["Əri haqqında səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşidir. Allah sizin bir-birinizlə danışığınızı eşidir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.","Sizdən öz qadınlarına zihar edənlər bilsinlər ki, o qadınlar onların anaları deyillər. Onların anaları ancaq özlərini dünyaya gətirən qadınlardır. Onlar, həqiqətən, çirkin bir söz və yalan söyləyirlər. Şübhəsiz ki, Allah çox əfv edəndir, bağışlayandır.###[*] Cahiliyyə dövründə ərəblər arasında “Zihar” deyilən bir adət var idi. Belə ki, əgər bir kişi öz xanımına: “Sən mənim üçün anamın beli kimisən!” - deyərsə, o qadın həmin kişiyə haram sayılır və birdəfəlik əri tərəfindən tərk edilirdi. Yuxarıdakı ayə ilə Allah-Təala tərəfindən bu anlayışın yanlış olduğu və belə sözlərlə arvadın ərinin anası olmayacağı bildirilmiş və belə edənlərə aşağıdakı ayələrdə qeyd edilən cəzalar qoyulmuşdur.","Qadınlarına zihar edib sonra dediklərindən dönən kimsələr (qadınları ilə) yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüddür. Allah sizin etdiklərinizdən xəbərdardır.","Kim (bunu etməyə imkan) tapmazsa, (öz qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay arxa-arxaya oruc tutmalıdır. Kimin buna gücü çatmazsa, altmış fağırı doydurmalıdır. Bu, Allaha və Onun Peyğəmbərinə iman gətirdiyinizə görədir. Bunlar Allahın hüdudlarıdır (hökmləridir)! Kafirlər üçün acı bir əzab vardır.","Şübhəsiz, Allaha və Peyğəmbərinə qarşı çıxanlar onlardan əvvəlkilərin alçaldıldığı kimi alçaldılacaqlar. Biz açıq-aydın ayələr nazil etmişik. Kafirlər üçün alçaldıcı bir əzab vardır.","O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri özlərinə xəbər verəcəkdir. Allah onları (etdikləri əməlləri bir-bir) saymışdır, onlar isə onu unutmuşlar. Allah hər şeyə şahiddir.","Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.","Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və ürəklərində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!","Ey iman gətirənlər, bir-birinizlə gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barəsində danışmayın, yaxşılıq və təqva barəsində danışın! Hüzuruna toplanacağınız Allahdan qorxun!","Şübhəsiz ki, gizli danışıqlar şeytanın iman gətirənləri kədərləndirmək üçün etdiyi işlərdəndir. Ancaq o, Allahın izni olmadıqca onlara heç bir zərər verə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!","Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə (cənnətdə) geniş yer versin. “Qalxın!” – deyildikdə də qalxın ki, Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır.","Ey iman gətirənlər! Peyğəmbərlə gizli bir şey danışacağınız zaman bu danışığınızdan əvvəl bir sədəqə verin! Bu sizin üçün daha yaxşı və daha təmizdir. Əgər (sədəqə vermək üçün) bir şey tapa bilməsəniz, bilin ki, Allah bağışlayandır, rəhmlidir.###[*] Bu ayədə möminlərə Həzrət Peyğəmbərə hörmət göstərmələri, ona sual verərkən narahat etməmələri və kasıblara sədəqə vermələri tövsiyə olunmuşdur.","(Peyğəmbərlə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun Peyğəmbərinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır.