["(Ey Peyğəmbər!) Əri (Əvs bin Samit) barəsində səninlə mücadilə edən və Allaha şikayətlənən qadının (Xəvləh bint Səaləbənin) sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.","Sizlərdən öz qadınlarını zihar edənlərin (öz analarına bənzədənlərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları doğan qadınlardır. Onlar (qadınlarını zihar edənlər) münkər və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır.","Qadınlarını zihar edib sonra dediklərindən dönənlər, onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə olaraq) bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır.","Kim (azad etməyə bir kölə) tapmasa, (qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış miskin yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlardır. Kafirlər üçün ağrılı-acılı bir əzab vardır.","Allaha və Onun Rəsuluna qarşı düşmənçilik edənlər, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirlər üçün alçaldıcı bir əzab vardır.","O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları (əməllərini bir-bir sayıb) hesaba almış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər şeyə şahiddir.","(Ey Peyğəmbər!) Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsənmi? Üç nəfərin gizli danışdığı yerdə dördüncüsü Odur. Beş nəfərin gizli danışdığı yerdə altıncısı Odur. İstər bundan az, istərsə də çox olsunlar, harada olursa olsunlar, Allah (elmi ilə) onlarladır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi biləndir.","(Ey Peyğəmbər!) Məgər gizli danışmaq qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə asi olmaq barədə öz aralarında gizli-gizli danışanları (yəhudiləri) görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır (\"əssəlamu əleykə\" əvəzinə \"əsammu əleykə - sənə ölüm olsun!\" - deyir) və öz-özlərinə: “(Əgər o həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”– deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir!","Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə asi olmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanacağınız Allahdan qorxun!","Şübhəsiz ki, gizli danışmalar iman gətirənləri kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Allahın izni olmadıqca (Şeytan), onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər.","Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!”– deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!”– deyildikdə qalxın. Allah sizdən iman gətirənləri ucaldar və özlərinə elm verilmiş kimsələri isə daha yüksək dərəcələrə qaldırar. Allah nə etdiklərinizdən xəbərdardır.","Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən öncə sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir.","Yoxsa siz gizli söhbətinizdən öncə sədəqələr verməkdən qorxdunuzmu? Əgər siz (bunu) etmədinizsə (sədəqə vermədinizsə) və Allah da tövbənizi qəbul edibsə, o zaman namaz qılıb zəkat verin, Allaha və Onun rəsuluna itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır.","(Ey Peyğəmbər!) Məgər sən, Allahın qəzəbinə gələn bir qövmlə (yəhudilərlə) dostluq edənləri (münafiqləri) görmədinmi? Onlar (münafiqlər) nə sizdəndirlər, nə də onlardan (yəhudilərdən). Onlar bilə-bilə yalandan and içirlər.","Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir.","Onlar andlarını özlərinə sipər edib (insanları) Allah yolundan döndərdilər. Onlar üçün alçaldıcı bir əzab vardır.","Onların nə malları, nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcək. Onlar Cəhənnəm sakinləridir və onlar orada əbədi qalacaqlar.","O gün Allah onların hamısını dirildəcək, (dünyada) sizə (özlərinin mömin olduqlarına dair) and içdikləri kimi, Allaha da (eyni ilə) and içəcək və (bununla) nə isə əldə etdiklərini güman edəcəklər. Bilin ki, onlar əsl yalançılardır.","Şeytan onlara hakim olmuş və Allahın zikrini onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, Şeytanın firqəsi - məhz onlar ziyana uğrayanlardır!","Allaha və Onun Rəsuluna qarşı düşmənçilik edənlər ən zəlil kimsələr arasında olacaqlar.","Allah (lövhi-məhfuzda belə) yazmışdır: “Mən və elçilərim mütləq qalib gələcəyik!” Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir.","(Ey Peyğəmbər!) Allaha və Axirət gününə iman gətirən bir qövmün – ataları, oğulları, qardaşları yaxud qohum-əqrəbaları olsalar belə – Allaha və Onun Rəsuluna düşmən olan kimsələrə sevgi bəslədiyini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidir. Bilin ki, məhz Allahın firqəsi nicat tapanlardır.","Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. O, Qüdrətlidir, Hikmət sahibidir.","Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayan Bəni Nadir qəbiləsini) ilk sürgündə yurdlarından çıxardan Odur. (Ey möminlər!) Siz onların (öz yurdlarından) çıxacaqlarını zənn etmirdiniz. Onlar da qalalarının onları Allahdan qoruyacağını zənn edirdilər. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət alın, ey ağıl sahibləri!","Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada (başqa) əzab verərdi. Axirətdə isə onlar üçün Cəhənnəm əzabı vardır.","Bu, onların Allaha və Onun Rəsuluna qarşı düşmənçilik etdiklərinə görədir. Kim Allaha qarşı düşmənçilik edərsə, (bilsin ki,) həqiqətən, Allah şiddətli cəza verəndir.","(Ey möminlər! Bəni Nadir qəbiləsinin) xurma ağaclarını kəsməyiniz, yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Bu (Allahın) fasiqləri rəzil etməsi üçündür.","Allahın Öz rəsuluna onlardan (Bəni Nadir qəbiləsinin mallarından) verdiyi qənimətlərə tərəf siz nə at (çapıb), nə də dəvə sürdünüz. Lakin Allah, elçilərini istədiyi kəslər üzərində hakim edər. Allah hər şeyə qadirdir.","Allahın Öz rəsuluna (fəth edilən) məmləkətlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, onun qohum-əqrəbasına, yetimlərə, miskinlərə və müsafirlərə məxsus edilmişdir ki, (o mallar) aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Allahın rəsulu sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası şiddətlidir.","(Qənimətlər həmçinin) Allahın lütfünü və razılığını qazanmağa can atan, Allaha və Onun rəsuluna yardım edərkən yurdlarından çıxardılan və mallarından məhrum edilən yoxsul mühacirlərə aiddir. Doğru olanlar da məhz onlardır.","Onlardan (mühacirlərdən) öncə (Mədinədə) yurd salmış, (sonra da) iman gətirmiş kimsələr (ənsarlar) öz yanlarına hicrət edənləri sevər, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.","Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Qəlblərimizdə iman gətirənlərə qarşı kinə və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən şəfqətlisən, rəhmlisən!”","Münafiqlərin, Kitab əhlindən kafir olan (yəhudi) qardaşlarına: “Əgər siz (yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə çıxacaq və sizə qarşı heç vaxt heç kəsə itaət etməyəcəyik. Əgər (müsəlmanlar) sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!”– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.","Əgər onlar (Bəni Nadir qəbiləsindən olan yəhudilər yurdlarından) çıxarılsalar, (münafiqlər) onlarla birlikdə çıxmazlar. Əgər (müsəlmanlar) onlara qarşı vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) köməklik göstərməzlər. Əgər (münafiqlər) onlara yardım etmiş olsalar, geri dönüb qaçar, sonra da onlara (Bəni Nadir qəbiləsinə) heç bir kömək edilməz.","(Ey möminlər!) Onların (münafiqlərlə yəhudilərin) qəlblərində sizə qarşı olan qorxu, Allaha olan qorxularından daha şiddətlidir. Çünki onlar anlamayan bir qövmdür.","(Ey möminlər!) Onlar (yəhudilər) cəm halda sizə qarşı yalnız möhkəm şəhərlərdə və ya divarlar arxasından vuruşarlar. Aralarındakı düşmənçilik isə şiddətlidir. (Ya Peyğəmbər!) Sən onların birgə olduqlarını güman edirsən, halbuki onların qəlbləri müxtəlifdir. Bu, onların dərk etməyən bir qövm olduqları üçündür.","Onlar (yəhudilər) özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış kimsələrə (Bədrdə məğlub edilmiş Məkkə müşriklərinə) bənzəyirlər. Onlara (axirətdə) ağrılı-acılı bir əzab vardır.","(Münafiqlərin Bəni Nadir yəhudilərini aldatmasının məsəli) şeytanın məsəli kimidir. Şeytan insana: “Kafir ol!”– deyər. İnsan kafir olunca: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyər.","(Nəhayət) onların hər ikisinin (Şeytanın və onun aldatdığı kimsənin) aqibəti Cəhənnəmdə əbədi qalmaq oldu. Zalımların cəzası budur.","Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.","Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.","Cəhənnəm əhli ilə Cənnət əhli eyni ola bilməz. Məhz Cənnət əhli uğur qazanan kimsələrdir.","(Ey Peyğəmbər!) Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onu Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar düşünsünlər deyə çəkirik.","O, Özündən başqa heç bir ilah olmayan, qeybi və aşkarı bilən Allahdır. O, Rəhmandır, Rəhimdir.","O, Özündən başqa heç bir ilah olmayan, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Salam (bütün eyib və naqis sifətlərdən uzaq), Mömin (haqqı təsdiq edən və qullarına əmin-amanlıq bəxş edən), Muhəymin (hər bir şeyi müşahidə edən), Əziz (yenilməz güc-qüvvət sahibi), Cabbar (istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan), Mutəkəbbir (əzəmətli, təkəbbürlü və məxluqata aid sifətlərdən uzaq) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.","O, Xaliq (yaradan), Bəri (yoxdan var edən), Musavvir (məxluqatına istədiyi surəti verən) Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir. O, Qüdrətlidir, Hikmət sahibidir.","Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlara mehribanlıq göstərirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi özünüzə dost tutmayın). Siz onlara gizlincə sevgi bəsliyirsiniz (sirrinizi açıb onlara deyirsiniz). Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, artıq haqq yoldan azmışdır!","Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər.","Nə qohum-əqrabanız, nə də övladlarınız sizə bir fayda verəcəkdir. