["Sahib olduğunuz cariyələr müstəsna olmaqla, evli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqası ilə, nikah bağlamaqla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək (mehrlərini verərək) evlənməyiniz (qadınlar) sizə halal edildi. (Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə, onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olmayan kimsə əllərinizin altında olan mömin cariyələrlə evlənsin. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiz (eyni kökdənsiniz). Elə isə namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan cariyələrlə sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. Bu (cariyələrlə evlənmək izni), günaha batmaqdan qorxanlarınız üçündür. Əgər səbir etsəniz, bu sizin üçün daha xeyirli olar. Allah bağışlayandır, rəhmlidir.","Allah sizə (şəriət hökmlərini) bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Şəhvətlərinə uyanlar isə sizin (haqq) yoldan büsbütün çıxmanızı istəyirlər.","Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, (çünki) insan zəif yaradılmışdır.","Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət müstəsna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir.","Kim düşmənçilik və zülm edərək bu işləri görərsə, Biz onu Cəhənnəm oduna daxil edərik. Bu, Allah üçün asandır.","Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin (kiçik) günahlarını əff edər və sizi şərəfli bir yerə – (Cənnətə) daxil edərik.","Allahın birinizi digərinizdən üstün etdiyi şeylərə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahın lütfündən diləyin. Həqiqətən, Allah hər şeyi biləndir.","Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan (öz paylarını alacaq) varislər təyin etdik. And içib əhd bağladığınız kəslərə də öz paylarını verin. Həqiqətən, Allah hər şeyə şahiddir.","Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın insanlardan bəzilərini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görədir. Əməlisaleh qadınlar itaətkar olub, Allahın himayəsi sayəsində (ərlərinin namusunu və malını) gizlində də qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (bunun faydası olmadığı təqdirdə,) yataqda onları tərk edin, (bu da fayda verməzsə,) onları vurun! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah ucadır, böyükdür.","Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o halda kişinin ailəsindən bir hakim və qadının ailəsindən də bir hakim göndərin. Əgər bu iki tərəf aranı düzəltmək istəyərsə, Allah onları barışdırar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.","Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, miskinlərə, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevməz.","O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirir və Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.","Onlar öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Şeytan kimin dostudursa, necə də pis dostdur o!","Onlar Allaha və Axirət gününə iman gətirib, Allahın onlara verdiyi ruzidən (Onun yolunda) xərcləsəydilər, nə olardı? Allah onların (hər bir işini) bilir.","Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah onun savabını) qat-qat artırar və (bu əməl sahibinə) Öz tərəfindən böyük mükafat bəxş edər.","Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman (onların halı) necə olacaqdır?","Küfr edib Peyğəmbərə asi olanlar o gün yerlə bir olmalarını təmənna edər və heç bir sözü Allahdan gizlədə bilməzlər.","Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, eləcə də, cunub olduğunuz halda, – yolda olan müsafirlər müstəsna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmişsinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.","Kitabdan özlərinə pay verilmiş kəslərin azğınlığı satın aldıqlarını və sizi (doğru) yoldan azdırmaq istədiklərini görmürsənmi?","Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Dost olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!","Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişib, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq”, “eşit, eşitməz olasan” və “raina! (bizə qayğı göstər!)\" – deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik”, “eşit” və “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, (bu) onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi. Onların yalnız az bir qismi iman gətirər.","Ey Kitab verilmişlər! Üzləri sıyırıb (dümdüz edərək) arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə, sizə göndərilənləri təsdiqləyici olaraq nazil etdiyimiz Qurana iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.","Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, (amma) bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan şəxs böyük bir günah edərək iftira atmış olur.","Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, Allah istədiyini təmizə çıxardar və onlara xurma çəyirdəyindəki lif qədər haqsızlıq edilməz.","Bax, necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah olaraq (onlara) kifayət edər!","Kitabdan pay verilmişləri görmürsənmi? Özləri bütə (yaxud sehrə) və tağuta (Allahdan başqa ibadət olunanlara) inanmaqla yanaşı, (hələ bir) kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar” – deyirlər.","Onlar Allahın lənətlədiyi kimsələrdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapa bilməzsən.","Yoxsa onların mülkdən bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çəyirdəyindəki oyuq qədər (bir şey) verməzdilər.","Yoxsa onlar Allahın Öz lütfündən verdiyi şeylərə görə insanlara həsəd aparırlar?! Biz İbrahim nəslinə Kitab və hikmət bəxş etmiş və onlara böyük bir mülk vermişdik.","Onlardan bir qismi ona (Muhəmmədə) iman gətirdi, bir qismi də ondan üz çevirdi. Cəhənnəm onlara yandırıb-yaxan od olaraq kifayət edər.","Şübhəsiz ki, ayələrimizi inkar edənləri oda atacağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı (daim) dadsınlar deyə, Biz o (dəriləri) başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir.","İman gətirib saleh əməllər edənləri isə (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün pak zövcələr vardır. Biz onları sıx kölgəlikdə yerləşdirəcəyik.","Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir.","Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, onu Allaha və Peyğəmbərə qaytarın. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.","Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta (kahinlərə və ya Allahın hökmündən başqa hökm verənlərə) müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaları əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.","Onlara: “Allahın nazil etdiyinə və Rəsuluna tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən tamamilə üz çevirdiklərini görərsən.","Öz əlləri ilə törətdikləri günahlara görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və (mübahisə edənləri) barışdırmaq istədik!”– deyə Allaha and içdikdə, onların halı necə olacaq?","Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və onlara özləri barədə təsirli söz söylə.","Biz hər bir elçini, – Allahın izni ilə – məhz itaət edilsin deyə göndərdik. Əgər (günahkarlar) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər.","Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim olmayınca iman gətirmiş olmazlar.","Əgər onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi müstəna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və sabitlik baxımından daha möhkəm olardı.","O zaman Biz də onlara Öz tərəfimizdən böyük bir mükafat verər","və onları doğru yola yönəldərdik.","Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır!","Bu lütf Allahdandır. (Hər şeyi) bilən olaraq Allah yetər.","Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, (düşmənə qarşı) ya bölük-bölük, ya da hamınız birgə həmlə edin!","Həqiqətən, içərinizdə, (cihada çıxdıqda) ləng tərpənən və sizə bir müsibət üz verdikdə: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım”– deyənlər də vardır.","Əgər Allahdan sizə bir lütf yetişərsə, sanki sizinlə onun arasında heç bir dostluq yoxmuş kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”– deyər.","Qoy dünya həyatı qarşılığında axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, Biz ona böyük bir mükafat verərik.","Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) çıxart, bizə Öz tərəfindən bir himayəçi yolla, bizə Öz tərəfindən bir yardımçı göndər!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?!","İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut (şeytan) yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.","Məgər sən, özlərinə: “(Döyüşdən) əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq fərz buyrulduqda, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi, hətta daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çəyirdəyindəki lif qədər belə haqsızlıq edilməz”.","Harada olursunuzsa olun, hətta əlçatmaz qalalarda olsanız belə, (yenə də) ölüm sizi haqlayacaqdır. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?","(Ey insan!) Sənə gələn yaxşılıq Allahdandır, sənə üz vermiş bəla isə sənin özündəndir. (Ey Məhəmməd!) Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah yetər.","Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik.","Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə, onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görər. Allah onların gecələr nə tədbir gördüklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq (sənə) Allah yetər.","(Məgər) Onlar Quran barəsində düşünmürlərmi?! Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilaf tapardılar.","Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, dərhal onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan əmr sahiblərinə çatdırsaydılar, içərilərindən (o xəbərin) mahiyyətinə varan kəslər onu bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz müstəsna olmaqla, şeytana uyardınız.","Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də (döyüşə) təşviq et! Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüdrəti daha çox, cəzası daha şiddətlidir.","Kim yaxşı bir işə vasitəçilik edərsə, ona (bunun savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik edərsə, ona da (onun günahından) bir pay düşər. Allah hər bir şeyə şahiddir və hər bir əməlin qarşılığını verəndir.","Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya (verilən salamı) olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin hesabını çəkəndir.","Allah, Özündən başqa heç bir məbud olmayandır. (O,) Sizi qiyamət günündə mütləq (bir yerə) toplayacaqdır. Bunda əsla şübhə yoxdur. Allahdan daha doğru danışan kim ola bilər?","Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə küfrə qaytarmışdır. (Yoxsa) Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün əsla (doğru) yol tapa bilməzsən.","Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə, onlardan (heç birini) özünüzə dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, öldürün. Onlardan (özünüzə) nə bir dost, nə də bir köməkçi tutun.","Ancaq sizinlə aralarında anlaşma olan bir topluma sığınanlar, yaxud sizinlə və ya öz qövmü ilə vuruşmaqdan qəlbləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr müstəsnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizin onlara qarşı (vuruşmanıza) yol verməz.","Digərlərinin də həm sizdən, həm də öz qövmündən arxayın olmaq istədiklərini görəcəksiniz. Onlar hər dəfə fitnəyə qaytarıldıqda, (gözüyumulu) ona atılarlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, öldürün. Biz (artıq) onlara qarşı çıxmaq üçün sizə açıq-aydın dəlil verdik.","Heç bir möminin başqa bir mömini öldürməyə haqqı yoxdur. Bunun səhvən baş verməsi isə müstəsnadır. Kim səhvən bir mömini öldürərsə, o zaman mömin bir kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Ölənin ailəsinin (qanbahasını) bağışlaması isə müstəsnadır. Əgər (ölən adam) mömin olduğu halda, sizə düşmən olan bir qövmdəndirsə, onda (qatil) mömin bir kölə azad etməlidir. Əgər (ölən adam) sizinlə aralarında anlaşma olan bir qövmdəndirsə, o halda (qatil) onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. (Bunları etməyə imkan) tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.","Ey iman gətirənlər! Allah yolunda (cihada) çıxdığınız zaman (kimə qarşı vuruşacağınızı) müəyyən edin və sizə salam verən (və ya müsəlman olduğunu bildirən) şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!” – deməyin. Allah yanında çox qənimətlər vardır. (Halbuki) Əvvəllər siz də onlar kimi idiniz, (lakin) Allah sizə lütf etdi. Elə isə (kimə qarşı vuruşacağınızı) müəyyən edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.","Möminlərdən – üzrlü olanlar müstəsna olmaqla – (cihaddan geridə qalıb evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah, öz malları və canları ilə cihad edənləri, (geridə qalıb evdə) oturanlardan dərəcə etibarilə üstün etmişdir. Allah (onların) hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah mücahidləri (geridə qalıb evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.","(Bu,) Onun tərəfindən (möminlərə nəsib olacaq) dərəcələr, bağışlanma və mərhəmətdir. Allah bağışlayandır, rəhmlidir.","Mələklər özlərinə zülm edənlərin canlarını alarkən (onlara:) “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!” – deyə cavab verəcəklər. (Mələklər də onlara:) “Məgər Allahın yeri (diyarınızı tərk etmənizə yetəcək) qədər geniş deyildimi ki, siz də orada hicrət edəydiniz?”– deyəcəklər. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir.","Yalnız (zülmə qarşı) çarə qılmağa qadir olmayan və (hicrət etməyə) yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar müstəsnadır.","Ola bilsin ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.","Allah yolunda hicrət edən kəs yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun rəsuluna tərəf hicrət edərək evindən çıxdıqdan sonra ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah bağışlayandır, rəhmlidir.","Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanızda sizə günah yoxdur. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşməninizdir.","(Ey Muhamməd!) Sən onların (səhabələrinin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birgə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. (Sonra) namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını tutsunlar və silahlarını da (özləri ilə) götürsünlər. Kafirlər istərlər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər – (bir həmlədə sizi məğlub etsinlər). Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız, silahlarınızı yerə qoymaqda sizə günah yoxdur, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.","Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin. (Düşmənin hücum etməyəcəyindən) arxayın olduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir.","(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) ağrı-acı çəkirsinizsə, onlar da sizin kimi ağrı-acı çəkirlər. (Fəqət) siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","(Ey Muhamməd!) Allahın sənə öyrətdiyi ilə insanlar arasında hökm verəsən deyə, Biz sənə Kitabı haqq olaraq nazil etdik. Odur ki, xainlərin tərəfini tutma.","Allahdan bağışlanma dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.","Özlərinə xəyanət edənləri müdafiə etmə. Şübhəsiz ki, Allah xain günahkarı sevməz.","Onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söyləyərkən, (onu) insanlardan gizlədir, öz yanlarında olan Allahdan isə gizlətmirlər. Allah onların nə etdiklərini əhatə edəndir.","Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə etdiniz, bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcəkdir, yaxud onlara kim vəkil olacaqdır?","Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər.","Kim günah qazanarsa, onu ancaq öz əleyhinə qazanmış olar. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.","Kim xəta edər və ya günah qazanar, sonra da onu təqsiri olmayanın boynuna atarsa, artıq özünü böhtanla və açıq aydın günahla yükləmiş olar.","(Ey Muhamməd!) Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni (doğru yoldan) azdırmaq istəyəcəkdi. Halbuki onlar özlərindən başqasını azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Allah sənə Kitabı və hikməti nazil etdi və sənə bilmədiklərini öyrətdi. Allahın sənə olan lütfü böyükdür.","Onların pıçıdaşmalarının çoxunda xeyir yoxdur. Sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanların arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə müstəsnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik.","Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxıb möminlərin yolundan başqa bir yolla gedərsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmə giriftar edərik. Ora nə pis dönüş yeridir.","Allah Ona şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqa günahları isə istədiyi kimsəyə bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.","Onlar Allahı qoyub, yalnız qadın (adlarını daşıyan) bütlərə dua edir və yalnız üsyankar şeytana sitayiş edirlər.","Allah onu (şeytanı) lənətlədi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini mütləq ələ alacağam.","Onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam, onlara heyvanların qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə dost tutan kəs açıq-aşkar ziyana uğramışdır.","(Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Halbuki şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir.","Onların gedəcəkləri yer Cəhənnəmdir. Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər.","İman gətirib saleh əməllər edənləri isə (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. (Bu,) Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğru kim ola bilər?","Bu (nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir dost, nə də bir yardımçı tapacaqdır.","Mömin olaraq həm kişilərdən, həm də qadınlardan yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çəyirdəyindəki oyuq qədər haqsızlıq edilməz.","Yaxşı əməl sahibi olduğu halda özünü Allaha təslim edən və hənif İbrahimin dininə tabe olan şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi (Özünə yaxın) dost tutmuşdur.","Göylərdə və yerdə nə varsa, (hamısı) məxsusdur. Allah hər şeyi əhatə etmişdir.","Səndən qadınlar barədə soruşurlar. De: “Allahın onlar barədə hökmü belədir: “Kitabda sizə oxunan (ayələrdə) özlərinə müəyyən edilmişi (mehiri və ya mirası) verməyərək evlənmək istədiyiniz yetim qızlarla, zəif uşaqlarla və yetimlərlə ədalətlə rəftar edin”. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.","Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında anlaşmasında onlara günah gəlməz. Aranı düzəltmək daha xeyirlidir. Doğrusu, nəfslər xəsisliyə meyillidir. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.","Siz nə qədər çalışsanız da, (yenə də) qadınlar arasında ədalətlə davrana bilməzsiniz. Elə isə (birinə) tamamilə meyl edib, digərini asılı vəziyyətdə qalmış kimi buraxmayın. Əgər (özünüzü) düzəldib (Allahdan) qorxsanız, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.","Əgər (ər-arvad bir-birindən) ayrılsalar, Allah hər birini Öz lütfü ilə zəngin edər. Allah geniş lütf və hikmət sahibidir.","Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də: “Allahdan qorxun!” – deyə buyurduq. Əgər küfr etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah zəngindir, tərifəlayiqdir.","Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Vəkil olaraq Allah yetər.","Ey insanlar! Əgər (Allah) istəsə, sizi yox edib (yerinizə) başqalarını gətirər. Allah buna qadirdir.","Kim dünya mükafatını istərsə, (bilsin ki,) dünya və axirət mükafatı Allah yanındadır. Allah eşidəndir, görəndir.","Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olsa belə, Allah üçün ədaləti qoruyan şahidlər olun. (Əleyhinə şahidlik edəcəyiniz kəslər) istər varlı, istər kasıb olsun, Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub ədalətdən azmayın! Əgər dilinizi əysəniz, yaxud (həqiqəti deməkdən) boyun qaçırsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır.","Ey iman gətirənlər! Allaha, Onun elçisinə, elçisinə nazil etdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən kəs, şübhəsiz ki, dərin bir azğınlığa düşmüşdür.","İman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir.","Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab vardır.","O kəslər ki, möminləri qoyub kafirləri (özlərinə) dost tuturlar. Məgər onlar kafirlərin yanında izzətmi axtarırlar? Halbuki izzət tamamilə Allaha məxsusdur.","(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini, yaxud onlara istehza olunduğunu eşitdiyiniz zaman, (kafirlər və ya müşriklər) başqa bir söhbətə keçməyincə, onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə toplayacaqdır.","Sizə göz qoyan (münafiqlər,) Allahdan sizə bir zəfər gəldikdə: “Məgər biz sizinlə deyildikmi?”– deyər, kafirlərin (qələbədən) bir nəsibi olduqda isə (onlara:) “Məgər biz sizə dəstək olub, sizi möminlərdən qorumadıqmı?”– söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminlərin əleyhinə əsla bir yol verməz.","Münafiqlər Allahı aldatmağa çalışırlar. Əslində isə Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.","Onlar (imanla küfr arasında) tərəddüd edir; nə bunlara, nə də onlara tərəf olurlar. Allahın azdırdığı kəs üçün heç bir yol tapa bilməzsən.","Ey iman gətirənlər! Möminləri qoyub kafirləri (özünüzə) dost tutmayın. Allaha, öz əleyhinizə açıq-aydın bir dəlilmi vermək istəyirsiniz?!","Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar. Sən onlar üçün heç bir yardımçı tapa bilməzsən.","(Bundan) yalnız tövbə edib, (özlərini) islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər müstəsnadır. Bu kimsələr möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir.","Əgər şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin! Allah şükrün əvəzini verəndir, (hər şeyi) biləndir."]