###[*] Təfsirçilərə görə, bu ayə özündən əvvəlki ayənin hökmünü nəsx etmiş və beləliklə, qeyd edilən sədəqəni vermək məcburiyyəti aradan qaldırılmışdır.","Allahın qəzəbinə gəlmiş bir qövmü özlərinə dost tutanları görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə  yalandan and içirlər.","Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onlar necə də pis işlər görürlər!","Onlar andlarını qalxan edib (insanları) Allah yolundan döndərdilər. Buna görə də onları alçaldıcı bir əzab gözləyir.","Nə malları, nə də övladları Allaha qarşı onlara fayda verəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.","O gün Allah onların hamısını dirildəcək, sizə and içdikləri kimi Ona da and içəcəklər və özlərinin bir şeyə (həqiqətə) əsaslandıqlarını zənn edəcəklər. Bilin ki, onlar əsil yalançılardır.","Şeytan onları ələ keçirmiş, beləcə, Allahı anmağı onlara unutdurmuşdur. Onlar şeytanın tərəfdarlarıdır. Bilin ki, şeytanın tərəfdarları məhz ziyana uğrayanlardır.","Şübhəsiz ki, Allaha və Peyğəmbərinə düşmən olanlar ən zəlil kimsələr arasındadırlar.","Allah (lövhi-məhfuzda): “Mən və peyğəmbərlərim mütləq qalib gələcəyik!” - deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir.","Allaha və axirət gününə inananların - ataları, oğulları, qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və Peyğəmbərinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.","Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.","Kitab əhlindən inkar edənləri (müsəlmanlar qalalarının önündə) ilk toplandıqları zaman yurdlarından çıxardan Odur. Onların çıxacaqlarını zənn etmirdiniz. Onlar da elə zənn edirdilər ki, qalaları özlərini Allahdan qoruyacaqdır. Ancaq Allah (Allahın əzabı) onlara heç gözləmədikləri bir yerdən gəldi və onların qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey ağıl sahibləri, (bundan) ibrət alın!###[*] Həzrət Peyğəmbər Mədinəyə gəldiyi zaman yəhudilərdən Nəzir oğulları ilə bitərəf qalacaqlarına dair müqavilə bağlamışdı. Ancaq Ühüd döyüşündən sonra həmin yəhudilər müqaviləni pozdular və Məkkəyə gedib müsəlmanların əleyhinə Əbu Süfyanla müttəfiq oldular. Buna görə də Həzrət Peyğəmbər onların məskunlaşdığı yerə ordu göndərib oranı mühasirəyə aldı və oradan çıxmalarını əmr etdi. Yəhudilər təkrar müsəlmanlarla müqavilə bağlamaq istədiklərində mühasirə götürüldü və onlar sürgün edildilər. Bu surənin 6-cı ayəsinə qədər həmin hadisədən bəhs edilir.","Əgər Allah onlara (qədərlərinə) sürgünü yazmasaydı, mütləq onları dünyada cəzalandırardı. Axirətdə onlar üçün cəhənnəm əzabı vardır.","Bu, Allaha və Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxarsa, bilsin ki, Allahın cəzalandırması şiddətlidir.","Xurma ağaclarından hər hansı birini kəsməyiniz, yaxud onu (kəsməyib) kökü üstündə saxlamağınız Allahın iznilədir və doğru yoldan çıxanları rəzil etməsi üçündür.###[*] Bu ayə müsəlmanların yəhudilərə aid xurma ağaclarından bir qismini kəsdikləri üçün nazil olmuşdur.","Allahın onların mallarından Peyğəmbərinə verdiyi qənimətlər üçün siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah peyğəmbərlərini istədiyi kimsələrin üstünə göndərər. Allah hər şeyə qadirdir.###[*] İslam ordusu Mədinədən iki mil uzaqlıqda yaşayan Nəzir oğullarının üstünə hücum etmişdi. Onlara aid torpaqlar, müharibəsiz ələ keçirildiyi üçün qənimət olaraq yalnız Həzrət Peyğəmbərə məxsus edilmişdi. O da bu torpaqların bir hissəsini ailəsini dolandırmaq və ordunun ehtiyaclarını təmin etmək üçün əlində saxlamış, bir qismini isə ehtiyac sahibi müsəlmanlara vermişdi.","Allahın (fəth edilən) məmləkətlərin xalqından Peyğəmbərinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, Peyğəmbərə, qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara məxsusdur. Peyğəmbər sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki, Allahın cəzalandırması şiddətlidir.","Qənimətlər yurdları və mallarından uzaqlaşdırılan, Allahdan lütf və riza diləyən, Allaha və Onun Peyğəmbərinə yardım edən yoxsul mühacirlərə məxsusdur. Onlar