaya iman gətirənləri onu inkar edənlərə qarşı qüvvətləndirmiş və möminlər onlara qalib gəlmişlər.","Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın bütün naqis sifətlərdən uzaq olduğunu və Onun pak və müqəddəs olduğuna şahidlik edirlər. O, mülkün sahibi olan yeganə hökmdar, hər bir nöqsandan uzaq olan müqəddəs, heç kəsin məğlub edə bilmədiyi qüdrətli, yaratmaq, şəri qanunları qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibi olan Allahdır.","Yazıb-oxumaq bilməyən ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Peyğəmbər onlara Allahın ona nazil etdiyi ayələrini oxuyar, onları küfrdən və pis əxlaqdan təmizləyər, onlara Quranı və sünnəni öyrədər. Halbuki o, onlara peyğəmbər göndərilməmişdən əvvəl açıq-aydın haqdan azmış idilər. Belə ki, həmin vaxt onlar bütlərə ibadət edir, bir-birinin qanını tökür və qohumluq əlaqələrini kəsirdilər.","Allah bu peyğəmbəri hələ müsəlmanlara qoşulmamış başqalarına - ərəblərdən və əcəmlərdən olan qövmlərə də elçi göndərmişdir. Tezliklə onlar da müsəlmanlara qoşulacaqlar. O, qüdrətlidir, heç kəs Ona məğlub edə bilməz. O, yaratmaq, şəri qanunları qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibidir.","Bu zikr edilən - Peyğəmbərin ərəblərə və əcəmlərə elçi göndərilməsi Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf sahibidir. Allahın bu ümmətin rəsulunu bütün insanlara peyğəmbər göndərməsi də Onun böyük lütfündəndir.","Özlərinə Tövratda yazılanlara əməl etmək buyurulduqdan sonra ona əməl etməyən yəhudilər, belində böyük kitablar daşıyan, amma daşıdığının nə olduğunu - kitab yoxsa başqa bir şey oduğunu bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan qövmün məsəli necə də pisdir. Allah zalım qövmü haqq yola müvəffəq etməz.","Ey Peyğəmbər! De: “Ey təhrif edilmiş yəhudilikdə qalmış kimsələr! Əgər siz insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və bu iddianız doğrudursa, onda özünüzə ölüm diləyin ki, iddianıza görə Allahın sizə məxsus etdiyi kəramətə tezliklə nail olasınız”.","Onlar küfr, asilik və zülm etdiklərinə, həmçinin, Tövratı təhrif etdiklərinə və onu dəyişdirdiklərinə görə ölümü əsla diləməzlər, əksinə, dünyada əbədi olaraq yaşamaq istəyərlər. Allah zalımları tanıyır, onların əməllərindən heç bir şey Allaha gizli qalmaz. Allah onlara əməllərinin cəzasını verəcəkdir.","Ey Peyğəmbər! O yəhudilərə belə de: “Qaçdığınız ölüm istər tez, istər gec, sizi mütləq haqlayacaqdır. Sonra qiyamət günü siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız. Qeybdə və aşkarda olan heç bir şey Allaha gizli qalmaz. O, sizə dünyada etdiyiniz əməlləriniz barədə xəbər verəcək və sizə etdiklərinizin əvəzini verəcəkdir”.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Cümə günü imam minbərə qalxdıqdan sonra müəzzin namaza çağırdığı zaman xütbəni dinləmək və namaz qılmaq üçün məscidə tələsin və alış-verişi buraxın ki, o sizi Allaha itaət etməkdən yayındırmasın. Ey möminlər! Bilsəniz cümə namazı üçün verilən azandan sonra alış-verişi tərk etmək sizin üçün nə qədər xeyirlidir! Elə isə Allahın sizə emr etdiyini yerinə yetirin.","Cümə namazını bitirdikdən sonra yer üzünə dağılışıb halal ruzi qazanmaq və ehtiyacınızı ödəmək üçün halal qazanc yolu ilə Allahın lütfünü axtarın və ruzi dalınca getdiyiniz vaxt əsnasında Allahı çox zikr edin, ruzi axtarmaq sizi Allahı zikr etməkdən yayındırmasın ki, bəlkə istədiyinizə nail olasınız və qorxduğunuz şeydəndə də qurtulasınız.","Bəzi müsəlmanlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar. Ey Peyğəmbər! Səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. Ey Peyğəmbər! De: “Etdiyiniz yaxşı əməl müqabilində qazanacağınız mükafat Allah yanında, sizin can atdığınız əyləncə və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır”.","Ey Peyğəmbər! Özlərini müsəlman kimi göstərən, küfrlərini isə gizlədən münafiqlər sənin məclisinə gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən, həqiqətən də, Allahın Rəsulusan!” – deyirlər. Allah da bilir ki, sən, həqiqətən də, Onun Rəsulusan. Allah şahiddir ki, münafiqlərin səmimi-qəlbdən sənin Allahın rəsulu olduğuna dair şahidlik etməsinə iddiaları yalandır.","Onlar özlərinin mömin olduqlarına dair içdikləri andlarını qətlə yetirilməkdən və əsir götürülməkdən qorunmaq üçün sipər edib insanların qəlbinə şəkk-şübhə salmaqla onları imandan döndərirlər. Həqiqətən, onların ikiüzlülüyü və yalandan and içməsi necə də pisdir!","Bu onların yalandan iman gətirmələri və bu iman onların qəlblərinə çatmamaları, sonra da gizlində Allaha küfr etdələri səbəbilədir. Küfr etdiklərinə görə onların qəlbinə möhür vurulmuş və bundan sonra ora iman əsla daxil olmayacaqdır. Münafiqlərin qəlbinə möhür vurulduğuna görə, hansı əməlin onları islah edəcəyini və doğru yola yönəldəcəyini anlamazlar.","Ey müşahidə edən kəs! Sən o münafiqlərə baxdıqda onların zahiri görünüşü və bədən quruluşu, onların gümrah və xoş gün-güzəran içində olması sənin xoşuna gəlir, habelə, danışdıqları zaman onların bəlağətli danışığına qulaq asırsan. Ey Peyğəmbər! Onlar sənin məclisində sanki divara söykədilmiş dirəklər kimidirlər, heç nə başa düşmür və heç nə qəbul etmirlər. Qorxaqlıqlarından dolayı hər bir səsin özlərinə qarşı olduğunu zənn edirlər. Onlar əsl düşməndirlər. Ey Peyğəmbər! Sən onlardan həzər et ki, sənin sirrini yaymasınlar və sənə hiylə qurmasınlar. Allah onlara lənət etsin! Allahın açıq-aydın dəlil-sübutları olduğu halda, gör imandan necə üz çevirirlər!","O münafiqlərə: \"Gəlin Allahın rəsuluna üzrxahlıq edin, o da sizin günahlarınız üçün Allahdan bağışlanma diləsin\"- deyildikdə, onlar istehza və məsxərə ilə başlarını yelləyir və sən onların haqqı qəbul etməyə və onu dinləməyə təkbbür göstərərək özlərinə əmr edilənlərdən üz çevirdiklərini görürsən.","Ey Peyğəmbər! Sən onların günahları üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onların günahlarını bağışlamayacaqdır. Şübhəsiz ki, Allah, Onun itaətindən çıxan və Ona asi olmaqda israrlı olan kimsələri haqq yola yönəltməz.","Məhz onlar: “Allahın rəsulu yanında olan kasıblara və Mədinə ətrafında olan bədəvilərə malınızdan heç nə verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri təkcə Allaha məxsusdur, O, Öz qullarından istədiyinə ruzi verir, lakin münafiqlər ruzi xəzinələrinin pak və müqəddəs Allahın əlində olduğunu anlamırlar.","Münafiqlərin başçısı Abdullah ibn Ubeyy deyir: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər, yəni mən və mənim camaatım, ən alçaqları, yəni Muhəmməd və onun səhabələrini mütləq oradan çıxardacaqlar!” Halbuki qüdrət Abdyllah ibn Ubeyyə və onun havadarlarına deyil, yalnız Allaha, Onun rəsuluna və möminlərə məxsusdur. Lakin münafiqlər qüdrətin yalnız Allaha, Onun rəsuluna və möminlərə məxsus olduğunu bilməzlər.