["Hökmranlıq əlində olan Allah nə qədər ucadır! O, hər şeyə qadirdir.","O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır.","O, yeddi göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi?","Sonra gözünü çevirib təkrar bax! Göz (görmək istədiyi nöqsanı tapa bilməyib) aciz və yorğun bir halda sənə dönəcəkdir.","Həqiqətən, Biz ən yaxın göyü qəndillərlə (ulduzlarla) bəzədik və bunları şeytanları daşlama vasitəsi etdik. Onlar üçün alovlu od əzabı da hazırlamışıq.","Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. O necə də pis bir dönüş yeridir!","Onlar cəhənnəmə atıldıqları zaman onun qaynayarkən çıxartdığı uğultunu eşidəcəklər.","Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir peyğəmbər gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar.","Onlar belə deyəcəklər: “Bəli! Bizə xəbərdar edən bir peyğəmbər gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” - demişdik”.","Onlar: “Əgər (peyğəmbərləri) dinləsəydik, yaxud ağlımızı işlətsəydik, alovlu od əhli arasında olmazdıq!” - deyəcəklər.","Beləcə, onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm əhli (Allahın mərhəmətindən) uzaq olsun!","Şübhəsiz ki, görmədikləri halda Rəbbindən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.","Sözünüzü istər gizli saxlayın, istər açıq deyin fərqi yoxdur. Şübhəsiz ki, O, qəlblərdəkini biləndir.","Yaradan bilməzmi?! O, lətifdir (ən xırda işləri belə görüb biləndir), hər şeydən xəbərdardır.","Yer üzünü sizin ixtiyarınıza verən Odur. Elə isə onun hər tərəfində gəzib-dolaşın və Allahın ruzisindən yeyin. Dönüş Onadır!","Yer sarsılacağı zaman göydəkinin (Allahın) sizi yerə batırmayacağından əminsinizmi?","Yaxud göydəkinin (Allahın) sizin üstünüzə daş yağdıran bir fırtına göndərməyəcəyindən əminsinizmi? Mənim təhdidimin necə olduğunu tezliklə biləcəksiniz.","Həqiqətən, onlardan əvvəlkilər də (peyğəmbərləri) yalanlamışdılar. Bəs Mənim inkar (məhv) etməyim necə oldu?!","Göydə qanad çırparaq uçan quşları görmürlərmi? Onları havada yalnız Rəhman olan Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.","Yaxud Rəhman olan Allaha qarşı sizə yardım edəcək əsgərləriniz kimlər olacaq? Kafirlər ancaq aldanırlar.","Yaxud Allah ruzini kəsərsə, kim sizə ruzi verəcək?  Xeyr! Onlar azğınlığa və (haqqa) nifrət etməyə davam edirlər.","Elə isə üzüstə sürünənmi daha çox doğru yolda gedər, yoxsa düz bir yolda düzgün yeriyən kimsəmi?!","De: “Sizi yaradan, sizə qulaq, göz və qəlblər bəxş edən Odur. Nə qədər də az şükür edirsiniz!”","De: “Sizi yer üzündə çoxaldıb yayan Odur. Siz Onun hüzuruna toplanacaqsınız”.","Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd (əzab) nə zaman (gerçəkləşəcək)?” - deyirlər.","De ki: “Onu yalnız Allah bilir. Mən ancaq açıq-aşkar xəbərdar edənəm”.","Onun (əzabın) yaxınlaşdığını gördükləri zaman inkar edənlərin üzləri qaralacaq və onlara: “Sizin israrla istədiyiniz (əzab) budur!” - deyiləcəkdir.","De: “Deyin görüm, Allah məni və mənimlə birlikdə olanları məhv etsə, yaxud bizə rəhm etsə, bəs kafirləri acı əzabdan kim xilas edəcək?!","De: “O, Rəhmandır (çox mərhəmətlidir)! Biz Ona iman gətirmiş və Ona təvəkkül etmişik. Kimin açıq-aydın bir azğınlıq içində olduğunu yaxın bir vaxtda biləcəksiniz”.","De: “Deyin görüm, əgər suyunuz çəkilsə (qurusa), onda kim sizə axar su gətirə bilər?”","Nun! Qələmə və (qələmlə) yazdıqlarına and olsun ki,","Sən Rəbbinin neməti sayəsində divanə deyilsən!","Şübhəsiz ki, sənin üçün bitməz-tükənməz bir mükafat vardır.","Həqiqətən, sən uca bir əxlaq sahibisən.","Hansınızın divanə olduğunu sən də görəcəksən, onlar da görəcəklər.","Hansınızın divanə olduğunu sən də görəcəksən, onlar da görəcəklər.","Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları da, doğru yolda olanları da çox yaxşı bilir.","Ona görə də sən (haqqı) yalanlayanlara boyun əymə!","Onlar (müşriklər) istəyirlər ki, sən yumşaq davranasan, özləri də yumşaq davransınlar.","Bunlardan heç birinə boyun əymə: çox and içənə, alçaq kimsəyə,","Qeybət qırana, söz daşıyana,","Xeyrə mane olana, həddi