doğru olan kəslərdir.","Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlblərində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.","Onlardan sonra gələnlər isə: “Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla! İman gətirənlərə qarşı qəlblərimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.","Münafiqlərin kitab əhlindən inkar edən qardaşlarına: “Əgər siz yurdunuzdan çıxarılsanız, əlbəttə, biz də sizinlə birlikdə çıxacağıq. Sizin əleyhinizdə heç kimə itaət etmərik! Əgər onlar sizinlə vuruşarlarsa, mütləq sizə yardım edəcəyik!” - dediklərini görmədinmi? Allah onların yalançı olduqlarına şahidlik edir.###[*] Yuxarıdakı ayədə münafiqlərin başçısı Abdullah ibn Übeyyin yəhudilərdən Nəzir oğulları ilə məktublaşmasına işarə edilir.","Əgər onlar yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla birlikdə çıxmazlar. Əgər (möminlər) onlarla vuruşsalar, onlara yardım etməzlər. Yardım etsələr belə, arxalarını çevirib qaçarlar. Sonra onlara da heç bir yardım olunmaz.","Onların ürəklərində sizə qarşı hiss etdikləri qorxu Allaha qarşı olan qorxularından daha şiddətlidir. Çünki onlar dərk etməyən bir tayfadır.","Onlar sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə, yaxud sipər arxasından hamılıqla vuruşarlar. Öz aralarındakı vuruşmaları isə çox şiddətlidir. Sən onların həmrəy olduqlarını zənn edərsən, halbuki qəlbləri müxtəlif düşüncələr içindədir. Çünki onlar dərk etməyən bir tayfadır.","Onlar özlərindən bir müddət əvvəl etdiklərinin cəzasını dadmış kimsələrə bənzəyirlər. Onlar üçün acı bir əzab vardır.###[*] Bu ayədə yəhudilər özlərindən qısa bir müddət əvvəl Bədr döyüşündə məğlub olan müşriklərə bənzədilmişlər.","Onlar (münafiqlər) şeytan kimidirlər. Belə ki, o, insana: “(Haqqı) inkar et!” - deyər. İnsan inkar etdiyi zaman isə şeytan: “Mən səndən uzağam. Şübhəsiz ki, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” - deyər.","Onların hər ikisinin sonu əbədi qalacaqları cəhənnnəmdir. Zalımların cəzası budur!","Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın! Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.","Allahı unudan və buna görə də Allahın onlara özlərini unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.","Cəhənnəm əhli ilə cənnət əhli eyni deyillər. Cənnət əhli uğur qazananlardır.","Əgər bu Quranı bir dağa nazil etsəydik, onun Allah qorxusundan baş əyərək parçalandığını görərdin. Düşünsünlər deyə Biz insanlar üçün bu misalları çəkirik.","O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! Gizlini də, aşkarı da O bilir. O, mərhəmətlidir, rəhmlidir.","O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! O, hökmrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əmin-amanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, məcbur etməyə qadirdir, çox ucadır. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır.","O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.","Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman gətirdiyinizə görə Peyğəmbəri və sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda və rizamı istəyərək cihada çıxdığınız halda ürəyinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar.","Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsiləcək, əlləri və dilləri ilə sizə pislik edəcəklər. Onlar sizin haqqı inkar etməyinizi istəyirlər.","Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah etdiklərinizi görür.","İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman gətirənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”, - demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, - deməsi istisnadır. (O möminlər belə demişdilər:) “Ey Rəbbimiz! Biz Sənə təvəkkül etmişik, Sənə yönəlmişik. Axır dönüş Sənədir!