2.127 Yaxşı əməllərin qəbulu və onların təkəbbürə səbəb olmaması üçün dua
2.128 İbrahim və İsmail peyğəmbərlərin təslimiyyət və saleh nəsil üçün duası
Bu, Allahın peyğəmbəri İbrahimin (ona salam olsun) çox əsrlər əvvəl etdiyi duadır; işığı əsrlərin qaranlığından bizə qədər gəlib çatmış bir dua. O, «Bəqərə» surəsində xatırlanır. Qısa olmasına baxmayaraq, bu duada böyük məna var; bunu ümumiyyətlə Uca Allahın peyğəmbərlərinin dualarında, xüsusilə də Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) dualarında tez-tez görmək olar. Bir çox səmimi möminin duası qısa, lakin məzmunludur.
İbrahimin (ona salam olsun) bu duası müsəlmanın Uca Rəbbindən nə istəməli olduğuna gözəl nümunədir.
«Ey Rəbbimiz! Bunu bizdən qəbul et!» – deyə o, bir gün oğlu İsmaillə (hər ikisinə salam olsun) birlikdə yalvardı. Peyğəmbərimiz Muhəmməd (ona Allahın salavatı və salamı olsun) də İsmailin nəslindəndir. Bu, onların ikisinin nəcib, layiqli və Allahın razı qaldığı bir işlə – Kəbənin tikintisi ilə məşğul olduqları o uzaq zamanlarda baş verdi. Sözlərimizi və əməllərimizi bizdən qəbul et. Xoş niyyətlərimizi, dualarımızı və yalnız Sənə olan səmimi ibadətimizi qəbul et.
Bu, bizim üçün mühüm dərsdir. Əgər Allahın nəcib peyğəmbəri təvazökarlıq, ədəb və itaət göstərir və Ucaların Ucasının onun səyini qəbul etməyəcəyindən qorxurdusa, onda biz, adi insanlar haqqında nə demək olar?.. Hər birimizin öz əməllərinin nəticəsi barədə narahat olmağa və onların kamillikdən çox uzaq olduğunu düşünməyə daha çox əsası var.
Sadəcə yaxşı iş görmək azdır. Onu kimin rizası üçün görmüşüksə, Onun tərəfindən qəbul olunmayacağı qorxusu və Onun razılığına ümid müşayiət etməlidir. Əlbəttə, həm də Uca Allahın onu qəbul etməsi və boşa getmiş səyə çevrilməməsi üçün dua. Çünki əməlimiz rədd edilsə, onun mükafatını görməyəcəyik və o, uğura, nicata və Cənnətə aparan yolda növbəti addımımız olmayacaq.
Beləliklə, etdiyi yaxşı əməllərin qəbul olunmasını Rəbbindən istəmək hər bir möminin adətinə çevrilməlidir. Çünki yaxşı əməlin edilməsi onun Uca Allah tərəfindən qəbul olunacağına zəmanət vermir. Üstəlik, bu əməlləri etməyə və onların qəbul olunmasına biz möhtacıq, Uca Allah isə heç kimə və heç nəyə möhtac deyil.
İbrahim (ona salam olsun) yalnız xahişlə kifayətlənmədi. O, duasından əvvəl iman, təvazö və Uca Allaha itaətdən xəbər verən bir müraciət etdi. Biz də Yaradana dua ilə üz tutarkən Ona qarşı ədəbin bu gözəl və mühüm təzahürünü unutmamalıyıq.
Bundan əlavə, bu müdrik peyğəmbər duasında onun mahiyyətinə tam uyğun gələn iki adını çəkdi: «Həqiqətən, Sən Eşidənsən, Bilənsən!» Sən hər şeyi eşidir və bilirsən. Sən duamızı eşidir və qəlbimizdə olanı bilirsən. Niyyətlərimizi və arzularımızı bilirsən, nə qədər səmimi olduğumuzu da bilirsən. Sənə itaətimizin dərəcəsi Sənə məlumdur və Sən bizim haqqımızda hətta özümüzün özümüz haqqında bilmədiklərimizi də bilirsən.
Təvazö və itaətin daha bir ifadəsi tövbənin qəbul olunması üçün dua oldu. Allahın qulu yaxşı əməllərində və Uca Allaha ibadətində tez-tez qüsura yol verdiyi üçün onun Rəbbinə tövbə etməsi və bu səhlənkarlığa, səhvlərə, xətalara və ibadətini naqis edən hər şeyə görə Ondan bağışlanma diləməsi tamamilə təbiidir.
İbrahim (ona salam olsun) duanın bu hissəsini də onun məzmununa tam uyğun gələn iki ilahi adla bitirdi: «Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!» (Surə 2 «əl-Bəqərə», ayə 128) Bunda da ondan və Uca Allahın digər peyğəmbərlərindən (hamısına salam olsun) nümunə götürməliyik.
Bu ayəni hər oxuduqda böyük bir işlə məşğul olan böyük insanın bu böyük duasının mühüm məzmunu üzərində düşünməli və ondan nümunə götürməyə çalışmalıyıq. Çünki bələdçi ulduz ucsuz-bucaqsız okeanda gəmiyə yolunu azmamağa kömək etdiyi kimi, peyğəmbərlər də öz rəhbərlikləri ilə bəşəriyyətə doğru yolla getməyə kömək etmişlər.
