Hər Quran duası xüsusidir. Onların hamısı müxtəlifdir, lakin hamısı vacibdir və dəyərli dərslərlə doludur. Allahın Kitabından olan bu dua bu dünya və əbədi aləmlə bağlı həyati vacib xahişləri özündə birləşdirməsi ilə bənzərsizdir. Bu duanın başqa bir xüsusiyyəti də ondadır ki, onunla Uca Allaha üz tutan təkcə özü və ya yaxınları üçün deyil, bütün möminlər üçün xeyir istəmişdir.
Bu duanın bizə verə biləcəyi ilk dərs budur: Rəbbə təkcə özümüz və tanıdığımız və sevdiyimiz insanlar üçün deyil, ümumiyyətlə bütün din qardaş və bacılarımız üçün dua etməyi unutmamalıyıq. Hətta başqa ölkələrdə və hətta başqa qitələrdə yaşayanlar üçün, hətta heç görmədiyimiz və bəlkə də heç görməyəcəyimiz kəslər üçün. Bu gözəl dua bizə mühüm həqiqəti öyrədir: təkcə özümüzün və bizə əziz olan, qohumluq və ya dostluq telləri ilə bağlı olduğumuz insanların deyil, din qardaşlığı telləri ilə bağlı olduğumuz insanların da qayğısına qalmalıyıq. Bütün bu insanların onları sevməyimizə, onlara yaxşılıq etməyimizə və Uca Allaha onlar üçün xoş dualarla üz tutmağımıza haqqı var.
Aləmlərin Rəbbinə bu gözəl dua ilə yalvaran insan Allahın nəcib peyğəmbəri Nuh (ona salam olsun) idi. Bu dua da qövmünü təxminən min il haqqa çağıran bu müdrik, möhkəm və səbirli peyğəmbərin adı verilmiş surədə verilir.
Bu dua, digər Quran duaları kimi, öz tarixinə malikdir. Nuh (ona salam olsun) aləmlərin Rəbbinə bu sözlərlə Rəbb ona qövmündən artıq iman gətirənlərdən başqa heç kimin iman gətirməyəcəyini vəhy etdikdən sonra yalvardı. Başqa sözlə, Uca Allah Nuha (ona salam olsun) bildirdi ki, uzun illər qövmünə etdiyi çağırış artıq verdiyi bəhrələrdən başqa heç bir bəhrə verməyəcək. İman gətirən qövm üzvlərinin sayı artmayacaq, daha heç kim onun çağırışına qulaq asmayacaq və qəlbini haqqa açmayacaq.
Məhz o zaman Nuh (ona salam olsun) Qüdrətli Rəbbə bu dua ilə üz tutdu, kafirləri cəzalandırmağı və həlak etməyi istədi, xahişini onunla əsaslandırdı ki, bu insanlar sağ qalsalar, yalnız başqalarını azdırmağa və onlara dinə ikrah aşılamağa çalışacaqlar, kimisə dünyaya gətirsələr, ancaq özlərinə bənzəyənləri gətirəcəklər; onlar haqqında isə artıq məlumdur ki, iman onların sərt qəlblərinə girməyəcək və onlarda heç bir xeyir yoxdur.
Nuh (ona salam olsun) günahlardan qorunan Allahın peyğəmbəri olsa da, yenə də duasına Allahdan bağışlanma diləməklə başladı. Onun tərəfindən bu, Uca Yaradana qarşı təvazönün, itaətin və ədəbin təzahürü idi. Bundan əlavə, onun bu sözləri davamçılarına Allahdan bağışlanma diləməyin əhəmiyyətini öyrətməli idi. Çünki hamımız Onun qullarıyıq və Onun mərhəmətinə və bağışlamasına möhtacıq.
Qeyd etmək vacibdir ki, özü üçün bağışlanma dilədikdən sonra Nuh valideynləri üçün bağışlanma dilədi. Bu da mühüm dərs və İslamın valideynlərə verdiyi yüksək məqamın təsdiqidir. Beləliklə, bu dua bizə valideynlərə ehtiramla və hörmətlə yanaşmağın, haqlarına riayət etməyin və dinə zidd olmayan şeylərdə onlara itaət etməyin əhəmiyyətini, həmçinin Uca Allaha onlar üçün daha tez-tez xoş dualarla üz tutmaq lazım olduğunu xatırladır.
Sonra Nuh (ona salam olsun) qövmündən iman gətirənlər üçün də bağışlanma dilədi. Bu dua bizə hər birimiz üçün xeyirli mühitə malik olmağın, ətrafımızda səmimi iman gətirmiş, saleh insanları görməyin və onlarla ünsiyyət qurmağın nə qədər vacib olduğunu xatırladır.
Çünki dindar, müttəqi, Allahdan qorxan və gözəl əxlaqlı insanlar bir binanın kərpicləri kimi bir-birini dəstəkləyir və möhkəmləndirir, həmçinin bir-birinə imkan daxilində kömək etməyə çalışırlar. Üstəlik, onların yanında olması möminə özünü tənha hiss etməməyə imkan verir. Ən çətin yol da xeyirli yol yoldaşları ilə keçəndə asanlaşır. Bəs bütün həyatımızın əsas yolu – nicata, Rəbbin razılığına və Cənnətə aparan yol haqqında nə demək olar?..