###[*] Həzrət İbrahim iman gətirməyən atasına, onun üçün Allahdan məğfirət diləyəcəyini söyləmiş və ona möhlət vermişdi. Ancaq daha sonra İbrahimin atası üçün məğfirət diləməsi Allah tərəfindən qadağan edilmişdi. Çünki kafirlər üçün məğfirət diləmək düzgün bir əməl deyildi.","Ey Rəbbimiz, bizi kafirlər üçün imtahan vasitəsi etmə! Ey Rəbbimiz, bizi bağışla! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən!”","Şübhəsiz ki, onlarda həm sizin, həm də Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl bir nümunə vardır. Kim (haqdan) üz döndərərsə, bilsin ki, Allah heç bir şeyə möhtac deyildir, hər cür tərifə layiqdir.","Ola bilsin ki, Allah sizinlə düşmənləriniz arasında bir sevgi (dostluq) yaratsın. Allah hər şeyə qadirdir. Allah bağışlayandır, rəhmlidir.","Allah sizinlə din uğrunda vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyinizi və onlara qarşı ədalətlə davranmağınızı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.","Ancaq Allah sizinlə din uğrunda vuruşanları, sizi yurdunuzdan çıxardanları və sizi (yurdunuzdan) çıxartmalarına yardım edənləri özünüzə dost tutmağınızı qadağan edir. Kim onları özünə dost tutarsa, onlar əsil zalımlardır.","Ey iman gətirənlər! Mömin qadınlar hicrət edərək sizin tərəfinizə keçdiklərində dərhal onları sınağa çəkin! Allah onların imanlarını daha yaxşı bilir. Əgər onların həqiqətən, mömin olduqlarını yəqinliklə bilsəniz, onları kafirlərə geri verməyin! Nə bunlar onlara (kafirlərə) halaldır, nə də onlar (kafirlər) bunlara halaldır. Onların (kafirlərin) xərclədiklərini (verdikləri mehrləri) özlərinə qaytarın! Mehrlərini verdiyiniz zaman onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınları nikahınız altında saxlamayın! (Onlar üçün) xərclədiyinizi (verdiyiniz mehrləri) geri istəyin! Onlar (kafirlər) da xərclədiklərini (verdikləri mehrləri) geri istəsinlər. Bu, Allahın sizin üçün qoyduğu hökmdür. O, aranızda hökm verər. Allah hər şeyi biləndir, hikmət sahibidir.###[*] Hüdeybiyyə müqaviləsini nizamlayan bu ayəyə görə, müsəlmanlara sığınan müsəlman bir qadın kafirlərə geri verilməyəcəkdi. Çünki müqavilədə müsəlmanlara sığınan müsəlman kişilərin kafirlərə geri qaytarılması şərti vardı. Bu ayə müsəlmanlara sığınan qadınların artıq kafirlərin nikahı altında olmadıqlarını bildirərək onların qaytarılmasının müqaviləyə daxil olmadığını bildirir.","Əgər zövcələrinizdən biri (verdiyiniz mehri qaytarmadan) sizi tərk edib kafirlərə qoşularsa və siz onlara qalib gəlsəniz, zövcələri getmiş kimsələrə (onları tərk edən zövcələri üçün) xərclədikləri (mehr) qədər (qənimət) verin. İman gətirdiyiniz Allahdan qorxun!","Ey Peyğəmbər! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.","Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş kəsləri özünüzə dost tutmayın! Onlar kafirlərin qəbirdəkilərdən ümidlərini üzdükləri kimi axirətdən ümidlərini üzmüşlər.","Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.","Ey iman gətirənlər! Etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz?","Etməyəcəyiniz şeyləri deməyiniz Allah dərgahında nifrətlə qarşılanar.","Şübhəsiz ki, Allah Öz yolunda möhkəm bir divar kimi cərgə-cərgə düzülüb vuruşanları sevər.","Bir vaxtlar Musa öz qövmünə: “Ey qövmüm! Mənim Allahın sizə (göndərdiyi) peyğəmbəri olduğumu bildiyiniz halda nə üçün məni incidirsiniz?” - demişdi. Onlar