3.38 Saleh övlad üçün dua
Bu, Allahın nəcib peyğəmbərlərindən biri olan Zəkəriyyanın (ona salam olsun) duasıdır. O, Quranda, «Ali-İmran» surəsində xatırlanır. İldən-ilə peyğəmbərlik missiyasını yerinə yetirən Zəkəriyya tədricən qocaldı, övladı isə olmadı. Onunla birlikdə gəncliyində də sonsuz olan arvadı da qocaldı. Budur, gələcəkdə peyğəmbər İsanın anası olacaq gənc Məryəmin (hər ikisinə salam olsun) himayəsini öz üzərinə götürərkən o gördü ki, Uca Allah mərhəməti ilə bu həlim və müttəqi saleh qıza qışda yay meyvələri, yayda isə qış meyvələri bəxş edir. Və o, Yaradanın hər şeyə qadir olduğuna bir daha əmin oldu.
Onun imanı heç vaxt zəifləmirdi, Rəbbinə ibadəti də səylə davam edirdi. Lakin bu möcüzəni görüb ruhlandı. İmanı daha da möhkəmləndi, ümidi yeni qüvvə ilə oyandı. Uca Allah çox möcüzələr edir, indi də bu möcüzəni onun gözü qarşısında göstərdi və O, heç şübhəsiz, başqa bir möcüzə də göstərə bilər: onu, Zəkəriyyanı arzuladığı nəsillə sevindirə bilər.
Və Zəkəriyya (ona salam olsun) dərhal Rəbbinə ürəkdən gələn səmimi dua ilə yalvardı, tamamilə Ona təvəkkül etdi.
Bəli, o, saçları ağaranadək yaşamışdı, qocalıqdan sümükləri zəifləmişdi. Bəli, arvadı da qocalmışdı. Bəli, Rəbb gənc olduqları vaxt onlara övlad vermək istəməmişdi. Zəkəriyya (ona salam olsun) bunu inkar etmirdi. Lakin Allahın mərhəməti hədsizdir, iradəsi isə həmişə heç bir maneəyə rast gəlmədən tam yerinə yetir. Kainatın Allahı, Rəbbi və Yaradanı olan Onun üçün mümkünsüz heç nə yoxdur. O, peyğəmbərinə övlad vermək istəsə, heç bir şərait buna mane ola bilməz.
«Ey Rəbbim! – deyə yalvardı o. – Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et!» «Bəxş et» – çünki bu, insan ölçülərinə görə mümkünsüz, fövqəltəbii bir hadisə, möcüzəli bir hədiyyə olacaqdı. «Öz tərəfindən» – çünki bütün nemətlər məhz Ondan, Uca Allahdandır. «Xeyirli» isə ona görə ki, hər bir möminin arzuladığı məhz belə nəsildir, çünki hər iki dünyada fayda gətirən də odur.
Zəkəriyya (ona salam olsun) duasını onu deyənin ədəbindən xəbər verən sözlərlə bitirdi: «Sən, həqiqətən, duanı eşidənsən!» Sənə yalvaranda eşidirsən və mən Sənə, Uca Allaha ona görə üz tuturam ki, duaya cavab verdiyini, qullarının Sənə bəslədiyi ümidləri doğrultduğunu, onların ən əziz arzularını yerinə yetirdiyini bilirəm.
Və Rəbb Zəkəriyyanın (ona salam olsun) duasını qəbul etdi, ona həqiqətən xeyirli övlad – Uca Allahın nəcib peyğəmbərlərindən biri olmağı da qismət olan Yəhya adlı oğul bəxş etdi.
Bu gözəl dua bizə, ilk növbədə, öyrədir ki, Allahın mərhəmətindən heç vaxt ümidimizi kəsməməliyik. Halbuki çoxsaylı insanların başına məhz bu gəlir. Uca Allahdan onlar üçün həqiqətən vacib olanı, xüsusilə övlad istəyən və duasına dərhal cavab almayan insanlar bir neçə il keçdikdən sonra əl çəkir, ümidlərini itirir və dua etməyi dayandırırlar.
Zəkəriyyanın (ona salam olsun) tarixi ən yaxşı sübutdur ki, Allahın mərhəmətindən ümidini kəsən özünə qarşı ən böyük cinayəti edir, ümidini itirməyən səbirli insan isə, əksinə, sonda böyük xeyirə çatır.
Bu dua bizə həmçinin Uca Allahdan məhz xeyirli övlad istəməyi öyrədir. Övlad arzulayan sonsuz ailələr nə qədər tez-tez Rəbbdən sadəcə övlad istəyir, oğul və qızların heç də həmişə valideynləri üçün nemət olmadığını və onlara xoşbəxtlik gətirmədiyini unudurlar. Valideynlərin övladlarının pis xasiyyətindən, iyrənc davranışından və çirkin əməllərindən Uca Allahın heç övlad vermədiyi cütlüklərdən daha çox əziyyət çəkdiyi hallar az deyil. Buna görə də Allahdan məhz xeyirli övlad istəmək çox vacibdir. Əlbəttə, Rəbbin bizə artıq bəxş etdiyi övladlar üçün də salehlik istəmək lazımdır.
Övlad Uca Allahın hədiyyəsidir, onu aldığı kəslərin qayğısına əmanət edilmişdir. Deməli, biz övladlarımıza görə məsuliyyət daşıyırıq və onların səmimi mömin, müttəqi, gözəl əxlaqlı olmaları və ümmətimizin zinəti olmaları üçün şərait yaratmağa və əlimizdən gələni etməyə borcluyuq. Allahdan övladlarımız üçün salehlik istədikdə isə bu məqsədə doğru böyük və mühüm addım atırıq.
