["Onlar (müşriklər) nə barədə bir-birindən soruşurlar?","Böyük bir xəbər (Qiyamət) barəsində –","(elə bir xəbər) ki, onlar onun haqqında ixtilafdadırlar.","Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) mütləq biləcəklər!","Bir daha xeyr! Onlar mütləq biləcəklər!","Məgər Biz yeri döşək etmədikmi?","Dağları da dirəklər?","(Ey insanlar!) Biz sizi (erkək və dişi olmaqla) cüt yaratdıq.","Yuxunuzu da (sizin üçün) rahatlıq etdik.","Gecəni örtük etdik.","Gündüzü isə ruzi qazanmaq vaxtı etdik.","Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.","Parlaq bir çıraq (günəş) yaratdıq.","Biz buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,","onunla toxum və (digər) bitkilər yetişdirək,","habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).","Həqiqətən, (haqqı batildən) ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!","(Ey insanlar!) Sur üfürüləcəyi gün siz (məhşərə) dəstə-dəstə gələcəksiniz.","(O gün) göy açılacaq və (mələklərin yerə enməsi üçün göydə) qapıları olacaqdır.","Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcəkdir.","Həqiqətən, Cəhənnəm pusquda dayanıb (kafirləri) gözləyir.","O, həddi aşanların qayıdacağı yerdir.","Onlar orada əsrlər boyu qalacaqlar.","Onlar orada nə bir sərinlik, nə də içəcək bir şey dadacaqlar.","(İçdikləri) yalnız qaynar su və irin (olacaqdır) –","(Dünyada ikən etdikləri əməllərə) müvafiq bir cəza olaraq.","Çünki, onlar hesaba çəkiləcəklərini güman etmirdilər.","Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.","Biz hər bir şeyi hesablayıb (lövhi-məhfuzda) yazmışıq.","Elə isə dadın (əzabı)! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!","Həqiqətən, müttəqilər üçün qurtuluş vardır.","(Həmçinin) bağlar və üzümlüklər,","dolğun döşlü həmyaşıd qızlar","(Cənnət şərabı ilə) ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!","Onlar orada nə boş bir söz, nə də bir yalan eşidəcəklər.","(Bunlar) Rəbbindən olan mükafat, bol bol verilən töhfədir.","Göylərin, yerin və onların arasında olanların Rəhman olan Rəbbindən. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.","O gün Ruh (Cəbrail) və mələklər səf-səf duracaq. Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. (İzin verdiyi kimsə də) doğrunu danışacaqdır.","O haqq olan bir gündür. Kim istəsə Rəbbinə aparan yolu tutar!","Biz sizi yaxın bir əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə etdiyinə baxacaq, kafir isə: “Kaş mən torpaq olaydım!”– deyəcəkdir.","And olsun (kafirlərin canını) şiddətlə çəkib çıxaranlara!","And olsun (möminlərin canını) rahatlıqla alanlara!","And olsun (Allahın əmri ilə göydən yerə) sürətlə üzənlərə!","And olsun (Allahın əmrini əda etmək üçün bir-birini) ötdükcə ötənlərə!","And olsun işi yerinə yetirənlərə!","O gün (sura ilk üfürülüş ilə) lərzəyə gələn titrəyəcək.","Onun ardınca təkrar titrəyəcəkdir (Sur ikinci dəfə üfürüləcəkdir).","O gün qəlblər (qorxudan) tir-tir əsəcək.","(O qəlb sahiblərinin) gözləri (qorxudan) zəlil bir görkəm alacaqdır.","Onlar deyərlər: “\"Doğrudanmı biz (öldükdən sonra yenidən) əvvəlki halımıza qaytarılacağıq?","Çürümüş sümüklər olduğumuzdan sonramı?","Onlar: “O zaman bu, ziyanlı bir qayıdışdır”– dedilər.","O (surun axırıncı dəfə üfürülməsi) təkcə qorxunc bir səsdir.","Onlar dərhal (qəbirlərindən) yerin səthinə çıxacaqlar.","(Ey Peyğəmbər!) Musanın xəbəri sənə gəlib çatdımı?","O zaman Rəbbi ona müqəddəs Tuva vadisində (belə) nida etmişdi:","“Fironun yanına get! Çünki o, həddi aşmışdır.","(Ona) de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?","Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”","(Musa) ona ən böyük ayəni göstərdi.","O isə (haqqı) yalan saydı və asi oldu.","Sonra da üz döndərib (tələsərək) getdi.","O, (camaatını) toplayıb (onlara) nida edərək:","“Mən sizin ən uca Rəbbinizəm!”