["Tövrat nazil olmamışdan əvvəl İsrailin (Yəqubun) özünə haram etdiklərindən savayı bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”","Bundan sonra kim Allaha qarşı yalan uydurarsa, məhz onlar zalımlardır.","De: “Allah doğru söyləmişdir. Elə isə İbrahimin hənif dininə tabe olun. (Çünki) o, müşriklərdən deyildi”.","Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı olaraq insanlar üçün ilk bina edilən ev Bəkkədəki evdir.","Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Ora daxil olan kəs əmin-amanlıqda olar. Yoluna gücü çatan hər kəsin (müqəddəs) Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.","De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz Allahın ayələrini inkar edirsiniz?!”","De: “Ey Kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışaraq iman gətirənləri Allah yolundan azdırırsınız?!” (Halbuki,) Allah sizin etdiklərinizdən qafil deyildir.","Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi iman gətirdikdən sonra döndərib kafir edərlər.","Sizə Allahın ayələri oxunduğu halda, Onun Rəsulu da aranızda ikən, siz necə küfr edə bilərsiniz?! Kim Allaha möhkəm bağlanarsa, həqiqətən, doğru yola yönəlmiş olar.","Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!","Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola yönələsiniz.","Qoy içinizdən xeyrə çağıran, yaxşı işləri əmr edib, pis əməlləri qadağan edən bir camaat olsun. Məhz onlar nicat tapanlardır.","Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Məhz onlar üçün böyük bir əzab vardır.","O gün (neçə-neçə) üzlər ağaracaq, (neçə-neçə) üzlər də, qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!”– deyiləcəkdir.","Üzləri ağ olan kəslər isə Allahın mərhəməti içərisində olacaq və onlar orada əbədi qalacaqlar.","Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz.","Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Bütün) işlər sonda Allaha qaytarılacaqdır.","Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu azmış) fasiqlərdir.","Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz.","Harada olursa olsunlar, onlara zillət (damğası) vurulmuşdur. Yalnız Allahın ipinə və (ya) insanların ipinə sarılan kimsələr müstəsnadır. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara yoxsulluq üz vermişdir. Bu (cəza) ona görədir ki, onlar Allahın ayələrinə küfr etmiş və (bəzi) peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu (həm) də onların asilik etmələri və həddi aşmalarına görə idi.","Onların hamısı eyni deyil. Kitab əhli içərisində (dinində) sabitqədəm bir toplum vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.","Onlar Allaha və Axirət gününə iman gətirir, yaxşı işləri əmr edib, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisaleh insanlardandırlar.","Onların etdiyi yaxşılıqların heç biri inkar edilməz. Allah müttəqiləri tanıyır.","Kafirlərin nə malları, nə də övladları, Allah yanında onlara heç bir fayda verməyəcəkdir. Onlar Od sakinləridirlər və orada əbədi olaraq qalacaqlar.","Onların bu dünya həyatında xərclədiklərinin məsəli, özlərinə zülm edən bir qövmün əkinlərinə ziyan vurub onu məhv edən şiddətli soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm etdilər.","Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş tutmayın. (Çünki) onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Qəlblərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.","Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz. Siz (nazil olmuş) kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz də, iman gətirdik!”– deyir, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah qəlblərdə olanları biləndir.","Sizə bir uğur nəsib olduqda, (bu) onları kədərləndirər, sizə bir fəlakət üz verdikdə isə, ona sevinərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların hiyləsi sizə heç bir zərər verməz. Sözsüz ki, Allah onların etdiklərini əhatəyə almışdır.","Bir zaman sən (Uhuddakı) döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getmişdin. Allah, (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!","O zaman sizlərdən iki dəstə (döyüşü tərk edib geri) qayıtmaq fikrinə düşmüşdü. Allah isə onların yardımçısı idi. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.","Siz zəif olduğunuz halda, Allah Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz.","O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək köməyinizə çatması, sizə yetməzmi?”","Əlbəttə, əgər səbir edib Allahdan qorxsanız və onlar da elə indi sizin üstünüzə hücum etsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.","Allah bunu sizə sırf bir müjdə olsun və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Zəfər yalnız Qüdrət və Hikmək sahibi olan Allahdandır.","(Allah belə etdi ki, bununla) kafirlərin bir qisminin kökünü kəssin, yaxud onları alçaltsın və beləcə, məyus halda geri dönsünlər, –","Bu işin sənə aidiyyəti yoxdur, – (müsəlman olsalar, Allah ya) onların tövbəsini qəbul edər və ya (inkar etsələr, Allah) onlara əzab verər. Çünki onlar zalımdırlar.","Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhmlidir.","Ey iman gətirənlər! Qat-qat artırılmış sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız.","Kafirlər üçün hazırlanmış Oddan qorxun.","Allaha və (Onun göndərdiyi) Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olunsun.","Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.","O kəslər ki, bolluqda da, qıtlıqda da, (mallarından Allah yolunda) xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər.","O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri (pis) işlərdə bilə-bilə israr etməzlər.","Onların mükafatı, Rəbbindən bağışlanma və (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!","Sizdən öncə də, (bir çox belə) hadisələr olub keçmişdir. Elə isə yer üzünü gəzib (haqqı) yalan sayanların aqibətinin necə olduğunu görün.","Bu (Quran) insanlar üçün bir açıqlama, müttəqilər üçün isə doğru yol göstəricisi və öyüd-nəsihətdir.","Zəiflik göstərməyin və kədərlənməyin. Əgər möminsinizsə, (bilin ki,) üstün olan kəslər sizsiniz.","Əgər siz (döyüşdə) yara almışsınızsa, (sizə düşmən olan) qövm də o cür yara almışdı. Biz bu günləri – (qalibiyyəti və məğlubiyyəti,) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevməz.","(Bunu, həm də) Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin (deyə belə etdik).","Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri ayırd etmədən Cənnətə daxil olacağınızımı güman edirsiniz?!","Siz (düşmənlə) qarşılaşmadan öncə, (Allah yolunda) ölməyi arzulayırdınız. İndi isə siz onu gördüyünüz halda baxıb durursunuz.","Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də, elçilər gəlib-getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz (dininizdən) gerimi dönəcəksiniz?! Kim geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz. Allah şükür edənləri mükafatlandıracaqdır.","Allahın izni olmadan heç kəs ölümü dadmaz. (Əcəl) əzəldən müəyyən edilmiş bir yazıdır. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mükafatlandıracağıq.","Neçə-neçə peyğəmbər (olmuşdur ki,) onlarla birlikdə bir çox dindarlar da vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn (müsibətlərə) görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevər.","Onların sözü ancaq: “Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.","Beləcə, Allah onlara həm dünya mükafatını, həm də axirət mükafatının ən gözəlini verdi. Allah yaxşılıq edənləri sevər.","Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi (dininizdən) geri döndərər və beləliklə də, siz ziyana uğramış halda geri qayıdarsınız.","Halbuki, sizin himayəçiniz Allahdır. O, kömək edənlərin ən yaxşısıdır.","Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağıq. Onların gedəcəkləri yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!","Siz Allahın izni ilə (düşmənlərinizi) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, (Allah) sizə istədiyiniz (qələbəni) göstərdikdən sonra siz zəiflik göstərib (Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün (üzünüzü) onlardan döndərdi. O, artıq sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.","O zaman Peyğəmbər arxanızdan – (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda, siz heç kəsə məhəl qoymadan (düşməndən) qaçırdınız. (Allah da) qəminizin üstünə qəm qoymaqla sizi cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.","Sonra bu qəm-qüssənin ardınca (Allah) sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. Bir dəstə də, öz canlarının hayına qalaraq, Allah barəsində haqsız yerə, cahiliyyə (dövründəkinə bənzər) zənnə qapılıb: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyirdi. De: “Sözsüz ki, bütün işlər Allaha aiddir!” Onlar sənə açıb demədiklərini öz qəlblərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah qəlblərdə olanları biləndir”.","(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən geri dönənləri, məhz qazandıqları bəzi günahlar üzündən şeytan yoldan azdırdı. (Buna baxmayaraq) Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir.","Ey iman gətirənlər! Yer üzündə səfərə çıxmış və ya döyüşə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bu (qənaəti) onların qəlblərində bir həsrət olsun deyə (belə) etdi. Halbuki, dirildən də, öldürən də, Allahdır. Allah nə etdiklərinizi görür.","Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, (bilin ki,) Allahın məğfirəti və rəhməti onların topladıqları şeylərdən daha xeyirlidir.","Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna toplanacaqsınız.","Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onları əfv et, onlar üçün (Allahdan) bağışlanma dilə və (görəcəyin) işlər barədə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər.","Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər?! Qoy möminlər Allaha təvəkkül etsinlər!","(Heç bir) peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra isə hər kəsə əməllərinin əvəzi tam verilər və onlara zülm edilməz.","Allahın rizasını qazanmağa can atan kəslə, Allahın qəzəbinə gələn kəs eyni ola bilərmi?! Onun gedəcəyi yer Cəhənnəmdir. Ora nə pis qayıdış yeridir!","Onlar Allah qatında (müxtəlif) dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!","Allah möminlərə, onların öz içərisindən, özlərinə Allahın ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir Elçi göndərməklə lütf göstərdi. Halbuki, bundan öncə onlar açıq-aydın azğınlıq içərisində idilər.","Siz (Bədirdə) onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, (Uhudda) başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.","(Uhudda) iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın","və münafiqləri bəlli etsin. (Münafiqlərə:) “Gəlin, Allah yolunda döyüşün, yaxud (heç olmasa) müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik”– dedilər. Onlar o gün imandan çox küfrə (daha) yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.","(Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə itaət etsəydilər, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru deyirsinizsə, elə isə ölümü özünüzdən uzaqlaşdırın!”","Allah yolunda öldürülənləri əsla ölü sanma. Əksinə, (onlar) diridirlər; onlara Rəbbi yanında ruzi verilir.","Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətə fərəhlənir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və kədərlənməyəcəklərinə sevinirlər.","Onlar Allahın nemətinə və lütfünə görə, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər.","Yara aldıqdan sonra belə, Allahın və Onun rəsulunun dəvətini qəbul edən kimsələr, (xüsusəndə) onlardan yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır.","O kəslər ki, (bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıb, onlardan qorxun!”– dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Vəkildir!”– dedilər.","Beləcə, özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və lütfü sayəsində geri döndülər və beləliklə də, Allahın rizasına tabe oldular. Allah böyük lütf sahibidir.","O şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Əgər möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!","Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah onlara (küfürlərindən dolayı) axirətdə heç bir pay nəsib etmək istəmir. Onlar üçün böyük bir əzab vardır.","Həqiqətən də, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağrılı-acılı bir əzab vardır.","Kafirlər, onlara verdiyimiz möhlətin heç də özləri üçün xeyrli olduğunu güman etməsinlər. Biz onlara yalnız günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır.","Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin (hazırda) olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər (ona qeybdən bəzi şeyləri öyrədər). Elə isə Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizin üçün böyük bir mükafat vardır.","Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr heç də bu onların xeyrinə olduğunu güman etməsinlər. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.","“Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah, əlbət ki, eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürdüklərini yazacaq və (onlara) deyəcəyik: “Dadın o yandırıb-yaxan əzabı!","Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir.” Yoxsa Allah qullarına zülm edən deyildir.","“(Doğrusu,) Allah bizdən əhd almışdı ki, odun yandıracağı bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq”– deyənlərə (belə) de: “Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz (qurbanla) gəlmişdilər. Əgər doğru danışırsınızsa, onda nə üçün onları öldürdünüz?”","Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl açıq-aydın dəlillər, səhifələr və nur saçan kitab gətirmiş elçiləri də yalançı hesab etmişdilər.","Hər kəs ölümü dadacaqdır. Sözsüz ki, Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.","Siz mütləq malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.","Bir zaman Allah Kitab verilənlərdən: “Siz o (kitabı) mütləq insanlara açıqlayacaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə əhd almışdı. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!","Etdikləri əməllərə görə fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır.","Göylərin və yerin mülkü Allaha məxsusdur. Allah hər şeyə qadirdir.","Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.","O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər (və deyərlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Cəhənnəm əzabından qoru!","Ey Rəbbimiz! Sən Oda saldığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Zalımların heç bir köməkçisi olmaz.","Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılarla birgə al!","Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə vəd etdiklərini bizə ver və Qiyamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan!”","Rəbbi onlara (belə) cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz (kişi, qadın, savab və cəza baxımında eynidir). Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”.","Qoy kafirlərin (rifah içində) diyarbədiyar gəzib dolaşması səni aldatmasın!","Bu, az bir mənfəətdir. Sonra isə onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis yataqdır!","Fəqət öz Rəbbindən qorxanlar üçün, Allahdan bir ziyafət olaraq, (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah yanında olan (nemətlər) yaxşı əməl sahibləri üçün daha xeyirlidir.","Həqiqətən, Kitab əhlindən elələri də vardır ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirər, Allahın ayələrini ucuz qiymətə satmazlar. Məhz onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.","Ey iman gətirənlər! Səbir edin, (düşmən qarşısında) dözümlü olun, daima keşikdə durun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!","Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib (yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah üzərinizdə nəzarətçidir.","Yetimlərin mallarını (yetkinlik yaşına çatdıqda) özlərinə qaytarın və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, bu, (Allah qatında) böyük günahdır.","Əgər (himayənizdə olan) yetim qızlarla (evlənəyəcəyiniz təqdirdə) ədalətlə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn (sizə halal olan başqa) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxarsınızsa, o halda (onlardan) biri ilə evlənin və ya sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyiniz üçün ən uyğun olanıdır.","Qadınlara mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz istəkləri ilə onun bir qismini sizə bağışlasalar, onu nuşcanlıqla və halallıqla yeyin!","Allahın sizin üçün dolanışıq vasitəsi etdiyi mallarınızı səfehlərə verməyin. Onları o maldan yedirdib, geyindirin və onlara xoş söz söyləyin.","Yetimləri həddi-büluğ yaşına çatanadək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın. (Böyüyüb mallarını geri alacaqlar deyə,) o malları israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan (qəyyum) nəfsini saxlasın, yoxsul isə (o maldan) ehtiyacı olduğu qədər yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər.","Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay vardır; valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan qadınlara da pay vardır. Bu (mal) istər az olsun, istərsə də çox, (onlar üçün) müəyyən edilmiş bir paydır.","Əgər bölgü vaxtı orada, (mirasdan payı olmayan) qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara da o maldan bir şey verin, özlərinə də xoş söz söyləyin.","Özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər, qoy (yetimlərə haqsızlıq etməkdən də) qorxsunlar, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər.","Şübhəsiz ki, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan atəşə girəcəklər.","Allah sizə övladlarınız haqqında, kişiyə iki qadının payı qədər pay verilməsini buyurur. Əgər qadınlar ikidən artıq sayda qadındırsa, (vəfat edənin) qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, (mirasın) yarısı ona çatır. (Ölənin) övladı olduğu təqdirdə, onun valideynlərindən hər birinə, qoyub getdiyi (malın) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına (mirasının) üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaşları və (ya bacıları) varsa, onun anasına (mirasın) altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilməzsiniz. Bunlar Allah tərəfindən fərz buyrulmuş paylardır. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Əgər (vəfat etmiş) zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Onların övladı olduğu təqdirdə isə qoyub getdiklərinin dörddə bir hissəsi sizə çatır. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizindir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır. (Vəfat etmiş) kişinin və ya qadının atası, övladı olmadığı halda malı varislərə qalarsa (və eyni anadan) bir qardaşı yaxud bir bacısı varsa, bu halda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. Bu bölgü, varislərə zərər yetirməmək şərti ilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir buyruqdur. Allah (hər şeyi) biləndir, həlimdir.","Bunlar Allahın (qoyduğu) hüdudlardır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Bu, böyük uğurdur.","Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəmə vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.","Qadınlarınızdan zina edənlərə qarşı aranızdan dörd şahid gətirin! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!","Aranızda belə (yaramaz) iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) islah etsələr, onlara əziyyət verməkdən vaz keçin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.","Allah yanında qəbul edilən tövbə, yalnız cahillik üzündən pis iş gördükdən sonra dərhal tövbə edən kimsələrin tövbəsidir. Allah belələrinin tövbəsini qəbul edər. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərlə, kafir kimi ölənlərin tövbəsi qəbul deyildir. Biz belələri üçün ağrılı-acılı bir əzab hazırlamışıq.","Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin (mehrin) bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.","Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, bundan heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməklə geri alacaqsınız?","Bir-birinizlə yaxınlıq etdiyiniz və (həm də) onlar sizdən möhkəm əhd-peyman aldıqları bir halda onu necə geri ala bilərsiniz?","Olub-keçənlər istisna olmaqla (bundan sonra) atalarınızın evləndiyi qadınlarla evlənməyin. Çünki bu, iyrənc və qəzəb doğuran bir əməl, həm də pis bir yoldur.","Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, o halda (onların qızları ilə evlənməyiniz) sizə günah deyildir – öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir."]