["Biz o peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Allah onlardan bəziləri ilə danışmış, bəzilərinin də dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya da açıq-aşkar möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Əgər Allah diləsəydi, onlardan sonrakılar özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra (bir-birlərilə) vuruşmazdılar. Lakin ixtilafa düşdülər və onlardan kimisi (Allaha) iman gətirdi, kimisi də kafir oldu. Əgər Allah diləsəydi, onlar vuruşmazdılar. Lakin Allah dilədiyini edər.","Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən əvvəl sizə verdiyimiz ruzidən infaq edin! İnkar edənlər əsil zalımlardır.","Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur!###[*] İçində “kürsü” kəlməsi keçdiyi üçün bu ayəyə “Ayəti-kürsi” deyilmişdir. Burada sözügedən kürsü bildiyimiz kürsü və ya taxt mənasında deyil, Allahın şəninə layiq olan və mahiyyətini bilmədiyimiz bir şeydir.","Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir!###[*] Bu ayədəki “dində məcburiyyət yoxdur” ifadəsi ilə insanların zorla İslam dinini qəbul etməyə məcbur edilməsinin doğru olmadığı qəsd edilir.","Allah iman gətirənlərin dostudur. Onları qaranlıqdan aydınlığa çıxarar. Kafirlərin dostu isə Tağutdur.Onları aydınlıqdan çıxarıb qaranlığa salarlar. Onlar cəhənnəm əhlidirlər, orada əbədi qalacaqlar.","Allah İbrahimə hökmranlıq verdiyinə görə Rəbbi barəsində onunla (İbrahimlə) mübahisə edən şəxsi (Nəmrudu) görmədinmi? O zaman İbrahim demişdi: “Mənim Rəbbim dirildir və öldürür”. O da: “Mən də dirildir və öldürürəm”, – demişdi. İbrahim: “Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!” – demiş, həmin vaxt o kafir donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz!","Yaxud xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (Üzeyir əleyhissalamın xəbərini eşitmədinmi)? O demişdi: “Allah buranı ölümündən sonra necə dirildəcək?” Beləcə, Allah onu yüz illiyinə öldürdü. Sonra onu diriltdi və: “Nə qədər (yatıb) qaldın?” - dedi. O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım”. (Allah ona) dedi: “Əksinə, yüz il qalmısan. Yeməyinə və suyuna bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax (ölüb və sadəcə sümükləri qalıb)! Səni insanlar üçün ibrət dərsi etmək məqsədilə (belə etdik). (Uzunqulağın) sümüklərinə bax, gör onları necə birləşdirir, sonra da onları ətlə örtürük!” Ona (hər şey) aydın olan zaman: “İndi yaxşı bilirəm ki, Allah hər şeyə qadirdir!” – dedi.","Bir vaxt İbrahim demişdi: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” (Allah ona): “İnanmırsanmı?” – dedi. (İbrahim) dedi: “Bəli (inanıram), lakin ürəyimin rahat olması üçün (soruşdum)”. (Allah) dedi: “Dörd cür quş götür və onları özünə öyrəşdir. Sonra (onları tikə-tikə doğrayaraq) hər dağın üzərinə onlardan bir parça qoy. Sonra da onları çağır. Onlar tez sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir!”","Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.","Mallarını Allah yolunda infaq edib sonra verdiklərinin arxasınca minnət qoymayan və əziyyət verməyənlərin mükafatları Rəbbi yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.","Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır).","Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah kafirlər qövmünü doğru yola yönəltməz.","Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür.","Sizdən biri istəyərmi ki, (ağacları) altından çaylar axan, içində xurma ağacları, üzümlüklər və hər növ meyvələr olan bir bağçası olsun, ancaq zəif uşaqları olduğu halda ona qocalıq üz versin və ora (bağçasına) odlu bir qasırğa düşərək yanıb tələf olsun? Allah ayələri sizin üçün bu şəkildə izah edir ki, bəlkə düşünüb anlayasınız.","Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir.","Şeytan sizi yoxsulluqla qorxudar və sizə pis işləri (xəsisliyi) əmr edər. Allah isə sizə, Öz dərgahından bağışlanmaq və bərəkət vədəsi verər. Allah (rəhməti ilə) genişdir, hər şeyi biləndir.","Allah dilədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir. Ağıl sahiblərindən başqa heç kəs (bunu) dərk etməz.