– dedi.","(Beləliklə də) Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.","Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət vardır.","Sizin yaradılışınız çətindir, yoxsa göyün? Onu (Allah) bina etdi.","Onun tavanını yüksəltdi, düzəldib kamilləşdirdi.","Gecəsini qaranlıq edib, gündüzünü də nurlandırdı.","Bundan sonra yeri döşəyib (insanların orada yaşaması üçün onu yararlı bir hala gətirdi).","Ondan suyunu və otlağını çıxartdı.","Dağları da (yerə) bərkitdi.","Sizin və heyvanlarınızın faydalanması üçün.","Ən böyük fəlakət (Qiyamət) gəldiyi zaman –","o gün insan etdiklərini xatırlayacaqdır.","Cəhənnəm isə hər görənə göstəriləcəkdir.","Amma kim həddi aşıbsa,","dünya həyatını (axirətdən) üstün tutubsa,","şübhəsiz ki, Cəhənnəm onun məskənidir.","Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxubsa və nəfsə istəyini yasaq edibsə,","şübhəsiz ki, Cənnət onun məskənidir.","(Ey Peyğəmbər!) Səndən Qiyamətin nə zaman qopacağı barəsində soruşurlar.","Sən onu haradan biləsən?!","Onu kamil bilmək Rəbbinə aiddir.","Sən yalnız ondan (Qiyamətdən) qorxanı xəbərdar edənsən.","Onlar Qiyaməti gördükləri gün (dünyada) sanki bir axşam yaxud bir səhər qaldıqlarını güman edəcəklər!","(Peyğəmbər) qaşqabağını tökdü və üz çevirdi –","yanına kor (Abdullah ibn Ümmi-Məktum) gəldiyinə görə.","(Ey Muhamməd!) Nə bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi","yaxud öyüd dinləyib və bu öyüd ona fayda verəcəkdi!","(Öyüd-nəsihətinə) ehtiyacı olmayana gəlincə isə,","sən ona tərəf çevrilirsən.","Onun (günahlardan) təmizlənməməsinin sənə bir aidiyyəti yoxdur.","Amma tələsərək sənin yanına gələn,","(Allahdan) qorxan kimsəyə gəlincə,","sən ona məhəl qoymursan!","Xeyr (Bir daha belə etmə)! Şübhəsiz ki, bu (ayələr), bir öyüd-nəsihətdir.","Kim istəsə, ondan öyüd-nəsihət alar.","(Bu Quran) möhtərəm səhifələrdədir.","uca və pak (səhifələrdə).","(Bu səhifələr) elçilərin (mələklərin) əllərindədir.","möhtərəm və müti olan (mələklərin əllərində).","Ölsün (kafir) insan! O necə də nankordur!","(Qoy baxsın), Allah onu nədən yaratdı?","(Allah) onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı.","Sonra onun yolunu asanlaşdırdı.","Sonra onu öldürüb qəbirə saldı.","Sonra da istədiyi vaxt onu (yenidən) dirildəcəkdir.","Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.","Qoy insan yediyinə baxsın!","Biz yağışı bol-bol yağdırdıq.","Sonra da yeri çat-çat yardıq.","Orada dən yetişdirdik.","(Habelə) üzüm və yonca,","zeytun və xurma (ağacları),","sıx-sıx bağlar,","meyvələr və otlar da (bitirdik).","Sizin və heyvanlarınızın faydalanması üçün.","Qulaqları kar edən səs gələndə –","o gün insan qaçacaq öz qardaşından,","anasından, atasından,","həyat yoldaşından və övladlarından!","O gün onlardan hər birinin yetərincə işi olacaqdır.","O gün (neçə-neçə) üzlər parlayacaq.","Güləcək və fərəhlənəcək.","O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq.","Onları zülmət bürüyəcək.","Məhz onlar kafirlər, günahkarlardır!","Günəş büküləcəyi zaman;","ulduzlar (sönüb yerə) töküləcəyi zaman;","dağlar hərəkətə gətiriləcəyi zaman;","boğaz dəvələr başlı-başına qalacaqları zaman;","vəhşi heyvanlar bir yerə toplanacağı zaman;","dənizlər alovlanacağı zaman;","nəfislər (öz tayına) qovuşdurulacağı zaman;","diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –","hansı günaha görə öldürülmüşdür;","səhifələr (əməl dəftərləri) açılacağı zaman;","göy (yerindən) qopardılacağı zaman;","Cəhənnəm alovlandırılacağı