haqq yoldan azdıqları zaman Allah da onların qəlblərini azdırdı. Allah fasiqləri doğru yola yönəltməz.","Bir vaxtlar Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbəri müjdələyən elçisiyəm!” - demişdi. İsa onlara açıq-aşkar möcüzələr gətirdiyi zaman onlar: “Bu açıq-aydın bir sehrdir!” - dedilər.","İslama dəvət olunduğu halda Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalımları doğru yola yönəltməz.","Onlar ağızları (sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.","Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərə üstün etmək üçün Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur.","Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə göstərimmi?","Allaha və Peyğəmbərinə iman gətirib Allah yolunda malınızla və canınızla cihad edəsiniz! Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.","(Belə etsəniz,) Allah sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Böyük müvəffəqiyyət budur!","Sevəcəyiniz başqa bir şey də var: Allahdan yardım və yaxın bir fəth (zəfər)! Möminlərə (bununla) müjdə ver!  ###[*] “Yaxın bir fəth” ifadəsi haqqında aşağıdakı fikirlər irəli sürülmüşdür: Məkkənin müsəlmanlar tərəfindən fəht edilməsi; Qüreyşlilərə qarşı zəfər əldə edilməsi; İran və şərqi Romanın müsəlmanlar tərəfindən fəth edilməsi.","Ey iman gətirənlər, Allahın yardımçıları olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim yardımçılarım kimlərdir?” - demişdi. Həvarilər də: “Allahın yardımçıları bizik!” - demişdilər. İsrail oğullarından bir tayfa (İsaya) iman gətirdi, bir tayfa isə onu inkar etdi. Biz də iman gətirənləri düşmənlərinə qarşı dəstəklədik və onlar qalib gəldilər.","Göylərdə və yerdə nə varsa, hamısı hökmran, müqəddəs, qüdrətli və hikmət sahibi olan Allahı təsbeh edir.","Ümmilərə (yazıb-oxumaq bilməyən ərəblərə) özlərindən onlara Allahın ayələrini oxuyan, onları (şirkdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərən Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində idilər.","Allah (bu peyğəmbəri) özlərindən olub hələ onlara qoşulmamış başqa kimsələrə də göndərmişdir. O, qüdrətlidir, hikmət sahibidir.","Bu, Allahın lütfüdür, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.","Özlərinə Tövrat yüklənən, sonra da onu daşımayanlar (ona əməl etməyənlər) çoxlu kitab daşıyan uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalanlayanların məsəli necə də pisdir! Allah zalımları doğru yola yönəltməz.","De: “Ey yəhudilər! Əgər digər insanlar yox, məhz sizin Allahın dostları olduğunuzu iddia edir və doğru deyirsinizsə, onda ölümü istəyin!”","Ancaq onlar öz əlləri ilə etdikləri günahlara görə əsla onu istəməzlər. Allah zalımları bilir.","De: “Qaçdığınız ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilən Allaha qaytarılacaqsınız. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.","Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı anmağa tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!","Namaz qılındıqdan sonra yer üzünə yayılın və Allahın lütfündən (ruzi) axtarın! Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız!","Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!”