aşana, günahkara,","Kobud olana, həmçinin zatı bəlli olmayana -","Onun mal-mülkü və oğulları olsa belə!","Ayələrimiz ona oxunduğu zaman o: “Əvvəlkilərin əfsanələridir!” - deyər.","Biz yaxın bir vaxtda onun burnunu damğalayacağıq.","Biz bağ sahiblərini sınadığımız kimi, onları da sınadıq. O zaman onlar (bağ sahibləri) səhər açılanda (heç kim görmədən) məhsulu dərəcəklərinə and içmişdilər.","Heç bir şeyi istisna etməmişdilər (“İnşallah” deməmişdilər).","Ancaq onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən əzab oranı bürüdü.","Beləcə, o bağ yanıb qapqara qaraldı.","Onlar səhər durub bir-birinə belə səsləndilər:","“Əgər məhsulu yığacaqsınızsa, bağınıza erkən gedin!”","Beləliklə, onlar yola düşdülər. Bir-birinə belə pıçıldayırdılar:","“Bu gün yanınıza heç bir yoxsul gəlməsin!”","Onlar (yoxsullara) mane ola biləcəklərini düşünərək erkən getdilər.","Ancaq oranı (bağı) gördükləri zaman belə dedilər: “Yəqin biz səhv gəlmişik.","Xeyr! Biz məhrum edilmişik”.","Onların ən yaxşısı belə dedi: “Sizə deməmişdimmi ki, (Rəbbinizi) həmd-səna ilə təsbeh etməlisiniz?!”","Onlar: “Rəbbimiz pak və müqəddəsdir! Həqiqətən, biz (özümüzə) zülm etmişik”, - dedilər.","Sonra da dönüb bir-birini qınamağa başladılar.","Onlar dedilər: “Vay bizim halımıza! Həqiqətən, biz həddi aşmışıq.","Ola bilsin ki, Rəbbimiz bunun əvəzinə bizə ondan daha yaxşısını verər. Biz Rəbbimizi (Onun rizasını) istəyirik”.","Əzab belədir! Şübhəsiz ki, axirət əzabı daha böyükdür. Kaş biləydilər.","Heç şübhəsiz, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri vardır.","Biz müsəlmanları günahkarlarla bir tutarıqmı?!","Sizə nə olub, necə hökm verirsiniz?!","Yoxsa sizin bir kitabınız var və siz (bu yanlış hökmləri) oradanmı oxuyursunuz?!","Orada bəyəndiyiniz hər şey mütləq sizin olacaqdır (yazılıb)?!","Yoxsa Biz sizə hökmünü verdiyiniz hər şeyin mütləq sizin olacağına dair qiyamət gününə qədər davam edən sözlər vermişik?!","Onlardan kimin buna zamin duracağını soruş.","Yoxsa onların şəriklərimi var?! Əgər doğru deyirlərsə, onda şəriklərini gətirsinlər.","O gün işlər çətinləşər və onlar səcdə etməyə dəvət olunarlar, lakin onların buna gücü çatmaz.","Gözləri yerə zillənmiş bir vəziyyətdə onları zillət bürüyər. Halbuki onlar sağlam ikən səcdə etməyə dəvət olunurdular.","(Ey Peyğəmbər!) Sən bu sözü (Quranı) yalanlayanı Mənə həvalə et! Biz onları bilmədikləri bir yöndən yavaş-yavaş əzaba yaxınlaşdırırıq.","Mən onlara möhlət verirəm. Həqiqətən, Mənim fəndim (əzabım) çox güclüdür.","Yoxsa sən onlardan bir ücrət tələb edirsən və buna görə onlar ağır bir borc yükü altındadırlar?!","Yoxsa qeyb (lövhi-məhfuz) onların yanındadır və onlar (istədikləri kimi) yazırlar?!","Sən Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma! Bir zaman o, (balığın qarnında) dərdli-dərdli (Rəbbinə) səslənmişdi.","Əgər Rəbbindən ona bir nemət yetişməsəydi, o, qınanmış halda qupquru bir yerə atılacaqdı.","Lakin Rəbbi onu seçdi və salehlərdən etdi.","Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar (gözə gətirələr). Onlar: “O divanədir!” - deyirlər.","Halbuki, o (Quran), aləmlər üçün yalnız bir öyüddür.","Haqq olan qiyamət!","Nədir o haqq olan qiyamət?!","Haqq olan qiyamətin nə olduğunu sən haradan biləsən?!","Səmud qövmü də, Ad qövmü də qəlbləri qorxuya salanı (qiyaməti) yalanlamışdılar.","Səmud qövmü qorxunc bir səslə məhv edildi.","Ad qövmü isə uğultulu və şiddətli bir qasırğa ilə məhv edildi.","Allah onu yeddi gecə, səkkiz gün arxa-arxaya onlara ürcah etdi. (Əgər orada olsaydın,) onları orada içi bomboş xurma kötükləri kimi sərilmiş görərdin.","Bəs sən onlardan geriyə qalan bir şey görə bilirsənmi?","Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş məmləkətlər də o günahı etdilər (şirkə düşdülər).","Onlar Rəbbinin elçisinə qarşı çıxdılar. Buna görə də Allah onları getdikcə şiddəti artan bir  şəkildə (əzabla) yaxaladı.","Hər tərəfi su basdığı zaman üzüb gedən gəmidə sizi Biz daşıdıq.