zaman","Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;","hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir.","And içirəm (gecə çıxıb gündüz) batan ulduzlara,","seyr edib gizlənən səyyarələrə,","qaralmaqda olan gecəyə,","açılmaqda olan səhərə!","Bu (Quran) möhtərəm bir elçinin (Cəbrailin) sözüdür.","(O elçi ki,) qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir.","Orada (mələklər arasında) itaət ediləndir, (vəhyi çatdırmaqda) etibarlıdır.","Sizin yoldaşınız (Muhamməd) dəli deyildir.","O, (Cəbraili) aydın üfüqdə gördü.","O, qeyb barəsində paxıl deyildir (qeybi xəbərləri sizdən əsirgəməz).","Bu (Quran) daşqalaq olunmuş şeytanın sözü də deyildir.","Elə isə (ondan üz döndərib) hara gedirsiniz?","Bu (Quran), aləmlərə yalnız bir öyüd-nəsihətdir.","Sizlərdən doğru yolda olmaq istəyənlər üçün.","Aləmlərin Rəbbi olan Allah (doğru yolda olmağınızı) istəməyincə, siz istəyə bilməzsiniz!","Göy parçalanacağı zaman;","ulduzlar səpələnəcəyi zaman;","dənizlər daşıb bir-birinə qarışacağı zaman;","qəbirlər çevriləcəyi zaman;","hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.","Ey insan! Kərim olan Rəbbinə qarşı səni aldadan nədir?","O Rəbbin ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.","Səni istədiyi şəklə saldı.","Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz!","Sizin üzərinizdə nəzarətçilər vardır.","Hörmətli (əməllərinizi) yazan mələklər.","Onlar sizin nə etdiklərinizi bilirlər.","Həqiqətən, yaxşılar nemət içində olacaqlar.","Günahkarlar isə Cəhənnəmdə olacaqlar.","Onlar ora Din (hesab) günü girəcəklər.","Onlar oradan çıxa bilməyəcəklər.","(Ey Peyğəmbər!) Sən nə biləydin ki, Din günü nədir?","Sonra sən nə biləydin ki, Din günü nədir?","O gün heç kəs heç kəsə heç bir fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaqdır!","Çəkidə və ölçüdə aldadanların vay halına!","O kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər.","Onlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər.","Məgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?!","(Özü də) əzəmətli bir gündə.","O gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar!","Xeyr! Günahkarların kitabı Siccindədir.","Sən nə biləsən ki, Siccin nədir?!","O, yazılı bir kitabdır!","O gün (Qiyaməti) yalan sayanların vay halına!","O kəslər ki, Din gününü yalan sayarlar.","Bunu həddi aşan günahkardan başqa heç kəs yalan saymaz.","Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər.","Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.","Xeyr, o gün onlarla Rəbbi arasına pərdə çəkiləcəkdir!","Sonra onlar Cəhənnəmə girəcəklər.","Sonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir.","Xeyr! Yaxşıların kitabı İlliyyundadır!","Sən nə biləsən ki, İlliyyun nədir?!","O, yazılı bir kitabdır!","Ona, Allaha yaxın olanlar (mələklər) şahid olar.","Həqiqətən, yaxşılar nemət içində olacaqlar.","Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.","Sən onların üzündə nemətlərin sevincini görəcəksən.","Onlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir.","Onun sonu müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!","Onun qatışığı təsnimdəndir (təsnim bulağındandır).","O elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.","Günahkarlar (dünyada) iman gətirənlərə gülürdülər.","Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər.","Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar.","Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər.","Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər.","Bu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər.","Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.","Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!","Göy