Musa peyğəmbərin misirlini öldürdükdən sonrakı duası (28:16)

Quran duaları

45

28.16   Musa peyğəmbərin misirlini öldürdükdən sonrakı duası

əl-Qəsəs  (Hekayət)

رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لي
Rəbbi innii zaləmtu nəfsii fəğfir lii
Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!

Sadəliyi və qısalığı ilə gözəl olan, səmimiyyətlə dolu bu dua Uca Allahın Kitabının bizi tanış etdiyi dualardandır. Çoxdan, biz dünyaya gəlməzdən çox əvvəl, bu dua ilə Uca Rəbbə Onun ən böyük və ən məşhur peyğəmbərlərindən biri üz tutdu. Bu, peyğəmbər Musadır (ona salam olsun).

Quran duaları bu dünyada yolumuzu işıqlandıran, dünya varlığımız boyu bizi əhatə edən fitnə və vəsvəsə qaranlığında itməməyə, azmamağa kömək edən mayaklardır. Onlar bizə təkcə Rəbbi və çətin, firavan günlərdə Ona dua ilə üz tutmağın zəruriliyini xatırlatmır. Onlar əslində bizə düzgün düşünməyi öyrədir, dünya və ondakı rolumuz barədə təsəvvürlərimizi düzəldir. Bu dualar bizə yol göstərir, prioritetləri müəyyənləşdirməyə kömək edir, əhəmiyyətsiz və lazımsız olanı atıb əsas olana – aləmlərin Rəbbindən nə istəməli olduğumuza və nəyin uğrunda səy göstərməli olduğumuza diqqət yetirməyi öyrədir.

Bu dualar müsəlman üçün sadiq köməkçi olur, Qüdrətli Yaradanla əlaqəni qorumağa kömək edir. Hamımızın bildiyi kimi, Rəbb möcüzələr yarada bilər və dua təkcə Rəbbin razılığına və Cənnətə deyil, həm də dünya həyatımızın dəyişməsinə, həyatımızda da bu möcüzələrdən payın olmasına aparan ən qısa və etibarlı yollardan biridir. Dua, şübhəsiz, vəsvəsə və sınaqların qasırğası qarşısında möhkəm durmağa kömək edən xilas ipidir.

Bu heyrətamiz dərəcədə sadə, lakin ürəkdən gələn sözlərlə nəcib peyğəmbər Musa (ona salam olsun) misirlini öldürdükdən sonra Rəbbə üz tutdu. Musanın qövmündən olan bir israilli kömək çağıranda Musa onun çağırışına cavab verdi və onu incidəni vurdu, bir zərbə ilə onu yerə sərdi. Peyğəmbər dərhal Rəbbdən bağışlanma dilədi, bu hərəkəti günah saydı, çünki öldürülməsi ona əmr edilməyən bir insanı öldürmüşdü. Bu qəfil hərəkətindən sonra dərhal sakitləşən Musa (ona salam olsun) təvazö ilə doldu, günahını etiraf etdi və Rəbbdən bağışlanma dilədi.

Onun Rəbbə bu dua ilə necə üz tutmasında Allaha qarşı açıq ədəb və təvazö görürük: Musa (ona salam olsun) əvvəlcə Uca Allahın Rəbbliyini və öz xətasını etiraf etdi, yalnız sonra Ona bağışlanma xahişi ilə müraciət etdi: «Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!»

Bu, Rəbbin onu bağışladığını bilən Allahın peyğəmbəri idi. Bəs bizim üçün hazırlanmış aqibəti və yolumuzun hara – Cənnətəmi, Cəhənnəməmi uzandığını bilməyən biz haqqında nə demək olar? Bu, hər bir mömin üçün mühüm dərsdir: günahlarına səhlənkar yanaşmamaq, onları əhəmiyyətsiz saymamaq və özündən razı olmamaq, Rəbbimiz Özünə mərhəməti yazdığı və mərhəməti qəzəbini ötdüyü üçün bizim heç bir səyimiz olmadan pis əməllərimizi mütləq bağışlayacaq deyə düşünməmək. Həyatımızın istənilən an qırıla biləcəyi, geri dönüş və ikinci şansın olmayacağı bir dünyada bu günlə yaşamaq və gələcək, axirət aqibəti haqqında düşünməmək uzaqgörənlikdirmi?..

Bu dua bizə günahı etiraf etməyi, edilənə görə təəssüflənməyi, onu dayandırmağı və bir daha ona qayıtmamağı qəti qərara almağı nəzərdə tutan səmimi tövbənin əhəmiyyətini öyrədir. Üstəlik, tövbəyə tələsmək lazımdır, çünki insan ona nə qədər ömür verildiyini bilmir və tövbəni təxirə salmaqla tövbə etməyə macal tapmadan bu dünyadan köçə bilər.

Adəmdən (ona salam olsun) başlayaraq Uca Allahın peyğəmbər və elçiləri Rəbbə tövbə edir və Ondan bağışlanma diləyirdilər, bu saleh, müttəqi və müdrik insanlar isə bizim üçün nümunə idilər.

Hər bir mömin üçün günahlardan çəkinmək və Uca Rəbbə üsyan etməməyə çalışmaq vacibdir. Lakin yenə də büdrəyib Allahın razı olmadığı bir şey etmişsə, onun üçün ən düzgün və ən təbii olan tövbəyə tələsmək, Mərhəmətli Rəbbə yalvarmaq, günahını etiraf etmək və səmimi, bütün qəlbi ilə Ondan bağışlanma diləməkdir. Çünki günah Rəbb tərəfindən bağışlanırsa, sanki heç olmayıb. Rəbbin razılığına, nicata, uğura və Cənnətə yüngül addımlamaq, əlbəttə, günahların yükü altında əyilməkdən qat-qat asandır.