2.201 Muhəmməd peyğəmbərin ən sevimli duası
Quranda, «Bəqərə» surəsində xatırlanan bu qısa, lakin məzmunlu dua səmimi möminlərin duasıdır. Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) təxminən on il xidmət etmiş nəcib səhabə Ənəs ibn Malik rəvayət edirdi ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Uca Allaha ən çox məhz bu dua ilə üz tuturdu və bu, təəccüblü deyil.
Elə insanlar var ki, fikirləri yalnız dünya işləri ilə məşğuldur. Onlar bu dünyanı yeganə qayğılarına çeviriblər və dünyəvi həyatın bitdiyi o sərhədin arxasında onları nə gözlədiyi barədə heç düşünmək istəmirlər. Dünya nemətləri, dünya qayğıları… Bütün ümidləri də dünya ilə bağlıdır. Belə insanlar Rəbbdən nəsə istəsələr də, yalnız fani, dünyəvi şeylər istəyirlər. Bu dünyanın qulları qınağa layiqdir. Uca Allah Öz Kitabında, o cümlədən əvvəlki ayədə onları dəfələrlə xatırladır: «İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə (verəcəyini) elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.» (Surə 2 «əl-Bəqərə», ayə 200)
Onların əksinə, elə insanlar da var ki, dünyəvi hər şeyi çox əhəmiyyətsiz sayır və Qüdrətli Yaradana üz tutduğumuz dualarda xatırlanmağa qətiyyən layiq bilmirlər. Lakin İslam dünyadan imtinanı nə təbliğ edir, nə də təşviq edir və Uca Allahın bizə bəxş etdiyi, bu dünyadakı varlığımız üçün lazım olan nemətlərdən istifadə etməkdə qınanılası heç nə yoxdur. Vacib olan budur ki, dünya nemətləri qəlbimizdə deyil, əlimizdə olsun, bizi əsas işdən yayındırmasın, yaxşı işlər görərkən maneə deyil, kömək olsun. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) də səhabələrinə Allahdan təkcə əbədi həyatda deyil, dünya həyatında da salamatlıq və xeyir istəməyi öyrədirdi.
Beləliklə, hər iki qrup möminin tutmalı olduğu orta yoldan uzaqlaşır. Lakin insanların başqa bir qismi də var. Bunlar Uca Allahın tərifini və razılığını qazanmış insanlardır. Uca məqsədlərə sahib olan bu insanlar dini kifayət qədər dərindən anlamış, onun mahiyyətini dərk etmişlər. İslam dünyəvi və əbədi, ruh və bədən, maddi və mənəvi olanın vəhdətidir. Dinimiz ifratı qınayır və həqiqi mömin ondan çəkinməyə çalışır. O, son nəfəsinədək həyatında dünyəvi ilə səmavi arasında ahəngi yaratmağa və gündən-günə qorumağa çalışır.
Bu insanlar Uca Allahdan həm bu dünyada, həm də əbədi aləmdə salamatlıq istəyirlər. Bir neçə sözdən ibarət bu dua əslində mümkün olan bütün xeyirləri əhatə edir. Çünki insan bu dünyada xeyir, axirətdə də xeyir qazansa və Cəhənnəm odundan qurtula bilsə, daha nə arzulaya bilər?
Uca Allaha bu dua ilə yalvaran möminlər duadan əvvəl təvazö və səmimiyyətlə dolu bu müraciəti edirlər: «Ey Rəbbimiz!» Bununla onlar etiraf edirlər ki, O, onların Rəbbi, Yaradanı, Nemətvericisi və ibadət etdikləri, onsuz keçinə bilmədikləri yeganə Allahdır.
Bu dua ilə Allahdan bu dünyanın xeyrini istəyərkən biz əslində dünya həyatında xoşbəxt olmaq üçün lazım olan hər şeyi birdən istəmiş oluruq. Eyni dua ilə əbədi aləmin xeyrini istəyərkən isə Rəbbimizdən uğur və Cənnət diləyirik, Qiyamət gününün bizim üçün bütün ümidlərin puç olması deyil, dünya həyatından fərqli olaraq heç vaxt bitməyəcək yeni, xoşbəxt bir həyatın başlanğıcı olmasını istəyirik. Oddan qurtuluş diləyərkən isə Uca Allahdan bu dünyada doğru rəhbərlik və düz yolla getməyi diləyir, Uca Allahın bizə yaxşı əməllər etməkdə və günahlardan çəkinməkdə kömək edəcəyinə ümid bəsləyirik.
Hər bir mömin üçün Uca Allaha belə dualarla üz tutmağı, Ondan bu dünyanın və əbədi aləmin xeyrini, həmçinin Cəhənnəm odundan qurtuluşu istəməyi unutmamaq çox vacibdir. Uca Allahın ona verdiyi imkanlara uyğun olaraq Ona itaətdə səy göstərən və səylərini səmimi dualarla müşayiət edən mömin hər iki dünyada xoşbəxtliyə özü üçün yol açır.
Quranın ecazkar xüsusiyyətlərindən biri onun ümumbəşəri xarakteri, məkandan və zamandan asılı olmamasıdır və yer kürəsinin hər guşəsində müsəlmanlar üçün bu günə qədər aktuallığını qoruyan bu gözəl dua bunun ən yaxşı sübutudur.