yarılacağı","və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;","Yer dümdüz ediləcəyi,","içindəkiləri (kənara) atıb boşalacağı","və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;","Ey insan! Sən səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!","Kimin kitabı sağ əlinə veriləcəksə,","o, yüngül haqq-hesaba çəkiləcək","və ailəsinə sevinərək dönəcək!","Kimin kitabı arxa tərəfindən (sol əlinə) veriləcəksə,","o (özünə) ölüm diləyəcək","və alovlu atəşə atılacaq!","O, (dünyada ikən) ailəsində sevinc içində idi","Çünki o heç bir zaman (Rəbbinin hüzuruna) qayıtmayacağını zənn edirdi.","Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.","And içirəm şəfəqə,","Gecəyə və (gecənin) ağuşuna aldıqlarına,","bədirlənmiş aya!","(Ey insanlar!) Siz mütləq haldan-hala düşəcəksiniz.","Onlara nə olub ki, iman gətirmirlər?","Onlara Quran oxunduqda səcdə etmirlər?","Əksinə, küfr edənlər (haqqı) yalan sayırlar.","Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!","Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ!","İman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat vardır.","And olsun bürclər sahibi olan göyə!","And olsun vədə verilmiş günə (Qiyamət gününə)!","And olsun şahidlik edənə və şahidlik edilənə!","Məhv olsun xəndək sahibləri!","Odunla alovlandırılmış (xəndəklər).","O zaman onlar xəndəklərin ətrafında oturub,","möminlərə etdiklərinə seyr edirdilər.","(Kafirlər) onlardan yalnız Qüdrətli, Tərifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.","Göylərin və yerin mülkü Ona məxsusdur. Allah hər şeyə Şahiddir.","Şübhəsiz ki, mömin kişilərə və mömin qadınlara işkəncə verib sonra da tövbə etməyənlərə Cəhənnəm əzabı və onları yandırıb-yaxan od əzabı vardır.","İman gətirib saleh əməllər edənlər üçün (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər vardır. Bu, böyük uğurdur.","(Ey Peyğəmbər!) Doğrudan da, Rəbbinin (günahkarları) yaxalaması çox şiddətlidir!","Həqiqətən, (hər şeyi) ilk olaraq yaradan və (öldükdən sonra onu) yenidən dirildən Odur.","Çox bağışlayan da, çox Sevən də Odur!","Ərşin sahibidir, Şan-şöhrəti uca olandır!","İstədiyini edəndir.","(Ey Peyğəmbər!) Qoşunların xəbəri sənə gəlib çatdımı?","Firon və Səmud (qoşunlarının).","Xeyr, küfr edənlər (haqqı) yalan saymaqdadırlar.","Allah onları arxadan əhatə etmişdir.","Xeyr, o şanlı Qurandır.","O, lövhi-məhfuzdadır.","And olsun səmaya və Tariqə!","(Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Tariq nədir?","(O, qaranlıqları) dəlib keçən parlaq ulduzdur.","Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi (mələk) olmasın!","Qoy insan nədən yaradıldığına bir baxsın!","O, atılan sudan (nütfədən) yaradılmışdır.","O (su) bel və sinə sümükləri arasından çıxır.","Şübhəsiz ki, Allahın onu (öldükən sonra) yenidən diriltməyə qadirdir.","O gün (qəlblərdə olan) sirlər aşkar olunacaqdır.","(O gün) onun (insanın) nə bir qüvvəsi, nə də bir köməkçisi olar.","And olsun yağış sahibi olan göyə!","And olsun (növbənöv bitkilərlə) yarılan yerə!","Həqiqətən, bu (Quran, haqqı batildən) ayıran bir sözdür.","O, əyləncə (boş söz) deyil.","Onlar (kafirlər) hiylə qururlar.","Mən də hiylə qururam.","(Ey Peyğəmbər!) Kafirlərə möhlət ver! Onlara bir az da möhlət ver.","Ən Uca Rəbbinin adını təsbih et!","O Rəbbin ki, (hər şeyi) yaratdı və kamilləşdirdi.","O Rəbbin ki, (hər şeyin müqəddəratını əzəldən) müəyyən etdi və yol göstərdi.","O Rəbbin ki, otlağı çıxartdı.","Sonra da onu (çürüyüb) qaralmış samana çevirdi.","(Ey Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan.","Yalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir.","Biz səni ən asan olana (Cənnətə aparan əməllərə) müvəffəq