["(Ey Muhamməd) Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən şiddətlisi olduğunu görəcəksən. “Biz nəsraniyik!”– deyənləri isə sevgi baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər var və onlar təkəbbürlük göstərməzlər.","Allahın elçisinə nazil ediləni (Quranı) eşitdikləri zaman, haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar (belə) deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!","Rəbbimizin bizi əməlisaleh insanlarla birlikdə (Cənnətə) daxil edəcəyinə ümid etdiyimiz halda, nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq?!”","Söylədikləri (bu) sözdən dolayı, Allah onlara (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər bəxş etdi. Yaxşı iş görənlərin mükafatı budur.","Küfür edib ayələrimizi yalan sayanlar isə cəhənnəmlikdirlər.","Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz.","Allahın sizə halal və təmiz olaraq bəxş etdiyi ruzilərdən yeyin və iman gətirdiyiniz Allahdan qorxun!","Allah sizi, qəsdiniz olmadan içdiyiniz andlara görə cəzalandırmaz, lakin O sizi, qəsdən içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində on miskin yedirtmək, yaxud (on miskin) geyindirmək, yaxud da bir kölə azad etməkdir. (Bunları) tapmayan kəs üç gün (ardıcıl) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə şükür edəsiniz.","Ey iman gətirənlər! Şübhəsiz ki, şərab da, qumar da, (ibadət üçün) dik qoyulmuş bütlət (və ya daşlar) da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.","Həqiqətən, şeytan şərab və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı anmaqdan və namazdan ayırmaq istər. Bunlara son qoyacaqsınızmı?","Allaha itaət edin, Onun rəsuluna itaət edin və (pis əməllərdən) çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Rəsulumuzun öhdəsinə düşən yalnız açıq təbliğ etməkdir.","İman gətirib yaxşı işlər görənlərə, (Allahdan) qorxaraq iman gətirib saleh əməllər etdikləri, sonra (yenə Allahdan) qorxaraq iman gətirdikləri, sonra (yenə də Allahdan) qorxaraq yaxşı işlər gördükləri təqdirdə, (haram edilməzdən əvvəl) daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevər.","Ey iman gətirənlər! Allah sizi (ihramda ikən) əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla (onu qadağan etməklə) imtahan edər ki, kimin gizlində Ondan qorxduğunu üzə çıxarsın. Bundan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır.","Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, (kəffarəsi) öldürdüyünün mislində bir (qurbanlıq) heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, (sonra da həmin) qurbanlıq heyvan Kəbəyə (Məkkəyə) çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, ya da buna bərabər oruc tutmalıdır ki, əməlinin cəzasını dadsın. Allah olub-keçənləri bağışlamışdır. Kim yenə (bu günaha) qayıtsa, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam almağa qadirdir.","Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətcə quruda ov etmək isə sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!","Allah Kəbəni – Beytulharamı, haram ayı, (həcc) qurbanını və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə etdi. Bu, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bildiyini anlamanız üçündür. Allah hər şeyi biləndir.","Bilin ki, Allah şiddətli cəza verəndir, həmçinin, Allah bağışlayandır, rəhmlidir.","Allah rəsulunun üzərinə düşən (vəzifə) ancaq təbliğ etməkdir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.","(Ey Muhamməd!) De: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz”. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.","Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə agah olar. (Halbuki) Allah (soruşduğunuz o şeyləri) əfv etmişdir. Allah bağışlayandır, həlimdir.","Sizdən əvvəl olan bir qövm onlar barədə soruşmuş, sonra da (onları inkar edib) kafir olmuşdu.","Bəhirə, saibə, vəsilə və ham (adlandırılıb bütlərə nəzir edilən heyvanlar) barəsində Allah heç nə buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların çoxu isə (bunu) anlamırlar.","Onlara: “Allahın nazil etdiyinə və rəsula tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəs edər”– deyirlər. Bəs ataları bir şey bilməyib doğru yola yönəlməyiblərsə, necə?!","Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmış kimsə sizə zərər yetirə bilməz. Hamınızın dönüşü Allahadır və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.","Ey iman gətirənlər! Sizlərdən birinə ölüm gəldiyi zaman, vəsiyyət əsnasında içinizdən iki ədalətli kişi aranızda şahidlik etsin. Səfərdə ikən başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan başqa iki kişini də şahid tuta bilərsiniz. Əgər (müsəlman olmayan bu şahidlər barədə) şübhəyə düşsəniz, namazdan (əsr