###[*] Burada Nuh tufanına və Həzrət Nuhun gəmisinə işarə olunur.","O sizin üçün bir ibrət dərsi olsun və dinləyib dərk edənlər onu yadda saxlasın deyə belə etdik.","Sura bir dəfə üfürüləcəyi zaman,","Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman,","Məhz o gün qiyamət qopacaqdır.","Göy yarılacaq və o gün dağılmağa üz tutacaqdır.","Mələklər də göyün ətrafında olacaqlar. O gün Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır.","O gün siz (Allahın hüzuruna) gətiriləcəksiniz. Sizə aid heç bir sirr gizli qalmayacaqdır.","Kitabı sağ tərəfindən verilən belə deyəcəkdir: “Alın kitabımı oxuyun!","Mən əməllərimin haqq-hesabı ilə qarşılaşacağımı dəqiq bilirdim”.","Buna görə də o, razı qalacağı bir həyat içində,","Uca bir cənnətdə olacaqdır.","Onun meyvələri (dərilməsi asan olsun deyə) yaxın olacaqdır.","(Onlara belə deyiləcəkdir:) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllərinizə görə nuşcanlıqla yeyin-için!”","Kitabı sol tərəfindən verilən isə belə deyəcəkdir: “Kaş mənə kitabım verilməyəydi.","Əməllərimin haqq-hesabını heç bilməmiş olaydım.","Kaş ölümlə hər şey bitmiş olaydı.","Mal-mülküm mənə heç bir fayda vermədi.","Səltənətim də yox olub getdi”.","(O gün mələklərə belə deyiləcək:) Onu tutub bağlayın!","Sonra cəhənnəmə atın!","Sonra da onu yetmiş arşın uzunluğundakı bir zəncirə vurun!","Çünki o, əzəmətli Allaha inanmırdı.","O, (insanları) yoxsulu doyuzdurmağa təşviq etmirdi.","Ona görə də bu gün burada onun heç bir yaxın dostu yoxdur.","Orada irindən başqa heç bir yemək yoxdur.","Onu yalnız günahkarlar yeyər.","Görə bildiklərinizə və görə bilmədiklərinizə and içirəm ki,","Görə bildiklərinizə və görə bilmədiklərinizə and içirəm ki,","Həqiqətən, o (Quran), çox şərəfli bir elçinin sözüdür!","O, şair sözü deyildir. Nə qədər də az inanırsınız!","O, kahin sözü də deyildir. Nə qədər də az düşünürsünüz!","O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.","Əgər o, Bizim adımıza bəzi sözlər uydurmuş olsaydı,","Biz onun gücünü və qüdrətini əlindən alardıq.","Sonra onun şah damarını qopardardıq.","Sizdən heç kəs də buna mane ola bilməzdi.","Həqiqətən, bu (Quran), müttəqilər üçün öyüd-nəsihətdir.","Şübhəsiz ki, Biz aranızda onu yalanlayanların olduğunu yaxşı bilirik.","Həqiqətən, kafirlər buna (Qurana inanmadıqlarına) görə peşman olacaqlar.","Bu (Quran), danılmaz bir həqiqətdir.","Elə isə əzəmətli Rəbbinin adını təsbeh et!","Sual verən bir nəfər baş verəcək əzab haqqında soruşdu.","O əzab kafirlər üçündür və heç kəs onu dəf edə bilməz!","O, (mələklərin) yüksəlmə yerlərinin (göylərin) sahibi olan Allah tərəfindəndir.","Mələklər və Ruh (Cəbrail) müddəti (dünya hesabı ilə) əlli min il olan bir gündə Onun yanına yüksələrlər.","Ona görə də sən gözəl bir şəkildə səbir et!","Onlar onun (əzabın) uzaq olduğunu düşünürlər.","Biz isə onun yaxın olduğunu görürük.","O gün göy əridilmiş metal kimi olacaq.","Dağlar da didilmiş rəngarəng yun kimi olacaq.","Heç bir dost öz dostunun halını soruşmayacaq.","Onlar bir-birinə göstəriləcəklər. Günahkar o günün əzabından xilas olmaq üçün fəda etmək istəyəcək: oğullarını,","Zövcəsini, qardaşını,","Onu qoruyub sığınacaq verən əşirətini,","Və yer üzündəkilərin hamısını – təki özünü (əzabdan) xilas etsin.","Əsla! Həqiqətən, o (cəhənnəm) alovlu bir oddur.","(O alov) başın dərisini sıyırıb çıxardar.","O, haqqa arxa çevirəni və ondan üz döndərəni çağırar.","Mal-mülk yığıb saxlayanı da.","Şübhəsiz ki, insan tamahkar və hövsələsiz yaradılmışdır.","Ona bir zərər dəydiyi zaman fəryad edər.","Ona bir xeyir dəydiyi zaman isə xəsisləşər.","Ancaq namaz qılanlar bundan istisnadır.","O kəslər ki, namazlarını daim qılarlar.","O kəslər ki, mallarında müəyyən bir haqq (zəkat və sədəqə payı) vardır -","Dilənən və (utandığı üçün istəyə bilməyib) məhrum qalanlar üçün.","O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər.","O kəslər ki, Rəbbinin əzabından qorxarlar.","Çünki heç kəs Rəbbinin əzabından əminlikdə deyil.","O kəslər ki, iffətlərini qoruyarlar.","Ancaq həyat yoldaşları və ya cariyələri bundan istisnadır. Çünki onlar (buna görə) qınanmazlar.","Bundan artığını istəyənlər həddi aşanlardır.","O kəslər ki, əmanətə və verdikləri sözə riayət edərlər.","O kəslər ki, şahidliklərində dürüstdürlər.","O kəslər ki, namazlarını daim qılarlar.","Məhz onlara cənnətlərdə ikram ediləcəkdir.","(Ey Peyğəmbər!) Kafirlərə nə olub ki, sağdan və soldan dəstə-dəstə sənə tərəf qaçırlar?!","(Ey Peyğəmbər!) Kafirlərə nə olub ki, sağdan və soldan dəstə-dəstə sənə tərəf qaçırlar?!","Onların hər biri Nəim cənnətinə girəcəyinimi ümid edir?!