###[*] Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Mədinədə qıtlıq yaşanan bir dövrdə Həzrət Peyğəmbər cümə xütbəsi verərkən oranın yaxınlığından ərzaq yüklü bir karvan keçirdi. Karvanın gəldiyini xəbər vermək məqsədilə çalınan dəf səsi eşidiləndə hamı karvana tərəf qaçmağa başladı. Yalnız on iki nəfər müsəlman xütbəyə qulaq asmağa davam etdi. Yuxarıdakı ayə bu hadisəyə görə nazil olmuşdur.","Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şahidlik edirik ki, həqiqətən, sən Allahın Peyğəmbərisən!” - dedilər. Allah da bilir ki, sən Onun Peyğəmbərisən. Allah münafiqlərin yalançı olduqlarına şahidlik edir.","Onlar andlarını özlərinə sipər etdilər və (insanları) Allahın yolundan döndərdilər. Onların əməlləri necə də pisdir!","Çünki onlar (əvvəlcə) iman gətirib sonra inkar etdilər. Buna görə də onların qəlbləri möhürləndi. Artıq onlar (haqqı) anlamazlar.","Onları gördüyün zaman cüssələri sənin xoşuna gələr, danışdıqlarında da sözlərinə qulaq asarsan. Onlar sanki divara söykədilmiş kötüklər kimidirlər. Hər bağırtının öz əleyhlərinə olduğunu zənn edərlər. Onlar düşməndirlər. Buna görə də onlardan ehtiyat et! Allah onların canını alsın! Necə də (haqdan) döndərilirlər.###[*] Yuxarıdakı ayədə münafiqlərdən bəhs olunur. Belə ki, onların bir qismi cüssəli və yaraşıqlı idi. Onlar məscidə gəlib divara söykənərək öz aralarında söhbət edərdilər. Buna görə də onlar divara söykədilmiş kötüklərə bənzədilmişlər.","Onlara: “Gəlin Allahın Peyğəmbəri sizin üçün məğfirət diləsin!” - deyildiyi zaman başlarını çevirərlər və sən onların təkəbbürlə üz çevirdiklərini görərsən.","Onlar üçün məğfirət diləsən də, diləməsən də eynidir. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiqləri doğru yola yönəltməz.","Onlar: “Peyğəmbərin yanında olanlara heç bir şey verməyin ki, dağılıb getsinlər!” - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur. Lakin münafiqlər bunu anlamazlar.","Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, üstün olanlar zəif olanları mütləq oradan çıxardacaqdır”, - deyirlər. Halbuki əsil üstünlük Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilməzlər.###[*] Münafiqlər özlərini güclü və şərəfli, müsəlmanları isə aciz və zəif görürdülər. Onlar Bəni-Müstəliq səfərindən qayıtdıqdan sonra müsəlmanları Mədinədən çıxardacaqlarını deyirdilər.","Ey iman gətirənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsil ziyana uğrayanlardır.","Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin.","Allah əcəli çatan heç kimin ölümünü təxirə salmaz. Allah sizin etdiklərinizdən xəbərdardır.","Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. Hökmranlıq da, həmd də Ona məxsusdur. O, hər şeyə qadirdir.","Sizi yaradan Odur. Sizdən kafir olan da var, mömin olan da. Allah sizin etdiklərinizi görür.","O, göyləri və yeri haqq (hikmət) ilə yaratdı. Sizə surət verib surətlərinizi gözəlləşdirdi. Axır dönüş Onadır.","O, göylərdə və yerdə olan hər şeyi bilir. Gizlədiklərinizi də, aşkar etdiklərinizi də bilir. Allah qəlblərdə olanları biləndir.","Daha əvvəl inkar edənlərin xəbəri sizə gəlib çatmadımı? Onlar öz əməllərinin cəzasını (dünyada) daddılar. Onlar üçün (axirətdə də) acı bir əzab vardır.","Bu ona görədir ki, peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, ancaq onlar: “Bir insanmı bizi doğu yola yönəldəcək?” - deyirdilər. Onlar inkar edib (haqdan) üz döndərdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah zəngindir, hər cür tərifə layiqdir.","İnkar edənlər əsla dirildilməyəcəklərini iddia etdilər. De: “Bəli! Rəbbimə and olsun ki, siz dirildiləcəksiniz! Sonra etdiyiniz əməllər mütləq sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır.","Ona görə də Allaha, Peyğəmbərinə və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah sizin etdiklərinizdən xəbərdardır.","Allah məhşər günündə sizi bir yerə cəm edəcəkdir. Məhz o gün aldanma günüdür. Kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onun