namazından) sonra hər ikisini saxlayın və qoy onlar: “Yaxın qohumların lehinə olsa belə, bu andı heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq”– deyə and içsinlər.","Əgər bu ikisinin (müsəlman olmayan bu iki şahidin yalandan şahidlik edərək) günah iş tutduğu aşkara çıxarsa, o zaman onların yerini, haqsızlığa məruz qalmış (varislərdən ölüyə) daha yaxın olan iki kişi tutar və onlar: “And olsun ki, bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğrudur və biz (heç kəsin haqqına) təcavüz etmədik. Əks halda biz, əlbəttə, zalımlardan olarıq”– deyə Allaha and içərlər.","Bu (hökm), onların şəhadəti olduğu kimi vermələri, yaxud andlarından sonra (bu) andların (varislər tərəfindən) rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və (Onu) dinləyin! Allah günahkar qövmü doğru yola yönəltməz.","Allah elçiləri toplayacağı gün deyəcək: “Sizə nə cavab verildi?” Onlar isə: “Biz heç nə bilmirik. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”– deyə cavab verəcəklər.","O zaman Allah buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldiyin zaman, onlardan kafir olanları: “Bu, ancaq açıq-aydın bir sehrdir”– dedikdə (və səni öldürmək istədikdə,) Mən onları səndən dəf etmişdim.","Bir zaman həvarilərə: “Mənə və rəsuluma iman gətirin!” deyə əmr etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!”– demişdilər.","Bir zaman həvarilər demişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə endirə bilərmi?” O da (onlara): “Əgər möminsinizsə, Allahdan qorxun!”– demişdi.","Onlar dedilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun, bizə doğru söylədiyini bilək və ona şahidlik edənlərdən olaq\".","Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir dəlil olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən xeyirlisisən!”","Allah buyurdu: “Mən onu sizə endirərəm. Amma (bundan) sonra aranızdan kim küfr edərsə, ona aləmlərdən heç kəsə vermədiyim bir əzabı verərəm”.","Allah deyəcək: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!”– demişdin?” (İsa da belə) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Səndə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!","Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Sən oldun. Sən hər şeyə şahidsən.","Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”","Allah buyuracaq: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər vardir”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur.","Göylərin, yerin və onların arasında olanların mülkü (yalnız) Allaha məxsusdur və O, hər şeyə qadirdir.","Həmd, göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha məxsusdur! (Bu dəlillərdən) sonra kafir olanlar hələ də (bütləri) öz Rəbbinə tay tuturlar.","Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında (Qiyamət günü üçün də) bəlli bir əcəl vardır. (Bunu bildikdən) sonra siz yenə də şübhə edirsiniz.","O, həm göylərdə, həm də yerdə (ibadət olunan Tək) Allahdır. O, gizlində saxladığınızı da, aşkarda etdiyinizi də və sizin nə qazanacağınızı da bilir.","Onlara Rəbbinin ayələrindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər.","Onlara haqq (Quran) gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbərləri onlara tezliklə (gəlib) çatacaqdır.","Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.","(Ey Muhamməd!) Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar (yenə də): “Bu, açıq-aydın sehrdən başqa bir şey deyil!”– deyərdilər.","Onlar: “Nə üçün ona mələk endirilməyib?”– dedilər. Əgər biz mələk endirsəydik, əlbəttə, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi.","Əgər biz (peyğəmbəri) mələk etsəydik, əlbəttə, onu kişi surətində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq.","Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Lakin istehza edənləri, istehza etdikləri (əzab hər tərəfdən) bürüdü.","De: “Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu”.","De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” (Allah yaratdıqlarına qarşı) rəhmli olmağı Özünə vacib etmişdir. Vaqe olacağına şübhə edilməyən Qiyamət günü, O sizi bir yerə toplayacaq. Özlərini ziyana uğradanlara gəldikdə isə, onlar iman gətirməzlər.","Gecədə və gündüzdə mövcud olanların hamısı Onundur. O, Eşidəndir, Biləndir.","De: “Göyləri və yeri yaradan, (hamını) yedirdiyi halda, Özü yedirilməyən Allahdan başqasınımı dost tutacağam?!” De: “Mənə müsəlman olanların ilki olmaq əmr edildi və əsla müşriklərdən olma (deyildi)”.","De: “Əgər Rəbbimə asi olsam, əzəmətli günün (Qiyamət gününün) əzabından qorxaram”.","O gün kim əzabdan qurtularsa, həqiqətən, (Allah) ona rəhm etmişdir. Açıq-aydın qurtuluş da budur.","Əgər Allah sənə bir zərər toxundursa, onun