əl-Müqəddim (Önə çəkən)— Hər şeyi layiq olduğu yerə qoyan; hikməti və ədaləti ilə istədiyini irəli çəkən, istədiyini isə geridə saxlayan; canlıları yaratmazdan əvvəl hər şeyi təqdir edən; hikməti və ədaləti ilə qulları arasından istədiyini öncül məqamlara yüksəldən, istədiyini isə geridə buraxan deməkdir. Onun irəli çəkdiyini geri sala bilən, geri saxladığını isə irəli çəkə bilən heç kəs yoxdur.
Bu ad Əl-Muəxxir (Gecikdirən) adı ilə birlikdə zikr olunur. O, sonsuz hikməti və mütləq ədaləti ilə istədiyini irəli çəkər, istədiyini isə geri saxlayar. O, məxluqatı yaratmazdan əvvəl hər şeyi hökm edib müəyyənləşdirmişdir. O, istədiyi kəsləri saleh sələflərin yüksək məqamlarına yüksəldər, istədiklərini isə mütləq hikməti və ədaləti ilə gecikdirər və geridə saxlayar. Onun gecikdirdiyini irəli çəkə bilən, irəli çəkdiyini isə gecikdirə bilən heç kəs yoxdur.
Qurani-Kərimdə Əl-Muqəddim və Əl-Muəxxir adları zikr edilməmişdir. Bu adların zikri hədislərdə keçməkdədir.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurmuşdur:
“Sən Muqəddimsən, Sən Muəxxirsən.”