edəcəyik.","(Ey Peyğəmbər!) Xatırlatmaq fayda versə, xatırlat!","(Allahdan) qorxan öyüd-nəsihət götürəcəkdir.","Ən bədbəxt (kafir kimsə) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.","O kimsə ki, ən böyük alova (Cəhənnəm alovuna) atılacaqdır.","Sonra orada nə öləcək, nə də yaşaya biləcək.","(Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.","O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.","Xeyr, siz dünya həyatını üstün tutursunuz.","Axirət isə daha xeyirli və daha davamlıdır.","Həqiqətən də, bu (anlatılanlar), əvvəlki səhifələrdə də vardır –","İbrahimin və Musanın səhifələrində.","(Ey Peyğəmbər!) Qiyamətin xəbəri sənə gəlib çatdımı?","O gün (neçə-neçə) üzlər (qorxudan) zəlil bir görkəm alacaqdır.","Çalışıb, yorulacaq,","qızmar oda girəcək,","qaynar çeşmədən (su) içirdiləcək.","Onların daridən (acı və pis qoxulu tikanlı bitkidən) başqa bir yeməyi olmayacaqdır.","(O yemək onları) nə doydurar, nə də aclıqdan qurtarar.","O gün (neçə-neçə) üzlər sevinəcək,","(dünyadakı) səylərindən razı qalacaq,","uca Cənnətdə olacaq,","orada faydasız bir söz eşitməyəcək.","Orada axar çeşmələr vardır;","Orada hündür taxtlar,","qoyulmuş piyalələr,","yan-yana düzülmüş yastıqlar,","və sərilmiş xalçalar var.","Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?","Göyə (baxmırlar ki) necə ucaldılmışdır?","Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?","Yerə (baxmırlar ki) necə döşədilmişdir?","(Ey Peyğəmbər!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.","Sən onların üzərində hökmdar deyilsən.","Lakin kim üz döndərib küfr edərsə,","Allah onu ən böyük əzabla cəzalandırar.","Şübhəsiz ki, onların dönüşü Bizədir.","Sonra onları hesaba çəkmək də Bizə aiddir.","And olsun fəcrə (dan yerinin ağardığı vaxta)!","And olsun on gecəyə (zülhiccə ayının ilk on gecəsinə)!","And olsun cütə və təkə!","And olsun keçib getməkdə olan gecəyə!","Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?","(Ey Peyğəmbər!) Məgər Rəbbin (Hud qövmü) Ada nələr etdiyini görmədinmi?!","Sütunlar sahibi İrəmə (İrəm qəbiləsinə)?!","Halbuki yer üzündə onlar kimisi xəlq edilməmişdi.","(Habelə) vadidə qayaları yonan (Salehin qövmü) Səmuda?!","Eləcə də dirəklər sahibi Firona?","Onlar məmləkətlərdə həddi aşmış,","Oralarda çoxlu fəsad törətmişdilər.","Rəbbin də onlara əzab qamçısı endirdi.","(Ey Peyğəmbər!) Həqiqətən Rəbbin (qullarının əməllərinə) nəzarət edir.","İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərsə və ona nemət versə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.","Amma onu sınayıb ruzisini azaltsa: “Rəbbim məni alçaltdı!”– deyər.","Xeyr! Əksinə siz yetimə ehtiram göstərmirsiniz.","Miskini yedirməyə bir-birinizi təşviq etmirsiniz.","Mirası hərisliklə yeyirsiniz.","Mal-dövləti də olduqca çox sevirsiniz.","Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,","Rəbbin və mələklər səf-səf düzülərək gələcək","və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaq. Lakin (bu) xatırlamanın ona nə faydası?","O: “Kaş (axirət) həyatım üçün öncədən hazırlıq görəydim!”– deyəcəkdir.","O gün Allahın verdiyi əzabı kimsə verə bilməz.","Onun bağladığı kimi kimsə bağlaya bilməz.","(O gün möminə deyiləcəkdir:) “Ey arxayın olan nəfs!","Razı qalmış və razılıq qazanmış halda Rəbbinə tərəf dön!","(Saleh) qullarımın arasına keç!","(Onlarla birgə) Cənnətimə daxil ol!","And içirəm bu şəhərə (Məkkəyə)!","Sən bu şəhərdə sakinsən. (Yaxud: Sənə bu şəhərdə istədiyini etmək halaldır).","And olsun ataya (Adəmə) və onun zürriyyətinə!","Biz insanı çətinlik içində xəlq etdik.","Məgər o (insan), heç kəsin ona gücü çatmayacağınımı güman edir?!","O: “Mən (Muhammədə düşmənçilik yolunda) çoxlu mal xərclədim!”