["Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Allah onlardan bəzisi ilə danışmış, bəzisini isə dərəcələrlə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edər.","Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə, sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin! Kafirlər, əlbəttə ki, zalımdırlar.","Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, (qullarının) gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları qoruyub saxlamaq Ona ağır gəlməz. O, Ucadır, Əzəmətlidir.","Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan fərqlənir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.","Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən nura çıxarar. Kafirlərin dostları isə tağutdur, onları nurdan zülmətlərə çıxarar. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.","Allahın verdiyi hökmranlıqığa görə, İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsi görmədinmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə, (Nəmrud:) “Mən də, həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də, onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.","Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsəni (görmədinmi)? O demişdi: “Görəsən, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra dirildib: “Nə qədər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və içdiyinə bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Səni belə etdik ki, insanlar üçün bir dəlil olasan. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da, onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.","Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– demişdi. (Rəbbi ona:) “Məgər sən inanmırsan?”– deyə buyurdu. (İbrahim) dedi: “Əlbəttə, (inanıram!) Lakin (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!”","Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allahın (lütfü) genişdir, O (hər şeyi) biləndir.","Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.","Xoş söz (söyləmək və xətaları) bağışlamaq, ardından əziyyət gələn sədəqədən daha yaxşıdır. Allah zəngindir, həlimdir.","Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə malını xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Beləsinin məsəli, üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, üzərinə bol yağış düşüb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şey əldə etməzlər. Allah kafir qövmü doğru yola yönəltməz.","Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona bol yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Yox, əgər ona şiddətli yağış düşməzsə, narın yağış da (bəs edər). Allah sizin nə etdiklərinizi görür.","Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, (ağacları və qəsrləri) altından çaylar axan və içində onun üçün hər cür meyvələr olan bir bağı olsun, (sonra da) ona qocalıq üz verdiyi zaman, özünün də, (o bağa) möhtac olan uşaqları olduğu halda, (bu bağa) odlu bir qasırğa düşüb (onu) yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz.","Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxartdığımız şeylərin yaxşısından (Allah yolunda) xərcləyin. Özünüzə verildikdə, ancaq göz yumub aldığınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifəlayiqdir.","Şeytan sizi yoxsulluqla qorxudur və sizə pis işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və lütf vəd edir. Allahın (lütfü) genişdir, O (hər şeyi) biləndir.","Allah hikməti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilərsə, ona çoxlu xeyir verilmiş olar. Bundan yalnız ağıl sahibləri düşünüb ibrət alarlar.","Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.","Sədəqələri aşkarda versəniz, bu çox gözəl olar. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha xeyirli olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.","Onların hidayətə gəlməsi sənə aid deyildir. Allah isə istədiyi şəxsi hidayətə qovuşdurur. Xeyirli şeylərdən xərclədikləriniz sizin özünüz üçündür. Siz (möminlər) onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Xeyirli şeylərdən xərclədiklərinizin əvəzi sizə tam verilər və sizə zülm edilməz.","(Verəcəyiniz sədəqələr) Allah yolunda cihad edib yer üzündə (qazanc dalınca) səfərə çıxa bilməyən yoxsullar üçündür. Bu kimsələr həyalarından dolayı (dilənmədiklərinə görə) tanımayan adam onları varlı hesab edir. Sən isə onları simalarından tanıyırsan. Onlar israrla insanlardan (bir şey) istəməzlər. Xeyirli şeylərdən nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir.","Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.","Sələm yeyənlər (qəbirlərindən), şeytan toxunmuş dəlinin qalxdığı kimi qalxarlar. Bu, onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha qalar. Kim yenə (sələmçiliyə) qayıdarsa, məhz onlar cəhənnəmlik olar və orada əbədi qalarlar.","Allah sələmi puç edər, sədəqələri isə artırar. Allah küfr və günah işlərdə israr edən kimsələri sevməz.","Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.","Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan məbləğdən vaz keçin.","Əgər belə etməsəniz, Allahın və Onun rəsulunun sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.","Əgər borclu olan kəs borcu qaytarmağa