59.10 Möminlərin bir-biri üçün ən gözəl duası
Bu gözəl Quran duası Onun səmimi iman gətirmiş və müttəqi qullarının Uca Allaha üz tutduğu dualardandır. Konkret olaraq söhbət səhabələrin davamçıları nəslindən və salehlikdə, Uca Allaha səylə ibadətdə və Ona nümunəvi itaətdə onlardan nümunə götürən sonrakı nəsillərin nümayəndələrindən gedir.
Bu dua möminlərin bir-birinə sevgisinin gücünü və onları bağlayan İslam qardaşlığının möhkəm tellərini aydın göstərir. Görürük ki, bu saleh insanlar aləmlərin Rəbbindən təkcə özləri üçün deyil, onlardan əvvəlkilər üçün də bağışlanma istədilər: «Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla.»
Qeyd etmək vacibdir ki, bununla bu möminlər dua etdikləri kəslərin fəzilətlərini etiraf etdilər, çünki onları təkcə qardaş, yəni din qardaşı adlandırmadılar, həm də İslamı qəbul etməkdə və iman tapmaqda onları qabaqladıqlarını xatırlatdılar. Bu, həmin möminlərin ədəbindən və saf qəlbliliyindən, həmçinin təvazösündən, təkəbbür, qürur və özündənrazılığın olmamasından xəbər verir.
Din qardaşlığı möminlərin qəlbində bir-birinə qarşı nifrətin olmamasını və onun əksinin, yəni sevginin olmasını nəzərdə tutur. Buna görə də təəccüblü deyil ki, bu möminlər Uca Rəbbdən qəlblərində digər möminlərə qarşı nifrət, kin, həsəd və başqa mənfi hisslərin olmamasını istədilər.
Əslində bu dua təkcə hissləri əhatə etmir. Çünki belə pis və qınanılası hisslərin olmaması bu hissləri ifadə edən müvafiq sözlərin və hərəkətlərin də olmamasını nəzərdə tutur. Bu insanlar səmimi şəkildə istəyirdilər ki, din qardaşlarına olan saf sevgilərini heç nə ləkələməsin və kölgə salmasın.
Bu ayədən belə çıxır ki, saleh sələflərimiz üçün mərhəmət diləmək, Uca Allaha onlar üçün xoş dualarla üz tutmaq və onlar haqqında pis danışmaqdan imtina etmək möminlərin səciyyəvi xüsusiyyətlərindəndir.
Bu dua bizə möminlərin Qüdrətli Yaradana bir-birləri üçün xoş dualarla üz tutmasının nə qədər vacib olduğunu xatırladır. Üstəlik, Quran və Sünnədən bilirik ki, buna görə mömin təkcə Uca Allahdan mükafat almayacaq: bunun üçün xüsusi göndərilən mələk hər birimizin qardaşı üçün onun yoxluğunda Allaha etdiyi dua ilə bağlı deyəcək: «Amin! Sənə də eləsi olsun!» Beləliklə, Qüdrətli və Böyük Allaha digər möminlər üçün səmimi dualarla üz tutmaqla özümüzə fayda veririk və bu, digər müsəlmanlar üçün istədiyimiz nemətləri qazanmağımıza kömək edir.
Əlbəttə, bu dua müsəlmanlara bir-birini səmimi sevməyi öyrədir. Çünki möminlərin qarşılıqlı sevgisi və bir-birinə qardaşcasına münasibəti dinimizin ayrılmaz hissəsidir. O, həmçinin bizə digər möminlərə qarşı təvazö və Uca Yaradana qarşı ədəb öyrədir.
Bu dua bizə Rəbbdən günahların bağışlanmasını diləməyin əhəmiyyətini xatırladır. Çünki onlar hər birimizdə var və hamımız onların yükünü daşımalı oluruq. Yük nə qədər ağır olsa, Uca Allahın razılığına, nicata, uğura, hər iki dünyada xoşbəxtliyə və Cənnət bağlarına aparan yolla getmək bir o qədər çətin olur.
Çox vacib olan da budur ki, bu gözəl dua bizə saleh sələflərimizi xatırlamağı, fəzilətlərini və din qarşısındakı xidmətlərini etiraf etməyi və onlara lazımi ehtiramla yanaşmağı öyrədir.
Görürük ki, duada onlar Uca Allahın Rəbbliyinin etirafından və Allahın gözəl adlarından ən uyğun ikisinin xatırlanmasından Onun Özünün təyin etdiyi Ona yaxınlaşma vasitəsi kimi istifadə etdilər, bununla Rəbbin əmrini yerinə yetirdilər və dualarının Uca Allah tərəfindən qəbul olunması və cavabsız qalmaması şansını artırmağa çalışdılar.
Qəlbləri təmizləyən bu dua ilə Uca Yaradana üz tutarkən müsəlman hər iki dünyada özünə böyük fayda verir. Buna görə də onu nə qədər tez-tez xatırlayıb Uca Allaha onunla yalvarsaq, bir o qədər yaxşıdır.