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mallarınız və övladlarınız sizi namaz qılmaqdan və ya İslam dininin başqa vacib əməllərinin icrasından yayındırmasın! Hər kimin malı və övladı onu Allahın vacib buyurduğu namazdan və başqa ibadətlərdən yayındırarsa, məhz belələri həqiqi mənada ziyana uğrayanlardır. O kəslər qiyamət günü həm özlərini, həm də əhli-əyallarını ziyana uğratanlardır.","Sizlərdən birinə ölüm gəldikdə, öz Rəbbinə: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, malımdan Allah yolunda sədəqə verim və Uca Allahın yaxşı işlər görən əməlisaleh qullarından olum!”– deməmişdən əvvəl Allahın sizə verdiyi ruzidən xərcləyin.","Uca Allah, əcəli yetişmiş və ömrü başa çatmış kimsəyə əsla möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizə əməllərinizin əvəzini - yaxşıların mükafatını, pislərin də cəzasını verəcəkdir.","Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın bütün naqis sifətlərdən uzaq olduğunu və Onun pak və müqəddəs olduğuna şahidlik edirlər. Mülk yalnız Ona məxsusdur və Ondan başqa hökmdar yoxdur. Gözəl təriflər də Ona məxsusdur. O, hər şeyə qadirdir və heç bir şey Onu aciz edə bilməz.","Ey insanlar! Sizi xəlq edən Odur. Aranızda Allaha küfr edənlər var, olanların gedəcəyi yer Cəhənnəmdir. Həmçinin, aranızda möminlər də var, onların gedəcəyi yer Cənnətdir. Allah sizin nə etdiklərinizi görür,əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, əməllərinizin əvəzini sizə verəcəkdir.","O, göyləri və yeri haqq-ədalətlə yaratdı, onları əbəs yerə yaratmadı. Ey insanlar! O sizə lütf və ehtiram göstərərək sizə gözəl surət verdi. Əgər istəsəydi, sizi çirkin yaradardı. Qiyamət günü dönüş yalnız Onadır. O, sizə əməllərinizin əvəzini - yaxşıların mükafatını, pislərin də cəzasını verəcəkdir.","O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyiniz əməlləri də bilir. Allah kökslərdə olan xeyir və şər əməlləri bilir, bunlardan heç bir şey Allaha gizli qalmaz.","Ey müşriklər! Sizdən əvvəl Nuh qövmünün, ad tayfasının, səmudluların və başqa bunlar kimi haqqı yalan saymış, dünyada etdikləri küfrün cəzasını dadmış, axirətdə də özləri üçün ağrılı-acılı bir əzab hazırlanmış ümmətlərin xəbəri sizə gəlib çatmadımı?! Əlbəttə ki, onların xəbəri sizə gəlib çatıb. Elə isə onların başına gələnlərdən ibrət alın və onların başlarına gələnlər sizin başınıza gəlməzdən əvvəl Allaha tövbə edin.","Onlara üz vermiş bu əzab ona görədir ki, Allah tərəfindən göndərilmiş elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə elçilərin bəşər övladı olmasını inkar edib deyirdilər: “Məgər bizə bir insanmı doğru yol göstərəcək?!” Onlar küfr edib onlara iman gətirməkdən üz döndərdilər. Onlar Allaha zərər yetirə bilmədilər. Allahın onların iman gətirmələrinə və itaət etmələrinə ehtiyacı yoxdur. Çünki onların itaəti Allaha heç bir şey artıra bilməz. Allah zəngindir, qullarına ehtiyacı yoxdur, həmçinin, O həm sözündə, həm də etdiklərində tərifəlayiqdir.","Allaha küfr edənlər öldükdən sonra Allah onları heç vaxt diriltməyəcəyini iddia edirlər. Ey Peyğəmbər! Dirilməni yalan sayan o kimsələrə de: “Xeyr, Rəbbimə and olsun ki, qiyamət günü siz mütləq dirildiləcəksiniz. Sonra da, dünyada etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Sizi diriltmək Allah üçün çox asandır. O artıq sizi ilk dəfə yaratmış, eləcə də, sizi haqq-hüsab çəkmək və əməllərinizin əvəzini vermək üçün, siz öldükdən sonra sizi yaratmağa qadirdir”.","Ey insanlar! Elə isə, Allaha, Onun rəsuluna və rəsulumuza nazil etdiyimiz Qurana iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, bu əməllərin