7.47 Zalımlarla birlikdə olmamaq üçün dua
Bu, Quranda xatırlanan, xüsusi bir qism insanların Uca Allaha üz tutacağı duadır. O, «Əraf» surəsində verilir. Bu dua, digər xüsusiyyətləri ilə yanaşı, dünya həyatımıza deyil, əbədi aləmə aid olması ilə də diqqətəlayiqdir. Bu, Qiyamət günü xeyirli və pis əməlləri bərabər olacaq insanların duasıdır.
Bir müddət Cəhənnəmlə Cənnət arasında qalaraq onlar sonda Cənnətə girəcəklər. Cəhənnəm odunun sakinlərini və məruz qaldıqları əzabları görən bu insanlar dəhşətə gələcək və qorxuya qapılaraq Rəbblərinə yalvarmağa tələsəcək, Ondan mərhəmət diləyəcəklər. Odun içində bu təhrif olunmuş və qaralmış üzləri görən kim onların yerində olmaq istəyər?
Ümidlə dolu, tamamilə yalnız Ona təvəkkül edən, bütün arzularını yalnız Ona bağlayan, duasında tam səmimi olan, Cənnətlə Cəhənnəm arasında saxlanılan bu insanlar Ona bu sözlərlə yalvaracaqlar.
«Ey Rəbbimiz!» – deyəcəklər təvazö və qorxu ilə. Mərhəmətini dilədiyimiz Yaradanımız, onsuz indi mövcud olan heç nəyin mövcud ola bilməyəcəyi Hər Şeyi Saxlayan, hakimiyyəti bütün məxluqlarına yayılan, Onun üçün mümkünsüz və gücü çatmayan heç bir şey olmayan, dünya və əbədi xoşbəxtlik arzulayanların təvazö ilə yalvardığı Zat!
Onlar göstərdilər ki, dünya həyatında etdikləri xətalara baxmayaraq, Onun Rəbbləri olduğunu unutmamışlar və bunu duanın lap əvvəlində xatırlatdılar, bununla da Ona yaxınlaşmağa, Onun lütfünü qazanmağa və dualarına cavab almağa ümid etdilər.
Bu insanların halını təsəvvür etmək çətin deyil, çünki söhbət onların gələcəyindən, həm də dünya həyatını təşkil edən bir neçə il və ya onillikdən deyil, əbədiyyətdən gedir. Əbədi səadət və ya əbədi əzab. Əbədi xoşbəxtlik və ya əbədi ağrı. Uğur və ya həlak. Cənnət bağları və ya Cəhənnəm odu. Onu ikisindən birinin gözlədiyini bilən, lakin hansı aqibətin ona hazırlandığını bilməyən insan nə hiss edir?..
Bu dua onlar üçün nə qədər dəyərli idi!
«Bizi zalımlarla bir etmə!» Bizi özlərinə zülm edən və Sənin qəzəbini üzərlərinə çəkənlərdən etmə. Bizi küfrü, üsyanı və günahları ilə Odda qalmağa layiq olanlardan etmə. Bizi indi baxışlarımızın yönəldiyi və bizə bu qədər yaxın əzab çəkən bədbəxt insanlara qoşma. Onlara verilən nicat şansını əldən verən, dünya həyatını təyinatına uyğun istifadə etməyən, həyatı ədalətsizliklə dolu olan və onunla möhürlənənlərlə bir olmayaq! Biz başqa aqibət, müttəqi möminlərin, razı qaldığın və Cənnətinlə şərəfləndirmək istədiyin səmimi qullarının aqibətini arzulayırıq.
Bir az düşünmək kifayətdir ki, bu duanın hər birimiz üçün nə qədər vacib olduğunu anlayaq. Hər bir möminin aləmlərin Rəbbindən nicat və Cənnət istəməyə tam əsası var. Çünki heç birimizə nicat və uğur zəmanət verilməyib. Bu dua müsəlmanın silahları sırasında mütləq olmalıdır.
Əbədi aləmdə zalımların aqibətini bölüşməmək və Qiyamət günü onlardan olmamaq üçün bu dünyada onlarla bir olmamalıyıq. Təsadüfi deyil ki, deyirlər: «Üzüm üzümə baxa-baxa qaralar.» Əgər insan zalımların yanını üstün tutursa və belə mühit onun üçün müttəqi və saleh insanlardan ibarət mühitdən daha arzuolunandırsa, işlərinin hansı nəticəsini gözləyir? Onun təsəvvürünə görə dünya həyatının nəticəsi necə olmalıdır? O, iki məskəndən hansına can atır?.. Belə seçim edərək o, özünü çox ciddi təhlükəyə atır.
Bu duanı deyərkən biz Allahdan təkcə bizi ədalətsizlikdən uzaqlaşdırmağı deyil, həm də zalımların aqibətindən qorumağı istəyirik. Möminin vəzifəsi də belə insanlarla nə bu dünyada, nə də əbədi aləmdə bir olmamaqdır, çünki onlar onlara qoşulan hər kəsi dibə çəkirlər.
Bu dua bizə pis aqibətə aparan hər şeydən, yəni Uca Allahın razı olmadığı sözlərdən, əməllərdən və əxlaqi keyfiyyətlərdən çəkinməyi öyrədir.
Və, əlbəttə, Allahdan təkcə zalımlardan olmamağı deyil, hətta onların yanında olmamağı da istəməyi; çünki bu, can atılası qonşuluq deyil.
