["Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına dəstə-dəstə toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilməz.","Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanları düşmən müəyyən etdik. Onlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.","(İnsanlardan və cinlərdən olan şeytanlar) bunu, axirətə inanmayanların qəlbləri təmtəraqlı sözlərə meyl etsin, bundan razı qalsınlar və gördükləri çirkin əməllərə davam etsinlər deyə belə edərlər.","(De:) “Allah bu Kitabı sizə müfəssəl nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul edəcəyəm?” Kitab verdiyimiz kimsələr Onun (Quranın) həqiqətən də, sənin Rəbbin tərəfindən nazil edildiyini bilirlər. Odur ki sən, əsla şübhə edənlərdən olma.","Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, (hər şeyi) Eşidəndir, Biləndir.","Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.","Həqiqətən, sənin Rəbbin, Onun yolundan azanları da və doğru yolda olanları da yaxşı tanıyır.","Əgər siz Allahın ayələrinə iman gətirmisinizsə, üzərində Onun adı çəkilmiş – (“bismilləh” deyilib kəsilmiş) heyvanlardan yeyin.","Allah, məcburiyyət qarşısında qalaraq yeyəcəyiniz şeylər müstəsna olmaqla – haram buyurulanları təfsilatı ilə sizə bildirdiyi halda, üzərində Onun adı çəkilənlərdən (heyvanlardan) nə üçün yeməyəsiniz?! Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.","Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.","Üzərində Allahın adı çəkilməmiş – (“bismilləh” deyilib kəsilməmiş) heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız.","Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi.","Beləliklə, hər bir məmləkətdə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) pis işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər.","Onlara bir ayə gəldikdə: “Allahın peyğəmbərlərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab görəcəklər.","Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi də azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənlərə pisliyi (və ya əzabı) beləcə verər.","Bu, Rəbbinin doğru yoludur. Biz artıq ayələri düşünən bir qövmə müfəssəl izah etdik.","Onlar üçün Rəbbi yanında əmin-amanlıq yurdu vardır. Etdikləri yaxşı əməllərə görə onların Himayəçisi Allahdır.","(Allah) onların hamısını (bir yerə) toplayacağı gün belə deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: “Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kimsələrdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir.","Beləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə hakim təyin edərik.","(O gün Allah belə deyəcəkdir:) “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şahidlik etdilər.","Bu (peyğəmbərlərin göndərilməsi), sənin Rəbbinin əhalisi qafil olan məmləkəti haqsız yerə həlak etmədiyi üçündür.","Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən qafil deyildir.","Rəbbin zəngindir, mərhəmət sahibidir. Sizi başqa bir qövmün nəslindən yaratdığı kimi, istəsə sizi məhv edər və sizdən sonra yerinizə istədiyini gətirər.","Həqiqətən, sizə vəd olunan (əzab) gələcəkdir. Siz (ondan) yaxa qurtara bilməyəcəksiniz.","De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Axirət yurdunun gözəl sonluğunun kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”.","Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz (batil) iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür”– deyirlər. Şərikləri üçün ayırdıqları (pay) Allaha çatmaz, Allah üçün ayırdıqları (pay) isə şəriklərinə çatar. Onların verdikləri hökm necə də pisdir!","Beləliklə, müşriklərin bir çoxuna ibadət etdikləri şərikləri, onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi gözəl göstərdilər. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. (Ey Rəsulum!) Elə isə onları uydurduqları ilə birlikdə tərk et.","Onlar öz (batil) iddialarına əsasən: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi haram buyurulan heyvanlardır” – deyirlər. Bu mal-qaradan eləsidə vardır ki, (onları kəsərkən) üzərində Allahın adını çəkməzlər. Onlar bunu Allaha iftira ataraq edirlər. Allah onları atdıqları iftiraya görə cəzalandıracaqdır.","Onlar: “Bu mal-qaranın qarınlarındakı (balalar) kişilərimizə halal, qadınlarımıza isə haramdır”– deyirlər. Əgər o (bala) ölü doğularsa, hamısı ona (onu yeməyə) şərikdirlər. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, hikmət sahibidir, (hər şeyi) biləndir.","Səfehlikləri üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azdılar və doğru yola yönəlmədilər.","Talvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran) bağları, dadları müxtəlif olan xurmaları, (habelə,) əkinləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevməz.","Üstündə yük daşınan və yük daşınmayan (və ya yunlarından döşək düzəldilən) heyvanları da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.","(Allah, o heyvanlardan) səkkiz cift yaratdı; qoyundan ikisini və keçidən ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb (bu haqda) mənə xəbər verin”.","Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz.","De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlar müstəsna olmaqla, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Kim (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Rəbbin bağışlayandır, rəhmlidir.","Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.","Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Lakin Onun əzabı günahkar tayfadan uzaqlaşdırılmaz”.","Müşriklər deyəcəklər: “Əgər Allah istəsəydi, (Ona) nə biz, nə də atalarımız şərik qoşardı və heç bir şeyi də haram etməzdik”. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) beləcə yalançı hesab etmişdilər. Sonda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir elminiz varmı? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.","De: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, əlbəttə sizin hamınızı doğru yola yönəldərdi”.","De: “Haydı, bunu Allah haram buyurmuşdur şəhadət verəcək şahidlərinizi gətirin (görək)”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə tabe olma. Onlar (başqalarını) öz Rəbbinə tay tuturlar.","De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Pis əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın (öldürülməsini) haram buyurduğu nəfsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.","Yetim yetkinlik yaşına çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) müstəsna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.","Şübhəsiz ki, bu, Mənim doğru yolumdur. Onu tutub gedin. Başqa yollara uymayın. Yoxsa, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”.","Sonra Biz Musaya – yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab (Tövratı) verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.","Bu, Bizim nazil etdiyimiz (Quran) mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna!","(Biz bunu ona görə nazil etdik ki, siz:) “Kitab yalnız bizdən əvvəlki iki tayfaya – (yəhudilərə və nəsranilərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından qafilik”– deməyəsiniz.","Yaxud deməyəsiniz ki: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, doğru yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq.","Yoxsa onlar özlərinə ancaq mələklərin, yaxud Rəbbinin və ya Rəbbinin (günəşin məğribdən çıxması kimi) bəzi ayətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi ayətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə artıq iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.","Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (qiyamət günü) Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.","Kim (Allahın hüzuruna) yaxşı əməllə gələrsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim də pis əməllə gələrsə, ona yalnız gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.","De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, İbrahimin hənif (batildən haqqa tapınan) dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”.","De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!","Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.","De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbbmi axtaracağam?” Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir.","Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, dərəcə etibarilə birinizi digərinizdən üstün tutan Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, bağışlayandır, rəhmlidir.","Əlif. Ləm. Mim. Sad.[1]###[1] Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.","Bu, (insanları) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən bir Kitabdır. Bundan ötrü qəlbində heç bir sıxıntı olmasın.","Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostların ardınca getməyin. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.","Biz neçə-neçə məmləkətləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi.","Əzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı.","Biz, özlərinə elçi göndərilmiş ümmətləri də, (onlara) göndərilmiş elçiləri də mütləq sorğu-sual edəcəyik.","Onlara (etdikləri əməllərini) Öz elmimizlə mütləq bildirəcəyik. Biz qaib deyildik.","O gün çəki (əməllərin tərəzidə çəkilməsi) bir həqiqətdir. Tərəziləri ağır gələnlər – məhz onlar nicat tapanlardır.","Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır.","Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!","Biz sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– dedik. İblisdən başqa (hamısı dərhal) səcdə etdi. O, səcdə edənlərdən olmadı.","(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. (Çünki) Sən məni oddan, onu isə palçıqdan yaratdın!”","(Allah) buyurdu: “Elə isə oradan (Cənnətdən) aşağı en! Orada təkəbbürlük göstərmək sənə yaraşmaz. Çıx get, çünki sən alçaldılmışlardansan.”","(İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.","(Allah) buyurdu: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”.","(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə, mən də (onları azdırmaq üçün) Sənin düz yolunun üstündə oturacağam.","Sonra onlara, önlərindən və arxalarından, sağlarından və sollarından gələcəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.","(Allah) buyurdu: “Oradan (Cənnətdən) qınanılmış və qovulmuş halda çıx! Onlardan (insanlardan) kim sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.","Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. İstədiyiniz yerdən yeyin, yalnız bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”.","Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara vəsvəsə verib (belə) dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”","(Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizə nəsihət edənlərdənəm”– deyə and içdi.","Beləliklə, (şeytan) hiylə gələrək onları aldatdı. Hər ikisi ağacdan daddıqda, ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərini örtməyə başladılar. Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”","Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.","(Allah) buyurdu: “Bir-birinizə düşmən kəsilərək (Cənnətdən yerə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün istifadə edəcəyiniz şeylər vardır”.","(Allah) dedi: “Siz orada yaşayacaq, orada öləcək və oradan (dirildilib) çıxarılacaqsınız”.","Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək geyim və zinət libası nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu (geyimin nazil edilməsi və təqva libasının bəyanı), Allahın ayələrindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız.","Ey Adəm oğulları! Şeytan, ata-ananızın (Adəm və Həvvanın) ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli, sizin onları görə bilmədiyiniz yerlərdən sizi görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.","Onlar pis əməl (Kəbəni çılpaq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. (Ey Muhamməd!) De: “Allah pis əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”","De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə xəlq etdiyi kimi (yenidən öz xilqətinizə) qayıdacaqsınız”.","(Allah Öz qullarından) bir qismini doğru yola yönəltdi, digərlərinə isə (haqq yoldan) azmağı layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və (bununla da) özlərinin doğru yolda olduqlarını güman edirlər.","Ey Adəm oğulları! Məscidlərə gedərkən (və ya ibadət vaxtı) gözəl libaslarınızı geyinin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevməz.","De: “Allahın Öz qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında, (xüsusilə də) Qiyamət günü yalnız möminlərə məxsusdur”. Biz dərk edən qövm üçün ayələri belə izah edirik.","De: “Rəbbim həm aşkar, həm də gizli (edilən) pis əməlləri, (hər cür) günahı, haqsı yerə zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və Allah qarşı bilmədiyiniz şeyləri söyləməyinizi haram buyurmuşdur”.","Hər ümmətin (bəlli) bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər.","Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən (Məndən) qorxub öz əməllərini islah edən kimsələrin (Qiyamət günü) heç bir qorxusu olmaz və onlar kədərlənməyəcəklər.","Ayələrimizi yalan sayıb, təkəbbürlüklə onlardan üz çevirənlər isə Cəhənnəm sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.","Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (Lövhi-məhfuzda) olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçilərimiz onların canını almaq üçün gəldikdə: “Allahdan savayı tapındıqlarınız haradadır?”– deyəcəklər. Onlar: “Bizi tərk etdilər!”– deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.","Allah deyəcək: “Sizdən əvvəl gəlib-getmiş (günahkar) cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir ümmət (Oda) girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” (Allah) deyəcək: “(Əzab) hər kəs üçün ikiqatdır, lakin siz (bunu) bilmirsiniz!”","Əvvəlkilər sonrakılara deyəcəklər: “Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz yoxdur. Elə isə qazandıqlarınıza görə dadın əzabı!”","Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və təkəbbürlüklə onlardan üz çevirənlərə göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincəyə qədər onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.","Onların Cəhənnəm odundan döşəyi, üstlərini örtməyə də (odundan) yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.","İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik.","Biz onların qəlblərindəki kin-küdurəti çıxaracağıq. Onların (ağacları və qəsrləri) altından çaylar axacaqdır. Onlar deyəcəklər: “Bizi (Öz hidayəti ilə) buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizi hidayətyə qovuşdurmasaydı, biz özümüz doğru yola yönələ bilməzdik. Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara (belə) xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”","Cənnət əhli Cəhənnəm sakinlərinə səslənib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səslənib (belə) deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!","O kəslərə ki, insanları Allah yolundan azdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”.","İki tərəfin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə, səddin üzərində də hər kəsi simasından tanıyan (savabları və günahları bərabər olan) insanlar olacaqdır ki, onlar Cənnət əhlinə səslənib: “Sizə salam olsun!”– deyəcəklər. Onlar çox istəmələrinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmayan kimsələrdir.","Onların gözləri Cəhənnəm sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalım qövmlə tay tutma!”","Sədd əhli əlamətlərindən tanıdıqları adamlara səslənib deyəcəklər: “Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”.","“Allah onlara mərhəmət nəsib etməyəcək”– deyə (barələrində) and içdiyiniz kəslər bunlardırmı?” (Sədd əhlinə deyiləcəkdir:) “Cənnətə daxil olun! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz”","Cəhənnəm sakinləri Cənnət əhlinə səslənib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”.","O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.","Biz onlara elmlə müfəssəl izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir Kitab (Quran) göndərdik.","Yoxsa (kafirlər) yalnız (Quranda verilən xəbərlərin) aqibətini gözləyirlər? Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: “Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıqmı ki, (əvvəllər) etdiyimiz əməllərdən qeyrisini edək?” Onlar özlərini ziyana uğratdılar. Tabe olduqları bütlər isə onlardan uzaqlaşıb qeyb olacaqlar.","Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Şübhəsiz ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah (ən əzəmətli), xeyiri və bərəkəti bol olandır.","Rəbbinizə yalvararaq, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz.","Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə dua edin. Həqiqətən, Allahın rəhməti yaxşılıq edənlərə yaxındır.","Küləkləri Öz rəhməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə (dirildib) çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız!","Torpağı münbit məmləkətin bitkiləri, Rəbbinin izni ilə bol-bol məhsul verər. Torpağı pis olan məmləkədən isə faydasız bitkilərdən başqa bir şey çıxmaz. Biz ayələri şükür edən bir qövmə beləcə müfəssəl izah edirik.","Biz Nuhu öz qövmünə (elçi) göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”.","Qövmünün zadəganları dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində olduğunu görürük!”","(Nuh) dedi: “Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm.","Mən, Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm.","(Allahdan) qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz?”","(Kafirlər) onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Həqiqətən də, onlar kor bir qövm idilər.","Ad qövmünə də qardaşları Hudu (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Məgər (Allahın qəzəbindən, əzabından) qorxmursunuz?”","(Hud) qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!”","O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm.","Mən, Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm.","Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”.","Onlar dedilər: “Sən bizə tək Allaha ibadət etməyimiz və atalarımızın ibadət etdiklərini tərk etməyimiz üçün gəldin? Əgər doğru danışanlardansansa, (elə isə) bizə vəd etdiyin əzabı gətir”.","(Hud) dedi: “Artıq Rəbbinizdən sizə əzab və qəzəb yetişdi. Siz özünüzün və atalarınızın uydurduqları adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara ibadət edilməsi) barəsində heç bir dəlil nazil etməmişdir. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.","Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər.","Səmud qövmünə də qardaşları Salehi (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın (qayadan çıxartdığı) bu dişi dəvəsi sizin üçün bir dəlildir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar.","Xatırlayın ki, (Allah) sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Elə isə Allahın nemətlərini yada salın və yer üzündə fitnə-fəsad yayaraq pis işlər görməyin”.","Onun qövmünün təkəbbürlü zadəganları öz aralarından iman gətirən zəiflərə dedilər: “Siz Salehin öz Rəbbi tərəfindən göndərildiyini (yəqin) bilirsinizmi?” Onlar dedilər: “Həqiqətən, biz onunla göndərilənlərə inanırıq”.","Təkəbbür göstərənlər: “Həqiqətən, biz sizin inandığınızı inkar edirik”– dedilər.","Onlar dişi dəvənin diz vətərini kəsdilər və beləliklə də Rəbbinin əmrinə qarşı çıxıb: “Ey Saleh! Əgər sən (həqiqətən də göndərilən) elçilərdənsənsə, (elə isə) bizə vəd etdiyin əzabı gətir”– dedilər.","Elə bu üzdən onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində diz üstə çöküb qaldılar (həlak oldular).","(Saleh) onlardan üz çevirib dedi: “Ey qövmüm! Artıq mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz”.","Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməlimi edirsiniz?","Siz, qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Həqiqətən də, siz, həddi aşmış bir qövmsünüz”.","Onun qövmünün cavabı: “Onları (Lutu və ona iman gətirənləri) yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı.","Biz onu (Lutu) və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan (əzaba düçar olanlardan) oldu.","Biz onun qövmünün üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.","Mədyən qövmünə də qardaşları Şueybi (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü (peyğəmbərlərin sayəsində) islah olunduqdan sonra orada fitnə-fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.","Hər yolun başında oturub Allaha iman gətirənləri hədələyib Onun yolundan azdırmayın və onu (Allah yolunu) əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin aqibəti necə oldu.","Əgər aranızdan olan bir dəstəniz mənimlə göndərilənə inanmış, bir dəstəniz isə inanmamışsa, (Elə isə) Allah aramızda hökm verənədək səbir edin. O, hökm verənlərin ən yaxşısıdır”."]