qadir deyilsə, vəziyyəti düzələnə qədər (ona) möhlət verin. Kaşki (borcu) sədəqə olaraq bağışlamağınızın sizin üçün nə qədər xeyirli olduğunu biləydiz!","Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi veriləcək və onlara zülm edilməyəcəkdir.","Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə, onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın. Qoy o yazsın, boynunda borc olan adam da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç bir şey əskiltməsin. Əgər boynunda borc olan kimsə səfehdirsə, yaxud (ağıldan) zəifdirsə və ya özü yazdırmağa qadir deyilsə, qoy onun himayədarı (borcu) ədalətlə yazdırsın. Aranızdakı kişilərdən də iki nəfəri şahid tutun. Əgər iki kişi tapılmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda, boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, onu (qaytarılma) vaxtı ilə (bərabər) yazmaqdan usanmayın. Belə etməyiniz, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alış-veriş etdikdə şahid tutun. Lakin katibə və şahidə zərər verilməsin. Əgər (zərər) versəniz, şübhəsiz ki, bu, sizin üçün bir fasiqlikdir. Allahdan qorxun! Allah sizi öyrədir. Allah hər şeyi biləndir.","Əgər səfərdə olduqda katib tapmasanız, (borc yiyəsi yanında) girov saxlanılmalıdır. Əgər sizlərdən biri digərinə etibar edirsə, qoy etibar olunmuş kəs (ona verilmiş) əmanəti qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin! Kim onu gizlədirsə, şübhəsiz ki, onun qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir.","Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Siz içinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcəkdir. O, istədiyini bağışlayar, istədiyinə də, əzab verər. Allah hər şeyə qadirdir.","Allahın rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” (Həmçinin,) dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, Səndən bağışlanma diləyirik, dönüş yalnız Sənədir!”","Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yüklə yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafir qövmə qalib gəlməkdə bizə yardım et!”","Əlif. Ləm. Mim.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur.","O, bu Kitabı sənə özündən əvvəlkiləri təsdiqləyən, həm də, haqq olaraq nazil etdi. Tövratı və İncili də, O nazil etdi –","daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrinə küfr edənlərə şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam almağa qadirdir.","(Sözsüz ki,) nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz.","Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur, O, Qüdrətlidir, Hikmət sahibidir.","Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi muhkəm (hər kəsin başa düşdüyü) ayələrdir ki, bunlar, Kitabın anasıdır. Digərləri isə mutəşabih (müstəsna insanların başa düşüdüyü) ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə, mutəşabih ayələrin ardınca gedərlər. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olanlar isə deyərlər: “Biz ona iman gətirdik, hamısı Rəbbimiz tərəfindəndir”. Bunu isə yalnız ağıl sahibləri dərk edərlər.","Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma. Bizə Öz tərəfindən bir mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.","Ey Rəbbimiz! Həqiqətən, (gerçəkləşəcəyinə) şübhə edilməyən bir gündə, insanları (bir yerə) cəm edən Sənsən. Həqiqətən, Allah vədinə əsla xilaf çıxmaz!","Şübhəsiz ki, kafir olanların nə malları, nə də övladları onlara Allahın hüzurunda heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.","(Onların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar ayələrimizi yalan hesab etdilər, Allah da, onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.","Kafirlərə de: “Siz məğlub olacaq və Cəhənnəmə toplanacaqsınız! Ora nə pis yerdir!”","Qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. (Möminlər kafirlərin) sayca onlardan iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.","Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanlara gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür. Halbuki gözəl qayıdış yeri Allah yanındadır.","De: “Sizə bunlardan daha xeyirlisini xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında, (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görəndir.","O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, günahlarımızı bağışla və bizi Od əzabından qoru!” – deyirlər.","Onlar səbir edən, dürüst olan, müti olan, malından (Allah yolunda) xərcləyən və sübh çağına yaxın (Allahdan) bağışlanma diləyən kimsələrdir.","Allah, mələklər və elm sahibləri də, Ondan başqa (ibadətə layiq olan) məbud olmadığına ədalətlə şahidlik etmişlər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O, Qüdrətlidir, Hikmət sahibidir.","Həqiqətən, Allah yanında (haqq) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı ədavət üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrinə küfr edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir.","Əgər onlar səninlə mübahisə etsələr, de: “Mən özümü Allaha təslim etdim. Mənə tabe olanlar da, (həmçinin).” Kitab verilənlərə və savadsızlara (özlərində kitab olmayan ərəb müşriklərinə): “Siz də, təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox əgər üz döndərsələr, (bil ki,) sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görəndir.","Allahın ayələrinə küfr edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları qətlə yetirənləri ağrılı-acılı bir əzabla müjdələ!","Onlar dünyada da, axirətdə də, əməlləri puç olan kimsələrdir. Onların yardımçıları da olmaz.","Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm verməsi üçün Allahın Kitabına dəvət olunurlar. Sonra onlardan bir dəstə üz çevirib (geri) dönür.","Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!”– demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartmışdır.","(Baş verəcəyinə) şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də, heç bir haqsızlıq edilməyəcəyi zaman (onların halı) necə olacaq?","De: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin kəsə verir, istədiyindən də, onu geri alırsan; istədiyin kimsəni ucaldır, istədiyini də, alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.","Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan. Ölüdən diri çıxarır, diridən də ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”.","Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kəs (bilsin ki,) Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq kafirlərdən gələ biləcək təhlükədən qorxmanız istisnadır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Dönüş də (ancaq) Allahadır.","De: “Qəlblərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir”.","Hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcəyi gün, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Allah qullarına qarşı çox şəfqətlidir.","De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”.","De: “Allaha və Onun Rəsula itaət edin!” Əgər üz döndərsələr, (bilsinlər ki,) Allah, həqiqətən də, kafirləri sevməz.","Allah Adəmi, Nuhu, İbrahim nəslini və İmran ailəsini seçib aləmlərdən üstün etdi.","Onlar biri digərindən olan (hənif) bir nəsil idilər. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.","Bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi bir qul olmaq üçün nəzir etdim. (Bu nəziri) məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.","(Nəhayət,) bari-həmlini yerə qoyduğu zaman dedi: “Ey Rəbbim! Mən qız doğdum” – (halbuki,) Allah onun nə doğduğunu yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm”.","Rəbbi onu gözəl tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) yanına mehraba daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. Nəhayət, o: “Ey Məryəm! Bu, sənin üçün haradandır?”– deyə soruşduqda, (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir! Şübhəsiz ki, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”.","Zəkəriyya orada Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir zürriyyət bəxş et! Şübhəsiz ki, Sən duaları eşidənsən”.","(Zəkəriyya) mehrabda durub namaz qılarkən mələklər ona belə xitab etdilər: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.","O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də, sonsuz ikən mənim necə oğlum ola bilər?” (Allah) buyurdu: “Elədir, (lakin) Allah istədiyini edər”.","O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. (Allah) buyurdu: “Sənin əlamətin, üç gün, – işarə ilə danışmaq istisna olmaqla, – insanlarla danışmamağındır. (Həmin vaxt) Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”","Bir zaman mələklər demişdilər: “Ey Məryəm, həqiqətən, Allah səni seçdi, tərtəmiz etdi və aləmlərin qadınlarından üstün tutdu.","Ey Məryəm, Rəbbinə itaət et, səcdə qıl və rüku edənlərlə birlikdə rüku et!”","Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. (İsrail oğullarından) hansı birinin Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də, sən onların yanında deyildin.","O zaman mələklər demişdilər: “Ey Məryəm, həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, həm bu dünyada, həm də axirətdə şan-şöhrətli və (Allaha) yaxın olanlardandır.","O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaq və salehlərdən olacaqdır”.","(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?” (Allah) buyurdu: “Elədir, Allah istədiyini yaradır. O, bir işin olmasını istədikdə, ona ancaq “Ol!”– deyər, o da olar”.","(Allah) ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.","(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən bir möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, (bilin ki,) bunda sizin üçün bir dəlil vardır.","Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyən olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Elə isə Allahdan qorxun və mənə itaət edin.","Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol da, budur!”","İsa onlardakı küfrü hiss etdikdə, dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın (dininin) yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!","Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də, şahidlərlə bir yerdə yaz!”","Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah (qarşılıqlı olaraq) hiylə işlədənlərin ən xeyirlisidir.","O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.","Kafirlərə gəlincə, onlara həm bu dünyada, həm də axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır”.","(Allah) iman gətirib saleh əməllər işləyənlərin mükafatlarını tam verəcəkdir. Allah zalımları sevməz.","Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir.","Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəlinə bənzəyir. Allah Adəmi torpaqdan yaratdı, sonra ona “Ol!”