###[*] Müşriklərin bir qismi Həzrət Peyğəmbərin ətrafına yığışan möminlərin arasına qarışıb onu dinləyir və: “Əgər bunlar Mühəmmədin dediyi kimi cənnətə girəcəklərsə, biz, əlbəttə, onlardan əvvəl cənnətə girərik!” - deyərək istehza edirdilər.","Xeyr! Biz onları bildikləri şeydən yaratmışıq.","Şərqlərin və qərblərin Rəbbinə and olsun ki, Biz qadirik -","Onların əvəzinə onlardan daha yaxşılarını gətirməyə! Heç kəs Bizə mane ola bilməz!","Ona görə də qoy onlar vəd olunduqları günə qovuşana qədər (öz işlərinə) dalıb əylənsinlər.","O gün onlar sanki bütlərə tərəf qaçırmışlar kimi qəbirlərdən sürətlə çıxacaqlar.","Onlar gözləri yerə zillənmiş, özlərini də zillət bürümüş bir halda olacaqlar. Onlara vəd olunan gün budur!","Biz ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl qövmünü xəbərdar etsin deyə Nuhu öz qövmünə göndərdik.","O dedi: “Ey qövmüm, heç şübhəsiz, mən sizi açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!","Allaha ibadət edin və Ondan qorxun! Mənə də itaət edin ki,","Allah sizin günahlarınızın bir qismini bağışlasın və müəyyən bir vaxta qədər sizə möhlət versin. Şübhəsiz ki, Allahın təyin etdiyi vaxt (ölüm) gəldiyi zaman o təxirə salınmaz. Kaş bunu biləydiniz”.","Nuh dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (haqq yola) dəvət etdim.","Ancaq mənim dəvətim onların (haqq yoldan) qaçmalarını daha da artırdı.","Hər dəfə onları bağışlayasan deyə mən onları (haqq yola) dəvət etdiyimdə, barmaqlarını qulaqlarına tıxadılar, (məni görməmək üçün) paltarlarına büründülər, dirəndilər və çox təkəbbürləndilər.","Sonra mən onları ucadan dəvət etdim.","Sonra mən onlarla həm açıq-aşkar, həm də gizlicə danışdım.","Mən dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Şübhəsiz ki, O, çox bağışlayandır”.","(Allahdan bağışlanmağınızı diləyin ki,) O, göydən sizə bol-bol yağış göndərsin,","Mal-mülk və oğullar verərək sizə yardım etsin, sizin üçün bağlar və çaylar yaratsın.","Sizə nə olub ki, Allaha böyüklüyü yaraşdırmırsınız?","Halbuki O sizi mərhələ-mərhələ yaratmışdır.","Allahın yeddi göyü (bir-biri üstündə) qat-qat necə yaratdığını görmədinizmi?!","Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir.","Allah sizi də yerdən bir bitki kimi bitirmişdir.","Sonra sizi ora qaytaracaq və (axirətdə) sizi təkrar (dirildib) çıxardacaqdır.","Allah yer üzünü sizin üçün döşəmişdir ki,","Orada açılan geniş yollarda gəzib-dolaşasınız.","Nuh dedi: “Ey Rəbbim! Bunlar mənə qarşı çıxaraq mal-mülkü və övladı özünə ziyandan başqa bir şey artırmayan kimsəyə tabe oldular.","Onlar (mənə qarşı) çox böyük hiylələr qurdular.","Və dedilər: “Nəbadə öz ilahlarınızı tərk edəsiniz! Vəddi, Süvanı, Yəğusu, Yəuqu və Nəsri qətiyyən tərk etməyin!”","Onlar bir çoxlarını (haqq yoldan) azdırdılar. (Ey Rəbbim!) Sən də onların azğınlıqlarını artır!”","Onlar öz günahları ucbatından suda boğuldular və cəhənnəmə atıldılar. Beləcə, Allahdan başqa yardımçılar da tapa bilmədilər.","Nuh dedi: “Ey Rəbbim, yer üzündə heç bir kafiri sağ buraxma!","Əgər onları sağ buraxsan, Sənin qullarını azdıracaq və əxlaqsız kafirlər dünyaya gətirəcəklər.","Ey Rəbbim! Məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla! Zalımların da yalnız məhvini artır!”","(Ey Peyğəmbər!) De: “Cinlərdən bir dəstənin (oxuduğum Quranı) dinləyib belə dedikləri mənə vəhy olundu: “Biz heyrətamiz bir Quran eşitdik.","O, doğru yola yönəldir. Ona görə də biz ona iman gətirdik və əsla heç kimi Rəbbimizə şərik qoşmayacağıq!","Şübhəsiz ki, Rəbbimizin şanı çox ucadır! Onun nə zövcəsi, nə də övladı vardır.","Həqiqətən, bizim səfehimiz (İblis) Allah haqqında