###[*] Faydalı və dərin elmə hikmət deyilmişdir. Allahın hikmət verdiyi kimsələr, başda peyğəmbərlər olmaqla elmi ilə əməl edən alimlərdir.","(Allah yolunda) infaq etdiyiniz hər hansı bir sədəqəni və ya nəziri şübhəsiz ki, Allah bilir. Zülm edənlərin isə (qiyamət günü) heç bir köməkçisi olmayacaqdır.","Əgər sədəqələri aşkar şəkildə versəniz, bu da yaxşıdır. Ancaq (sədəqələri) gizlincə kasıblara versəniz, bu sizin üçün daha xeyirlidir və (bu əməliniz) günahlarınızın bir qismini örtər. Allah gördüyünüz işlərdən xəbərdardır.","Onları hidayətə çatdırmaq sənə aid deyil (Sənin vəzifən yalnız haqqı təbliğ etməkdir). Lakin Allah dilədiyi kimsəni hidayətə çatdırar. Malınızdan nə infaq etsəniz, özünüz üçündür. Siz yalnız Allahın rizasını qazanmaq üçün infaq edirsiniz. Malınızdan (Allah yolunda) nə infaq etsəniz, (əvəzi) sizə tam ödəniləcək və siz əsla haqsızlığa məruz qalmayacaqsınız.","(Verəcəyiniz sədəqələr,) özünü Allah yoluna həsr edən və buna görə də yer üzündə (qazanc üçün) hərəkət edə bilməyən yoxsullara məxsusdur. Həyalı olduqlarına görə bilməyənlər onları zəngin hesab edərlər. Onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla bir şey istəməzlər. İnfaq etdiyiniz hər bir xeyri (sədəqəni) şübhəsiz ki, Allah bilir.###[*] Bu ayədə qeyd olunan yoxsullar, Allah yolunda cihad edənlər və elm dalınca gedənlərdir. Bu müqəddəs işləri səbəbilə onların qazanc əldə etmə imkanları yoxdur.","Mallarını gecə-gündüz, gizli-aşkar (yoxsullara) infaq edənlər üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.","Faiz yeyənlər (qəbirlərindən), şeytan vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Bu ona görədir ki, onlar: “Əlbəttə, alış-veriş də faiz kimidir!” - demişdilər. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir. (Bundan sonra) kimə Rəbbindən bir nəsihət gələr və (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər, faizlər) özünə qalar (bağışlanar). Onun işi (hesaba çəkilməsi) Allaha qalmışdır. Kim (yenidən sələmçiliyə) qayıdarsa, onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.","Allah faizi (faizli qazancın bərəkətini) yox edər, sədəqələri (sədəqəsi verilən malın bərəkətini) isə artırar. Allah heç bir günahkar nankoru sevməz!","Həqiqətən, iman gətirib xeyirli işlər görən, namazı qılan və zəkatı verən kimsələr üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.","Ey iman gətirənlər, Allahdan çəkinin və əgər iman gətirmişsinizsə, faizdən qalanı (alacağınızı) tərk edin (almayın)!","Əgər (belə) etməsəniz, bilin ki, Allah və Peyğəmbəri tərəfindən sizə qarşı müharibə elan edilmişdir. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Siz nə haqsızlıq etmiş, nə də haqsızlığa məruz qalmış olarsınız.","Əgər (sizə borclu olan şəxs) çətin vəziyyətdədirsə, (maddi vəziyyəti)düzələnə qədər (ona) möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcunu ona) sədəqə kimi bağışlamağınız sizin üçün daha xeyirlidir.","Allaha qaytarılacağınız o gündən çəkinin! Sonra hər kəsə, qazandığının əvəzi tam olaraq veriləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.","Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün daha uy­ğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah de­yildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə və şahidə də zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir! ###[*] “Müdayinə ayəsi” olaraq adlandırılan bu ayə, Quranın ən uzun ayəsidir.Bu ayə borc