əvəzini sizə verəcəkdir.","Ey Peyğəmbər! Qiyamət günü Allahın sizə əməllərinizin əvəzini vermək üçün sizi bir yerə toplayacağını xatırla. O gün kafirlərin ziyana uğradıqları və nöqsanları üzə çıxacaqdır. Belə ki, möminlər cəhənnəm əhlinin Cənnətdəki yerlərinə varis olacaq, kafirlər də, Cənnət əhlinin Cəhənnəmdəki yerlərinə varis olacaqlar. Hər kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onun günahlarını bağışlayar və onu qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaq, heç vaxt oradan çıxmayacaqlar və onlara veriləcək nemətlər əsla tükənməyəcəkdir. Onların qazandığı bu uğur, misli-bərabəri olmayan böyük uğurdur.","Allaha küfr edən və rəsulumuza nazil etdiyimiz ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar. Onların gedəcəyi yer necə də pis dönüş yeridir!","Bir kimsənin özünə yaxud malına yaxud da övladına üz vermiş müsibət yalnız Allahın qəza və qədərilədir. Hər kim Allaha və Onun qəza və qədərinə iman gətirsə, Allah onu Öz əmrinə boyun əyməyə və əzəldən yazdığı qədərə razı qalmağa müvəffəq edər. Allah hər şeyi biləndir, heç bir şey Ona gizli qalmaz.","Allaha və Onun rəsuluna itaət edin! Əgər Allahın rəsulunun gətirdiyindən üz döndərsəniz, bunun günahı sizə yazılar, rəsulumuzun öhdəsinə düşən isə yalnız Bizim ona əmr etdiyimizi təbliğ etməkdir ki, bunu da o, artıq sizə təbliğ etmişdir.","Allah, Özündən başqa ibadətə layiq məbud olmayan haqq məbuddur. Elə isə qoy möminlər bütün işlərində yalnız Allaha təvəkkül etsinlər.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Belə ki, onlar sizi Allahı zikr etməkdən və Onun yolunda cihad etməkdən yayındırır, sizi həvəsdən salırlar. Onlardan həzər edin ki, sizə təsir göstərməsinlər. Əgər onların xətalarını əff etsəniz, ondan vaz keçsəniz və onları bağışlasanız, bilin ki, Allah sizin günahlarınızı bağışlayar və sizə rəhm edər. Çünki qarşılıq, edilən əməlin növündən olur.","Sizin mal-dövlətiniz və oğul-uşağınız yalnız bir sınaq və bir imtahandır. Bəzən onlar sizi haram yolla qazanc əldə etməyə və Allaha itaət etməkdən əl çəkməyə sövq etdirirlər. Halbuki Allaha olan itaəti övladlara olan itaətdən və mal-dövlət yığmaqla məşğul olmaqdan üstün tutan kimsələr üçün Allah dərgahında böyük mükafat vardır. Bu böyük mükafat isə Cənnətdir.","Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə və bacardığınız qədər Allaha itaət etməklə Ondan qorxun. Allaha və Onun rəsuluna qulaq asıb itaət edin və Allahın ruzi olaraq sizə bəxş etdiyi mallarınızdan xeyirli işlərə xərcləyin. Allah kimi nəfsinin tamahından qoruyarsa – məhz onlar istədiklərinə nail olmaqla və qorxuqlarından xilas olmaqla nicat tapanlardır.","Əgər siz mallarınızı Allah yolunda xərcləməklə Allaha gözəl borc versəniz, O sizin savabınızı birə on mislindən yeddi yüz mislinədək, hətta bundan daha çox qat-qat artırar və sizin günahlarınızı bağışlayar. Allah şükürün əvəzini verəndir - görülən az iş müqabilində çox mükafat verir, həlimdir - günaha görə qulunu dərhal cəzalandırmır.","Uca Allah qeybdə və aşkarda olanları biləndir. Bunlardan heç bir şey Ona gizli qalmaz. O, qüdrətlidir, heç kəs Onu məğlub edə bilməz. O, yaratmaq, şəri qanunları təyin etmək və qədəri yazmaq xüsusunda hikmət sahibidir.","Ey Peyğəmbər! Əgər sən və ya sənin ümmətindən bir kimsə öz qadınını boşamaq istəsə, qoy onu gözləmə müddətinin əvvəlində boşasın, yəni qadın heyzdən təmizləndikdən sonra ona yaxınlıq etmədiyi halda talaq versin. Gözləmə müddətini hesablayın ki, zövcələrinizi qaytarmaq istədiyiniz təqdirdə onları qaytara biləsiniz. Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Rəbbiniz olan Allahdan qorxun. Boşadığınız qadınların gözləmə müddəti bitməyincə -açıq-aşkar zinakarlıq etmələri müstəsna olmaqla- onları yaşadıqları evlərindən qovub çıxartmayın və onlar özləri də oradan çıxmasınlar. Bu hökmlər Allahın Öz qulları üçün qoyduğu hüdudlardır. Allahın qoyduğu hüdudları aşan kimsə, Rəbbinə asilik edib özünü həlaka sürükləməklə özünə zülm etmiş sayılar. Ey zövcəsini boşayan kəs! Sən nə bilirsən, ola bilsin ki, Allah bundan sonra sənin qəlbinə istək salsın və bununla da zövcəni geri qaytarasan.\t","Qadınların gözləmə vaxtının bitməsi yaxınlaşdıqda onları rəğbətlə və gözəl rəftar etməklə yanınızda saxlayın, yaxud gözləmə müddətləri başa çatdıqdan sonra onlardan müvafiq qaydada ayrılın və onların haqlarını ödəyin ki, özləri öz başlarına çarə qılsınlar. Əgər onları yanınzda saxlamaq yaxud onlardan ayrılmaq istəsəniz, araya mübahisə düşməsin deyə, aranızdan iki ədalətli şahid çağırın. Ey şahidlər! Allahın üzü xatirinə şahidlik edin. Zikr edilən bu hökmlər Allaha və qiyamət gününə iman gətirən kimsə üçün bir xatırlatmadır. Çünki məhz beləsi xatırlatmadan və nəsihətdən faydalanar. Kim Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxarsa, Allah ona hər sıxıntıdan və çıtinlikdən bir çıxış yolu nəsib edər.","Üstəlik, ona ağlına gəlmədiyi və hesaba almadığı bir yerdən ruzi bəxş edər. Kim öz işlərində Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. O, heç bir işi görməyə aciz deyil və heç kəs də qaçıb canını Ondan qurtara bilməz. Allah hər şey üçün bir ölçü qoymuşdur ki, o, bu qədərdən o yana keçə bilməz. Sıxıntının öz qədəri, xoş gün-güzəranın da öz qədəri var və insan bunlardan heç birini davamlı olaraq yaşaya bilməz.","Heyzdən kəsilmiş yaşlı qadınlarınızı boşadıqda onların iddəsi barədə şəkk edirsinizsə, onların, gözləmə müddəti üç aydır. Həmçinin, yaşları az olduğuna görə hələ heyz görməmiş qızların gözləmə müddəti də üç aydır. Boşanmış və ya ərləri ölmüş hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxarsa, Allah onun işlərini və hər bir çətinliyini asanlaşdırar.","Ey möminlər! Talaq, boşanmış qadını geri qaytarmaq və bir də onun gözləmə müddəti barədə zikr edilən bu hökmlər, Allahın sizə nazil etdiyi hökmüdür ki, siz onu biləsiniz. Kim Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxarsa, Allah onun qazandığı günahlarını silər və axirətdə ona böyük mükafat verər. Bu da Cənnətə daxil olmaq və tükənməz nemətlərə nail olmaqdır.","Ey kişilər! Qadınlara gözləmə müddətləri başa çatanadək imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Allah sizi başqa bir şeylə mükəlləf etməz. Sıxışdırmaq məqsədilə onların xərclərini kəsməklə, onları yaşadıqları yerdən çıxarmaqla və ya başqa cür əziyyət verməklə onlara zərər yetirməyin. Əgər boşanmış qadınlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər malınızdan onlara xərcləyin. Əgər sizin uşaqlarınızı əmizdirsələr, onların əmizdirmə haqqını verin və bu haqqı gözəl tərzdə ödəyin. Və əgər ər öz həyat yoldaşının ondan tələb etdiyi haqqı verməyə xəsislik edərsə, qadında bu xüsusda tamahkarlıq edib yalnız öz istədiyini tələb edərsə, qoy kişi öz uşağını əmizdirmək üçün başqa qadın tapsın.","Qoy var-dövlət sahibi boşadığı qadına və öz övladına öz varına görə xərcləsin. İmkanı az olan da Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz, onu bacarmadığı işlə yükləməz. Allah onun sıxıntısından və çətinliyindən sonra ona asanlıq və zənginlik nəsib edər.","Neçə-neçə məmləkətlər pak və müqəddəs Rəbbinin, habelə, Onun elçilərinin (aleyhimussəlam) əmrinə asi oldu. Biz də, onlarla etdikləri pis əmllərinə görə şiddətli haqq-hesab çəkdik və onları həm bu dünyada, həm də axirətdə dəhşətli əzaba düçar etdik.","Onlar pis əməllərinin cəzasını daddılar və etdikləri əmllərin nəticəsi dünyada və axirətdə ziyana uğramaq oldu.","Allah onlar üçün şiddətli əzab hazırlamışdır. Ey Allahın əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Allaha və Onun rəsuluna iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun ki, onların başlarına gələnlər, sizin də başınıza gəlməsin! Allah sizə elə bir zikr nazil etmişdir ki, bu sizə Ona asi olmağın pis aqibətini, habelə, Ona itaət etməyin gözəl nəticəsini xatırladır.","Bu zikr, Allaha iman gətirən, Onun rəsulunun dediklərini təsdiqləyən və saleh əməllər edən kimsələri zəlalət zülmətlərindən hidayət nuruna çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan Allah rəsuludur. Hər kəs Allaha iman gətirib saleh əməl etsə, Allah onu qəsrləi və ağacları altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Allah onu tükənməz nemətlər dolu Cənnətə daxil etməklə ona gözəl ruzi nəsib etmişdir.","Yeddi qat göyü və bu göylərin sayı qədər - yeddi qat yeri də yaradan Allahdır. Allahın kainata və şəriətə aid olan hökmləri onların arasında ona görə nazil olur ki, beləliklə, Allahın hər şeyə qadir olduğunu, heç kəsin Ona aciz edə bilmədiyini, həmçinin, Uca Allahın hər şeyi elmi ilə əhatə etdiyini, göylərdə və yerdə heç bir şeyin Ondan gizli qalmadığını biləsiniz.","Ey rəsul! Səni Mariyaya qısqanan zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi - Mariya ilə yaxınlıq etməyini nə üçün özünə qadağan edirsən?! Allah səni bağışlayır, sənə rəhm edir.","Allah, barəsində and içdiyiniz işdən daha xeyirlisini gördüyünüz və ya andınızı pozduğunuz təqdirdə kəffarə verməklə o anddan azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin yardımçınızdır. O, sizin halınızı və nəyin sizin üçün daha xeyirli olduğunu biləndir. Uca Allah, şəri qanunları təyin etmək və qədəri yazmaq xüsusunda hikmət sahibidir.","Bir zaman Peyğəmbər -səllallahu aleyhi və səlləm- zövcəsi Həfsaya, bir daha zövcəsi Mariya ilə yaxınlıq etməyəcək dair sirr verdiyini xatırla. Nəhayət, Həfsa bunu Aişəyə bildirdikdə və Allah da Peyğəmbərə onun sirrinin ifşa edildiyini xəbər verdikdə, o, bu xəbərin bir qismini Həfsaya bildirdi, digərini isə demədi. Həfsa, Peyğəmbərdən -səllallahu aleyhi və səlləm-: “Bunu sənə kim xəbər verdi?”- deyə soruşduqda, O: “Bunu mənə hər şeyi bilən, hər gizli şeydən xəbərdar olan Allah xəbər verdi!”- deyərək cavab verdi.\t","Hər ikiniz Allaha tövbə etməlisiniz. Çünki ikinizin də qəlbi Rəsulullahin (səllallahu aleyhi və səlləm) xoşlamadığı bir əməli - cariyəsindən uzaqlaşıb onu özünə haram etməsini - sevməyə meyl etmişdir. Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək verməyə israr etsəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Allahın ona olan yardımından sonra mələklər də, ona əziyyət verənlərə qarşı onun dostları və yardımçısıdır.","Əgər Peyğəmbər sizi boşasa, onun pak və müqəddəs Rəbbi sizin əvəzinizə ona sizdən daha xeyirli zövcələr – Allahın əmrinə boyun əyən, Allaha və Onun rəsuluna iman gətirən, Allaha itaət edən, öz günahlarından tövbə edən, Rəbbinə ibadət edən, oruc tutan dul qadınlar və heç kəslə yaxınlıq etməmiş bakirə qızlar verə bilər. Lakin Peyğəmbər (səllallahu aleyhi və səlləm) onları boşamamışdır.