günahlarının üstünü örtər və onu altından çaylar axan, əbədi qalacağı cənnətlərə daxil edər. Böyük uğur budur!","İnkar edən və ayələrimizi yalanlayanlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis bir dönüş yeridir!","Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman gətirərsə, Allah onun qəlbini doğru yola yönəldər. Allah hər şeyi biləndir.","Allaha və Peyğəmbərə itaət edin! Əgər (haqq yoldan) üz döndərsəniz, bilin ki, elçimizin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir.","Allahdan başqa heç bir ilah yoxdur! Ona görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!","Ey iman gətirənlər! Zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar vardır. Buna görə də onlardan ehtiyat edin! Ancaq əfv etsəniz, xoş görsəniz və (qüsurlarını) bağışlasanız, bilin ki, Allah da bağışlayandır, rəhmlidir.","Şübhəsiz ki, mallarınız və övladlarınız bir sınaqdır. Böyük mükafat Allah dərgahındadır.","Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.","Əgər Allaha gözəl bir borc versəniz, O sizin üçün onu (mükafatını) qat-qat artırar və sizi bağışlayar. Allah şükrün mükafatını verəndir, həlimdir.","Görüləni də, görülməyəni də bilən Odur. O, qüdrətlidir, hikmət sahibidir.","Ey Peyğəmbər! Qadınları boşayacağınız zaman onları gözləmə müddətləri ərzində boşayın və gözləmə müddətini hesablayın! Rəbbiniz olan Allahdan qorxun və açıq-aşkar bir əxlaqsızlıq etmələri istisna olmaqla, onları (gözləmə müddəti ərzində) evlərindən çıxartmayın, özləri də çıxmasınlar! Bu, Allahın qoyduğu hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa, özünə zülm etmiş olar. Sən bilə bilməzsən. Ola bilsin ki, Allah bundan sonra bir çıxış yolu ortaya qoyar (onları barışdırar).","Gözləmə müddətini başa vurduqları zaman ya onları gözəlcə (nikahınız altında) saxlayın, ya da gözəlliklə onlardan ayrılın. (Zövcənizlə barışmaq, yaxud ayrılmaq məsələsində) içinizdən ədalətli iki nəfəri şahid tutun və Allah üçün şahidlik edin! İçinizdən Allaha və axirət gününə iman gətirənlərə verilən öyüd budur. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar.","Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.","(Yaşlılığa görə) heyzdən kəsilmiş qadınlarınızın (gözləmə müddətindən) şübhələnsəniz, (bilin ki), onların gözləmə müddəti üç aydır. Hələ heyz görməmiş olan qadınlar da belədir. Hamilə qadınların gözləmə müddəti isə uşağı dünyaya gətirənə  qədərdir. Kim Allahdan qorxarsa, Allah ona işində asanlıq bəxş edər.","Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun pis əməllərinin üstünü örtər və onun mükafatını artırar.","Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın və sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin və aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.","İmkanlı olan (boşanmış, yaxud südəmər uşağı olan qadınlara) öz imkanına görə versin! İmkanı az olan da Allahın ona verdiyindən xərcləsin! Allah hər kəsi yalnız ona verdiyindən məsul tutar. Allah çətinlikdən sonra asanlıq bəxş edər.","Rəbbinin və Onun Peyğəmbərinin əmrindən çıxmış neçə-neçə məmləkəti şiddətli bir şəkildə haqq-hesaba çəkib dəhşətli bir əzaba düçar etdik.","Beləcə, onlar əməllərinin cəzasını daddılar və işlərinin sonu ziyana düşmək oldu.","Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etmişdir.","Allah iman gətirib yaxşı işlər görənləri qaranlıqlardan aydınlığa çıxartmaq üçün açıq-aydın ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onu (ağacları) altından çaylar axan və əbədi qalacağı cənnətlərə daxil edəcəkdir. Allah ona gözəl bir ruzi vermişdir.","Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Onun əmri onların arasında nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.