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir.","İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz sizi inkar edirik. Siz tək olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəm. Lakin Allahdan sənə gələn əzabı dəf edə bilməyəcəm!”– deməsi müstəsnadır. (Onlar belə dedilər:) “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.","Ey Rəbbimiz! Bizi kafirlərin fitnəsinə (əzabına) məruz qoyma. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrət və Hikmət sahibisən!”","(Ey möminlər!) Onlarda (İbrahim və onunla birlikdə olanlarda) sizin üçün – Allaha və Axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə, (bilsin ki,) Allah Zəngindir, Tərifəlayiqdir.","(Ey möminlər!) Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kimsələr arasında məhəbbət yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhmlidir.","Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətlə davranmanızı sizə qadağan etməz. Şübhəsiz ki, Allah ədalətli olanları sevər.","Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır.","Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahan edin. Allah onların imanını daha yaxşı bilir. Əgər o qadınların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə) halaldır, nə də onlar (o kafirlər) bunlara (bu qadınlara) halaldırlar. (Kafirlərin bu qadınlara) sərf etdiklərini (mehri) özlərinə (kafir ərlərinə) qaytarın. (Həmin) qadınların mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Ey Möminlər! İslama gəldikdən sonra mürtəd olan qadınlara) verdiyiniz mehri (onların kafir ərlərindən) tələb edin. (Kafirlər də İslamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri qoy (sizdən) tələb etsinlər. Bu, Allahın hökmüdür. O sizin aranızda hökm verir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Əgər zövcələrinizdən hər hansı biri sizi tərk edib (mürtəd olaraq) kafirlərin yanına getsə və siz də (kafirlərlə) vuruşub qalib gəlsəniz, (ələ keçirdiyiniz qənimətdən) zövcələri çıxıb getmiş kimsələrə onların sərf etdikləri (mehr) qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!","Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasında olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.","Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş bir qövmlə dostluq etməyin. Kafirlər qəbirdəkilərin (bir daha) diriləcəyinə inanmadıqları kimi Axirət gününə də inanmırlar.","Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. O, Qüdrətlidir, Hikmət sahibidir.","Ey iman gətirənlər! Etmədiyiniz bir şeyi nə üçün deyirsiniz?!","Etmədiyiniz bir şeyi deməyiniz Allah yanında böyük qəzəblə qarşılanır.","Şübhəsiz ki, Allah, Onun yolunda sanki möhkəm bir divar kimi səf-səf düzülüb vuruşanları sevər.","Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın rəsulu olduğumu bildiyiniz halda, nə üçün mənə əziyyət verirsiniz?!” Onlar (doğru yoldan) azdıqda, Allah da onların qəlblərini azdırdı. Allah fasiq bir qövmü doğru yola yönəltməz.","(Ey Peyğəmbər! Xatırla ki,) bir zaman Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən mən, Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə (sizi) müjdələyən bir elçisiyəm!” Sonra (İsa yaxud Əhməd) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.","İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz.","Onlar öz ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər. Kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaqdır.","Müşriklər istəməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək üçün Öz rəsulunu hidayət və haqq dinlə göndərən Odur.","Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi?","(Bu,) Allaha və Onun rəsuluna iman gətirməyiniz, malınız və canınızla Allah yolunda cihad etməyinizdir. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.","(Belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Bu, böyük uğurdur.","(Sizin üçün) sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. (Ey Peyğəmbər!) Möminləri (bununla) müjdələ.","Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir tayfa iman gətirdi, digər bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.","Göylərdə və yerdə olanların hamısı, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Əziz (yenilməz güc-qüvvət sahibi) və Hikmətli olan Allahı təsbih edirlər.","Ummilərə (yazıb-oxumağı bilməyən ərəblərə) özlərindən onlara Allahın ayələrini oxuyan, onları pis əməllərdən təmizləyən, onlara Kitabı və Hikməti (Quran və Sünnəni) öyrədən bir Peyğəmbər göndərən Odur. Halbuki onlar bundan öncə açıq-aydın azğınlıq içində idilər.","(Allah səni) hələ onlara (yazıb-oxumağı bilməyən ərəblərə) qoşulmayan başqalarına da (elçi göndərmişdir). O, Qüdrətlidir, Hikmət sahibidir.","Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.","Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlərin məsəli, belində kitablar daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağın məsəlinə bənzəyir. Allahın ayələrini yalan sayan qövmün məsəli necə də pisdir. Allah zalım qövmü doğru yola yönəltməz.","(Ey Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda (Allahdan özünüzə) ölüm diləyin!”","Onlar öz əlləri ilə etdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları biləndir.","(Ey Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.","Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!","Namaz qurtardıqdan sonra yer üzünə dağılışıb Allahın lütfündən (ruzisindən) axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.","Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə xütbə oxuyarkən) ayaq üstə olduğun halda tərk etdilər. (Ey Peyğəmbər!) De: “Allah yanında olan savab əyləncədən və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən xeyirlisidir”.","(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikdə: “Biz sənin, Allahın Rəsulu olduğuna şəhadət veririk!”– deyirlər. Allah sənin, Onun Rəsulu olduğunu bilir. Allah, münafiqlərin yalançı olduqlarına şahiddir.","Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Onların etdikləri əməllər necə də pisdir!","Bu, onların (öncə) iman edib sonra küfür etmələri, bu yüzdən də qəlblərinə möhür vurulması səbəbiylədir. Artıq onlar anlamazlar.","(Ey Peyğəmbər!) Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Sanki, onlar (divara) söykədilmiş kötüklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan üz çevirirlər!","Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman (istehza ilə) başlarını yelləyir və sən onların təkəbbürlə üz döndərdiklərini görürsən.","(Ey Peyğəmbər!) Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz.","Onlar: “Allahın Rəsulu yanında olanlara (mühacirlərə) bir şey xərcləməyin ki, dağılıb getsinlər!”– deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.","Onlar (münafiqlər): “Əgər biz Mədinəyə qayıtsaq, ən izzətli olan, ən zəlil olanı mütləq oradan çıxardacaqdır!”– deyirlər. Halbuki izzət yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilmirlər.","Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Kim bunu etsə (bilsin ki,) onlar ziyana uğrayanlardır.","Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməzdən öncə sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin.","Allah, əcəli çatmış bir nəfsin ölümünü əsla gecikdirməz. Allah nə etdiklərinizdən xəbərdardır.","Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. Mülk Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir.","(Ey insanlar!) Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür.","O, göyləri və yeri haqqla (ədalət və hikmətlə) yaratdı, sizə surət verdi, surətlərinizi də gözəl şəklə saldı. Dönüş də Onadır.","O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah sinələrdə (qəlblərdə) olanları biləndir.","(Ey Məkkə müşrikləri!) Məgər daha öncə (Nuh, Ad, Səmud qövmləri kimi) kafir olanların xəbəri sizə gəlib çatmadımı? Onlar (dünyada) etdiklərinin cəzasını daddılar. Onlar üçün (axirətdə) acılı-ağrılı bir əzab vardır.","Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir insanmı doğru yol göstərəcəkdir?”– deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allah heç nəyə möhtac deyildir. Allah Zəngindir, Tərifəlayiqdir.","Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. (Ey Peyğəmbər!) De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə (dünyada) etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır!”","(Ey insanlar!) Allaha, Onun rəsuluna və nazil etdiyimiz Nura (Qurana) iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır.","O gün (Allah) sizi Toplanma (Qiyamət) günü üçün cəm edəcəkdir. Həmin gün qarşılıqlı aldanma günüdür. Kim Allaha iman gətirib saleh əməl etsə, (Allah) onun günahlarını bağışlayar və onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük uğurdur.","Kafir olub ayələrimizi yalan sayanlar isə, onlar Cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!","Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi biləndir.","Allaha və Onun Rəsuluna itaət edin! Əgər üz çevirsəniz, (bilin ki,) Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğ etməkdir.","Allah! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.","Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, (bilin ki,) Allah bağışlayandır, rəhmlidir.","Mallarınız və övladlarınız (sizin üçün) ancaq bir fitnədir (imtahandır). Böyük mükafat (Cənnət) isə Allah yanındadır.","Allahdan bacardığınız qədər qorxun. (Peyğəmbərə) qulaq asın, (ona) itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin xəsisliyindən qorunanlar – məhz onlar nicat tapanlardır.","Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, həlimdir.","(Allah) qeybi və aşkarı biləndir, Qüdrətlidir, Hikmət sahibidir.","Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə (iddə) müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın. Gözləmə (iddə) müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri müstəsna olmaqla, evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa artıq özünə zülm etmiş olar. Bilmirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin qəlbinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).","Gözləmə (iddə) vaxtı bitdikdə onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan şəriətə müvafiq qaydada ayrılın. (Zövcələrinizi saxlamaq və ya onlardan ayrılmaq istədikdə sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Ey şahidlər! Siz də) Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən öyüd-nəsihət budur. Kim Allahdan qorxarsa, Allah ona (hər sıxıntıdan) bir çıxış yolu açar","və ona gözləmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün (müəyyən) bir ölçü qoymuşdur.","Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın gözləmə (iddə) müddəti barədə şübhə etsəniz, onların, eləcə də (yaşlarının azlığı üçün) hələ heyz görməmiş olanların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə (iddə) müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.","Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar.","Onlara (boşadığınız qadınlara gözləmə müddətləri bitənədək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Əgər sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Əgər (bu işdə) razılığa gələ bilməsəniz, (bu zaman) uşağı ata üçün başqa bir qadın əmizdirməlidir.","Qoy var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə ona verdiyindən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq edəcəkdir.","Neçə-neçə məmləkət əhli öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onları şiddətli haqq-hesaba çəkib dəhşətli əzaba düçar etdik.","Onlar əməllərinin cəzasını daddılar və aqibətləri ziyana uğramaq oldu.","Allah onlar üçün şiddətli əzab hazırlamışdır. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etdi.","İman gətirib saleh əməllər edənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi göndərdi. Kim Allaha iman gətirib saleh əməl etsə, Allah onu (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Allah ona gözəl ruzi bəxş etmişdir.","Yeddi (qat) göyü və yeri də onun misli qədər (yeddi qat) yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın elminin hər şeyi əhatə etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında nazil olar.","Ey Peyğəmbər! Zövcələrinin razılığını diləyərək Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən?! Allah Bağışlayandır, Rəhmlidir.","Allah, andlarınızı (kəffarə verməklə) pozmağı sizə izin vermişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Hikmət sahibidir.","Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Hafsaya sirr olaraq bir) söz söylədi. O da (Hafsa da) bunu (Aişəyə) xəbər verdikdə və Allah da bunu ona (Peyğəmbərə) aşkar etdikdə, o (Peyğəmbər), bunun bir qismini (Hafsaya) bildirdi, digər bir qismini bildirməkdən isə vaz keçdi. (Peyğəmbər) bunu ona (Hafsaya) bildirdikdə o dedi: “Bunu sənə kim xəbər verdi?” O da: “Bunu mənə (hər şeyi) Bilən, (hər şeydən) Xəbərdar olan (Allah) xəbər verdi!”– dedi.","(Ey Hafsa və Aişə!) Hər ikiniz Allaha tövbə etməlisiniz. Çünki ikinizin də qəlbi (günaha) meyl etmişdir. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə dəstək versəniz, (bilin ki,) Allah, Cəbrail və saleh möminlər onun (dostu və) yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır.","Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha xeyirli, müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul və bakirə zövcələr nəsib etsin.","Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və sərt təbiətli mələklər vardır.","Ey kafir olanlar! Bu gün üzr diləməyin. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!","Ey iman gətirənlər! Allaha səmimi tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah, Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmaz .Onların nuru önlərindən və sağ tərəflərində gedərkən onlar: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”– deyəcəklər.","Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir!","Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onların hər ikisi, Bizim saleh qullarımızdan iki qulun nikahında idilər. Onlar ərlərinə xəyanət etdilər və ərləri onları Allahdan (Allahın əzabından) heç cür xilas edə bilmədilər. Onlara: “Oda girənlərlə birgə ikiniz də ora girin!”– deyildi.","Allah iman gətirənlərə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım qövmdən xilas et!”– demişdi.","(Allah, həmçinin,) ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona (Cəbrail vasitəsilə libasının yaxasından) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu."]