həddindən artıq yalan danışırmış.","Halbuki biz insanların və cinlərin Allaha qarşı əsla yalan danışmayacaqlarını zənn etmişdik.","Həqiqətən, insanlardan bəziləri cinlərdən bəzilərinə sığınır və onların azğınlıqlarını artırırdılar.","Onlar da sizin kimi Allahın heç kəsi təkrar diriltməyəcəyini zənn etmişdilər.","Biz (cinlər) göyə qalxıb onu yoxladıq, onun güclü gözətçilərlə və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.","Biz qulaq asmaq üçün onun (göyün) bəzi yerlərində otururduq. Ancaq indi kim qulaq asmaq istəsə, yandırıb-yaxan bir ulduzun (pusquda) onu gözlədiyini görər.","Biz bilmirik ki, bununla yer üzündəkilər üçün şər istənilmiş, yoxsa Rəbbi onlar üçün xeyir istəmişdir.","Bizim aramızda yaxşılar da var, başqa cür olanlar da. Biz müxtəlif yollar tutmuşuq.","Biz anladıq ki, nə yerdə, nə də göyə qaçaraq Allahı aciz qoya bilərik (Allahın əzabından yaxa qurtara bilmərik).","Biz doğru yolu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirərsə, nə (haqqının) əskik verilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar.","Bizdən müsəlman olanlar da var, haqq yoldan azanlar da. Müsəlman olanlar doğru yolu axtarıb tapanlardır.","Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”.###[*] Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərindən qayıdarkən Bətni-nəhlə deyilən bir yerdə sübh namazını qıldırdığı əsnada cinlərdən bir dəstə onun oxuduğu Quranı eşidib qulaq asmışdılar. Həzrət Peyğəmbər o anda onları görməmiş, daha sonra bu ona yuxarıdakı ayələrlə bildirilmişdir.","Əgər onlar (cinlər) doğru yolda getsəydilər, Biz onlara bol-bol su verərdik ki,","Bununla onları sınayaq. Kim Rəbbini anmaqdan üz çevirərsə, Allah onu çətin bir əzaba salar.","Şübhəsiz ki, məscidlər Allahındır. Ona görə də Allahdan başqa heç kəsə dua etməyin!","Allahın qulu (Mühəmməd) dua etmək üçün qalxdığı zaman az qala onlar (cinlər) onun ətrafında keçə kimi bir-birinə yapışırdılar.","De: “Mən yalnız Rəbbimə dua edirəm və heç kimi Ona şərik qoşmuram”.","De: “Mən sizə nə bir zərər verə bilər, nə də sizi doğru yola yönəldə bilərəm”.","De: “(Əgər Allah mənim üçün bir şər istəmişsə,) Allaha qarşı məni heç kim qoruya bilməz. Ondan başqa sığınacağım bir kimsə də tapa bilmərəm.","Mənim edə bildiyim yalnız Allahdan gələni (vəhyləri insanlara) çatdırmaq və elçilik vəzifəsini yerinə yetirməkdir. Kim Allaha və Onun Peyğəmbərinə asi olarsa, şübhəsiz, onun üçün əbədi qalacağı cəhənnəm odu vardır”.","Onlar özlərinə vəd olunanı (əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.","De: “Mən bilmirəm ki, sizə vəd olunan (əzab) yaxındır, yoxsa Rəbbim onun üçün uzun bir müddət qoymuşdur.","Qeybi bilən Allahdır və O, qeybini heç kimə göstərməz.","Ancaq razı qaldığı elçi bundan istisnadır. Həqiqətən, onun (elçisinin) önünə və arxasına gözətçilər qoyar ki,","Rəbbinin göndərdiklərini (vəhyləri insanlara) təbliğ edib-etmədiklərini bilsin. Allah onlarda olan hər şeyi (elmi ilə) əhatə etmiş və hər şeyi bir-bir saymışdır”.","Ey örtünüb bürünən!###[*] İlk vəhy gəldikdən sonra Həzrət Peyğəmbər Həzrət Cəbraili əsil surətində görmüş və qorxudan bədəni tir-tir titrəmişdi. Buna görə də birbaşa evinə qayıtmış və zövcəsi Xədicəyə: “Mənim üstümü örtün!” - demişdi. Bu hadisədən sonra Cəbrail təkrar ona vəhy gətirərək yuxarıdakı ayə ilə xitab etmişdi.","Az bir hissəsi istisna olmaqla, gecəni ibadətlə keçir!","Gecənin yarısını, yaxud yarısından daha az hissəsini və ya yarısından daha çox hissəsini ibadətlə keçir! Quranı asta-asta (təfəkkür edərək) oxu!","Gecənin yarısını, yaxud yarısından daha az hissəsini və ya yarısından daha çox hissəsini ibadətlə keçir! Quranı asta-asta (təfəkkür edərək) oxu!","Şübhəsiz ki, Biz sənə ağır bir söz vəhy edəcəyik.","Gecə (ibadət üçün) qalxmaq daha təsirli və (Quran) oxumaq üçün daha münasibdir.","Çünki sənin gündüz məşğul olduğun uzun-uzadı işlərin var.","Rəbbinin adını zikr et və bütün varlığınla Ona yönəl!","O, şərqin də, qərbin də Rəbbidir. Ondan başqa heç bir ilah yoxdur. Ona görə də sən yalnız Ona təvəkkül et!","Onların dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş!","Nemət içində üzüb haqqı yalanlayanları Mənə burax və onlara bir az möhlət ver!","Şübhəsiz ki, Bizim yanımızda (onlar üçün hazırlanmış) qandallar və cəhənnəm vardır.","Bir də boğazdan keçməyən yemək və ağrılı-acılı bir əzab vardır.","O gün yer üzü və dağlar silkələnəcək, dağlar dağılan qum yığınlarına çevriləcəkdir.","Biz Firona peyğəmbər göndərdiyimiz kimi sizə də haqqınızda şahidlik edəcək bir peyğəmbər göndərdik.","Ancaq Firon peyğəmbərə qarşı çıxdı. Buna görə də onu şiddətli əzabla yaxaladıq.","Əgər haqqı inkar etsəniz, uşaqları ağ saçlı qocalara çevirəcək bir gündən özünüzü necə qoruyacaqsınız?!","(O gün) göy yarılacaq, Allahın vədi yerinə yetəcəkdir.","Şübhəsiz, bu (Quran), bir öyüddür. Artıq kim istəsə, Rəbbinə doğru özünə bir yol tutar.","(Ey Peyğəmbər!) Şübhəsiz ki, Rəbbin sən və səninlə birlikdə olanlardan bir zümrənin gecənin üçdə ikisinə yaxın bir qismini, (bəzən) yarısını, (bəzən də) üçdə birini ibadətə ayırdığını bilir. Gecəni və gündüzü ölçüb-biçən Allahdır. O, bu vaxtları hesablaya bilməyəcəyinizi bildiyi üçün sizi bağışladı. Ona görə də Qurandan sizə asan gələn yeri oxuyun! O, içinizdən xəstə olanları, eləcə də Allahın lütfündən (ruzi) axtarmaq üçün yer üzündə səfər edənləri və Allah yolunda vuruşanları bilir. Elə isə ondan (Qurandan) sizə asan gələn yeri oxuyun! Namazı qılın, zəkatı verin və Allaha gözəl bir borc verin! Özünüz üçün (dünyada ikən) hansı xeyirli bir əməli etsəniz, Allah dərgahında onun daha xeyirli olduğunu və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.","Ey örtüsünə bürünən (Peyğəmbər)!","Qalx və (insanları) xəbərdar et!","Rəbbini uca tut!","Paltarını təmizlə!","Pis şeylərdən uzaq dur!","(Etdiyin yaxşılığı) çox görüb minnət qoyma!","Rəbbinin yolunda səbirli ol!","Sura üfürüldüyü zaman -","O gün çox çətin bir gündür!","Kafirlər üçün asan deyildir.","Yaratdığım o kimsəni Mənə burax!","Mən ona çoxlu mal-mülk verdim.","Yanındakı oğulları verdim.","Ona hər cür imkanlar verdim.","Bundan sonra o, yenə də (bu imkanları) artırmağımı istəyir.","Xeyr! Həqiqətən, o, ayələrimizə qarşı çox inadkardır.","Mən onu sərt bir yoxuşa (çətin bir əzaba) sürükləyəcəyəm.","Həqiqətən, o, fikirləşib qərar verdi.","Canı çıxsın! Necə qərar verdi?!","Qoy canı çıxsın! Necə qərar verdi?!","Sonra baxdı.","Sonra üz-gözünü turşudub qaşqabağını tökdü.","Sonra da arxasını çevirib təkəbbürləndi.","Və dedi: “Bu (Quran), yalnız öyrənilən bir sehrdir.","Bu, insan sözündən başqa bir şey deyildir”.  ###[*] Rəvayət olunduğuna görə, Həzrət Peyğəmbər Quran oxuyarkən müşriklərdən Vəlid ibn Müğirə bunu eşitmiş və çox təsirlənmişdi. Bunu eşidən Qüreyşli müşriklər: “Vəlid dinindən döndü. Ona baxıb digər Qüreyşlilər də dinlərindən dönəcəklər”, - demişdilər. Nəhayət, Əbu Cəhl Vəlid ibn Müğirəni fikrindən döndərdi. O da çarəsiz qalıb Quranın sehr olduğunu iddia etdi. Bundan sonra müşriklər Həzrət Peyğəmbərə “sehrbaz” deməyə başladılar.","Mən onu Səqərə (cəhənnəmə) atacağam.","Sən haradan biləcəksən ki, Səqər nədir?","O, heç bir şeyi sağ-salamat buraxmaz.","İnsanın dərisini yandırıb-yaxar.","Onun üstündə on doqquz gözətçi mələk vardır.","Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da kafirlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman gətirənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlblərində xəstəlik olanlar və kafirlər isə: “Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.","Xeyr! And olsun aya!","And olsun ötüb-keçən gecəyə!","And olsun ağaran sübh çağına!","Həqiqətən, o (cəhənnəm), böyük müsibətlərdən biridir,","İnsanı xəbərdar edəndir,","Sizdən (saleh əməllərdə) irəli getmək, yaxud geri qalmaq istəyənlər üçün!","Hər kəs qazandığının girovudur.","Ancaq sağ tərəfdəkilər bundan istisnadır.","Onlar cənnət bağlarında günahkarlar haqqında soruşacaqlar:","Onlar cənnət bağlarında günahkarlar haqqında soruşacaqlar:","“Sizi Səqərə (cəhənnəmə) salan nə idi?”","Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.","Yoxsulu yedirtməzdik.","Batilə