alıb-vermə müqaviləsi ilə bağlı qaydaları ətraflı olaraq müəyyənləşdirmişdir. Şahidlik məsələsinə gəldikdə, qadın yaradılış etibarilə kişiyə nisbətlə daha çox həyalı, utancaq və duyğuları güclü olduğu üçün Allah-Təala bir kişi əvəzində iki qadının şahid olmasını əmr etmişdir ki, onlardan biri unudar,  yaxud şahidlik etməkdən çəkinərsə, digəri ona xatırlatsın.","Əgər siz səfərdə olub katib tapa bilməsəniz bir şeyi girov qoymağınız da kifayətdir. Biriniz digərinə bir şey əmanət edibsə, əmanət verilən kimsə əmanəti (vaxtı gələndə sahibinə) geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi gizlətməyin! Kim onu gizlədərsə, şübhəsiz, onun qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir.","Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah ona görə sizi hesaba çəkər. O, dilədiyi kimsəni bağışlayar, dilədiyi kimsəyə də əzab verər. Allah hər şeyə qadirdir.","Peyğəmbər və möminlər, Rəbbindən ona nazil edilənə (Qurana)iman gətirmişlər. Onların hamısı Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirmişlər. Biz Onun peyğəmbərlərindən heç biri arasında fərq qoymuruq. Onlar belə demişdilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, bizi bağışla! Qayıdış Sənədir!”","Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. Kafirlər qövmünə qarşı bizə yardım et!”###[*] “Bəqərə” surəsinin bu son iki ayəsi “Əmənərrəsulu” – deyə adlandırılır. Merac gecəsində Həzrət Peyğəmbərə (s.ə.s.) vəhy olunan bu iki ayənin əhəmiyyəti, bir çox hədislərdə qeyd olunmuş və xüsusilə də yatmazdan əvvəl oxunması tövsiyə olunmuşdur. Belə ki, bir hədisi-şərifdə buyurulmuşdur: “Bir kimsə üçün bu iki ayəni gecə yatmazdan əvvəl oxuması kifayətdir”(Buxari, Məğazi, 12.","Əlif, Lam, Mim!","Allahdan başqa heç bir ilah yoxdur! O, daima diridir, bütün məxluqatı idarə edəndir.","O sənə Kitabı, haqq və özündən əvvəlkiləri təsdiqləyici olaraq (hissə-hissə) nazil etdi. O, daha əvvəl insanlara doğru yolu göstərmək üçün Tövratı, İncili və (indi də) Fürqanı nazil etdi. Şübhəsiz, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam sahibidir.","O sənə Kitabı, haqq və özündən əvvəlkiləri təsdiqləyici olaraq (hissə-hissə) nazil etdi. O, daha əvvəl insanlara doğru yolu göstərmək üçün Tövratı, İncili və (indi də) Fürqanı nazil etdi. Şübhəsiz, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam sahibidir.###[*] “Fürqan” sözü “haqqı batildən, yaxşını pisdən ayıran” kimi mənalara gəlir. “Fürqan” eyni zamanda Qurani-Kərimin adlarındandır.","Şübhəsiz ki, göydə və yerdə olan heç bir şey Allahdan gizli qalmaz.","Bətnlərdə sizə dilədiyi kimi surət verən Odur. Qüdrətli və hikmət sahibi olan Allahdan başqa ilah yoxdur!","Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (mənası aydın olan) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (mənası dəqiq bilinməyən) ayələrdir. Ancaq qəlblərində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Ağıl sahiblərindən başqası (bunu) dərk etməz.","(Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə əyrilik salma və bizə, Öz tərəfindən bir mərhəmət bəxş et! Sən, həqiqətən, (mərhəmət) bəxş edənsən.","Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə insanları toplayacaq olan Sənsən!” Şübhəsiz ki, Allah, Öz vədinə xilaf çıxmaz.","Şübhəsiz ki, kafirlərə nə malları, nə də övladları Allahın hüzurunda bir fayda verəcək. Onlar cəhənnəmin yanacağıdırlar.","(Onların halı,) Firon camaatı və onlardan əvvəlkilərin halı kimidir. Onlar Bizim ayələrimizi yalanladılar. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın cəzası şiddətlidir.","Kafirlərə de: “Siz məğlub olacaqsınız və cəhənnəmə yığılacaqsınız! (Ora) necə də pis bir yerdir!”","(Bədr döyüşündə) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən kafirlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır.","Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, malqaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.","(Ey peyğəmbər!) De ki: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün Rəbbi yanında, altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər, pak zövcələr və Allahın razılığı vardır. Allah bəndələrini görəndir”.","(Bu nemətlər,) “Ey Rəbbimiz, biz həqiqətən, (Sənə) iman gətirdik. Günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!” - deyən, səbir edən, doğru olan, itaət edən, (malından yoxsullara) verən və sübh vaxtı bağışlanmaq diləyənlər üçündür.","(Bu nemətlər,) “Ey Rəbbimiz, biz həqiqətən, (Sənə) iman gətirdik. Günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!” - deyən, səbir edən, doğru olan, itaət edən, (malından yoxsullara) verən və sübh vaxtı bağışlanmaq diləyənlər üçündür.","Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər və elm sahibləri də ədalətlə (buna şahidlik etdilər). O qüdrətli və hikmət sahibindən başqa heç bir ilah yoxdur.","Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz, Allahın hesaba çəkməsi sürətlidir.","Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə (müşrik ərəblərə) də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir.","Allahın ayələrini inkar edən, peyğəmbərləri haqsız yerə öldürən və ədalətli olmağı əmr edən insanların canına qəsd edənləri şiddətli bir əzabla müjdələ!","Onlar, əməlləri dünya və axirətdə puça çıxmış kimsələrdir. Onlara kömək edənlər də olmayacaqdır.","Kitabdan (Tövratdan) özlərinə bir pay verilənləri (yəhudiləri) görmədinmi? Aralarında hökm verilməsi üçün Allahın kitabına dəvət olunurlar. Sonra isə onlardan bir dəstə üz döndərərək geri dönür.","Bu ona görədir ki, onlar belə demişdilər: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmayacaq!” Öz dinləri barəsində uydurduqları şeylər onları aldatmışdır.","Bəs olacağına şübhə edilməyən bir gündə onları topladığımız və haqsızlıq edilmədən hər kəsə (dünyada) qazandığının əvəzi tam olaraq veriləcəyi zaman (onların halı) necə olacaq?!","De: “Ey mülkün sahibi olan Allah! Dilədiyin kimsəyə mülkü verərsən, dilədiyindən də mülkü alarsan. Dilədiyin kimsəni yüksəldər, dilədiyini də alçaldarsan. (Hər cür) xeyir Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən!","Gecəni gündüzə, gündüzü də gecəyə qatarsan. Ölüdən dirini, diridən də ölünü çıxararsan. Dilədiyin kimsəyə saysız-hesabsız ruzi verərsən”.","Möminlər, möminləri qoyub kafirləri dost tutmasınlar! Kim bunu edərsə, Allah yanında onun heç bir dəyəri qalmaz. Ancaq onlardan gələcək bir təhlükədən çəkinməniz istisnadır. Allah sizi Özündən (əzabından) çəkindirir. Axır dönüş Allahadır.","De: “Qəlblərinizdə olanı gizli saxlasanız da, üzə çıxartsanız da, Allah onu bilir. O, göylərdə və yerdə nə varsa, hamısını bilir. Allah hər şeyə qadirdir”.","Hər kəsin etdiyi yaxşı əməlləri və pis əməlləri, qarşısında hazır bir vəziyyətdə görəcəyi o gün (qiyamət günü insan), onunla (günahları ilə) özü arasında uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən (əzabından)  çəkindirir. Allah bəndələrinə qarşı şəfqətlidir.","(Ey peyğəmbər!) De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir”.","De: “Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərlərsə, (bilsinlər ki,) Allah kafirləri sevməz”.","Həqiqətən, Allah Adəmi, Nuhu və İbrahim ilə İmran ailəsini aləmlərə (insanlara) üstün etdi.###[*] İbrahim və İmran ailəsindən qəsd olunan məna, onların nəslindən gələn peyğəmbərlərdir.","Onlar, biri digərindən (törəmiş) bir nəsil olaraq gəlmişdilər. Allah eşidəndir, biləndir.","Bir zaman İmranın zövcəsi belə demişdi: “Ey Rəbbim, mən bətnimdəkini azad bir bəndə olaraq Sənin üçün nəzir etdim. (Onu) məndən qəbul et! Şübhəsiz ki, Sən eşidənsən, bilənsən”.","Onu (bətnindəki uşağı) dünyaya gətirdiyi zaman dedi: “Ey Rəbbim, mən bir qız uşağı dünyaya gətirdim”. Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. (O dedi:) “Axı, oğlan qız kimi deyil. Mən ona Məryəm adını qoydum. Mən onu və onun nəslini, qovulmuş Şeytandan Sənə sığındırıram!”","Və Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi.###[*] Zəkəriyya peyğəmbər, Həzrət Məryəmin xalasının əri idi. O, Beyti-məqdisdə Məryəmin yetişməsini öz üzərinə götürmüşdü. Zəkəriyya peyğəmbər hər dəfə Məryəmin məbəddəki otağına girəndə onun yanında müxtəlif növ təzə meyvələr görürdü. Halbuki, o meyvələr həmin mövsümdə orada yetişmirdi.","Orada Zəkəriyya Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”.","Zəkəriyya mehrabda ayaq üstə namaz qılarkən mələklər ona belə səsləndi: “Allah sənə, Allahdan (gələn) kəlməni (İsanı) təsdiqləyici, eləcə də rəhbər, namuslu və əməlisalehlərdən bir peyğəmbər olaraq Yəhyanı müjdə verir”.","Zəkəriyya dedi: “Ey Rəbbim! Mən qocaldığım, zövcəm də qısır olduğu halda mənim necə oğlum ola bilər?” Allah buyurdu: “(Bəli,) Elədir, (ancaq) Allah dilədiyini edər”.","Zəkəriyya dedi: “Ey Rəbbim! Mənə bir nişanə göstər!” Allah buyurdu: “Sənin nişanən, üç gün insanlarla yalnız işarə yolu ilə (əl, baş və gözlə işarə edərək) danışmağındır. (Bundan əlavə,) Rəbbini çox zikr et və səhər-axşam təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et)!”","Bir zamanlar mələklər demişdi: “Ey Məryəm! Həqiqətən, Allah səni seçib tər-təmiz etdi və aləmlərin (insanların) qadınlarından üstün tutdu.","Ey Məryəm, Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!”","(Ey Rəsulum!) Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir.Məryəmi hansı himayəsinə alacaq deyə (püşk üçün) qələmlərini atdıqları zaman sən onların yanında deyildin. (Buna görə) mübahisə etdikləri vaxt da sən onların yanında deyildin.","O vaxt mələklər demişdilər: “Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və Allahın Özünə yaxın tutduğu kimsələrdəndir.###[*] “Məsih” İbrani (İvrit) dilində “müqəddəs” mənasına gəlir və Həzrət İsanın ləqəbidir.","O, həm beşikdə ikən, həm də yetkinlik çağında insanlarla danışacaq və salehlərdən olacaqdır”.","Məryəm dedi: “Ey Rəbbim! Mənə heç bir bəşər (kişi) toxunmadığı halda necə uşağım ola bilər?” Allah dedi: “Elədir, (ancaq) Allah dilədiyini yaradar! O, bir işin olmasına hökm etdiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.","Allah ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.","Və o, İsrail oğullarına peyğəmbər (olacaqdır). (İsa deyəcək:) “Mən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldaram. Allahın izni ilə ölüləri dirildərəm. Evlərinizdə yediklərinizi və yığdıqlarınızı da sizə xəbər verərəm. Əgər möminsinizsə, əlbəttə, bunda sizin üçün bir dəlil vardır.","Məndən əvvəl göndərilən Tövratı təsdiqləyici olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Sizə, Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. Allahdan qorxun və mənə itaət edin!","Şübhəsiz, Allah mənim də, sizin də Rəbbinizdir. Elə isə, Ona ibadət edin! Bu doğru yoldur”.","İsa onların (yəhudilərin) inkarçılıqlarını hiss etdikdə dedi: “Allaha gedən yolda mənim köməkçilərim kim olacaq?” Həvarilər dedilər: “Biz Allahın (dininin) köməkçiləriyik. Allaha iman etmişik və sən də şahid ol ki, biz (Allaha) təslim olmuşuq!”","(Həvarilər dedilər:) “Ey Rəbbimiz, nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə tabe olduq. Elə isə, bizləri (Sənin birliyini və peyğəmbərini təsdiq edən) şahidlərlə birlikdə yaz!”","Onlar (yəhudilər) hiyləgərlik etdilər. Allah da (onlara) hiylə qurdu (hiylələrini pozdu). Allah (hiyləgərlərə qarşı) hiylə quranların ən yaxşısıdır.","O