7.23 Adəm və Həvvanın Cənnətdə öyrəndiyi bağışlanma duası
Bu, ulu babamız Adəmin və ulu nənəmiz Həvvanın (hər ikisinə salam olsun) duasıdır. O, Quranda, «Əraf» surəsində xatırlanır. Bu dua səmimi peşmançılıq, Allah qorxusu və Uca Allaha təvəkküllə doludur.
Bəşər övladının başlanğıcı olan və Yaradanlarına belə dua ilə üz tutan ilk insanlardan başqa kimdən nümunə götürməliyik?
Allahın ilk peyğəmbəri Adəmin (ona salam olsun) və arvadı Həvvanın tarixi yaxşı məlumdur. Cənnət bağlarında yaşayan və o vaxtadək kədər və çətinlik bilməyən bu insanlar vəsvəsəyə uyaraq bir gün Rəbblərinə asi oldular, bundan sonra Uca Allah onları yer üzündə yerləşdirdi və orada onlar üçün tamamilə başqa həyat başladı. Bu artıq dünya həyatı idi, hər birimizin bu dünyada yaşadığı və mütləq ölümlə bitən həyat.
Adəm və Həvva bu xətanı etdikdən dərhal sonra bu dua ilə Rəbbə üz tutdular.
«Ey Rəbbimiz!» – deyə yalvardılar. Bizə artıq saysız-hesabsız müxtəlif nemətlər bəxş etmiş, bizi qayğısı ilə əhatə etmiş, ehtiyacımız olan hər şeyi səxavətlə vermiş Yaradanımız, iradəsinə heç kimin qarşı dura bilmədiyi, hər şeyi idarə edən və yaratdığı hər şeyin varlığını davam etdirən Qüdrətli Xaliqimiz!
«Biz özümüzə zülm etdik», – deyə etiraf etdilər. Biz özümüzə qarşı ədalətsizlik etdik və etdiyimizi öz zərərimizə etdik.
Aləmlərin Rəbbi heç kimə və heç nəyə möhtac deyil. Yaxşı əməllərimiz Ona fayda vermir, pis əməllərimiz də zərər vermir. O, itaətimizə möhtac deyil və günahlarımız Ona heç cür təsir etmir. Yaxşı işlər görməklə özümüzə fayda veririk, günah etməklə özümüzə zərər veririk. Bu, heç birimizin unutmamalı olduğu sadə, lakin mühüm həqiqətdir.
«Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq.» Biz etdiyimizi etdik və Sənin qarşında peşmanıq, indi aqibətimiz yalnız Səndən asılıdır. Xətamızı etiraf etdik və iradənə təslim olduq. Əgər bizə bağışlanma və mərhəmət bəxş etmək istəməsən, bizi mütləq həlak gözləyir. O zaman əliboş qalacağıq, dəhşətli ziyana düşəcəyik və heç kim, heç nə bizi xilas etməyəcək. Çünki Allahın qəzəbləndiyi və bağışlamadığı kəs üçün nicat və uğur yoxdur və ola da bilməz, Cənnət yolu ona bağlıdır.
Bu dua həm də ona görə xüsusidir ki, o, Allahdan birbaşa bağışlanma istəmək deyil, adi yalvarış-xahişdən daha yüksək ədəb dərəcəsini əks etdirən işarə ilə istəməkdir.
Bu duanın hamısı əvvəldən sonadək Uca Allah qarşısında təvazönün ifadəsidir. Adəm və Həvva Uca Allaha müraciət edərkən, ilk növbədə, Onun Rəbbliyini xatırlatdılar, sonra öz vəziyyətlərini xatırlatdılar, yəni xətalarını etiraf etdilər və bununla da Ona yaxınlaşmağa çalışdılar. Onlar Ona ehtiyaclarını, iradəsindən asılılıqlarını, Onsuz keçinə bilməmələrini göstərdilər, Uca Allah onları bağışlamasa, vəziyyətlərinin necə olacağını da xatırlatdılar. Uca Allahın razılığını bu şəkildə qazanmağa çalışan qul bağışlanma şansını artırır.
Bu dua Rəbbdən necə bağışlanma diləməyin ən yaxşı nümunələrindən biridir. İstər kiçik, istərsə də böyük günah etdikdə hər bir mömin, birincisi, bu günahı dayandırmalı, ikincisi, əməlindən səmimi peşman olmalı, yəni etdiyinə təəssüflənməli, üçüncüsü isə bir daha bu günaha qayıtmamağı qəti qərara almalıdır.
Bu dua bizə Uca Allahdan mərhəmət və bağışlanma diləməyin nə qədər vacib olduğunu, günah edən hər kəs üçün tövbəyə tələsmənin və onu heç vaxt sonraya qoymamağın vacibliyini xatırladır. Bu dua həmçinin kiçik günahlara etinasız yanaşmamağı öyrədir. Etdiyimiz günahlardan heç birini əhəmiyyətsiz saymamalıyıq, çünki Allah qarşısında o, çox ciddi xəta ola bilər. Buna görə də hər günah üçün, o cümlədən artıq xatırlamadıqlarımız və özümüz də hiss etmədən etdiklərimiz üçün bağışlanma diləmək lazımdır.