– deyir.","Məgər o, heç kəsin onu görməyəcəyinimi zənn edir?!","Biz ona iki göz vermədikmi?!","Eləcə də, bir dil və iki dodaq (vermədikmi)?!","Biz ona iki yolu (haqqı və batili) göstərmədikmi?!","O, sərt yoxuşu aşa biləmədi.","Sən nə bilirsən ki, o sərt yoxuş nədir?","(O,) kölə azad etməkdir","və ya aclıq günündə (möhtaca) yemək verməkdir –","qohumluğu çatan bir yetimə,","yaxud (aclıqdan) yerə sərilmiş miskinə!","Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.","Onlar sağ tərəf sahibləridir.","Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.","Onları hər tərəfdən qapalı Cəhənnəm gözləyir.","And olsun günəşə və onun saçdığı şəfəqə!","And olsun onu təqib edən aya!","And olsun (günəşi) parlaq edən gündüzə!","And olsun (günəşi) örtüb-bürüyən gecəyə!","And olsun göyə və onu bina edənə! (Yaxud: And olsun göyə və onun yaradılışına).","And olsun yerə və onu döşəyənə!","And olsun nəfsə və ona (gözəl) biçim verənə,","ona (nəfsə) günahlarını və (Allahdan) qorxmasını təlqin edənə!","Nəfsini (günahdan) təmizləyən nicat tapmışdır.","Onu (günaha) batıran isə ziyana uğramışdır.","Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisi Salehi) inkar etdi.","Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdığı zaman","Allahın elçisi (Saleh) onlara: “Allahın (bu) dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”– dedi.","Onlar isə onu (Salehi) yalançı sayıb, dəvəni kəsdilər. Rəbbi də bu günahlarına görə onların hamısını məhv edib yerlə yeksan etdi.","Allah bunun aqibətindən qorxmaz!","And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!","And olsun (günəşin çıxması ilə) işıqlanmaqda olan gündüzə!","And olsun kişini və qadını (erkəyi və dişini) yaradana!","(Ey insanlar!) Sizin səyləriniz müxtəlifdir!","Kim (malını Allah yolunda) verər və (Allahdan) qorxarsa,","və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) təsdiq edərsə,","Biz onu ən asan olana (saleh əmələ) müyəssər edəcəyik.","Kim də (malını Allah yolunda xərcləməyə) xəsislik edib, (Rəbbinə) ehtiyacı olmadığını güman etsə","və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) yalan hesab edərsə,","Biz onu ən çətin olana (şər əmələ) müyəssər edəcəyik.","(Cəhənnəmə) düşdükdə var-dövləti ona fayda verməyəcək.","Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.","Sözsüz ki, Axirət də, dünya da Bizimdir.","(Ey insanlar!) Mən sizi alov saçan bir odla qorxutdum.","Ona ancaq ən bədbəxt kimsə (kafir) daxil olar.","O kimsə ki, (haqqı) yalan sayar və (ondan) üz döndərər.","Allahdan ən çox qorxan isə (o Oddan) uzaqlaşdırılacaqdır.","O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir.","Onun boynunda başqa bir kimsəyə əvəz veriləcək heç bir minnət yoxdur.","(O bunu) ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (ixlasla) edər.","O, razı qalacaqdır!","And olsun səhərə!","And olsun (zülməti ilə hər şeyi) örtən gecəyə!","(Ey Peyğəmbər!) Rəbbin nə səni tərk etdi, nə də (sənə) qəzəbləndi.","Axirət sənin üçün dünyadan daha xeyirlidir.","Rəbbin sənə (nemət) bəxş edəcək və sən də (Ondan) razı qalacaqsan.","Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?!","Səni çaşqın halda tapıb doğru yola yönəltmədimi?","Səni yoxsul ikən tapıb zəngin etmədimi?","Elə isə yetimə xor baxma!","Dilənçini də qovma!","Və Rəbbinin nemətindən söhbət aç.","(Ey Peyğəmbər!) Məgər Biz sənin üçün sinəni (qəlbini) açıb genişlətmədikmi?","Yükünü səndən götürmədikmi? (Yaxud: Günahlarını bağışlamadıqmı?)","(Elə bir yük ki) belini bükmüşdü.","Biz sənin ad-sanını ucaltmadıqmı?","Şübhəsiz ki, çətinliklə bərabər bir asanlıq vardır.","Əlbəttə ki, çətinliklə bərabər bir