zaman Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin ruhunu alacağam və səni Öz dərgahıma qaldırıb kafirlərdən uzaqlaşdıracağam. Sənə tabe olanları da qiyamət gününə qədər kafirlərdən üstün tutacağam.Sonra qayıdışınız Mənədir və ixtilaf etdiyiniz şeylər barəsində aranızda hökm verəcəyəm!”","Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli bir əzab verəcəyəm. Onların heç bir köməkçisi də olmayacaqdır!","İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam olaraq verəcəkdir. Allah zülm edənləri sevməz.","(Ey Rəsulum!) Bunları sənə, ayələrdən və hikmətlə dolu olan Qurandan oxuyuruq.","Həqiqətən, Allah nəzdində İsanın məsəli (İsanın atasız dünyaya gəlməsi) Adəmin məsəli kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” - dedi, o da dərhal oldu.","Həqiqət, sənin Rəbbindəndir. Ona görə də şübhə edənlərdən olma!","Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki: “Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib Allahın lənətinin yalançıların üzərinə olmasını diləyək!”###[*] Bu ayəyə “Mübahilə ayəsi” deyilir ki, bir məsələ barəsində mübahisə edən iki tərəf, hansının haqlı olduğunu ortaya çıxarmaq üçün qarşılıqlı lənətləşirlər.","Həqiqətən, bu (İsa peyğəmbər haqqında söylədiklərimiz), əsil doğru xəbərdir. Allahdan başqa heç bir ilah yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir.","Əgər onlar üz döndərərlərsə, (bilsinlər ki,) həqiqətən, Allah fitnə-fəsad törədənləri tanıyandır.","De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”","Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? Halbuki Tövrat və İncil ondan sonra nazil edilmişdir. Siz heç düşünmürsünüzmü?","Baxın, siz bildiyiniz şeylər barəsində mübahisə etmişdiniz. Bəs bilmədiyiniz şeylər barəsində nə üçün mübahisə edirsiniz? Allah bilir, siz isə bilməzsiniz.###[*] Xristianlar və yəhudilər öz aralarında mübahisə edirdilər və hər iki tərəf İbrahim peyğəmbərin öz dinlərinə mənsub olduğunu iddia edirdi. Bunun üçün də dəlillər ortaya qoymağa çalışırdılar.","İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (Allahın birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.","Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər (Mühəmməd əleyhissalam) və (ona) iman gətirənlərdir. Allah möminlərin dostudur.","Kitab əhlindən bir dəstə sizi yolunuzdan döndərmək istədi. Halbuki onlar yalnız özlərini haqq yoldan döndərirlər, lakin (bunu) dərk etmirlər.","Ey kitab əhli! Allahın ayələrinə şahid olduğunuz halda nə üçün inkar edirsiniz?","Ey kitab əhli! Nə üçün həqiqətə yalan donu geyindirirsiniz və bilə-bilə həqiqəti gizlədirsiniz?","Kitab əhlindən (yəhudilərdən) bir dəstə dedi: “Möminlərə nazil edilənə (Qurana) səhər iman gətirin, axşam isə inkar edin ki, bəlkə onlar (şübhəyə düşərək öz dinlərindən) üz döndərələr.###[*] Xeybər yəhudilərindən 12 nəfərlik bir xaxam dəstəsi belə bir plan qurmuşdu ki, guya səhər İslama girəcəklər, ancaq axşama tərəf, öz müqəddəs kitablarına baxdıqlarında Mühəmməd peyğəmbərin həqiqi peyğəmbər olduğuna dair bir işarə görmədiklərini söyləyəcək və beləcə, möminlərdə peyğəmbərə qarşı şübhə oyandıracaqlar. Bu ayə, onların həmin planından xəbər verir.","Və sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”(- dedilər). (Ey peyğəmbər!) De ki: “Əlbəttə, doğru yol Allahın yoludur”. (Yəhudilər yenə öz aralarında belə dedilər:) “Sizə verilənin (Tövratın) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz nəzdində sizinlə mübahisə edəcəklərinə (inanmayın)!” De: “Həqiqətən, lütf Allahın əlindədir. Onu, dilədiyi şəxsə bəxş edər. Allah (lütfü ilə) genişdir, (hər şeyi) biləndir”.","(Allah,) Öz rəhmətini istədiyinə məxsus edər. Allah böyük lütf sahibidir.","Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu miqdarda (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Onlardan eləsi də var ki, əgər ona bir dinar əmanət etsən, başının üstündə möhkəm durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar belə demişdilər: “Ümmilərə görə bizə hər hansı bir günah yoxdur”. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.###[*] Bu ayədəki “ümmi” kəlməsi “əhli-kitabdan olmayan ərəblər” mənasındadır.","Xeyr! Kim öz əhdinə vəfa göstərər və (pis əməllərdən) çəkinərsə, (bilsin ki,) həqiqətən, Allah müttəqiləri sevər.","Allahla olan əhdlərini və andlarını az bir mənfəət müqabilində dəyişdirənlər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün acı bir əzab vardır.","Onlardan (kitab əhlindən) bir dəstə də kitabı (Tövratı) oxuyarkən dillərini əyib-bükərlər ki, onu (oxuduqlarını) kitabdan hesab edəsiniz. Halbuki, o (oxuduqları), kitabdan deyildir. Onlar, oxuduqlarının Allah dərgahından olduğunu deyərlər. Halbuki o, Allah dərgahından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.","Allah kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” - demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər:) “Öyrətdiyiniz kitaba və öyrəndiklərinizə uyğun olaraq Rəbbə xalis qullar olun!”###[*] Xristianlar Həzrət İsanın ilah olduğunu iddia edirlər. Həzrət İsanın gətirdiyi dində olmayan və Allahın birliyinə zidd olan bu iddia İslam dininə görə batil bir inancdır. Yuxarıdakı ayədə bu məsələyə işarə olunur.","O sizə, mələkləri və peyğəmbərləri özünüzə ilah qəbul etməyi əmr etməz. Müsəlman olduqdan sonra heç o sizə kafir olmağı əmr edərmi?","Bir vaxt Allah peyğəmbərlərdən: “Sizə kitab və hikmət verdim. Sonra sizdə olanı təsdiqləyən bir peyğəmbər gəldiyi zaman mütləq ona iman gətirəcək və ona yardım edəcəksiniz!” – deyə əhd almış və onlara: “Təsdiq edib əhdimi qəbul etdinizmi?” – demişdi. Onlar da: “Qəbul etdik!” - demişdilər. (O zaman Allah): “Elə isə, şahid olun! Mən də sizinlə bərabər şahid olanlardanam!” – demişdi.","Kim bundan sonra (haqq yoldan)üz döndərərsə, onlar əsil fasiqlərdir.","Göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olduğu halda onlar (kitab əhli) Allahın dinindən başqasınımı axtarırlar? Halbuki onlar Onun hüzuruna qaytarılacaqlar.","De: “Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun oğullarına nazil edilənə iman gətirdik. Rəbbi tərəfindən Musaya, İsaya və (digər) peyğəmbərlərə verilənlərə də (iman gətirdik). Onların heç biri arasında fərq qoymur və Biz Ona (Allaha) təslim oluruq!”","Kim İslamdan başqa bir din axtararsa, (bilsin ki, bu,) ondan qəbul olunmayacaq və o, axirətdə zərər çəkənlərdən olacaqdır.","İman gətirib peyğəmbərin haqq olduğuna şəhadət verdikdən və özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra kafir olan bir qövmü Allah necə doğru yola yönəldər?! Allah zalımlar qövmünü haqq yola yönəltməz!","Onların cəzası odur ki, Allahın, mələklərin və bütün insanların lənəti onların üzərinədir.","Onlar orada əbədi qalacaqlar. Onların əzabları yüngülləşdirilməyəcək və onlara heç möhlət də verilməyəcəkdir.","Ancaq bundan sonra tövbə edib doğru yolu tutanlar istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.","İman gətirdikdən sonra kafir olub, sonra küfrlərini daha da artıranların tövbələri əsla qəbul olunmaz! Onlar (doğru yoldan) azanlardır.","Həqiqətən, kafir olub kafir kimi ölənlərdən hər hansı biri (cəhənnəm əzabından xilas olmaq üçün) dünya dolusu qızılı fidyə versə belə, ondan qəbul olunmayacaqdır. Onlar üçün dəhşətli bir əzab vardır. Onların heç bir köməkçisi də olmayacaqdır.","Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir.###[*] “Yaxşılıq” olaraq tərcümə etdiyimiz “birr” kəlməsini təfsirçilər “cənnət, xeyrin və yaxşılığın zirvə nöqtəsi, Allahın rəhməti və rizası” olaraq təfsir etmişlər."]