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan böyük oddan qorumaq üçün sipər hazırlayın! O odun üstündə ora daxil olan kimsələrə qarşı sərt təbiətli və şiddətli mələklər vardır. Bu mələklər Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmur və Allahın onlara buyurduqlarını yorulmaq bilmədən dərhal yerinə yetirirlər.","Qiyamət günü kafirlərə belə deyiləcək: \"Ey Allaha küfr edənlər! Bu gün vaxtı ilə etdiyiniz küfrə və asiliklərə görə üzr diləməyin, sizin üzrxahlıq etməniz qəbul edilməyəcəkdir. Bu gün siz ancaq dünyada etdiyiniz əməllərin - Allaha küfr etməyinizin və Onun peyğəmbərlərini yalançı saymağınızın cəzasını çəkəcəksiniz!","Ey Allaha iman gətirən və Onun buyururqlarını yerinə yetirən kimsələr! Günahlarınıza görə Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz sizin günahlarınızı silsin və sizi, Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri atəşə atmaqla rəzil etməyəcəyi bir gündə - qiyamət günü ağacları və qəsrləri altından çaylar axan Cənnət bağlarına daxil etsin. Sirat körpüsü üzərində onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaq. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz Cənnətə daxil olanadək nurumuzu bizim üçün tamamla ki, münafiqlərin nuru sirat körpüsü üstündə söndüyü kimi, bizim də nurumuz sönməsin və bizim günahlarımızı bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən. Sənin bizim nurumuzu tamamlamağına və günahlarımızı bağışlmağına heç kəs mane ola bilməz.”","Ey rəsul, kafirlərə qarşı qılıncla, münafiqlərə qarşı da dilinlə və cəza tətbiq etməklə vuruş! Onlarla sərt davran ki, səndən qorxub çəkinsinlər! Qiyamət günü onların gedəcəkləri yer Cəhənnəmdir. Onların qayıdacaqları yer necə də pis dönüş yeridir!","Allah, Allaha və Onun rəsuluna küfr etmiş kimsələrə Allahın iki peyğəmbərinin - Nuhun və Lutun həyat yoldaşlarını misal çəkir ki, kafirlərin möminlərlə əlaqəsi olmasının onlara heç bir fayda verməyəcəyini bildirsin. Onlar əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər, Allahın yolundan azmaqla, həmçinin, qövmünün kafirlərinə kömək etməklə ərlərinə xəyanət etdilər və bu qadınların əməlisaleh peyğəmbərlərin zövcələri olmaları onlara fayda vermədi. Nəhayət, o qadınlara belə deyildi: “Cəhənnəm oduna girən kafirlər və fasiqlərlə birgə ikiniz də ora girin!”","Allah, Allaha və Onun rəsuluna iman gətirənlərə Fironun zövcəsini misal çəkir ki, möminlər haqq üzərində sabit qaldıqları müddətcə onların kafirlərlə qohumluq əlaqəsi olmasının onlara heç bir zərər yetirməyəciyini və onlara mənfi təsir göstərməyəcəyini bildirsin. O zaman o qadın: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Fironun zülmündən, onun hökmranlığından və onun pis əməllərindən xilas et. Məni, həmçinin, Fironun azğınlığını və zülmünü dəstəkləyən zalım qövmdən xilas et!” – demişdi.","Allah, Allaha və Onun rəsuluna iman gətirənlərə özünü zinadan qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Allah Cəbrailə Məryəmə (ruhu) üfürməyi əmr etdi, beləliklə də, Məryəm özünə bir kişi toxunmadan İsaya hamilə qaldı. Məryəm Allahın hökmlərini və Onun elçilərinə nazil edilmiş kitabları təsdiqlədi, həm də, Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinərək Ona itaət edənlərdən oldu."]