asanlıq vardır.","(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!","(Yalnız) Rəbbinə üz tut!","And olsun əncirə və zeytuna!","And olsun Sina dağına!","And olsun bu əmin-aman şəhərə (Məkkəyə)!","Biz insanı ən gözəl biçimdə yaratdıq!","Sonra isə onu aşağı qatların ən aşağısına qaytardıq.","Yalnız iman gətirib saleh əməllər edənlər müstəsnadır! Onlar üçün tükənməz mükafat vardır.","(Ey insan!) bundan sonra səni dini (haqq-hesab gününü) yalan saymağa məcbur edən nədir?","Məgər Allah hakimlərin hakimi deyilmi?","(Ey Peyğəmbər!) Yaradan Rəbbinin adı ilə oxu!","O, insanı qan laxtasından yaratdı.","Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.","O, qələmlə (yazmağı) öyrətdi.","İnsana bilmədiklərini öyrətdi.","Xeyr! İnsan, doğrudan da, həddini aşır –","özünün ehtiyacsız olduğunu gördükdə.","Şübhəsiz dönüş ancaq Rəbbinədir.","Mane olan kimsəni (Əbu Cəhli) gördünmü?","Bir bəndəyə (Muhammədə) namaz qıldığı zaman?","Söylə görək, əgər o (bəndə) doğru yoldadırsa,","yaxud təqvanı əmr edirsə?","Söylə görək, əgər o (kafir haqqı) yalan sayıb üz döndəribsə?","Məgər o, Allahın (onu) gördüyünü bilmirmi?!","Xeyr! Əgər (o pis əməlinə) son qoymasa, Biz onun kəkilindən tutub (Cəhənnəmə) sürükləyəcəyik –","yalançı, günahkar kəkilindən.","Qoy öz tərəfdarlarını (köməyə) çağırsın.","Biz də zəbaniləri (əzab mələklərini) çağıracağıq.","Xeyr, sən ona tabe olma! Səcdə et və (Allaha) yaxınlaş!","Həqiqətən, Biz (Quranı) Qədr gecəsində nazil etdik!","(Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?","Qədr gecəsi min aydan daha xeyirlidir.","O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər bir işə görə (yerə) enərlər.","O gecə sübh açılanadək əmin-amanlıq olur.","Kitab əhlindən və müşriklərdən kafir olanlar özlərinə açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər.","(Bu dəlil) pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir (Muhamməddir).","O səhifələrdə doğru yazılar (hökmlər) vardır.","Kitab verilənlər özlərinə yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər.","Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdur. Doğru din də elə budur!","Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən kafir olanlar, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən şərliləridirlər.","İman gətirib saleh əməllər edənlərə gəlincə isə onlar məxluqatın ən xeyirliləridirlər.","Onların Rəbbinin yanındakı mükafatı (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələr üçündür!","Yer titrəyib lərzəyə gələcəyi zaman;","Yer öz yükünü bayıra atacağı","və insan: “Ona (yerə) nə olub?”– deyəcəyi zaman –","həmin gün yer öz xəbərlərini söyləyəcəkdir.","Çünki Rəbbin ona belə vəhy etmişdir.","O gün insanlar əməllərinin onlara göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar!","Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.","Kim də zərrə qədər şər bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.","And olsun tövşüyərək qaçan atlara!","And olsun (dırnaqları ilə) qığılcım çıxaran atlara!","And olsun sübh çağı həmlə edən atlara.","(Hücuma keçərək) tozanaq qaldıran atlara.","Onunla (tozanaqla) dəstənin içərisinə soxulan atlara.","Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.","O özü də buna şahiddir.","Həqiqətən o, xeyirə (var-dövlətə) çox hərisdir.","Məgər o bilmir ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı","və sinələrdə (qəlblərdə) olanlar aşkar ediləcəyi zaman –","O gün Rəbbi onlardan xəbərdardır.","(Qəlbləri qorxuya salan) Qariə!","Nədir Qariə?","Sən nə bilirsən ki, nədir Qariə?","O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr kimi olacaqlar.","Dağlar isə didilmiş yun kimi olacaqdır.","(O gün) kimin tərəziləri ağır gələrsə,","O xoş güzəran içində olacaqdır!","Kimin də tərəziləri yüngül gələrsə,","onun məskəni Haviyə olacaqdır.","Sən nə bilirsən o (Haviyə) nədir?","O, çox qızmar bir oddur!","(Ey insanlar!) Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,","nəhayət qəbirləri ziyarət etdiniz.","Xeyr! Siz (aqibətinizi) biləcəksiniz!","Bir də xeyr! Siz (aqibətinizi) biləcəksiniz!","Xeyr! Kaş ki, yəqin biləydiniz.","Siz Cəhənnəmi mütləq görəcəksiniz!","Sonra onu öz gözünüzlə mütləq görəcəksiniz!","Sonra da o gün nemətlər barəsində hökmən sorğu-sual olunacaqsınız.","And olsun əsrə (zamana, əsr vaxtına və ya əsr namazına)!","Həqiqətən, insan xüsran içərisindədir.","Yalnız iman gətirib saleh əməllər edənlər, bir-birinə haqqı tövsiyə edənlər və bir-birinə səbri tövsiyə edənlərdən başqa.","Hər bir qeybət edənin, tənə vuranın vay halına!","O kimsə ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır.","Mal-dövlət onu əbədi saxlayacağını (onu ölümdən qoruyacağını) güman edir.","Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.","Sən nə biləsən Hutəmə nədir?","(O,) Allahın yanar odudur.","Elə bir od ki, qalxıb ürəklərə çatar.","O (Od) onların üzərinə bağlı olacaqdır.","(Onlar orada) yüksək dirəklərə bağlanmış olacaqlar.","(Ey Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?","Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?","Onların üzərinə dəstə-dəstə quşlar göndərdi.","(O quşlar) onların üstünə (odda bişmiş) gildən daşlar yağdırdı.","(Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi.","Qureyşin birliyi xatirinə,","onların qış və yay səfərlərindəki birliyi xatirinə","onlar bu Evin Rəbbinə ibadət etsinlər.","O Allah ki, onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.","(Ey Peyğəmbər!) Dini (hesab gününü) yalan sayan kimsəni gördünmü?","O elə kimsədir ki, yetimi qovar","və (heç kəsi) miskini yedirtməyə təşviq etməz.","Vay halına namaz qılanların –","o kəslərin ki, onlar namazlarında səhlənkardırlar.","Onlar (namazlarında) riyakarlıq edərlər","və kiçik bir şeyi verməkdən belə imtina edirlər.","(Ey Peyğəmbər!) Biz sənə Kövsəri bəxş etdik.","Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs!","Doğrusu, sənə ədavət bəsləyənin (As ibn Vailin) özü sonsuzdur.","(Ey Peyğəmbər!) De: “Ey kafirlər!","Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm.","Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.","Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm.","Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.","Sizin dininiz sizə, mənim dinim də mənədir!”","Allahın köməyi və fəth (Məkkənin fəthi) gəldiyi zaman,","insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə,","Rəbbini həmd-səna ilə təsbih et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!","Əbu Ləhəbin əlləri qurusun, qurudu da!","Ona nə malı fayda verdi, nə də qazandığı.","O, alovlanan bir oda girəcəkdir.","Onun odun daşıyan arvadı da.","Onun (arvadının) boynunda xurma liflərindən kəndir olacaqdır.","(Ey Peyğəmbər!) De: “O Allah Təkdir!","Allah Möhtac deyildir.","O, nə doğub, nə də doğulub,","Onun heç bir bənzəri də yoxdur”.","(Ey Peyğəmbər!) De: “Sığınıram sübhün Rəbbinə!","Xəlq etdiklərinin şərindən,","zülməti çökən gecənin şərindən,","düyünlərə üfürən (cadugər) qadınların şərindən","və həsəd apardığı zaman paxılın şərindən!”","(Ey Peyğəmbər!) De: “Sığınıram insanların Rəbbinə,","insanların Sahibinə,","insanların İlahına!","Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qaçıb) gizlənən şeytanın şərindən","O şeytan ki, insanların sinələrinə (qəlblərinə) vəsvəsə salır,","(O şeytan) cinlərdən də olur, insanlardan da!”"]