– dedi, o da oldu.","Haqq sənin Rəbbindəndir. Elə isə şübhə edənlərdən olma!","Sənə elm gəldikdən sonra kim səninlə (İsa barəsində) mübahisə edərsə, de: “Gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.","Həqiqətən bu (deyilənlər,) gerçək əhvalatlardır. Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Hikmətlidir.","Əgər onlar üz çevirsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır.","De: “Ey Kitab əhli! Bizimlə sizin aranızda olan eyni bir kəlməyə (tərəf) gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar yenə üz çevirsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”","Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? (Halbuki,) Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir. Məgər anlamırsınız?","Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barədə höcətləşirdiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barədə höcətləşirsiniz? Allah bilir, siz isə bilmirsiniz!","İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif (batildən haqqa tapınan) bir müsəlman idi və müşriklərdən də olmamışdlr.","Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və (ona) iman gətirənlərdir. Allah möminlərin dostudur.","Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. (Halbuki onlar,) yalnız özlərini azdırır və (bunu) anlamırlar.","Ey Kitab əhli, (haqqa) şahid olduğunuz halda, nə üçün Allahın ayələrinə küfr edirsiniz?","Ey Kitab əhli, nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?","Kitab əhlindən bir zümrə (bir-birinə) dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin, günün sonunda isə (onu) inkar edin ki, bəlkə onlar (öz dinlərindən) dönələr.","Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Şübhəsiz ki, doğru yol, Allahın yoludur!” Onlar yenə (bir-birilərinə) dedilər: “Sizə verilənin bənzərinin başqa bir kimsəyə verildiyinə və ya Rəbbiniz yanında (müsəlmanların) sizə dəlil gətirəcəyinə inanmayın.” De: “Şübhəsiz ki, lütf Allahın əlindədir və onu istədiyinə verir! Allahın lütfü genişdir, O (hər şeyi) biləndir”.","(Allah) Öz mərhəmətini istədiyi kəsə məxsus edər. Allah böyük lütf sahibidir.","Kitab əhlindən eləsi var ki, ona bir yığın (mal) əmanət etsən, onu sənə (tam) qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Ümmilərdən (cahil ərəblərdən) ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.","Xeyr! Kim əhdini yerinə yetirsə və (Allahdan) qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevər.","Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kimsələrə gəlincə, onlara axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.","Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə, Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki, bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!”– deyirlər. Halbuki bu, Allah tərəfindən də deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.","Heç bir kəsin, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– deməsi mümkün deyil. Əksinə, (o belə) deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində rəbbani olun!”","O, sizə mələkləri və peyğəmbərləri özünüzə rəbb qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra küfr etməyi əmr edərmi?","Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəksiniz”– deyə əhd almış və (onlara): “Təsdiq etdinizmi, (bu) əhdimi öhdənizə götürdünüzmü?”– demişdi. Onlar: “İqrar etdik!”– deyə cavab vermişdilər. (Allah da) belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”.","Kim bundan sonra üz döndərərsə, məhz onlar fasiqlərdir.","Yoxsa onlar Allahın dinindən başqasınımı axtarırlar? (Halbuki,) göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuş və Onun hüzuruna qaytarılacaqlar.","De: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun nəslinə nazil olanlara, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!”","Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.","İman gətirdikdən, (Allahın göndərdiyi) Rəsulun haqq olduğuna şahidlik etdikdən və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan kimsələri Allah necə doğru yola yönəldər? Allah zalım qövmü doğru yola yönəltməz.","Onların cəzası, Allahın, mələklərin və bütün insanların lənətinə uğramaqdır.","Onlar (bu lənətin içində və ya Cəhənnəm odunda) həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz.","Bundan sonra tövbə edib (əməllərini) islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.","Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini daha da artıran kimsələrin tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar (doğru yoldan) azanlardır.","Həqiqətən, kafir olub kafir kimi ölənlər dünya dolusu qızıl fidyə versələr belə, bu onların heç birindən qəbul edilməyəcəkdir. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onların heç köməkçiləri də yoxdur.","Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmazsınız. (Malınızdan) nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir."]