dalanlarla birlikdə biz də dalırdıq.","Haqq-hesab gününü yalan hesab edirdik,","Ölüm bizə gəlib çatana qədər”.","Artıq şəfaətçilərin şəfaəti onlara fayda verməz.","Belə olduğu halda onlara nə olub ki, öyüd-nəsihətdən üz döndərirlər?!","Aslandan hürküb qaçan vəhşi eşşəklər kimi!","Aslandan hürküb qaçan vəhşi eşşəklər kimi!","Xeyr! Onların hər biri önünə sərilmiş səhifələr (ilahi vəhylər) verilməsini istəyir.","Xeyr! Əksinə, onlar axirətdən qorxmurlar.","Xeyr! O (Quran), bir öyüddür.","Kim istəsə, düşünüb ondan öyüd alar.","Allah istəmədikcə onlar öyüd ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da Odur, məğfirət sahibi olan da Odur!","And içirəm qiyamət gününə!","And içirəm özünü qınayan nəfsə!","İnsan elə zənn edir ki, Biz onun sümüklərini bir yerə yığa bilməyəcəyik?","Bəli, Biz onun barmaq uclarını belə əvvəlki hala gətirməyə qadirik.","Ancaq insan önündəkini (qiyaməti) yalanlamaq istəyir.","O (istehza edərək): “Qiyamət günü nə zaman olacaq?” - deyə soruşur.","Göz bərəldiyi zaman,","Ay tutulduğu zaman,","Günəş və ay bir yerə gətirildiyi zaman,","O gün insan: “Hara qaçmaq olar?” - deyəcəkdir.","Xeyr! Heç bir sığınacaq yer olmayacaqdır.","O gün gediləcək yer yalnız Rəbbinin hüzurudur.","O gün insana etdiyi və təxirə saldığı hər şey xəbər veriləcəkdir.","İnsan özünə qarşı şahidlik edəcəkdir.","Üzrxahlıq etsə belə (bu ondan qəbul olunmayacaqdır)!","(Ey Peyğəmbər! Cəbrail sənə vəhy gətirdiyi zaman) onu tələm-tələsik oxumaq üçün dilini tərpətmə!","Şübhəsiz ki, onu (sənin yaddaşında) cəm etmək və oxutmaq Bizə aiddir.","Ona görə də Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə!","Sonra şübhəsiz ki, onu bəyan etmək də Bizə aiddir.","Xeyr! Əksinə, siz tez keçib-gedəni (dünyanı) sevirsiniz.","Axirəti isə ehmal edirsiniz.","Elə üzlər var ki, o gün parıldayacaq,","Rəbbinə baxacaqdır.","Elə üzlər də var ki, o gün qaralacaq,","Ona belini qıran bir əzab veriləcəyini anlayacaqdır.","Xeyr! Can boğaza çatdığı zaman,","“(Şəfa tapması üçün) kim ovsun oxuya bilər?” - deyiləcəkdir.","(Can verən isə) bunun ayrılıq olduğunu anlayacaqdır.","Və (ölüm qorxusundan) ayaqları bir-birinə dolaşar.","O gün onun aparılacağı yer Rəbbinin hüzurudur.","O nə sədəqə vermiş, nə də namaz qılmışdı.","Lakin haqqı yalanlamış və üz döndərmişdi.","Sonra lovğalanaraq ailəsinin yanına getmişdi.","Sən buna (bu əzaba) layiqsən!","Yenə də sən buna (bu əzaba) layiqsən!","İnsan özbaşına buraxılacağınımı zənn edir?!","O, (ana rəhminə) atılan bir nütfə deyildimi?!","Sonra o ələqə (rüşeym) oldu və Allah onu yaradıb surət verdi.","Beləcə, ondan bir cüt - kişi və qadını yaratdı.","Elə isə Allah ölüləri təkrar diriltməyə qadir deyilmi?!","İnsanın xatırlanmağa layiq olmadığı uzun bir müddət ötüb-keçmədimi?!","Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik.","Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun.","Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.","Şübhəsiz ki, yaxşı əməl sahibləri kafur qatılmış (cənnət içkisi ilə dolu) badədən içəcəklər.","Allahın qullarının içdiyi çeşmədən! Onu (istədikləri tərəfə) axıdacaqlar.","Onlar verdikləri sözü yerinə yetirər və vahiməsi hər yeri bürüyəcək o gündən qorxarlar.","Onlar öz nəfsləri çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.","(Onlar yemək yedirdikləri kimsələrə belə deyərlər:) “Sizi yalnız Allah rizası üçün yedirdirik. Sizdən nə bir əvəz, nə də bir təşəkkür istəyirik.","Şübhəsiz ki, biz çətin və ağır bir günə görə Rəbbimizdən qorxuruq”.","Buna görə də Allah onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir.","Səbir etdiklərinə görə Allah onları cənnətlə və ipəkdən libaslarla mükafatlandıracaqdır.","Orada taxtlara söykənib oturacaqlar. Orada nə qızmar günəş, nə də şaxta görəcəklər.","Oranın kölgələri onlara yaxınlaşacaq, meyvələri də onların tam ixtiyarına veriləcək.","Onların ətrafında gümüş qablar və büllur qədəhlər dolaşdırılacaq.","Gümüşdən olan bu büllur qədəhləri onların istədikləri ölçüdə hazırlamışlar.","Orada onlara zəncəfil qatılmış (cənnət içkisi