qarşısını Alladan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir.","O, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Hikmətlidir, (hər şeydən) Xəbərdardır.","De: “Şahidlik baxımından hansı şey daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla həm sizi, həm də onun yetişəcəyi hər kəsi xəbərdar edim. Yoxsa siz Allahla yanaşı başqa məbudlar olduğuna şahidlik edirsiniz?” De: “Mən (buna) şahidlik etmərəm!” De: “O, ancaq tək bir İlahdır. Şübhəsiz ki, mən sizin şərik qoşduqlarınızdan uzağam”.","Özlərinə Kitab verdiyimiz kəslər (Muhamməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar, sözsüz ki, iman gətirməzlər.","Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmazlar!","O gün onların hamısını (bir yerə) toplayacaq, sonra da (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!”– deyəcəyik.","Sonra onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!”– deməkdən başqa çarələri qalmayacaq.","Gör onlar özlərinə qarşı necə yalan söylədilər. Uydurduqları şeylər (ilahlar) də onlardan qeyb olub getdi.","Onlardan səni (oxuduğun Quranı) dinləyənlər də vardır. Fəqət onu anlamasınlar deyə onların qəlblərinə pərdələr çəkdik, qulaqlarına da ağırlıq verdik. Onlar hər cür möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta o kafirlər sənin yanına gəldikdə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərək səninlə höcətləşərlər.","Onlar həm (insanları haqdan) uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Halbuki onlar yalnız özlərini həlak edir, (lakin) bunu hiss etmirlər.","Onların atəşin qarşısında dayandırıldıqları zaman: “Kaş ki, biz (dünyaya) qaytarılıb Rəbbimizin ayələrini yalan saymayaydıq və möminlərdən olaydıq”– dediklərini görəydin!","Xeyr! Daha öncə gizlətdikləri (günahlar) onlara aşkar oldu. Əgər geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə (günahlara) qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.","Onlar dedilər: “Həyat ancaq bu dünya həyatımızdan ibarətdir. Biz bir daha dirilən deyilik!”","Sən onları Rəbbinin hüzurunda saxlandıqları zaman bir görəydin! (Allah onlara:) “Məgər bu (dirilmə) haqq deyilmi?!”– deyəcək. Onlar: “Əlbəttə, Rəbbimizə and olsun (ki, bu haqdır!)”– deyəcəklər. (Allah da:) “Elə isə inkar etdiyinizə görə dadın əzabı!”– deyəcəkdir.","Allah ilə qarşılaşmağı yalan sayanlar, həqiqətən, ziyana uğramışlar. Nəhayət, (Qiyamət) saatı onları qəflətən haqladıqda, onlar öz günahlarını bellərində daşıyaraq deyəcəklər: “Dünyada yaxşı əməlləri buraxdığımızdan dolayı vay halımıza!” Onların daşıdıqları (şey) necə də pisdir!","Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?","(Ey Muhamməd!) Biz, onların söylədiklərinin səni kədərləndirdiyini bilirik. Əslində onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Allahın ayələrini inadla inkar edirlər.","Səndən əvvəlki peyğəmbərlər də yalançı sayılmışdı. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər. Allahın kəlmələrini dəyişdirə biləcək kimsə yoxdur. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı.","Əgər onların (haqdan) üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin altına (ata biləcəyin) bir lağım və göyə (çıxa biləcəyin) bir nərdivan tap ki, onlara bir ayət gətirəsən. Əgər Allah istəsəydi, onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!","(Sənin dəvətini) yalnız səmimi qəlbdən dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da Onun hüzuruna qaytarılacaqlar.","(Kafirlər) dedilər: “Ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Şübhəsiz ki, Allah ayət endirməyə qadirdir. Lakin onların çoxu (bunu) bilmir”.","Yer üzündə gəzən heyvanların və (göydə) iki qanadı ilə uçan quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda (lövhi-məhfuzda) heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar.","Ayələrimizi yalan sayanlar qaranlıqlar içində (qalmış) karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.","(Ey Muhamməd!) De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya Qiyamət saatı sizi haqlasa, Allahdan başqasınamı dua edəcəksiniz?!”","Xeyr! Siz yalnız Ona (Allaha) dua edəcəksiniz. Əgər (Allah) istəsə, Ona dua edib (dəf edilməsini) istədiyiniz (bəlanı) aradan qaldırar və şərik qoşduqlarınızı unudarsınız.","Səndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz o ümmətləri sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr.","Heç olmasa əzabımız onlara gəldiyi zaman boyun əyərdilər. Lakin onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəl göstərdi.","Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.","(Beləliklə də) zalım qövmün kökü kəsildi. Həmd, aləmlərin Rəbbi Allaha məxsudur!","De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə də möhür vursa, Allahdan başqa hansı ilah onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar (yenə) üz çevirirlər.","De: “Bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-aşkar gəlsə, zalım qövmdən başqası həlak edilərmi?”","Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. İman gətirib (əməllərini) islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.","Ayələrimizi yalan sayanlara isə günah işlətdiklərinə görə əzab toxunacaqdır.","De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”","Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinələr.","Rəbbinin Üzünü (rizasını və ya savabını) diləyərək səhər və axşam çağı Ona dua edənləri (yanından) qovma. Nə sən onların haqq-hesabına görə azacıq da olsa cavabdehsən, nə də onlar sənin haqq-hesabına görə azacıq da olsa cavabdehdirlər. Onları qovsan, zalımlardan olarsan.","Beləliklə, Biz onların bir qismini digəri ilə sınaqa çəkdik ki: “Məgər Allah bizim aramızdan yalnız bunlara lütf göstərmişdir?” - desinlər. Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?","Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı (əzəldən) vacib etmişdir; sizlərdən hər kəs cahilliyi üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.","Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə (müfəssəl) izah edərik.","De: “Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmişdir.” De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram”.","De: “Mən Rəbbimdən (nazil olan) açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu yalan saydınız. Sizin səbirsizliklə can atdığınız (əzab) məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir və O, ((haqla batili)) ayırd edənlərin ən yaxşısıdır”.","De: “Əgər səbirsizliklə can atdığınız (əzab) mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.","Qeybin açarları Allahın yanındadır. Onları yalnız O bilir. Allah, quruda və dənizdə nələr olduğunu bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və ya quru (şey) yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.","Gecələr sizi öldürən (yatızdıran), gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq və O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir.","O, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi (mələklər) göndərir. Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alır və (bu işə) etinasız yanaşmırlar.","Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir.","De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?”","De: “Ondan və bütün (başqa) sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) Ona şərik qoşursunuz”.","De: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər.","(Quran) həqiqət ola-ola sənin qövmün onu yalan saydı. De: “Mən sizi qoruyan deyiləm”.","Hər bir xəbərin (gerçəkləşəcəyi) müəyyən bir vaxtı var və siz (onu mütləq) biləcəksiniz.","Ayələrimizi məsxərəyə qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma.","Müttəqilər onların əməllərinə görə azca da olsa məsuliyyət daşımaz. Lakin xatırlatmaq lazımdır ki, bəlkə (Allahdan) qorxub çəkinsinlər.","Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bu (Quranla) xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, hər hansı bir fidyəni versə belə, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar su və ağrılı-acılı bir əzab hazırlanmışdır.","De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!”– deyib doğru yola çağırdıqları çaşqınlıq içində qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Yalnız Allahın haqq yolu doğru yoldur! Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdır.","(Bizə) həmçinin, namaz qılın və (Allahdan) qorxun deyə əmr olundu. Siz məhz Onun hüzuruna toplanacaqsınız”.","Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır.","Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm”.","Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.","Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!”– dedi.","Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsə, mən azmış kimsələrdən olaram”– dedi.","Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!”– dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam!","Həqiqətən, mən, hənif olaraq (batildən haqqa tapınaraq) üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”.","Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Yalnız Rəbbimin istədiyi şey (etdiyim günaha görə məni bəlaya düçar etməsindən qorxmağım isə) müstəsnadır. Rəbbimin elmi hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?","Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, (deyin görüm) iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?”","İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanlar əmin-amanlıq içində olarlar. Doğru yola yönələnlər də (elə) məhz onlardır.","Bu, İbrahimə öz qövmünə qarşı verdiyimiz dəlilimizdir. Biz istədiyimiz kimsənin dərəcələrini ucaldarıq. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir.","Biz ona İshaqı və Yəqubu bəxş etdik. Onların hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu və onun züriyyətindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.","Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (doğru yola yönəltmişdik). Onların hamısı əməlisalehlərdən idi.","İsmaili, Əlyəsəni, Yunisi və Lutu da (doğru yola yönəltmişdik). Onların hamısını aləmlərdən üstün etdik.","Onların atalarından, züriyyətlərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik.","Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyini doğru yola yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.","Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər onlar (Qüreyş müşrikləri) bunu inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik.","Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Quran) aləmlər üçün yalnız bir xatırlatmadır”.","Onlar: “Allah bəşərə heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və hidayət olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb (bir qismini xalqa) göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər (Quran vasitəsilə) sizə öyrədilmişdir”. (Ey Muhamməd!) Sən: “Allah! (nazil etmişdir)”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər.","Bu, şəhərlər anası (Məkkəni) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanarlar. Onlar namazlarını doğru-düzgün qılarlar.","Allaha qarşı yalan uydurandan və ya özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm ayağında olduqları zaman, mələklərin də əllərini uzadıb onlara: “Canınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!”– (dediklərini) bircə görəydin.","Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (məbudlar) isə sizdən uzaqlaşmışdır.","Şübhəsiz ki, toxumu da, çəyirdəyi də (cücərdib) çatladan Allahdır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz!","Səhəri açan da Odur. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etmişdir. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür.","Qurunun və dənizin zülmətində yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan da Odur. Artıq Biz ayələri bilən bir qövmə izah etdik.","Sizi tək bir candan (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) qərar tutacağınız (ana bətni) əmanət saxlanılan yer (qəbir) vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik.","Göydən su endirən də Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirdik, onlardan da üst-üstə düzülmüş dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan sallanmış salxımlar yetişdirdik. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdirdik). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən qövüm üçün dəlillər vardır.","Onlar cinləri Allaha şərik qoşdular. Halbuki onları da Allah yaratmışdır. Onlar (Allah haqqında) bir şey bilmədən Onun üçün özlərindən oğullar və qızlar uydurdular. Allah onların uydurduqları sifətlərdən uzaqdır və ucadır.","O, göyləri və yeri (misilsiz olaraq) yaradandır. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi biləndir.","O Allah sizin Rəbbinizdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Hər şeyi xəlq edən Odur! (Elə isə) Ona ibadət edin! O, hər şeyi qoruyandır.","Gözlər Onu dərk etməz. O isə gözləri dərk edər. O, Lətifdir (qullarına qarşı şəfqətlidir). (Hər şeydən) Xəbərdardır.","(De): “Artıq sizə Rəbbinizdən açıq-aydın dəlillər gəldi. Kim (onları) görsə, (xeyri) onun özünə, kim görməsə, (zərəri) onun öz əleyhinə olar. Mən sizin üstünüzdə nəzarətçi deyiləm”.","Biz ayələri: “(Həm) sən dərs almısan”– desinlər, (həm də) bilən bir qövüm üçün Onu (Quranı) açıqlayaq deyə beləcə (müfəssəl) izah edirik.","Rəbbindən sənə vəhy olunana tabe ol! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Müşriklərdən isə üz çevir.","Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz səni onların üstündə nəzarətçi qoymamışıq və sən onları qoruyan da deyilsən.","(Müşriklərin) Allahdan başqa tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsizlikləri ucbatından, düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, Allah da onlara nə etdikləri barədə xəbər verəcəkdir.","(Kafirlər) Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan bilirsiniz? O (ayələr) gəldikdə onlar yenə də iman gətirməyəcəklər!”","Biz onların ürəklərini və gözlərini ilk dəfə Ona (Qurana) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində çaşqın bir halda tərk edərik."]