Allahın xüsusi mərhəməti və azğınlıqdan xilas üçün dua (3:8)

Quran duaları

9

3.8   Allahın xüsusi mərhəməti və azğınlıqdan xilas üçün dua

Ali-İmran  (İmran ailəsi)

رَبَّنَا لاَ تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّابُ
Rabbənəə ləə tuziğ qulubanəə ba'də iz hadəytənəə ua-həb lənəə mil ladunka rahməh,(tan) innəkə əntəl Uahhəəb
Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.

Bu, başda Allahın nəcib peyğəmbərləri olmaqla səmimi möminlərin Uca Allaha üz tutduqları növbəti duadır. Rəbb onları Öz Kitabında xatırladır ki, Onun razılığını, həmçinin hər iki dünyada xeyir və xoşbəxtlik qazanmağımıza kömək edəcək bu gözəl duaları bizə öyrətsin. Uca Allahın Öz Kitabında Ona belə dualarla yalvaran insanları tərifləməsi təsadüfi deyil.

Bu, peyğəmbərlərin varisləri olan alimlərin, din bilicilərinin duasıdır; onlar faydalı bilik əldə etmək imkanından ən yaxşı şəkildə istifadə etmişlər. Bunlar dini dərindən və düzgün anlayan, onun barəsində doğru təsəvvürə malik olan ağıl sahibləridir. Möhkəm iman və etiqad etdikləri dinin haqq olduğuna inam onların qəlbində uca məqsədlər doğurur. Bunlar xoş sözləri və Allahın razı qaldığı əməlləri ilə hər birimizə gözəl nümunə olan insanlardır. Onların izi ilə gedən ziyana uğramaz və arzuladığı nicata çatar. Onların duaları da digər əməllərindən geri qalmayacaq qədər gözəldir.

«Ey Rəbbimiz!» – deyə yalvarırlar onlar. Ey hər şeyi yaradan, hər şeyi idarə edən, hər şeyin, o cümlədən qullarının qəlblərinin də Ona tabe olduğu Zat! «Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!» Bizi Quranın açıq ayələrini rədd edərək zəlalətə düşən, özü azmaqla qalmayıb başqalarını da azdıran kimsələrə bənzətmə; əksinə, biliyi möhkəm olan, özləri düz yolla gedən və bu yolu başqalarına göstərməyə çalışan həqiqi möminlərdən et.

Bu dua ədəbin gözəl nümunəsidir. Bu dua ilə Uca Allaha üz tutan möminlər onlar üçün böyük əhəmiyyət daşıyan və vacibliyini tam dərk etdikləri bir şeyi istəmək istəsələr də, duanın mahiyyətindən, bu sözlərlə yalvararkən həyata keçməsinə ümid etdikləri əziz arzudan başlamadılar. Onlar Onun Rəbbliyini xatırlatmaqla başladılar, sonra onları düz yola yönəltməklə göstərdiyi böyük mərhəməti zikr etdilər və yalnız bundan sonra arzularının zirvəsi olanı istədilər: Rəbbin onları düz yolda sabit saxlamasını və gələcəkdə ondan sapmamaqda kömək etməsini.

Onlar əsas olanı, möminin hər şeydən çox qayğısına qalmalı olduğu şeyi istədilər. Dünya həyatını layiqli, saleh və düzgün yaşamağı, Qiyamət günü isə uğur qazananlar və nicat tapanlar sırasında olmağı istədilər. Bu xeyri isə yalnız Uca Allahın kömək etdiyi kəs qazana bilər.

Onlar Rəbbdən Onun mərhəmətini də istədilər. Onu yalnız istədiyinə bəxş etdiyini tam dərk edərək onu ən böyük hədiyyə kimi dilədilər. Üstəlik, Onun bəxş etdiyi mərhəmətlərdən müəyyən birini deyil, imanı da, təkallahlılığı da, faydalı biliyi də, Allaha itaətin müxtəlif təzahürlərini də əhatə edən ümumi mərhəməti istədilər. Bu, yaxşı əməllər etməkdə və bu dünyada düz yolla sarsılmadan getməkdə Uca Allahın köməyini, axirətdə isə əbədi səadətə qovuşmağı nəzərdə tutan mərhəmətdir. Buna görə də o, mömin üçün bu qədər dəyərlidir və onu Qüdrətli Rəbbdən təkrar-təkrar diləməyə layiqdir.

Bu mərhəməti isə yalnız O bəxş edir. Buna görə də onlar bunu etiraf edərək və Onu ucaldaraq «Öz tərəfindən mərhəmət» dedilər. Və bunu «Həqiqətən, Sən Bəxşedənsən» sözləri ilə təsdiqlədilər, Uca Allahın sifətlərinin kamilliyini vurğuladılar, çünki insanların hədiyyələri Onun hədiyyələri ilə müqayisədə heç nədir.

Bu dua bizə xatırladır ki, Uca Allahın adlarını və sifətlərini, həmçinin nemətlərini zikr etmək Ona dua ilə üz tutarkən Ona yaxınlaşmağın gözəl yoludur.

Bu dua hər birimizi düşünməyə vadar edir ki, Uca Rəbbdən düz yolda sabit qalmağı və dünya həyatının sonunadək bu yolla sarsılmadan getməkdə köməyi diləmək nə qədər vacibdir. Əgər Onun ən yaxşı qulları bunu Ondan istəyirdilərsə, ehtiraslara qapılan və çox vaxt öz nicatının qayğısına qalmaqdansa tənbəlliyi üstün tutan nəfsinin şıltaqlıqlarına qarşı dura bilməyən biz adi insanlar haqqında nə demək olar?..