ilə dolu) badə içirdiləcəkdir.","(Bu zəncəfil) oradakı Səlsəbil adlanan bir çeşmədəndir.","Onların ətrafında daim gənc qalan cavanlar dolanacaqlar. Onları gördüyün zaman səpələnmiş inci olduqlarını zənn edərsən.","Orada hara baxsan, çoxlu naz-nemət və böyük bir səltənət görərsən.","Onların üstündə taftadan və atlazdan yaşıl paltarlar olacaqdır. Onlara gümüş bilərziklər taxılacaq və Rəbbi onlara tərtəmiz bir içki içirdəcəkdir.","(Onlara belə deyiləcək:) “Bu sizin mükafatınızdır. Sizin (dünyadakı) səylərinizin əvəzi verilmişdir”.","(Ey Peyğəmbər!) Şübhəsiz ki, Biz sənə Quranı hissə-hissə nazil etdik.","Ona görə də sən Rəbbinin hökmünə (boyun əyib) səbir et və onlardan günahkar, yaxud nankor olana boyun əymə!","Səhər-axşam Rəbbinin adını zikr et!","Gecənin bir vaxtında Ona səcdə et və gecə uzun bir müddət Onu təsbeh et!","Həqiqətən, bunlar tez keçib gedəni (dünyanı) sevirlər, ağır bir günü (axirəti) isə ehmal edirlər.","Onları yaradan da, qüvvətli edən də Bizik. Əgər istəsək, onları bənzərləri ilə əvəz edərik.","Həqiqətən, bu (Quran), bir öyüddür. İstəyən, Rəbbinə tərəf bir yol tutar.","Allah diləməyincə, siz diləyə bilməzsiniz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.","O, dilədiyini Öz mərhəmətinə nail edər. Zalımlar üçün isə şiddətli bir əzab hazırlamışdır.","And olsun bir-birinin ardınca göndərilənlərə (küləklərə)!","And olsun şiddətli fırtınalara!","And olsun (yağışı) yaydıqca yayanlara!","And olsun (haqq ilə batili) bir-birindən ayıranlara!","And olsun (möminlərə) üzr dilətmək, yaxud (kafirlərə) xəbərdarlıq etmək üçün Zikri (Quranı) gətirənlərə!","And olsun (möminlərə) üzr dilətmək, yaxud (kafirlərə) xəbərdarlıq etmək üçün Zikri (Quranı) gətirənlərə!","Sizə vəd olunan (qiyamət) mütləq baş verəcəkdir!","Ulduzlar sönəcəyi zaman,","Göy yarılacağı zaman,","Dağlar toz olub göyə sovrulacağı zaman,","Peyğəmbərlərin (ümmətləri barədə şahidlik etmə) vaxtı təyin olunacağı zaman,","(Belə deyiləcək:) “Onlara hansı günə qədər vaxt verilmişdir?”","(Belə cavab veriləcək:) “Ayırd etmə gününə qədər!”","(Ey Peyğəmbər!) Ayırd etmə gününün nə olduğunu sən haradan biləsən?!","O gün haqqı yalanlayanların vay halına!","Biz əvvəlkiləri məhv etmədikmi?!","Sonra gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.","Biz günahkarlarla belə rəftar edirik.","O gün haqqı yalanlayanların vay halına!","(Ey insanlar!) Biz sizi zəif bir sudan yaratmadıqmı?!","Onu möhkəm bir yerə (ana bətninə) yerləşdirdik,","Müəyyən bir müddətə qədər.","Biz buna qadir olduq. Biz nə qədər də qüdrətliyik!","O gün haqqı yalanlayanların vay halına!","Biz yer üzünü dirilər və ölülər üçün toplanma yeri etmədikmi?!","Biz yer üzünü dirilər və ölülər üçün toplanma yeri etmədikmi?!","Orada yüksək dağlar yaratdıq və sizə şirin su içirtdik.","O gün haqqı yalanlayanların vay halına!","(O gün kafirlərə belə deyiləcək:) “Yalan hesab etdiyinizə (cəhənnəmə) tərəf gedin!","Üç qola ayrılmış kölgəyə tərəf gedin!”","O nə kölgəlik olar, nə də alovdan qoruyar.","O, saray qədər böyük qığılcımlar saçar.","O (qığılcımlar), sarı dəvələr kimidir.","O gün haqqı yalanlayanların vay halına!","Bu, (kafirlərin) danışa bilməyəcəkləri gündür.","Onların üzrxahlıq etmələrinə də icazə verilməz.","O gün haqqı yalanlayanların vay halına!","Bu, ayırd etmə günüdür. Sizi də, əvvəlkiləri də bir yerə topladıq.","Əgər sizin bir hiyləniz varsa, Mənə hiylə qurun!","O gün haqqı yalanlayanların vay halına!","Şübhəsiz, müttəqilər kölgəliklərdə və çeşmə başlarında olacaqlar.","İstədikləri meyvələrin arasında olacaqlar.","(Onlara belə deyiləcək:) “Etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin-için!”","Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.","O gün haqqı yalanlayanların vay halına!","(Ey kafirlər!) Hələlik yeyin və kef çəkin. Həqiqətən, siz günahkarlarsınız.","O gün haqqı yalanlayanların vay halına!","Onlara: “Rüku edin!” - deyildiyi zaman onlar rüku etməzlər.","O gün haqqı yalanlayanların vay halına!","Onlar bundan (Quran nazil olduqdan) sonra daha hansı sözə inanacaqlar?!"]