İsa peyğəmbərin həvarilərinin duası (3:53)

Quran duaları

13

3.53   İsa peyğəmbərin həvarilərinin duası

Ali-İmran  (İmran ailəsi)

رَبَّنَا آمَنَّا بِمَا أَنزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِين
Rabbənəəə aamənnəə biməəə ənzəltə uattaba'nar Rasuula fəktubnəə mə'əş şaahidin
Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!

Bu, peyğəmbər İsanın (ona salam olsun) həvarilərinin – dərin imanlı, müttəqi, səmimi, qəlbi təmiz insanların duasıdır. O, Quranda, «Ali-İmran» surəsində xatırlanır. Əsrlər əvvəl Qüdrətli Yaradana üz tutduqları bu dua ilə həmin möminlər bizə gözəl nümunə göstərmişlər.

Qısa olmasına baxmayaraq, bu dua çox məzmunludur. O, az sözlə Uca Allahdan böyük xeyir istəmək arzusunda olanlar üçün əsl xəzinədir.

«Ey Rəbbimiz!» – deyə yalvardı bu xeyirli və saleh insanlar təxminən iyirmi əsr əvvəl. Var olan hər şeyin Yaradanı, canlı və cansız hər şeyin Himayədarı, kainatın idarəedicisi, bütün məxluqlarına ruzi verən və onların həyatını davam etdirən, aləmlərin Rəbbi, istədiyini mərhəməti ilə bürüyən, tövbə edənlərin tövbəsini qəbul edən, Böyük, Müdrik, dünyada hər şeyi Bilən!

«Biz Sənin nazil etdiyinə iman gətirdik.» Biz iman gətirdik. İlk növbədə Sənə – Uca, Qüdrətli, Mərhəmətli Allaha iman gətirdik. Sənin varlığına, təkliyinə, ilahiliyinə, Rəbbliyinə, gözəl, bənzərsiz adlarına və sifətlərinə iman gətirdik. Sənə bərabər və bənzər heç kimin olmadığına. İbadətə yalnız Sənin layiq olduğuna.

Sənə iman gətirərək Sənin nazil etdiyin hər şeyə də iman gətirdik. Deməli, bütün peyğəmbər və elçilərinə də, çünki məhz onlar vasitəsilə, onlara nazil edilən vəhy vasitəsilə bəşəriyyəti dininlə tanış etmisən. Peyğəmbərlərə iman gətirmək isə təkcə onları Allahın elçiləri kimi qəbul etmək deyil, həm də Uca Rəbbin onlarla bəşəriyyətə göndərdiyi xəbəri qəbul etmək, onların ardınca getmək, göstərdikləri yoldan sapmamaq deməkdir.

Allahın peyğəmbərlərinə iman isə Uca Allahın onlara nazil etdiyi Kitablara iman olmadan ağlasığmazdır. Onlar bu Kitabları insanlara çatdırmalı, onların köməyi ilə bəşəriyyətə saleh yaşamağı öyrətməli, Adəm övladını Uca Allahın müdrik qanunları ilə tanış etməli idilər. Buna görə də təəccüblü deyil ki, bu möminlər əlavə etdilər: «Və göndərdiyin elçinin ardınca getdik.» Sənə iman gətirdik, Sənə itaət etdik və haqqı təbliğ etsin, bizə xeyri öyrətsin, bizi doğru yola yönəltsin və bizə nümunə olsun deyə mərhəmətinlə göndərdiyin kəsin ardınca getdik.

Onun Rəbbliyini etiraf etdikdən və imanlarını, elçinin ardınca getmələrini Ona yaxınlaşma vasitəsi kimi xatırlatdıqdan sonra bu möminlər ən əsas olana, Rəbbə müraciətlərinin mahiyyəti və əsas məqsədi, səmimi dualarının ruhu olana keçdilər. Uca Allahın peyğəmbərlərinin və səmimi möminlərin adəti belədir: əvvəlcə Onun Rəbbliyini və ya gözəl adlarını xatırlatmaq, Onun razılığını qazanmağa çalışaraq Ona yaxınlaşmaq, yalnız bundan sonra arzuları nə qədər əziz və həyati vacib olsa da, Ondan bir şey istəmək. Yaradana qarşı ədəb onların ortaq xüsusiyyətidir.

«Bizi də şahidlərlə bir yerdə yaz!» Budur onların istəmək istədikləri. Budur bütün möminlərin bütün zamanlarda və bütün yerlərdə Rəbbdən istəməli olduqları. Bizi digər səmimi möminlərlə bir yerdə yaz, haqqa şahidlik edən, Sənə itaət edən, dinini seçən, təkallahlılığa etiqad edən, əmrlərini yerinə yetirən və qadağalarına əməl edənlər sırasında olaq. Bizi bu uğur qazananlar sırasına qat və onlara bənzəməyimizə kömək et ki, onların qazandığını qazanaq: Sənin razılığını, Oddan qurtuluşu və Cənnət bağlarını.

Bu dua bizə xatırladır ki, iman seçmə ola bilməz: Uca Allahdan peyğəmbərləri vasitəsilə bizə gələn hər şeyə inanmalı, onu bütün qəlbimizlə qəbul etməli və həyata keçirməliyik. Yalnız o zaman imanımız səmimi və həqiqi olar.

Bu dua bizə həmçinin xeyirli, saleh, müttəqi insanların yanında olmağı öyrədir; onlarla ünsiyyət bizə faydalı bilik gətirir, imanımızı möhkəmləndirir, Uca Allaha sevgi, xeyir və quruculuğa meyil aşılayır, istəklərimizi nəcib, məqsədlərimizi uca edir. İnsan düz yolla getmək istəyirsə, xeyirli yoldaşların qayğısına qalmalıdır. Çünki birlikdə getmək həmişə daha asandır.