###[*] Təfsirlərdə qeyd olunan bir rəvayətə görə, Həzrət Peyğəmbər bir dəfə zövcələrindən Zeynəb binti Cəhşin evində bal şərbəti içmiş və bu səbəbdən onun yanında daha çox qalmışdı. Bunu qısqanan digər zövcələr Aişə və  Həfsə analarımız öz aralarında belə qərarlaşdırdılar ki, Həzrət Peyğəmbər onların yanına gəldiyi zaman ondan məğafir adlı bir bitkinin qoxusu gəldiyini desinlər. Peyğəmbər onların yanına getdiyi zaman bunu ona söylədilər. Həzrət Peyğəmbər isə məğafir yemədiyini söyləmiş və: “Deməli, bal yığan arı məğafir yalamışdır”, - deyərək bundan sonra bal şərbəti içməyəcəyinə and içmişdi. Bu surənin ilk beş ayəsi həmin hadisəyə görə nazil olmuşdur.","Ey Peyğəmbər! Zövcələrin (səndən) razı qalsınlar deyə Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən? Allah bağışlayandır, rəhmlidir.","Allah sizin (lazım gələndə kəffarə ilə) andlarınızı pozmağınıza icazə vermişdir. Allah sizin himayədarınızdır. O hər şeyi biləndir, hikmət sahibidir.","Bir zaman Peyğəmbər zövcələrindən birinə gizlicə bir söz demişdi. Ancaq o bunu (başqalarına) xəbər verdiyi və Allah bu haqda Peyğəmbərini məlumatlandırdığı zaman o zövcəsinə bunun bir qismini bildirmiş, bir qismini isə bildirməkdən imtina etmişdi. Bunu ona xəbər verdiyi zaman zövcəsi: “Bunu sənə kim xəbər verdi?” - demişdi. O da: “Hər şeyi bilən və hər şeydən xəbərdar olan Allah mənə xəbər verdi!” - demişdi.","(Ey peyğəmbər zövcələri!) İkiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki qəlbləriniz azmışdı. Əgər Peyğəmbərə qarşı bir-birinizə arxa olsanız, bilin ki, onun himayədarı Allah, Cəbrail və saleh möminlərdir. Bunlardan savayı mələklər də onun yardımçılarıdır.","Əgər o sizi boşayarsa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızları zövcə olaraq bəxş edər.","Ey iman gətirənlər! Özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Odun başında Allahın özlərinə verdiyi əmrlərə asi olmayan, özlərinə əmr olunanı yerinə yetirən sərt təbiətli və güclü mələklər vardır.","(Ora girənlərə belə deyilər:) “Ey kafirlər, bu gün üzrxahlıq etməyin! Siz yalnız etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz”.","Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin pisliklərinizin üstünü örtər və Allah Peyğəmbərini və onunla birlikdə iman gətirənləri utandırmayacağı bir gündə sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Onların nuru önlərindən və sağ tərəflərindən saçılar. Onlar: “Ey Rəbbimiz! Bizim üçün nurumuzu tamamla və bizi bağışla! Şübhəsiz ki, Sən hər şeyə qadirsən”, - deyərlər.","Ey Peyğəmbər, kafirlərə və münafiqlərə qarşı cihad et və onlara qarşı sərt ol! Onların sığınacağı yer cəhənnəmdir. O necə də pis bir dönüş yeridir!","Allah kafirlər üçün Nuhun zövcəsini və Lutun zövcəsini misal çəkdi. Onlar iki saleh bəndəmizin nikahı altında idilər. Ancaq onlar ərlərinə xəyanət etdilər. Buna görə də Allaha (Allahın əzabına) qarşı heç bir şey onlara fayda verə bilmədi. Onlara: “Girənlərlə birlikdə siz də cəhənnəmə girin!” - deyildi.","Allah iman gətirənlər üçün də Fironun zövcəsini misal çəkdi.  Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni Firondan və onun əməlindən xilas et! Məni zalım qövmdən xilas et!” - demişdi.","Allah iffətini qoruyan İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. O da Rəbbinin sözlərini və kitablarını təsdiq edib itaət edənlərdən oldu."]